Məhkəmə qərarları › İş №2(103)-6760/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6760/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6760/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (3-cü şəxs: Nümayəndə) qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs: Nümayəndə) qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(009)-1440/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “İcraçı” qismində İddiaçı ilə “Sifarişçi” Cavabdeh və qeyriləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” bu müqavilənin şərtlərinə uyğun olaraq “Sifarişçi”lərə birinci, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair“ qaldırılmış iddia ərizəsi üzrə iddiaçıların, yəni “Sifarişçi”lərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçı”ya ödənilir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarları icra olunarkən dərhal ödənilir.

2. İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, 7 saylı evin 11 saylı mənzilinə görə ödənilmiş 82005 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10% miqdarında kompensasiyanın 8200,50 manat məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar çıxarılmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 2026/2015 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı ilə cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 7, 11 saylı mənzilə görə ödənilmiş 82005,0 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10% miqdarında kompensasiyanın 8200,50 məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun iddiaçı Cavabdeh xeyrinə cavabdehdən tutulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-747/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə avropa şikayətləri təmin edilərək, Cavabdeh 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

7. İş üzrə Cavabdeh tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə almışdır. Vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3279 avronun manata olan rəsmi məzənnəsinin və 84 manat dövlət rüsumunun onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 3279 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2026/2015 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 7, 11 saylı mənzilə görə ödənilmiş 82005 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 8200,50 manat məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı Şəhəri İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 yanvar 2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı ilə Bakı Şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2026/2015 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-747/16 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-747/16 saylı qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə şikayətlər təmin edilərək, Cavabdeh 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı onun tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 10930 avro məbləğində pul vəsaitinin 30 faizi - 3279 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 3279 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2022ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbərnaməyə imza edilərək alınmışdır. Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 3279 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi elektron səhifəsində bank faizinin uçot dərəcəsi aşağıdakı qaydada müəyyən edilmişdir: 2021-ci il üçün: xx.xx.2021 – 7,25%, xx.xx.2021 – 7,0%, xx.xx.2021 – 6,5%; 2022-ci il üçün: xx.xx.2022 – 7,75%, xx.xx.2022 – 7,5%. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 3279 avronun manata olan rəsmi məzənnəsinin və 84 manat dövlət rüsumunun onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 3279 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manat olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(009)- 1440/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 14.1, 16.1, 385.1, 386.1, 389.1, 390.1, 406, 417.1, 777.1, 777.2, 779.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. 13.İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

20. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. Madə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

28. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

29. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, apellyasiya baxışı zamanı qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.

37. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən icraçı sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini bu müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür (Bənd 1.1, 2.1.1., 2.2.1.). Həmin müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30 % miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30 % miqdarında “İcraçı”ya ödənilir (Bənd 3.2).

38. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

39. Hazırda cavabdeh tərəf İddiaçı onun adından Avropa Məhkəməsinə müraciət etməsi barədə tapşırıq verilmədiyini bildirir. Kollegiya cavabdeh tərəfin bu mövqeyini inandırıcı və əsaslı saymır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh verdiyi həmin qəbzdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. 40.Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 16 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçiyə göstərib qurtaranadək bağlanılır. Həmin müqavilə əsasında İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir.

41. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, həmin hüquqi xidmət müqaviləsi təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edilənləri, həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh ödənilmiş 10930 avro məbləğində pulun 30 faizi olan 3279 avronun manata olan rəsmi məzənnəsi hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

43. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manat olan rəsmi məzənnəsinin cavabdehdən tutulması” hissəsində əsassız olduğundan təmin edilməməlidir.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”.

46. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 2022-ci ilin bank uçot dərəcəsi əsas götürülməklə 245 avronun manat olan rəsmi məzənnəsini tələb etməkdə haqlı olmamışdır.

47. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, 3279 (üç min iki yüz yetmiş doqquz) avronun manata olan rəsmi məzənnəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(009)- 1440/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 3279 (üç min iki yüz yetmiş doqquz) avronun manata olan rəsmi məzənnəsi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar