Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6761/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın (əvvəlki adı "xxxx" MTK) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqaviləyə əsasən İcraçı (MTK) Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən İddiaçı çoxmərtəbəli yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbə, ümumi sahəsi 99.00 m2 olmaqla, yaşayış sahəsi 77.00 m2, o cümlədən eyvan sahəsi 14,61 m2 olan 2 iki otaqdan ibarət 130 saylı mənzili “Sifarişçiyə” (iddiaçıya) təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC ilə Cavabdeh arasında olan 23 avqust 2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən borcverən ("xxxx" ASC) borcalana (Cavabdeh) mənzilin alınması üçün 120.285 manat məbləğində 240 ay müddətinə kredit vermişdir.
3. xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli zaminlik müqaviləsinə əsasən kreditor bankla İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM- GH nömrəli zaminlik müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı MTK kreditor qarşısında zamin olaraq öhdəlik götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı MTK Cavabdeh qarşı mənzilin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət 130 saylı mənzilin boşaldılması, giriş qapısının açarlarının Cavabdeh alınaraq mənzilin İddiaçı MTK-ya təhvil verilməsi və Cavabdeh müqavilə şərtlərinin pozulmasına görə hesablanmış cərimə və vurulmuş ziyana görə hesablanmış məbləğdən ödənilməmiş qalan 4.811 manat qalıq məbləğinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən iddiaçının cavabdehdən müqavilə öhdəliklərini, o cümlədən "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş də daxil bütün vəzifələrini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin maliyyələşdirilməsi üzrə "xxxx"’ ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə aylıq annuitet məbləği və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri (ƏDV xaric) 133.650 (bir yüz otuz üç min altı yüz əlli) manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 13.365 (on üç min üç yüz altmış beş) manat hissəsi cavabdehin vəsaiti hesabına, qalan 120.285 (yüz iyirmi min iki yüz səksən beş) manat hissəsi isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 10 (on) %-i həcmində iddiaçıya cərimə ödəyəcək. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflərin bir-birinə vurduqları zərərə( dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 10.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə bəndin tələbləri tam və ya qismən) pozularsa iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə müqavilə bağlamaq hüququ vardır. Cavabdeh bununla əlaqədar iddiaçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və iddiaçıya dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar iddiaçının birbaşa və dolaylı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində cavabdehə qaytarılacaq. Yuxarıda qeyd olunduğu kimi mənzilin qiymətinin 120.285,00 (yüz iyirmi min iki yüz səksən beş) manatlıq hissəsi cavabdeh tərəfindən "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsinə əsasən 240 ay müddətinə götürülmüş kredit məbləği hesabına ödənilmişdir. xx.xx.2016-cı il tarixli 4-23- 08-2016-SHM-GH nömrəli zaminlik müqavilələrinə əsasən İddiaçı MTK və X1 kreditor Bankla borclu Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016- SHM-GH nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və ödənilməsini öhdələrinə götürmüşlər. "xxxx" ASCdən kredit müqaviləsi üzrə zamin İddiaçı MTK-ya daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda Cavabdeh 15.237,00 manat məbləğində aylıq ödənişlərini gecikdirdiyi qeyd olunmuşdur. Bundan sonra MTK tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq məktubları, xx.xx.2021-ci il tarixdə isə bildiriş göndərilmiş və Banka gecikdirilmiş ödənişlərinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda alqı-satqı müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün müqavilənin birtərəfli qaydada ləğv olunacağı (müqavilənin 10.1-ci bəndinə əsasən) barədə xəbərdar edilmişdir. Bildiriş Cavabdeh xx.xx.2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görməmiş və sonralar onunla əlaqə saxlamaq mümkün olmadığı üçün “Respublika” qəzetinin xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. Elanda iddiaçı ilə cavabdeh arasında yaranmış qeyrimüəyyənliyə görə tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və bununla əlaqədar münasibətlərin tənzimlənməsi üçün cavabdehin 7 gün ərzində iddiaçıya müraciət etməsi tələb olunmuşdur. "xxxx" ASC-nin Cavabdeh və İddiaçı MTK-ya xx.xx.2021-ci il tarixdə ünvanladığı bildirişdə xx.xx.2021-ci il tarixə Cavabdeh 16.500,00 manat gecikdirilmiş borcunun olduğu qeyd olunmuş və Cavabdeh 5 iş günü ərzində həmin borcu ödəməsə Bankın zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK-ya müraciət etmək, Zaminin isə Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blokda yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzili öz sahibliyinə keçirərək Bank qarşısında borcu bağlamaq hüququnun olması barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən görülmüş bütün tədbirlərə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmağa davam etmişdir. Bu səbəbdən də xx.xx.2021ci il tarixdə iddiaçının ümumi yığıncağı keçirilmiş və qərara alınmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilə birtərəfli qaydada ləğv edilsin (Müqavilənin 10.1-ci bəndinə əsasən), müqavilənin predmeti olan mənzil hazırda qüvvədə olan şərtlər daxilində 3-cü şəxslərə təklif edilsin, müqavilənin ləğv olunması barədə cavabdeh və "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məlumat verilsin. Bank ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM- GH nömrəli kredit müqaviləsinin və həmin müqavilənin təminatı kimi çıxış edən zaminlik müqaviləsinin də müvafiq surətdə ləğv edilməsi ilə bağlı münasibətlər tənzimlənsin. Bundan sonra isə iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin xx.xx.2021-ci il tarixdə birtərəfli qaydada ləğv edilməsi barədə "Respublika’' qəzetinin xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı“ ASC-yə borcu zaminlik müqaviləsinə əsasən İddiaçı MTK tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin ləğv olunmasına və müqavilənin predmeti olan mənzilin hazırda qüvvədə olan şərtlər daxilində 3-cü şəxslərə təklif edilməsi üçün cavabdehin banka olan kredit borcunun iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə baxmayaraq, hal-hazıradək cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Həmçinin Müqavilənin 10.2- ci bəndinə əsasən müqavilə ləğv edildikdən sonra həmin vaxta qədər cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsaitdən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və iddiaçıya dəymiş ziyan (o cümlədən, bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar iddiaçının birbaşa və dolaylı bütün məsrəfləri və "xxxx" ASCnin tələbləri) çıxılmış və cavabdehin iddiaçıya 4.811.00 manat ödənilməmiş qalıq məbləği qalmışdır.
6. İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək iddiaçının adı işə məhkəmədə baxıldığı dövrdə dəyişdirilərək "xxxx" MTK kimi vergi orqanında qeydiyyatdan keçməsini nəzərə alaraq hazırki iş üzrə iddiaçının "xxxx" MTK kimi qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2016-cı il tarixli GH-B 10/001184 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 10-cu blok 20-ci mərtəbədə yerləşən 2 otaqlı 130 saylı mənzili cəmi 133.650 manata almış, həmin məbləğdən 13.365 manat hissəsini ilkin ödəniş olaraq MTK-ya ödəmişdir. Mənzilin dəyərinin qalan hissəsini, yəni 120.285 (yüz iyirmi min iki yüz səksən beş) manat hissəsini isə Cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit hesabına MTK-nın hesabına tam şəkildə ödəmişdir. Belə olan halda, qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK qarşısında alqı-satqı müqaviləsi üzrə olan öhədəliyini tam şəkildə icra etmiş hesab olunur. Yəni, dolayısı ilə mübahisə predmeti olan mənzil Cavabdeh qanuni sahibliyinə keçmişdir. Bunun məntiqi nəticəsi olaraq, İddiaçı MTK-nın GH-Q02-210726-002/PMİK saylı 26 iyul 2021-ci il tarixli ümumi yığıncağının qərarı ilə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin məhkəmədən kənar birtərəfli qaydada ləğv edilməsi də əhəmiyyətsiz olmaqla hər hansı hüquqi nəticəyə səbəb olmur. Borclu Cavabdeh xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmışdır ki, İddiaçı MTK həmin borc üzrə zamin olduğundan Cavabdeh əvəzinə 127.250,29 manat pul vəsaitini banka ödəmişdir. Belə olan halda, İddiaçı MTK-nın hazırda Cavabdeh kredit və zaminlik müqavilələrindən irəli gələrək pul borcunun ödənilməsini tələb etmək hüququ yaranır. Dolayısı ilə İddiaçı MTK-nın hazırda Cavabdeh qarşı mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamə qəbul edərkən tərəflərin azad surətdə müəyyənləşdirdiyi müqavilə şərtlərini nəzərə almamış, müqavilə şərtlərinə hərfi yanaşmış və yanlış nəticəyə gəlmişdir. Belə ki, bir-biri ilə əlaqədar olan, iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixdə № GH-B 10/001184 saylı müqavilənin, cavabdeh və "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsinin, iddiaçı, cavabdeh və "xxxx" ASC arasında imzalanmış zaminlik müqaviləsinin tərəfləri tərəfindən azad şəkildə müəyyən olunmuş şərtlərinə məhkəmə düzgün qiymət verməmişdir. xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən, Sifarişçi (cavabdeh) İcraçıdan (iddiaçıdan) tikinti işləri başa çatdıqdan sonra müqavilə qiymətinin və müqavilə ilə nəzərdə tutulmuş digər pul öhdəliklərinin (müqavilə qiymətinin maliyyələşdirilməsi üzrə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə aylıq annuitet məbləği və digər pul öhdəlikləri) kredit öhdəliklərinin icra vəziyyəti nəzərə alınmaqla mənzil İcraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında Sifarişçiyə "xxxx" ASCnin yazılı razılığı əsasında təhvil veriləcək. İş materiallarından da məlum olduğu kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli müqavilə üzrə götürülmüş öhdəliklər tam icra edilməmiş, xüsusilə də müqavilə qiymətinin maliyyələşdirilməsi üzrə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə aylıq ödənişlər ödənilməmişdir. Qeyd olunan müqavilənin 4.1-ci bəndinə əsasən isə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir. Göründüyü kimi razılaşdırılmış müqavilə şərtləri cavabdeh tərəfindən tam icra olunmadığı üçün həmin müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilənə qədər qüvvədə olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi "alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK qarşısında alqısatqı müqaviləsi üzrə olan öhədliyini tam şəkildə icra etmiş hesab olunur. Yəni, dolayısı ilə mübahisə predmeti olan mənzil Cavabdeh qanuni sahibliyinə keçmişdir. Bunun məntiqi nəticəsi olaraq "xxxx" MTK-nın GH-Q02-210726- 002/PMİK saylı 26 iyul 2021- ci il tarixli ümumi yığıncağının qərarı ilə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin məhkəmədən kənar birtərəfli qaydada ləğv edilməsi də əhəmiyyətsiz olmaqla hər hansı hüquqi nəticəyə səbəb olmur" qənaətinə gəlməklə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuş və göstərilən halları nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı, cavabdeh və "xxxx" ASC arasında bağlanılmış yuxarıda göstərilən müqavilələrin şərtlərinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə aylıq ödənişlərini ödəmədiyi üçün Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzillə bağlı hüquqlar "xxxx" ASC-yə keçmiş, daha sonra isə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" MTK tərəfindən tam şəkildə ödənilmiş və mənzillə bağlı hüquqlar "xxxx" ASC-dən "xxxx" MTK-ya keçmişdir. Belə olan halda birinci instansiya məhkəməsi borclu Cavabdeh xx.xx.2016-cı il tarixli 4- xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmışdır ki, "xxxx" MTK həmin borc üzrə zamin olduğundan Cavabdeh əvəzinə 127.250,29 manat pul vəsaitini banka ödəmişdir. Belə olan halda, "xxxx" MTK-nın hazırda Cavabdeh kredit və zaminlik müqavilələrindən irəli gələrək pul borcunun ödənilməsini tələb etmək hüququ yaranır. Dolayısı ilə "xxxx" MTK-nın hazırda Cavabdeh qarşı mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur qənaətinə gəlməklə də qeyd olunan maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmənin qətnamədə xx.xx.2016-cı il tarixdə GH- B10/001184 saylı müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğvinin əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticəyə səbəb olmaması və hazırki iddia tələblərini irəli sürməyə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə işin hallarının düzgün araşdırılmadığını söyləməyə əsas verir. Belə ki, tərəflər arasında imzalanmış müqavilələrin şərtlərinə əsasən qeyd olunan mənzillə bağlı hüquqlar MTK-ya keçmiş, lakin cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Nəticədə də iddiaçı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Belə olan halda məhkəmənin xx.xx.2016-cı il tarixdə GH-B 10/001184 saylı müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğvi və subyektiv hüquqla bağlı gəldiyi nəticə əsassız olmuşdur. Hesab edir ki, bu halllar məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə iddiaçı, cavabdeh və "xxxx" ASC arasında bağlanılmış yuxarıda göstərilən müqavilələrin şərtlərinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə aylıq ödənişlərini ödəmədiyi üçün Bakı şəhəri, Tbilisi prospekti, 1054- cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzillə bağlı hüquqlar "xxxx" ASC-yə keçmiş, daha sonra isə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" MTK tərəfindən tam şəkildə ödənilmiş və mənzillə bağlı hüquqlar "xxxx" ASC-dən "xxxx" MTK-ya keçmişdir. Nəticədə də iddiaçının hazırki iddia tələblərini irəli sürmək üçün subyektiv hüququ yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında "xxxx" MTK-nın (əvvəlki adı "xxxx" MTK) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan yaxud hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından cavabdehə qarşı hazırki formada qaldırılan iddia haqlı sayılmır. 24.Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
25. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi cavabdehin bankla bağladığı 23 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 240 ay müddətinə ödəməli olduğu kredit borcunu birdəfəyə ödəmiş, bununla da cavabdehin bank qarşısında olan öhdəliyi tam icra edilmişdir. Bu işin mübahisəsiz halıdır. Ən azından bu halı iddiaçı və bank mübahisələndirmir.
26. Deməli, iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun(bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
27. Ancaq iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun.
28. İddiaçı mübahisəli mənzilə dair bankın girov(ipoteka) saxlayan kimi hüquqlarının ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi bağlanmamışdır. Kredit müqaviləsinin 4.3-cü bəndində də qeyd olunan mənzilə dair hüquq daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq çıxarış verildikdən sonra ipoteka ilə rəsmiləşdiriləcəyi nəzərdə tutulmuşdur. Demək, rəsmi ipoteka müqaviləsi olmadığı və bankın da ipoteka saxlayan kimi hansısa hüquqları yaranmadığı üçün, iddiaçıya da bankın bu cür yaranmamış və qeydə alınmamış hüquqları keçə bilməzdi.
29. Müqavilənin 12.7-ci bəndində göstərilən, yəni borcalan müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda...mübahisəli mənzili boşaltmalıdır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin mənzil qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını açıq-aşkar pozan razılaşma hesab olunur.Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırki iddianı irəli sürməyə əsas vermirdi. 30.İddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 10.1-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası(icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə ilkin ödənişin cavabdeh, qalan məbləğin isə bank tərəfindən tam ödənildiyini təsdiq edir.
31. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməz.
32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı "xxxx" MTK-nın (əvvəlki adı "xxxx" MTK) apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.