Məhkəmə qərarları › İş №2(103)-6759/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6759/2025

25.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6759/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edlməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma və mülkiyyətə qaytarma ” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) “mənzildən çıxarılma və mülkiyyətə qaytarma” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1623/2025 nömrəli 14 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 1070№-li xx.xx.1994-ci il tarixli sərəncamına əsasən, vət. İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-ci il tarixli, 1070 saylı sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı, 27.02 kv.m ümumi sahədən ibarət mənzil sənədləşdirilib qeydiyyata alınmalıdır.

2. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixdə 041492 saylı orderə əsasən ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı, 27.02 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı istifadəsinə verilmişdir. Ailə tərkibi üç nəfərdən ibarət göstərilmişdir: 1967-ci il təvəllüdlü İddiaçı (özü), 1967-ci il təvəllüdlü Hüseynova M (yoldaşı), 1997-ci il təvəllüdlü Allahverdiyev H. (oğul) qeyd edilmişdir.

3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatındadır.

4. X1 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2024-cü il tarixli **********845 saylı ərizəsinə əsasən, ünvan 1-in İddiaçı adına özəlləşməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-21455/2024 **********55 saylı xx.xx.2024-cü il tarixli bildirişinə əsasən, idarənin mütəxəssislərinə texniki invertarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Həmçinin mənzildə məcburi köçkün məskunlaşmışdır.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 225 №-li xx.xx.2025-ci il tarixli arayışına əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Vəliyeva X5 rayonundan məcburi köçkün gəlməklə ünvan 1 ünvanında yaşayırlar.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-21496 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-35269/2025 saylı məktubuna əsasən, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

9. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatındadır.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-27904 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında xx.xx.1994-cü il təvəllüdlü X2 və xx.xx.1967-ci il təvəllüldü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus ünvan 1 ünvanından çıxarılaraq həmin mənzilin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-127/96 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində iddia təmin edilərək, X7 və onunla yaşayan bütün şəxslərlə birlikdə, ünvan 1-də olan yaşayış sahəsindən çıxarılması qət edilmişdir. O İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin 2-127/96 saylı, 06 may 1996-cı il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Lakin Qaradağ rayon Məhkəməsindən ona ünvanlanmış cavab məktubunda məhkəmə öz arxivindən, Ədliyyə Nazirliyinin arxivindən və Milli arxiv İdarəsindən mülki işi tələb etmiş, müəyyən edilmişdir ki, həmin mülki iş müvafiq olaraq arxivlərdə mövcud deyildir. Həmçinin məhkəmə icra şöbəsinə də müraciət etmiş, həmin qətnamə ilə bağlı icra işinin də olmadığını Qaradağ rayon İcra Şöbəsi məhkəməyə bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nə mülki iş, nədə ki, icra işi olmadığından (itirildiyindən) MPM-yə edilmiş 1 saylı Əlavəyə əsasən, 2-127-1996 saylı xx.xx.1996-ci il tarixli itirilmiş məhkəmə icraatının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdi. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 1200/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardad üzrə maraqlı şəxs X4 qeyd etməklə itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizəmin icraatına xitam verilmişdir. Belə ki, həmin qərardadında qeyd olunmuşdur ki, X7 vəfat etdiyindən itirilmiş icraat bərpa ediləcəyi təqdirdə vəfat etmiş şəxsə münasibətdə qətnamənin icra yönəldilməsi təmin edilməyəcəkdir. Eyni zamanda Qaradağ rayon Məhkəməsinin 2(002)- 127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində X7 və onunla yaşayan bütün şəxslərlə birlikdə çıxarılması qət olunsa da həmin şəxslərin kim olması həmin qətnamə ilə müəyyən olunmur. Odur ki, qeyri müəyyən şəxslərə münasibətdə icraatın bərpası mümkün olmayan haldır və icrası təmin olunmayacaqdır. Belə olan halda İddiaçı yenidən həmin mənzildə olan şəxslərin çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X3 nəvəsi Cavabdeh2 məhkəmə iclasında arayış təqdim edərək, bildirdi ki, həmin evdə yaşayırlar. Hazırda həmin evdə anası, bibisi, özü və həyat yoldaşı qalırlar. Zəngilan rayonundan məcburi köçkündülər. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2025 nömrəli 14 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı mənzildən çıxarılması, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı mənzilinə köçürülməsi qət edilmişdir (hakim X10).

14. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, İddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində qanuni gözlənti hüququna malikdir və Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülkiyyətçinin sahib olduğu hüquqlara sahibdir. Hazırda həmin mənzilin mülkiyyətçisi qismində (order əsasında) İddiaçı çıxış edir. Cavadehlərin həmin mənzildə yaşamaları üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulduğundan, iddiaçı öz adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyat aparılmasına və mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etməsinə şərait yaradılmamışdır. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan İddiaçı qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu. 33-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-1.1-ci. 11-1.3cü, 152-ci, 157.4-cü, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”si “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokoluna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məcburi köçkün statusu bu günədək qüvvədədir və o müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri ilə təmin olunanacan bu məcburi köçkün statusunun ləğv olunması nəzərdə tutula bilməz. Belə ki, o, əvvəl yaşadığı yerə qayıdanadək məcburi köçkün statusu ləğv oluna bilməz. Həmçinin məskunlaşdığı yaşayış yerindən də o halda çıxarılmağına yol verilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu yaşayış yeri ilə təmin etsinlər. Hazırda belə bir hal mövcud olmadığından yaşayış yerimizdən çıxarılması artıq məcburi köçkün statusunun məhkəmə tərəfindən tanınmamasına dəlalət edir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Qayda”-nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X9 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

18. Cavabdeh4 tərəfindən verilən apellyasiya şikayəti Cavabdeh1 apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdehlər tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan ünvan 1 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1170 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və xx.xx.1995-ci il tarixli 041492 №li order əsasında İddiaçı ailə üzvləri ilə birlikdə köçüb yaşaması üçün verilmişdir. Cavabdehlərin həmin mənzildə məskunlaşmışlar və iddiaçı mənzildə yaşamaq, eləcə də, mənzili özəlləşdirməklə bağlı hüquqlarını realizə edə bilmir. Belə ki, işdə olan sənədlərdən aydın olur ki, iddiaçı mənzilin özəlləşdirilməsi məqsədilə müraciət etmiş, qeyd edilən orderdə adı göstərilən ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdiriməsinə razılıq vermələrinə dair ərizə vermişlər. Lakin mənzilə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün müvafiq orqanın mütəxəssislərinin iştirakına cavabdehlər tərəfindən şərait yaradılmamışdır. Tərəflər arasında bağlanmış, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamını təsbit edən, notarial qaydada təsdiqlənən yazılı razılaşma yoxdur. İddiaçı Konstitusiya ilə təsbit edilmiş və təminat altında olan mülkiyyət hüququndan tam şəkildə yararlana bilmir. Belə ki, cavabdehlər buna hər hansı hüququ mövcud olmadığı halda iddiaçının mülkiyyətində olan mənzildə yaşayır, iddiaçının mənzili tərk etməsi tələbini yerinə yetirmir, nəticə etibarı ilə iddiaçı mülkiyyətində olan məzildən sərbəst şəkildə istifadə edə bilmir.

30. Halbuki İddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində qanuni gözlənti hüququna malikdir və Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülkiyyətçinin sahib olduğu hüquqlara sahibdir.

31. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur.

33. Hazırda həmin mənzilin mülkiyyətçisi qismində (order əsasında) İddiaçı çıxış edir. Cavadehlərin həmin mənzildə yaşamaları üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulduğundan, iddiaçı öz adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyat aparılmasına və mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etməsinə şərait yaradılmamışdır. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan İddiaçı qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

34. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. 36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»-nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Qayda”nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X9 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

X12 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2025 nömrəli 14 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar