Məhkəmə qərarları › İş №2(103)-6758/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6758/2023

27.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6758/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, sübuta yetirilməyən tələb») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2383/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 288K/2023 saylı əmri ilə Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin direktoru X1 ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklər və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir.

2. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İlk Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 4 saylı protokoluna görə aparılan araşdırmanın nəticələrində, sənədlərdə və aktlarda göstərilən nöqsanlar və Quba-Xaçmaz Regional Təhsil İdarəsindən daxil olan məktuba əsasən Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunması məqsədəmüvafiq hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Elm və Təhsil nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin onunla bağladığı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 228K/2023 nömrəli əmrinin ləğv edilməsi və Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, o, 1986-cı ildən Xaçmaz şəhər 6 saylı tam orta məktəbində rus dili və ədəbiyyatı müəlliməsi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1991-ci ildən 1997-ci ilə kimi Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbdə tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1998-ci ildən 2008-ci ilin yanvarına qədər Xaçmaz Rayon Təhsil Şöbəsində metodist, 23 yanvar 2008-ci ildən isə 2023-cü ilin fevral ayına qədər Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləmişdir, əməkdar müəllimdir. Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevin xx.xx.2023-cü il tarixli 3-29/3-1-288K/2023 nömrəli əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin tarixdən ləğv edilmişdir. Əmr ona 17 mart 2023-cü il tarixdə poçtla göndərilmişdir. Cavabdehə mübahisənin mediasiya prosesində həll edilməsi barədə təklif göndərməyinə baxmayaraq təklifi qəbul etməmiş, mediasiya sessiyasına gəlməmişdir. Bu barədə Mediasiya Şurasının Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/MTO15/2023/00196/02 nömrəli arayış verilmişdir. Əmrin məzmunundan görünür ki, cavabdeh onunla bağlanan əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etsə də, onun əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyinin nədən ibarət olmasını əsaslandırmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək qanunvericiliyinin bu tələbi əmrdə öz əksini tapmamışdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinə əsas nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-29-00- 591 qeydiyyat nömrəli xidməti məlumatı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin ilk Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 4 nömrəli protokolundan çıxarış, müvafiq akt və izahatlardan ibarətdir. İşəgötürən göstərilən bu əsasların heç biri ilə onunla tanış etməmiş, onlara qarşı münasibətini öyrənməmiş, onları təkzib etmək üçün əsaslarının olub-olmamasını aydınlaşdırmamışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2383/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində aparılmış monitoriqlər zamanı tədris işinin təşkili, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərinin icrası ilə bağlı bir sıra kobud nöqsanlara yol verdildiyi aşkar edilmişdir: Şagirdlərin dərsə davamiyyətinin aşağı olması, direktor İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində məhz özü tərəfindən 12 saat yarımqruplara bölünən dərsini tədris etməyərək 2380 manat əsassız əmək haqqı qazanılması, xüsusi təhsilin 6-cı sinfində təhsil alan Elmir Hacıyevə fərdi dərs keçirilməyərək bunun üçün 1684 əsassız əmək haqqının ödənilməsi, məşğələlər keçirilmədiyi halda dərnək rəhbərlərinə bunun üçün 1569 manat, 8-10-cu siniflərə fakültativ dərslər keçirilmədiyi halda 7 nəfər ixtisas müəlliminə isə bunun üçün 4819 manat əsassız əmək haqqının, kiçik xidmət edici heyət üzrə Gülşən Əlipaşayeva, Xeyransa Aslanova, Gülşad İbrahimova və Arzu Rəhimovaya əmək müqaviləsini yerinə yetirmədikləri halda əsassız olaraq 6428 manat əmək haqqının ödənilməsi. Göründüyü kimi, təhsil müəssisəsi üçün ayrılmış vəsaitlər tədris işi ilə əlaqədar olmayan formada sərf edilmiş, bu vəsaitlər təyinatları üzrə istifadə edilməmişdir. Bundan başqa, iş materiallarında olan təhsil müəssisəsinin kollektivinin üzvlərinin izahatlarından da təhsil müəssisəsində təhsilin təşkili və aparılması, eləcə də məktəbin idarə edilməsi ilə bağlı ciddi çatışmazlıqların mövcud olduğu, bunların bir çoxunun formalaşmasında məhz iddiaçının öz vəzifələrini layiqincə icra etməməsi və məsuliyyətsizlik göstərməsinin əhəmiyyətli rol oynadığı və onların aradan qaldırılması üçün hər hansı tədbirlər görülmədiyi məlum olur. İş materiallarında olan və tədqiq edilmiş sübutlarla İddiaçı iş fəaliyyəti ilə bağlı nöqsanları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, bunu təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, həmçinin iddiaçı tərəfindən inkar edilsə də, mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Göründüyü kimi, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, bu haqda onun barəsində verilmiş əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları ətraflı olaraq qeyd olunmuş, bu əsaslar əmək müqaviləsinin ləğvi üçün kifayət etməklə birlikdə xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 228K/2023 nömrəli Əmrin əsaslı olması təsdiq olunmuş, bunun əksinə olaraq iddiaçı tərəfindən irəli sürülən tələblərin həqiqəti əks etdirməsi işdəki sübutlarla təsbit olunmamış, nəticə olaraq məhkəmə iddia tələbinin əsassızlığı və əmrin əsaslılığı barədə nəticəyə gələrək iddianın təmin edilməməsi barədə nəticəyə gəlinməsinin məqsədəuyğun olduğunu hesab etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işəgötürənin əmrdə göstərdiyi bu əsasların həqiqətə uyğun olub-olmamasını araşdırmamış, həmin sənədləri tərtib edənləri, izahat verənləri məhkəməyə dəvət etməmiş, həmin sənədlərin mötəbərliliyini yoxlamamış, dinləmlər aparmamışdır, həmin sübutları tədqiq etməmişdir. Məhkəmə qətnamədə iddianın təmin edilməməsinin əsası kimi yoxlayıcıların hədə-qorxu və təpki ilə müavinlərdən, müəllimlərdən, texniki işçilərdən alınan izahatları sübut kimi sadalayaraq onların həqiqətə uyğun olub-olmadığını yoxlamamış, həmin 30 şəxsin birini belə dindirmədən yalan ifadə verməyə görə məsuliyyət daşıdıqları barədə xəbərdar edərək iltizama imzalatmadan onların izahatlarını qanunsuz olaraq sübut kimi qəbul etmişdir. Bundan əlavə, məhkəmə ümumi təhsil müssisələrində rəhbərlərin əmək funksiyalarının nədən ibarət olmasını aydınlaşdırmamış, direktor kimi iddiaçının, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin, təsərrüfat işləri üzrə direktor müavininin, tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyalarının ayrı-ayrılıqda nədən ibarət olmasını aydınlaşdırmamış, onların əmək funksiyasına aid olan işlərin onlar tərəfindən yerinə yetirilməməsinə görə iddaçının məsuliyyət daşımalı olub-olmadığını aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Bununla məhkəmə qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 388, 389, 390-cı maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qaldığından iddia haqlı sayılmırdı.

19. Əvvəla, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.

20. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.

21. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir.

22. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

23. Cavabdeh qurumun təqdim etdiyi sübutlarla İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində aparılmış monitoriqlər zamanı tədris işinin təşkili, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərinin icrası ilə bağlı bir sıra kobud nöqsanlara yol verdiyi təsdiq olunur. Belə ki, qeyd olunan sübutlarla şagirdlərin dərsə davamiyyətinin aşağı olması, direktor İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində məhz özü tərəfindən 12 saat yarımqruplara bölünən dərsini tədris etməyərək 2380 manat əsassız əmək haqqı qazanması, xüsusi təhsilin 6-cı sinfində təhsil alan Elmir Hacıyevə fərdi dərs keçirilməyərək bunun üçün 1684 əsassız əmək haqqının ödənilməsi, məşğələlər keçirilmədiyi halda dərnək rəhbərlərinə bunun üçün 1569 manat, 8-10-cu siniflərə fakültativ dərslər keçirilmədiyi halda 7 nəfər ixtisas müəlliminə isə bunun üçün 4819 manat əsassız əmək haqqının, kiçik xidmət edici heyət üzrə Gülşən Əlipaşayeva, Xeyransa Aslanova, Gülşad İbrahimova və Arzu Rəhimovaya əmək müqaviləsini yerinə yetirmədikləri halda əsassız olaraq 6428 manat əmək haqqının ödənilməsi sübuta yetirlmişdir. Ən azından, dövlət büdcəsinin vəsaitinin əsassız israf olunması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi işin mübahisəsiz halına çevrilmişdir.

24. Apellyasiya şikayətinin dəlillərindən biri də budur ki, məhkəmə iddianı təmin edərkən izahatları alınan müavin, müəllim və texniki işçiləri dindirməmiş, onların ifadələrinin həqiqətə uyğun olub-olmadığını yoxlamamış və həmin izahatları qanunsuz olaraq sübut kimi qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qeyd edilən maddənin məzmununa əsasən sözügedən izahatlar qanunvericiliyin tələblərinə uyğundur, iddiaçı isə əks mövqeyini, yəni həmin izahatların hədə-qorxu və təpki ilə alındığını yalnız sözlərlə ifadə edir, lakin bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Apellyasiya şikayətinin digər dəlilində isə göstərilir ki, ümumi təhsil müəssisələrində rəhbərlərin əmək funksiyalarının nədən ibarət olmasını aydınlaşdırmamış, direktor kimi iddiaçının, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin, təsərrüfat işləri üzrə direktor müavininin, tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyalarının ayrı-ayrılıqda nədən ibarət olması aydınlaşdırmamış, onların əmək funksiyasına aid olan işlərin onlar tərəfindən yerinə yetirilməməsinə görə iddaçının məsuliyyət daşımalı olub-olmadığı aydınlaşdırmamış və hüquqi qiymət verilməmişdir. Lakin iddiaçı bu halların araşdırılması ilə hansı nəticənin əldə olunacağını, bunun iş üçün nə kimi əhəmiyyətinin olmasını qeyd etməmişdir. Çünki, işdə olan sübutlar iddiaçı olan direktor İddiaçı işdən azad olunma barədə əmrinin qanuni olub-olmaması ilə bağlıdır. Qeyd etdiyi şəxslərin əmək funksiyalarının nədən ibarət olması və onlar tərəfindən yerinə yetirilib-yetirilməməsi aydınlaşdırılmasa belə bu hallar iddianın və şikayətin əsaslı olmasına dəlalət etmir. Çünki, iddiaçı həmin şəxslərin əmək funksiyasını yerinə yetirməməsinə görə deyil, özünün öhdəliklərini yerinə yetirmədiyinə görə intizam məsuliyyətinə cəlb edilmişdir. Başqa sözlə, işdəki sübutlar iddiaçının əmək funksiyasını yerinə yetirməməsi və pozuntulara yol verməsi ilə bağlıdır.

26. Məhkəmə tərkibi qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi isə şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2383/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2383/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar