Məhkəmə qərarları › İş №2(103)-6757/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6757/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6757/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi,) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1242/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, “İcraçı” "xxxx" Mənzil-Tikinti Kooperativi ilə “Payçı” İddiaçı arasında bağlanmış 116 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən binasında Süleymanov Salman oğlunun adına olan 1 otaqlı, 73,5 kv.m., 132 saylı mənzil Fikrət Süleymanovun ərizəsi əsasında İddiaçı adına keçirilmişdir.

2. İş materiallarında olan, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Elməddin Əhmədovun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, 2006-cı ildə Ədalət adlı şəxs ilə "xxxx" MTK-da təsisçi kimi fəaliyyət göstərməyə başlamış, həmin dövrdə onun 20 faiz, qardaşı Süleymanov Fikrətin isə 5 faiz təsisçi payı olmuşdur. 2010-cu il dekabr ayının 28-də qardaşının adına olan 73,5 kv.metrlik mənzili onun təşəbbüsü ilə ehtiyacı olduğu üçün 20.000 manata İddiaçı satmışdır. O, Hafizə həmin evə dair heç bir iddiasının olmadığını bildirmişdir. Lakin Hafiz evi aldıqdan sonra onun orada olmamasından istifadə edən Ədalət və Firudin Hafizdən xəbərsiz evi başqa şəxsə satmışlar.

3. İş materiallarında olan, “İcraçı” "xxxx" MTK-nın təsisçisi Cavabdeh ilə “Payçı” İddiaçı arasında bağlanmış "xxxx" MTK-da yaşayış binasından girov qarajlar haqqında 01 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında İİİ-İV girişlərdəki, hər biri 20,0 kv.m. (ümumilikdə 80 kv.m) 4 ədəd 36-37-38-39 saylı qarajlar, kooperativin təsisçisi Cavabdeh İddiaçı borclu olduğu 20.580,00 (iyirmi min beş yüz səksən) manat ərzində 4 ay müddətinə girov verilir. Cavabdeh öhdəçilik götürərək yuxarıda göstərilən məbləği İddiaçı qaytardıqdan sonra, İddiaçı da öz növbəsində bu müqaviləni MTK-ya qaytaracaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin və 20.000 manatın hər il üçün 5 faizi, yəni 1000 manat olmaqla, 12 il üçün 12.000 manatın, ümumilikdə 32.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 187 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilinə pay hüququnu əvvəlki payçı X6 20.580 manat pul ödəmiş və həmin mənzili almışdır. xx.xx.2012-ci il tarixdə həmin MTK-nın sədri X7 ilə aralarında müqavilə bağlanmışdır. Həmin mübahisəli mənzilə münasibətdə X3 adından etibarnamə almışdır. "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi bina tam hazır olmuş, pay haqqını tam ödəmiş, daima mənzilinə baş çəkmişdir. xx.xx.2014-cü ildə "xxxx" MTK-nın sədr əvəzi Firudin Əliyev tərəfindən ünvan 1 ünvanına məktub göndərilib. Həmin məktubda X5 adına olan "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdirdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilinin guya səhvən adına keçməsi göstərilmiş, MTK-nın xx.xx.2014-cü il tarixli 05 saylı əmri ilə özünün 116 saylı xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş və mənzil əvvəlki sahibi X5 adına qaytarılmışdır. O, həmin mənzilə görə ödəniş aparmışdır. Pay haqqını da ödəmişdir. "xxxx" MTK-nın sədr əvəzi Firuddin Əliyevin istifadəsində olan mobil telefona, eyni zamanda əvvəlki sədr X2 istifadəsində olan mobil telefonlara dəfələrlə zəng etsə də, onlar zənglərinə cavab vermirlər və mənzilini X15 adlı şəxsə satmışlar. Daha sonra həmin şəxs ona qarşı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması barədə iddia qaldırmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-693/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X9 iddiası təmin olunmuşdur. Lakin, tərəfindən verilmiş apelyasiya şikayəti nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 5123/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-693/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunmuşdur və X9 iddiası rədd edilmişdir. O, bu qərardaddan sonra da yenə evinə mütəmadi gedib-gəlmişdir. X8 onu evinə buraxmayaraq bildirmişdir ki, “sən həmin pulu "xxxx" MTK-nın digər təsisçisi Cavabdeh Fikrət oğluna vermisən, get ondan al”. O, da pulunu Cavabdeh Fikrət oğlundan tələb etdikdə, o, bildirdi ki, “pulu X4 vermişdir. Get ondan al”. Hazırda Cavabdeh Fikrət oğlu ilə X2 arasında qalmışdır. O, isə pulu əlbəəl Cavabdeh Fikrət oğluna vermişdir. Bununla bağlı tərəfindən Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatları alınmış və izahatında 2010-cu ilin dekabr ayının 28-də qardaşının adına olan 73,5 kv.m. sahəsi olan mənzili ona satmaq məqsədi ilə ondan 20.000 manat aldığını etiraf etmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Elməddin Əhmədov tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qərarda iddianın mülki mübahisə predmeti olduğu və mülki iddia ilə məhkəməyə müraciət etməsi bildirilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1242/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat, cəmi 20.150 (iyirmi min yüz əlli) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə Cavabdeh iddiaya qarşı yazılan etirazında iddianın rədd etmə əsası kimi onun hazırki tələbə cavabdehlik daşımaması barədə dəlilləri üzrə qeyd edir ki, həm təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində onun verdiyi izahatla, eyni zamanda onunla İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədə pulun qaytarılması barədə öhdəliyin götürülməsi hazırki tələb üzrə onun cavabdehlik daşımasını təsdiq edən sübutlar kimi qəbul edilməlidir, yəni Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxs hesab edilməlidir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bununla da iddiaçıya ziyan vurulduğundan, iddia tələbi 20.000 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin 20.000 manatın hər il üçün 5%, yəni 1000 manat olmaqla, 12 il üçün 12.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etməmişdir.

9. Birinci instansiya məhkəməsi cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı uzun müddət pul vəsaiti verib aldığı mənzilin faktiki sahibi kimi davranaraq yalnız 2018-ci ildə onunla bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin digər şəxsə satılması, yeni mənzil sahibi ilə məhkəmə mübahisəsinin olması, son nəticədə ona dəymiş ziyanla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi, 2021-ci ilin əvvəllərində onun şikayəti əsasında müvafiq araşdırma aparılması, cavabdehin mənzilə görə aldığı pulu 4 ay müddətində qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixdə öhdəlik götürərək pulun qaytarılmasının təminatı kimi 4 qarajı girov qoymasını, həmin müddətdən bir il keçmədən iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən müddət ötürülmədən iddia qaldırılmışdır. Bu səbəbdən cavabdehin iddia müddətinin ötürülmə əsası ilə iddianın rədd edilməsi barədə vəsatəti məhkəmə əsaslı hesab etmir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 373.2, 375.1, 377.1, 385.1, 389.1, 442, 448.1, 449.1, 1096 və 1115ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində tikdiyi binanın İİ giriş, 12-ci mərtəbə, 132 saylı mənzilin dəyəri olan 20.580 manat məbləğində pul vəsaitini əvvəlki payçı X6 ödəməsini və həmin mənzilə dair onunla müqavilənin xx.xx.2012-ci il tarixdə həmin MTK-nın sədri X8 arasında bağlanmasını bildirir. Odur ki, işin bu cür halında İddiaçıla onun arasında hər hansı münasibətlər, o cümlədən qeyd olunan mənzillə bağlı münasibətlər və bununla da onun öhdəliyi yaranmamışdır. İddiaçıla onun MTK-nın sədri kimi aralarında bağlanmış müqavilə ilə işin sübut olunmalı olan halları xx.xx.2021-ci il tarıxli qarajlara aid olan qəbzlə sübut olunmuş hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçıla onun arasında qeyd olunan mənzilə dair öhdəliyin yaranması üçün həmin mənzilə dair onların öz aralarında fiziki şəxs kimi və ya İddiaçıla onun MTK-nın sədri kimi aralarında müqavilənin mövcud olub-olmamasına dair xüsusatlar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən onun iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə əlaqədar qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilədə pulun qaytarılması ilə bağlı öhdəlik götürülmüşdür. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı qeyd olunan mənzilin dəyəri olan 20.580 manat məbləğində pul vəsaitini əvvəlki payçı X6 ödəməsinə və həmin mənzilə dair onunla müqavilənin xx.xx.2012-ci il tarixdə həmin MTK-nın sədri X8 arasında bağlanmasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

26. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

27. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Mülki Prosessual Məcəllə:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTKdan mənzil alınması ilə bağlı həmin MTK-ya müraciət etmiş, həmin MTK-nın təsisçisi olan Cavabdeh 20.000 manat məbləğində pul ödənişi etmiş, Cavabdeh qardaşı Fikrət Süleymanovun adına rəsmiləşdirilmiş mənzilin iddiaçıya satılmasını vəd edərək müvafiq sənədləşdirməni həyata keçirmiş, lakin sonradan iddiaçı ilə MTK arasında bağlanan müqavilə ləğv edilməklə, həmin mənzil digər şəxsə satılmışdır. İddiaçının MTK-ya pulun geri qaytarılması barədə müraciətinə isə şirkət rəhbəri pulun kimə verilibsə ondan alınmalı olmasını bildirmişdir.

51. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Suraxanı RPİ-nin 33-cü PB-də araşdırma aparılmış, tərəflərin izahatı alınmış, cavabdehin iddiaçıya 20.000 manata mənzilin satmasını etiraf olunmuş, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir.

52. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh iddiaçya borclu olduğu 20580 manat əvəzinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasında 4 ədəd qarajı 4 ay müddətinə girov vermişdir. Lakin, cavabdeh hazırki vaxtadək həmin pulu qaytarmamışdır.

53. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.00 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir.

54. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

55. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi, həm təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin verdiyi izahatla, eyni zamanda cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədə pulun qaytarılması barədə öhdəliyin götürülməsi hazırki tələb üzrə cavabdehin cavabdehlik daşımasını təsdiq edən sübutlar kimi qəbul edilməli, Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan şəxs hesab edilməlidir.

56. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin İddiaçıla onun arasında hər hansı münasibətlər, o cümlədən qeyd olunan mənzillə bağlı münasibətlər və bununla da onun öhdəliyinin yaranmadığı, İddiaçıla onun MTK-nın sədri kimi aralarında bağlanmış müqavilə ilə işin sübut olunmalı olan hallarının xx.xx.2021-ci il tarıxli qarajlara aid olan qəbzlə sübut olunmuş hesab edilmədiyi, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi, məhkəmənin iddia müddətin tətbiq edilməməsində düzgün nəticəyə gəlmədiyi barədə dəlillərini əsassız hesab edir.

57. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılaraq hüquqi qiymət verildiyindən, həmin dəlillərə təkrar münasibət bildirilməsinə zərurət yoxdur. Yəni, həm təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin verdiyi izahatla, eyni zamanda cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədə pulun qaytarılması barədə öhdəliyin götürülməsi Cavabdeh iddiaçı qarşısında pul öhdəliyinin olması, həmin pul məbləğini qaytarmaması işin mübahisəsiz hallarıdır.

58. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən söhbət gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

60. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

61. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

62. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1242/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar