Məhkəmə qərarları › İş №2(103)-6763/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6763/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6763/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil və İddiaçı özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, keçmiş əri olan cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun və iki övladının – xx.xx.2000-ci il təvəllüdlü Ağakərimin və xx.xx.2007-ci il təvəllüdlü Mirağanın, onların əvvəllər cavabdehlə birlikdə yaşadıqları və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, Mübariz İbrahimov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün mediasiya təşkilatına ödədiyi 61 manatın əvəzinin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 51 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan ailə qurmuşlar. Bir neçə aydan sonra isə, yəni xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə, yəni 2006-cı ildə onlar birgə vəsait və iddiaçının anasının verdiyi pul vəsaiti hesabına həmin evi inşa etdirmiş və evdə birgə yaşamışlar. Ev özbaşına tikili olsa da, evə aid elektrik sayğacı iddiaçının adına olmuşdur. Həmçinin evə görə vergi ödəyicisi kimi Pirşağı bələdiyyəsində iddiaçının adı qeyd edilmişdir. Nikahdan 2 övladlarının olmasına baxmayaraq onların münasibətləri pozulmuş və nikaha, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh, nikahın pozulması ərəfəsində iddiaçını və uşaqları evdən qovmuşdur. Onların şəxsi əşyaları evdə qalsa da, cavabdeh onları bir daha evə buraxmamışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakları və verdikləri izahatlar barədə məlumat

3. İş üzrə iddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsini o, özünün şəxsi vəsaiti hesabına almış və torpaq sahəsində şəxsi vəsaiti hesabına ev inşa etdirmişdir. Evin inşasına iddiaçının anası da vəsait qoysa da, həmin məbləğ çox cüzi olmuşdur. Buna görə də. o, bunu və onunla iddiaçının bir evdə yaşamaları mümkün olmadığını nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının özünün və onun övladlarından birinin – yetkinlik yaşına çatmamış Mirağanın mübahisəli evə köçürülmələrini, iddianın yetkinlik yaşına çatmamış Ağakərimə aid hissəsinin isə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin birgə nikahları dövründə inşa etdirdikləri mübahisəli evin özbaşına tikili olması, evin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaması iddiaçının və yetkinlik yaşına çatmamış uşağın həmin evə köçürülməsinin qarşısını ala bilməz. Çünki həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən təkbaşına olaraq istifadə edilir, cavabdeh orada yaşayır. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə alır ki, hər hansı şəxsin (şəxslərin) özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini qadağan edən maddi hüquq norması yoxdur. İddianın xx.xx.2000-ci il təvəllüdlü Ağakərimə aid hissəsinə gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.2025-ci il tarixdə bu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman Ağakərim artıq yetkinlik yaşına çatmış şəxs olmuşdur. Lakin o, iddiaçı olaraq iddia ərizəsini imzalamamış, müstəqil tələbi irəli sürməmişdir. Buna görə də, iddia tələbi ona aid hissədə təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, iddia tələbinin əsası kimi göstərdiyi halları sübuta yetirə bilməmiş, lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, ev cavabdeh ilə iddiaçının vəsaiti hesabına deyil, cavabdehin atasının vəsaiti hesabına inşa edilmişdir. Evə aid elektrik sayğacının iddiaçının adına olması və bələdiyyədə evə görə vergi ödəyicisi kimi iddiaçının adının qeyd olunması iddiaçının həmin ev üzərində əmlak hüququnu yaratmır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyator olan cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

11. Hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı, qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, o da, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir.

13. Odur ki, bunu, mübahisə predmetinin bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə almış Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən maddi normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan ailə qurmuşlar. Daha sonra onlar münasibətlərini rəsmiləşdirərək, xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan onların 2 övladları doğulmuşdur ki, onlardan biri artıq yetkinlik yaşına çatmış, digəri – Mirağa isə iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilən tarixə yetkinlik yaşına çatmamışdır.

16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2405/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, nikahdan doğulmuş Mirağanın nikahın pozulmasından sonra anasının – hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, Mirağanın yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı iş üzrə cavabdehdən hər ay alimentin tutularaq hazırkı iş üzrə iddiaçıya verilməsi qət edilmişdir.

17. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, mübahisəli ev iş üzrə tərəflərin birgə nikahları dövründə, 2006-cı ildə inşa edilmiş və iş üzrə tərəflər onların münasibətləri pozulanadək, övladları ilə birlikdə həmin evdə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Ev özbaşına tikilidir.

18. Bakı Şəhəri Sabunçu Rayon Pirşağı bələdiyyəsinin 45 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsindədir və o, həmin əmlaka görə vergi ödəyicisi kimi qeydiyyata alınıb.

19. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, həmin evdə istifadə olunan suya və elektrik enerjisinə görə "xxxx" ASC-də, həm də "xxxx" ASC-də abonent kimi qeydiyyata alınmışdır.

20. Göstərilənlərə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, (İ hal) mübahisəli ev hazırkı iş üzrə tərəflərin birgə nikahları dövründə - 2006-cı ildə inşa edilmişdir, (İİ hal) iş üzrə tərəflər təxminən 18 il həmin evdə birgə yaşamış, birgə təsərrüfat aparmışlar, (İİİ hal) ev özbaşına tikilidir.

21. İddiaçı işin bu hallarına istinad edərək, bildirir ki, cavabdeh onu və həmin vaxt yetkinlik yaşına çatmamış uşağı evdən qovmaqla onların mənzil hüquqlarını pozmuş, onları yaşayış yerindən qanunsuz olaraq məhrum etmişdir.

22. İddiaya etiraz etmiş cavabdeh isə Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsini o, özünün şəxsi vəsaiti hesabına almış və torpaq sahəsində şəxsi vəsaiti hesabına ev inşa etdirmişdir. Buna görə də, iddiaçının həmin evdə yaşamaq üçün hüququ yaranmamışdır.

23. Apellyasiya şikayətində isə bundan fərqli olaraq cavabdeh bildirir ki, ev, onun atasının pul vəsaiti hesabına inşa edilmişdir.

24. MPM-in tələblərini nəzərə alan Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Sübutlara o cümlədən iş üzrə tərəflərin verdikləri izahatlar daxildir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

25. Qeyd edilən prosessual hüquq normaların tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi hal, yəni “mübahisəli evin onun atası tərəfindən inşa edilməsi” haqında ifadə Məhkəmə tərəfindən yeni sübut, yəni üzürlü səbəbdən Rayon Məhkəməsinə təqdim edilməmiş sübut kimi qiymətləndirilir və qəbul edilmir.

26. Digər tərəfdən Məhkəmə bildirir ki, mübahisəli evin hazırkı iş üzrə tərəflərin birgə nikahları dövründə - 2006-cı ildə inşa edilməsi halı işin mübahisəsiz halını təşkil etdiyindən və cavabdehin həmin evin onun şəxsi vəsaiti hesabına inşa edilməsi halını sübuta yetirə bilməməsini nəzərə alaraq hesab edir ki, işin mübahisəsiz (İV hal) halı kimi qəbul edilməlidir ki, ev iş üzrə tərəflərin birgə vəsaiti hesabına inşa edilmişdir.

27. Bunları nəzərə alan Məhkəmə bildirir ki, pul əmlakdır. Pulun hesabına hər hansı bir əmlakın əldə olunması (hazırkı halda: pul hesabına evin inşa edilməsi) əmlakın bir formadan digər formaya keçməsi deməkdir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları (əldə etdikləri) əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyəti sayılır.

29. Belə olan halda hesab edilməlidir ki, mübahisəli özbaşına tikilidən cavabdeh istifadə edə bildiyi qaydada iddiaçı da istifadə edə bilər.

30. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçının həmin ev üzərində əmlak hüququnu yaranmaması” haqqında dəlili əsassızdır.

31. Digər tərəfdən Məhkəmə qeyd edir ki, mübahisəli olan özbaşına tikili iddiaçının və (Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman yetkinlik yaşına çatmamış) uşağın yaşayış yeri olmuşdur və cavabdeh onları həmin tikilidən qovmuşdur.

32. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

33. Məhkəmə bildirir ki, həmin norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

34. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisəli ev üzərində yuxarıda qeyd edilən hüquqlardan yalnız bir hüququ, yəni mübahisəli özbaşına tikili olan evdən istifadə etmək hüququ var ki, bu hüquq yuxarıda artıq qeyd edildiyi kimi iddiaçıda da var. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh, yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı (Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman yetkinlik yaşına çatmamış) uşaqla birlikdə məhrum edildiyi tikiliyə köçürülməlidir.

35. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının və uşağın həmin tikiliyə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda onların həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamənin mahiyyəti yaşayış yerindən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsindən ibarətdir.

36. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi heç bir dəlil əsaslı deyil və apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. h) apellyasiya baxışının nəticəsi

37. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetini təşkil edən hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir.

40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar