Məhkəmə qərarları › İş №2(103)-6761/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6761/2021

06.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6761/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2021 saylı mülki iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X4 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın, cəmi 70000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixindən Nümayəndə1 qanuni təmsilçisi olduğu "xxxx" X3 həkimanestezioloq vəzifəsində çalışmışdır. "xxxx" X5 neft daşlarında neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı “SOCAR”la müqavilə bağlamış və həmin müqavilə üzrə "xxxx" MMC-nin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərmişlər. "xxxx" X3 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, "xxxx" MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X9 və digər dövlət orqanlarına şikayət etmişdir. "xxxx" MMC 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilmişdir. 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə "xxxx" MMC tərəfindən işçinin gələcəkdə pensiya almaq hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmin illərdə "xxxx" MMC-də çalışmağına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilməmişdir. 2017-ci il tarixində məlum olmayan səbəblərə görə “Azmedicon" MMC-nin bütün işçilərini Cavabdeh MMC-yə keçirmişlər. "xxxx" MMCnin və Cavabdeh MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. “X8" MMC ilə əmək müqaviləsi bağlansa belə "xxxx" MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir, Cavabdeh MMC tərəfindən də nəyin ki, müqavilənin bir nüsxəsi ona verilməmişdir, müqavilə ilə tanış olmağa imkan verilməmişdir. “X8" MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam etmişdir. İlkin olaraq qeyd edir ki, əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. Bu "X8" MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşlarının donub qalmasına, artmamasına səbəb olurdu. Əmək məcəlləsinə əsasən əmək müqaviləsində işçinin tutduğu vəzifə dəqiq göstərilməlidir, həmin vəzifənin dəqiq göstərilməməsi əmək müqaviləsinin kobud şəkildə pozulması ilə nəticələnir. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədiyi müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişlər. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Əlavə olaraq işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtları, bazar günləri və bayram günlərinin ödənişini etməmişdir. O, faktiki olaraq həm öz əmək funksiyasını həyta keçirir, həm də, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını yerinə yetirirdi. İşəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edirdi. Onlar dənizin ortasında yeganə tibb məntəqəsi idilər ki, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacısı bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik ambulansla təcili tibbi yardımı həyata keçirir. Təcili tibbi yardım fəaliyyətinin olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Məzuniyyət hüquqları kobud şəkildə pozulurdu. Belə ki, iş stajına görə əlavə olunan 2-4-6 məzuniyyət günləri onlara verilmir. Şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bilik, savad və bacarıqlarını artırmalıdır. Həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçilər göndərilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunsa da maaş haqda haqqhesab vərəqəsi verilməmiş və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişləri, məzuniyyət ödənişləri, əmək haqqına əlavə ödənişlər, covidlə bağlı əmək haqqının artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmamışdır. Ona vurulmuş maddi ziyandan əlavə olaraq həkimlərin sertifikasiya hüququ, tibbi yardımın göstərilməsi ilə bağlı lisenziya alınması, işçilərin tibbi sığortalanması və dövlət sosial müdafiə fonduna olunan ödənişləri ilə bağlı qanunun pozuntuları da olmuşdur. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfələrlə həm cavabdehə, həm də əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdir. Bu müraciəti iə bağlı cavabdeh onu dəfələrlə narahat edərək və əmək funsiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədərək cavabdeh ona işə gəlməməsini bildirmişdir. Faktiki olaraq işəgötürən tərəfindən əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı maneələr törədilmişdir. Artıq uzun müddətdir ki, işəgötürən onu işə gəlməyə qoymurdu, lakin buna baxmayaraq onun aktiv əmək müqaviləsi sistemdə görsənirdi. Lakin o, heç bir ödəniş almırdı. Cavabdehin bu cür hərəkətlərinə görə o, başqa bir işə qəbul oluna bilmirdi. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsasız olaraq onu işdən kənarlaşdırmışlar. İddiaçı daha sonra iddia ərizəsini dəqiqləşdirmə ərizəsi verərək, cavabdeh tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın, ümumilikdə 70000 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Cavabdeh MMC X2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatların yayması nəticəsində dəymiş maddi zərər olan 50000 manat pulun ondan tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri ilə bağlı” iddia tələbi əsassız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkəttən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmuş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar atmışdır. Belə ki, o Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Cavabdehin cəmiyyət barəsində sərf etdiyi böhtanlar əxlaqi prinsiplərə zidd, mənfi rəy yaradan malumatlardır. Həmin məlumatların həqiqətə əks etdirdiyi cavabdeh tərəfindən sübut edilmədikcə həmin məlumatlar həqiqətə uyğun olmayan, yəni yalan məlumatlardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(004)- 1900/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, təqdim olunmuş sübutlara və işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, Cavabdeh MMC öz etirazında bildirmişdir ki. AR Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin zivan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddəti keçdiyi üçün məhkəməyə müraciət edə bilməz. Buna əsasən Cavabdeh MMC məhkəmədən iddia tələbini rədd edilməsini xahiş etmiş və məhkəmə də bu xahişi nəzərə alaraq, müddətin ötürüldüyünü təsdiq etmişdir. Halbuki, qanunvericiliklə müəyyən olunmuş məhkəməyə müraciət etmə müddəti kimi müəyyən olunan 1 illik iddia müddəti iddiaçı öz hüquqlarının ozulduğunu bildiyi andan hesablanmalıdır. Onun öz hüquqlarının pozulduğunun bildiyi an isə hazırki işdə faktiki olaraq onun dövlət orqanlarına müracət etdiyi andan hesablanmalıdır. Çünki faktiki olaraq o, öz hüquqlarının pozulduğunu iddia etdiyi üçün dərhal dövlət orqanlarına müraciət etmişdir. Bunu təsdiq edən sənədlər isə konkret olaraq onun dövlət orqanlarına ünvanladığı rəsmi yazılı müraciətləridir. Cavabdeh MMC tərəfindən işçiyə boş blank təqdim edilərək, həmin blankı imzalamağı, imzalanmayacağı halda isə işçinin işdən qovulacağını bildirmişdir. İşçiyə imzalanmaq üçün verilən sənəddə müqavilədə olunacaq dəyişikliklər barədə heç bir məlumat olmamışdır. O, Cavabdeh MMC tərəfindən mütəxəssis köməkçisi olaraq götürülsə də faktiki olaraq, tibb işçisi olaraq fəaliyyət göstərmişdir. Ümumilikdə, işəgötürən tərəfindən iş yerində tibblə əlaqədar olan və mütəxəssis vəzifəsinə uyğun gəlməyən vəzifələrin icra olunməsi ondan tələb olunmuşdur. Bundan əlavə olaraq AR Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən məktubu Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmən məktuba əsasən ümumiyyətlə cavabdehin praktiki tibbi xidmətdən məşgul olması ilə bağlı lisenziyası (xüsusi razılığı) olmamağı qeyd edilmişdir. Həmən məktuba əsasən Cavabdeh MMCnin praktiki tibbi xidmətdən məşğul olmağa hüququ yoxdur. “X8" MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi xahiş etmişdir. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, təqdim olunmuş sübutlara və işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh MMC İddiaçı qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzuna xələl gətirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəmədə iddia qaldırana qədər iddia ərizəsində qeyd etdiyi hallarla bağlı dəfələrlə inzibati və digər orqanlara şikayətlər etmişdir. Bu şikayətlərdə Cəmiyyətə qara yaxmış, həqiqətə uyğun olmayan sözlər demişdir. Əmək müqaviləsi davam etdiyi halda xəbər vermədən başqa işəgötürənlə əmək müqaviləsi bağlayıb koronaviruslu xəstələrə xidmət edib 3-5 misli əmək haqqı alan şəxsə heç bir inzibati orqan izah edə bilməmişdir ki, əsas iş yeri olan "xxxx" MMC koronoviruslu xəstələr üçün ayrılmış tibb müəssisəsi deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2021 saylı mülki iş üzrə qəbul etdiyi 21 yanvar 2016-cı il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2021 saylı mülki iş üzrə qəbul etdiyi 21 yanvar 2016-cı il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X8” MMC-nin 25 aprel 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həkim anestezioloq vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 25 aprel 2017-ci il tarixli ərizəsində görünür ki, onun 25 aprel 2017-ci il tarixdən MMC-ə həkim anestezioloq vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 25 aprel 2017-ci il tarixli 25/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMCə həkim anestezioloq vəzifəsində işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 27 aprel 2017-ci il tarixli ərizəsində görünür ki, onun 28 aprel 2017-ci il tarixdən MMC-ə asistans xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 28 aprel 2017-ci il tarixli 179/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMCə asistans xidməti üzrə mütəxəssis vəzifəsində işəqəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 21.01.2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 fevral 2018-ci il tarixindən 09 mart 2018- ci il tarixinədək 36 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 24 yanvar 2019-cu il tarixli 461/19k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssisinə 36 təqvim günü müddətinə məzuniyyət verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 1 gün Beynəlxalq qadınlar gününə təsadüf etdiyi üçün məzuniyyət tarixi 10 mart 2019-cu il tarixinədək uzadılması, 10 mart 2019-cu il tarixində işə başlanılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 20.07.2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 avqust 2018-ci il tarixindən 31 avqust 2018- ci il tarixinədək 30 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 20 iyul 2018-ci il tarixli 149a/18k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssisinə 30 təqvim günü müddətinə məzuniyyət verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 2 gün Qurban bayramına təsadüf etdiyi üçün məzuniyyət tarixi 02 sentyabr 2018-ci il tarixinədək uzadılması, 02 sentyabr 2018-ci il tarixində işə başlanılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ilə “X10” MMCyə ünvanlanmış 21.08.2020-ci il tarixli ərizədən görünür ki, o, işdən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “X10” MMC-nin 01.09.2020-ci il tarixli, 351/20k saylı əmrindən görünür ki, İddiaçı 21.08.2020-ci il tarixli ərizəsi əsasında “X10” MMCdə tutduğu asistans xidməti üzrə mütəxəssis vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88-cı maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçının istinad etdiyi, yəni ona mənəvi zərərin vurulmasına gətirib çıxaran hərəkətlərin təsdiqi barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda isə iddiaçının mənəvi sarsıntı keçirməsi nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, ilkin iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, bununla bağlı iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. Belə ki, Mülki Məcəllənin 23.1-ci maddəsinin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Lakin kollegiya hesab edir hazırkı işdə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir. Mülki Məcəllənin 23.1-ci maddəsi isə istənilən məlumatın deyil, yalnız fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunması imkanını nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X4 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2021 saylı mülki iş üzrə qəbul etdiyi 07 may 2021-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar