Məhkəmə qərarları › İş №2(103)-6752/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6752/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6752/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qərardadı (Açar sözlər: ““mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməs”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və X2 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X7 küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1 onun xüsusi mülkiyyətindədir, Cavabdeh3 onun qardaşı- X1 həyat yoldaşı, Cavabdeh1 və Cavabdeh2 isə qardaşının qızlarıdır. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bir gün də olsun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X7 küçəsi, ev 21, mənzil 1-də yaşamayıblar. Bu səbəbdən də onların iddiaçının mənzilindən istifadə hüquqları yaranmayıb. Qeyd edilən halı əsas götürərək, iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X7 küçəsi, ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-1661/2023 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmədi. Bakı İnzibati Məhkəməsində iddiaçıya izah olundu ki, iddianın təmin edilməsi üçün o, ilk növbədə Sabunçu Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmaması barədə, istifadə hüquqları olduğu təqdirdə isə həmin hüquqların itirilmiş hesab edilməsi barədə qətnamə əldə etsin. Məhz bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə iddia irəli sürə bilər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mənzilində heç vaxt yaşamamalarına baxmayaraq qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi iddiaçının bəzi hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Qeyd olunanlara əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudun bəy Köçərli (Y.Qasımov) küçəsi, ev 21, mənzil 1-dən istifadə hüquqlarının olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X7 küçəsi, ev 21, 1 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh3 qətnamədən apellyasiya verərək göstərmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir, bu səbəbdən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçının qardaşı ilə 1992-ci ildə nikaha daxil olmuş, bundan sonra sonra hazırda qeydiyyatda olduğu həmin evə yox, qaynının evinə gəlin köçmüş və orada yaşamış, uşaqları da orada doğularaq böyümüşdür, bu evə isə (hazırda qeydiyyatda olduğu) 1994-cü ildə qeydiyyata düşmüş, uşaqları da həmin evə qeydiyyata düşsələr də, lakin nə özü, nə də uşaqları bir gün də həmin evdə yaşamamış, həmin vaxt evin sahibi olan qaynanası ilə birgə təsərrüfat da aparmamışdır. O ailə qurarkən həmin evdə digər qaynı ailəsi ilə yaşadığına görə, evin sahəsi çox kiçik olduğundan onlar mübahisəli evə köçməmiş, 2002-ci ildən sonra mübahisəli evdə kirayəçilər yaşamışlar, o hazırda bacısının evində yaşayır. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, o, əvvəlcə İnzibati Məhkəmədə cavabdehlərin qeydiyyatdan çıxarılması barədə iddia qaldırmış, lakin iddia rədd edildi ki, həmin şəxslərin mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi onların səlahiyyətinə aid deyil, əvvəlcə bu ümumi məhkəmədə müəyyən edilməlidir. Ona görə də hazırkı iddianı qaldırmış, həmçinin İnzibati Məhkəmənin qərarını da mübahisələndirmiş, hazırda Bakı Apellyasiya Məhkəməsinin (hakimi Rəşid Səmədov) icraatındadır, sadəcə bu işə görə icraat dayandırılmışdır, həmin icraat zamanı, elə bu iş üzrə aparılan araşdırmalar vaxtı da cavabdeh özü də təsdiq etmişdir ki, nə o, nə də ki, uşaqları bir gün də olsa həmin mənzildə yaşamamışlar, belə olan halda isə müəyyən olunur ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə cavabdehlərin iddiaçının mənzilinə hər hansı hüququ yaranmamışdır. İddiaçının əsas məqsədi cavabdehlərin mənzildəki formal qeydiyatının ləğvinə nail olmaqdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X7 küçəsi, ev 21, mənzil 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

13. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq olunmuş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür). Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarı. Tətbiq edilən prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

21. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

22. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

23. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

27. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

30. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir.

32. İddiaçı hazırda qardaşı arvadı Cavabdeh3 və və onun uşaqları olan Cavabdeh1 və Cavabdeh2 ona məxsus 1 saylı mənzildə yaşamadığına və hüququnun olmadığına istinad edərək onların həmin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir.

33. Mülki iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə iddiası cavabdehlərin faktiki olaraq mübahisəli mənzildə yaşayıb yaşamaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparıb aparmaması, bununla da həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmədiyindən təmin edilməmişdir.

34. Həmin qərarla da müəyyən edilmişdir ki, Cavabdeh3 1992-ci ildə hazırkı mülkiyyətçinin qardaşı, X4 ilə rəsmi nikaha daxil olmuş, bundan sonra həmin nikaha əsasən xx.xx.1994-cü ildə 1 saylı mənzilə qeydiyyata alınmışdır. Digər cavabdehlər isə onun bu nikahdan doğulan övladları olmaqla, Cavabdeh1 1994-cü ildə, Cavabdeh2 isə 1995-ci ildə həmin mənzilə qeydiyyata alınmışdır. Həmin qərar iddiaçının verdiyi şikayətə əsasən hazırda apellyasiya məhkəməsinin icraatındadır.

35. Hazırkı iş üzrə tərəflər arasında münasibətlərin xx.xx.2001-ci ildən əvvəl yarandığını nəzərə alan Kollegiya qeyd edir ki, həmin dövrdə qüvvədə olan və xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçının qardaşı ilə 1992-ci ildə nikaha daxil olmuş, sonra hazırda qeydiyyatda olduğu həmin evə yox, qaynının evinə gəlin köçmüş orda yaşamış, uşaqları da orda doğularaq böyümüşdür, mübahisəli evə 1994-cü ildə qeydiyyata alınmış, lakin nə özü, nə də uşaqları bir gün də həmin evdə yaşamamışdır. Onların qeydiyyatda olduğu həmin evdə əvvəl digər qaynı ailəsi ilə yaşayırdı, 2002-ci ildən sonra mübahisəli evdə kirayəçilər olubdur.

37. Göründüyü kimi, cavabdehlərin mənzilə qeydiyyata düşdükləri 1994-cü ildə qüvvədə olan xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin dispozisiyasında olan tələblərə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Hazırkı iş üzrə Cavabdeh3 özü qeydiyyatda olduğu həmin evdə bir gün də yaşamadığını bildirdiyindən müəyyən olunur ki, onun və övladlarının həmin mənzilə istifadə hüququ olmamışdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

39. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

40. Hazırkı halda iddiaçının qardaşı arvadı Cavabdeh3 və onun uşaqları Cavabdeh1 və Cavabdeh2 münasibətdə həmin şərtlərin mövcudluğu müəyyən olunur. Demək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş mövqeyinə əsasən, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

41. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

42. Belə olan halda məlum olur ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş mövqeyinə əsasən inzibati məhkəmədə baxılmalıdır.

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə - hazırkı halda mülki mühakimə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəticə:

44. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata, hazırkı tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilməlidir.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

46. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

47. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3611/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata iş məhkəmədə - mülki mühakimə icraatında baxılmalı olmadığına görə xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar