Məhkəmə qərarları › İş №2(103)-6763/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6763/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6763/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və üçüncü şəxs Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14033-1/225141 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı cəmi 43432,54 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla pul alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, tutmanın cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0,0414 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91,3 kv.m ibarət olan 2 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması , ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur.

2. Qətnamənin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin 2788-11 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən fərdi yaşayış evi və 0,0414 ha torpaq sahəsi ilkin satış qiyməti 60.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 38250 manata Cavabdeh2 ASC-yə satılmışdır.

3. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi və 0,0414 ha torpaq sahəsi 38250 manata Cavabdeh2 ASC-yə satılmışdır və xx.xx.2018-ci il tarixdən Cavabdeh2 ASC-nin mülkiyyətindədir.

4. Şirvan şəhər Məhkəməsinin 2(032)-817/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası təmin olunaraq cavabdehlər İddiaçı və X2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, onların əşyaları ilə birlikdə həmin evin boşaldılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər İddiaçı və X1 dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 ASC-yə verilməsi qət edilmişdir.

5. Qətnamə qanuni qüvvəyə minmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(032)-190/2016 saylı icra vərəqəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Ümumiyyətlə, hərracın keçirilməsindən məlumatı olmamışdır. Bundan əlavə, ona məxsus fərdi yaşayış evinin hərrac keçirilən zaman qiyməti 100.000 manatdan artıq olsa da, fərdi yaşayış evi sonda 38250 manata satılmışdır. Hərrac 2015-ci ilin orta bazar qiymətinə uyğun keçirilmişdir. Cavabdeh2 ASC cavabdeh təşkilatla qabaqcadan əlbir olaraq ona məxsus fərdi yaşayış evini dəyərindən təxminən 4 dəfə ucuz qiymətə alaraq ona ziyan vurmuşdur.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1315/22 saylı iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia rədd edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə qəzetdə elan yerləşdirilmiş, iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

18. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının şikayətinin əsas dəlili hərracın keçirilməsindən məlumatının olmaması ilə bağlıdır. Halbuki, bank hərracın nəticələrinə dair yekun protokol əsasında ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etdikdən sonra iddiaçıya və digər şəxslərə qarşı ipoteka predmetinin boşaldılması barədə iddia qaldırmış, iddia təmin edilmiş, iddiaçı həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə verdiyi şikayətlər təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hərracın keçirilməsi və mübahisəli evin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2019-cu ildə məlumatı olmuşdur. Lakin buna baxmayaraq iddiaçı hərracın etibarsızlığı barədə iddianı xx.xx.2022-ci il tarixdə, yəni bir il müddət keçdikdən sonra qaldırmışdır.

23. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı qəbul edilmiş protokolun – hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair tələb bir il müddət keçdikdən sonra məhkəməyə verildiyindən birinci instansiya məhkəməsi həmin tələbi müddətin keçməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur.

24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hərrac keçirilərkən hərrac təşkilatçısı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar