Məhkəmə qərarları › İş №2(103)-677/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-677/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-677/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı qanuni təmsilçisi X9, İddiaçı nümayəndəsi X7 Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktı

1. ünvan 1 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 162 kv.m. olan 10 saylı mənzil və ünvan 1 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 166,7 kv.m. olan 12 saylı mənzil Cavabdeh mülkiyyətindədir. 2.Həmin mənzillərin yerləşdiyi binanın idarəçiliyi İddiaçı MMM tərəfindən həyata keçirilir. 3.Şifahi razılıq əsasında cavabdeh kommunal xidmət haqqını 1 kv.m üçün 0,63 manatdan ödəyir. 4.İddiaçı 1 kv.m üçün 1,10 manat xidmət haqqı tələb edir. 5.Kommunal xidmət haqlarının müəyyən edilməsi üçün ümumi yığıncağın iclası keçirilməmişdir. 6.Binanın sakinləri 1 kv.m üçün 1,10 manatdan ödəniş edirlər.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı kommunal xidmət haqqı borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının idarəçiliyi müqavilə əsasında İddiaçı MMM tərəfindən həyata keçirilir. Sözügedən yaşayış binası 20 mənzil və 2 qeyri-yaşayış sahələrindən ibarətdir. Binada nəzərdə tutulan kommunal xərclər (nəzarətçi-dispetçerlər, xadimə, liftin servisi, texniki avadanlıqlara xidmət və s.) toplanaraq, mülkiyyətçilər arasında sahələrə uyğun olaraq mütənasib şəkildə bölünür. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv.m.üçün dəyəri 0,63 manat təşkil edirdi, xx.xx.2017-ci il tarixdən etibarən isə (tarif şurasının müvafiq qərarlarına əsasən, minimum əmək haqqının artmasını və digər xərcləri nəzərə alaraq) 1 kv.m.üçün dəyər 1,10 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçilərə yeni kommunal xidmət haqqında müqavilələr və qiymət artımının əsaslandırılmasına dair bildirişlər təqdim edilmişdir. Cavabdeh ona məxsus və ünvan 4 ünvanda yerləşən yaşayış binasının 10 və 12 saylı mənzillərinə görə hesablanmış yeni tariflə razılaşmamış, kommunal xidmət haqlarını əvvəlki tariflə belə ödəməkdən imtina etmiş, lakin ödənişin yeni qayda üzrə həyata keçirməməsinin səbəbini açıqlamamışdır. Məsələnin həll edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 2(006)- 4648/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) Cavabdeh "xxxx" MMM-nin xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4079/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi İlham Kərimli) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7460/2019 saylı qərarı ilə "xxxx" MMM-nin xeyrinə tutulan 6149,69 manat azaldılaraq 3520,40 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar olaraq binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə cavabdehə məxsus 10 və 12 saylı mənzillərə göstərilən xidmət köhnə xx.xx.2017-ci il tarixə qədər olmuş və hər kv.m.üçün 0,63 manat təşkil edən hesabla ödənilməlidir. Bununla belə sahə mülkiyyətçilərinin 0,63 manat hesabı ilə kommunal xidmət haqlarının müəyyənləşdirilməsinə dair qərarın olmaması Ali Məhkəmə tərəfindən nədənsə nəzərə almamışdır. Ali Məhkəmənin qeyd edilən qərarı qəbul edildikdən sonra da cavabdeh kommunal xidmət haqqını hər kv.m. üçün 0,63 manat hesabı ilə ödəməkdə davam edir. Halbuki binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv.m. üçün təyin olunmuş 1,10 manat tarifi ilə vaxtında ödənişlərini edirlər. Aylıq ödəniş tam ödənilmədiyi üçün kəsirin məbləği hər ay üçün 153,57 manat təşkil edir (sentyabr 2018 - avqust 2023 dövrü = 59 ay x 153,57 = 9060,63 manat). Cavabdehin nümayəndəsi ilə bununla bağlı danışıqlar aparılıb. İzah edilib ki, xərclər binanın sahəsinə uyğun olaraq mütənasib şəkildə bölünür və mövcud olan tarif məhz belə formalaşır. Bundan əlavə cavabdehə bir neçə dəfə xidmət müqaviləsi təqdim edilsə də, o, müqaviləni imzalamaqdan imtina edib. Səbəb kimi isə Ali Məhkəmənin qərarında məhkəmə mübahisəsi dövründə olan borcun 0,63 manat tariflə hesablanmasını göstərir. "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən kommunal xidmət haqqının 1 kv.m. üçün 0,63 manat hesabı ilə ödəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7460/2019 saylı qərarından sonrakı dövrə tətbiq edilməməlidir. Qeyd edilənlər mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında Cavabdeh 10 və 12 saylı mənzillər üçün qərardan sonrakı dövrdə kommunal xidmət haqqının 0,63 manat tarifi ilə ödənilməsi nəzərdə tutulmamışdır və sonrakı dövrdə şamil oluna bilməz. Belə olan halda, "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən aylıq ödəniş hər kv.m. sahə üçün 0,63 manat yox, 1,10 manat ödənilməlidir. Bundan əlavə Cavabdeh tərəfindən kommunal xidmətin dəyərini hər kv.m. üçün 0,63 manat ödənilməsi digər mülkiyyət sahiblərinin maraqlarına toxunmaqla bərabər, xidmət səviyyəsinin aşağı düşməsinə, vergi və sosial ödənişlərin vaxtında ödənilməməsinə və s.problemlərə səbəb olur.

9. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 5 ünvanda 10 və 12 saylı mənzillərə görə sentyabr 2018 – avqust 2023 tarixləri ərzində kommunal xidmət haqqı qismində yaranmış 9060,63 manat borcun, iddia ərizəsinə görə ödənilmiş 110,61 manat məbləğində dövlət rüsumun, cəmi 9171,24 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMM-nin hesabına ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericilik öhdəliyin yaranma əsaslarını müəyyən etmişdir. Həmin əsaslardan da biri müqavilədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMM tərəfindən xx.xx.2020- ci il tarixli mənzilkommunal xidməti haqqında müqavilələrin imzalanması üçün Cavabdeh təqdim edilmiş, lakin Cavabdeh tərəfindən həmin müqavilələr imzalanmamışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh kommunal xidmətlərə dair müqavilələrin bağlanmasından imtina etsə də, bu hal onu ümumi əmlakın saxlanılması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçisinin kommunal xidmətlərlə əlaqədar müqavilə imzalanmaqdan imtina etməsi onu binanın saxlanılması üçün mütləq ödəniş və haqların ödənilməsindən azad etmir. Lakin mütləq ödənişlər və haqların ödənilməsi o halda mənzil mülkiyyətçisi üçün məcburi ola bilər ki, həmin mütləq ödəniş və haqların miqdarı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilsin. Məhkəmə qeyd etmişdir ki, bu yanaşma qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da mövcud olmuşdur. Belə ki, Ali Məhkəmənin göstərilən qərarında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının olmaması əsas götürülərək, 2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı hər kv.m. üçün 0,63 manat hesabı ilə ödənilməli olması müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMM ilə Cavabdeh arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə bağlı binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə mənzillərə göstərilən xidmətlərə görə kommunal haqqı xx.xx.2017-ci ilə kimi razılaşdırılmış hər kv.m. görə 0,63 manat tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iclasında cavabdeh tərəfindən hər ay hər 2 mənzil üzrə mənzilin hər kv.m. üçün preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğ – 0,63 manat ödənişin edilməsi təsdiq olunduğundan, bu hal iddiaçı tərəfindən də etiraf olunduğundan, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən mənzilin hər kv.m. üçün 1,10 manat kommunal xidmət haqqının tələb edilməsi əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.Məhkəmə iddiaçının binanın digər mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərə görə 1,10 manat məbləğində ödənişinin edilməsi, məhkəməyə təqdim edilən xidmətlərə görə xərclərin açıqlanmasına dair hesabatda da məbləğin hər kv.m. üçün 1,10 manat təşkil etməsi və cavabdehin də həmin məbləğ üzrə ödənişlər etməsinə dair dəlilləri üzrə qeyd etmişdir ki, digər mülkiyyətçilər azad surətdə bağladıqları müqavilələr üzrə öhdəlik daşıyıcılar olduğundan, cavabdeh isə belə bir müqavilə bağlamadığından, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının mövcud olmaması isə cavabdehin belə öhdəlik daşıyıcısı olmamasına səbəb olduğundan, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 386.1-ci maddəsi, Mənzil Məcəlləsinin 121.1, 122.3, 122.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına, «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003cü il tarixli Qərarının 7-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 119.1, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli,e-2(009)-1770/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iş üzrə zəruri mühasibatlıq ekspertizasının təyin edilməsi, həmçinin iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki mübahisəyə görə yenidən Ali məhkəmənin həmin qərarına istinad edilməsi qanunsuz və əsassızdır. Belə ki, ən azından 2017-ci ildən sonra respublika üzrə baş verən və Mərkəzi Bank tərəfindən rəsmi olaraq tanınan inflyasiya dərəcəsi nəzərə alınmalı, həmçinin kommunal xidmətlərə dair qiymətlərin formalaşmasına təsir edən və Taarif Şurası tərəfindən tənzimlənən enerji daşıyıcılarının qiymətləri (onların qalxması) əsas götürülməli, iş üzrə zəruri ekspertizalar təyin edilməli idi. Belə ki, cavabdehin qonşuları 0,89 manatdan kommunal xidmət haqqı ödəyən zaman, cavabdeh öz mülahizəsinə görə 0,63 manat ödəmək istədiyi halda, cavabdehin qonşuları 0,89 manatdan 1.10 manata ödənişləri qaldırdıqları halda, ən azından da cavabdeh həmin nisbətdəartım ilə kommunal ödənişləri icra etməli idi. Düşünür ki, bu xüsusat birinci instansiya məhkəməsi tərərindən nəzərə alınmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 19 mənzili və 3 qeyri-yaşayış sahəsi olan binada cavabdehdən başqa bütün mülkiyyətçilər iddiaçının təklif etdiyi 1,10 manat kommunal xidmət haqqı qiyməti ilə razılaşmış və buna dair müqavilələr imzalamışdır. Həmin müqavilələr sahə mülkiyyətçilərinin ümumi qərarı kimi mühüm əhəmiyyətə malikdir. Cavabdehdən başqa digər mülkiyyətçilərin vahid qiymət ilə razılaşması və müqavilələr imzalaması bina üzrə sahə mülkiyyətçilərinin ümumi qərarı kimi qəbul olunmalıdır. Belə ki, 22 sahə mülkiyyətçisindən ikisinin razılığı yoxdur və həmin 2 mülkyyətçi də, cavabdehin özüdür. Bundan əlavə hörmətli məhkəmənin nəzərinə çatdırır ki, tərəflərindən müqavilə imzalanaraq rəsmən cavabdehə poçtla göndərilib, həmçinin bina inzibatçısı (komendant) vasitəsilə şəxsən cavabdehin nümayəndəsinə təqdim edilib. Cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etsə də, 0,63 manat tarifi ilə xidmət haqqını bu gün ödəyir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, ümumi yığıncaq keçirilməmişdir. Həmin binada Zərifə Əliyeva 31 ünvanında yerləşən binada idarəçilik İddiaçı MMC və "xxxx" MMC arasında olan müqavilə asasında həyata keçirilib. Həmin bina 2001-ci ildən inşa edilib, onlar 2006cı ildən orada fəaliyyət göstərirlər. "xxxx" MMC idarəçiliyi onlara həvalə edib, onlar da orada sakinlərlə aralarında bağlanılmış müqavilə əsasında fəaliyyət göstərirlər. Orada yığıncaq protokolunun olmadığını bildiriblər, 63 qəpik olan dövrdə də sakinlərin yığıncaq protokolu olmamışdır. Ona görə ki, birincisi orada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti mövcud deyil, sakinlər özləri yaratmayıblar, onlar da müqavilə əsasında fəaliyyət göstərirdilər. 2017-ci ildə Tarif Şurasının müəyyən qərarlarından sonra - Əmək haqqlarının artması, kommunal xidmətlərin qiymətinin artmasından sonra onlar tarifi 1 manat 10 qəpik müəyyənləşdirdilər, bu bardə bütün sakinlərə bildiriş və yeni müqavilələr təqdim ediblər. Orada cəmi 19 mənzil var, balaca binadır və Dənizkənarı parkın yanında yerləşir. 90% sakinlər müqaviləni imzaladı. Cavabdehin binada 2 mənzili var, yalnız cavabdeh müqaviləni imzalamayıb. Onlar yığıncaq keçirməyə cəhd ediblər, amma gələn olmayıb. Orada orta təbəqədən yuxarı insanlar yaşadığına görə gəlmirlər. Əksər vaxt onların nümayəndələri ilə ünsiyyət qururlar, demək olar ki, heç biz sakinləri görmürlər. Onlar bu məsələ ilə əlaqədar noyabr ayında binada elan yerləşdirdilər ki, mövcud vəziyyətə görə onlar idarəçilikdən imtina edirlər, dekabr ayının 1-dən bu binanı tərk edəcəklərini və sakinlərin təşkilatlanaraq idarəçiliyi həyata keçirə biləcəklərini bildirdilər.Sakinlər tərəfindən heç bir münasibət bildirilmədi və onlar ora təhkim edilmiş işçiləri də götürərək ərazidən çıxıblar. Ondan sonra sakinlər özləri yığışaraq onları dəvət etdilər. Onlar bir nəfərə görə çıxıb getməməyini və onların idarəçilikdən razı olduqlarını dedilər. Sakin 1 kv.metrə 1 manat 10 qəpik ödəməklə amortizasiya və təmir xərclərindən azad olurlar. Onlar sakinlərə məhkəmə prosesinin davam etdiyini bildirdikdə onlar lazım olduğu halda özlərinin də məhkəmə prosesində iştirak edəcəklərini bildirdilər, hətta ərizə də göndəriblər. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin qərarına istinad edir, amma onlar da bunu anlamırlar. İlkin müqavilədə mülkiyyətçinin kooperativlə müqavilə bağlamaq öhdəliyi götürməsi göstərilib. Real qiymətin 1 manat 10 qəpik olduğunu müəyyən etmək üçün əmtəəşünaslıq ekpertizasının keçirilməsini istəyirlər. Həmçinin, Konstitusiya Məhkəməsinə müraciət edilməlidir. Onlar sakinlərə bildiriş göndərirlər, onlar gəlmirlər. Bir dəfə 01 dekabrda onlar binanı tərk etdikdə binanın idarəçiliyinin boş qalacağını gördüklərinə görə toplaşdılar,o da 7-8 nəfər gəldi. Onların sakinlərə fərdi olaraq yaxınlaşmağı etibarsız olar. Əgər imzaları fərdi şəkildə götürsələr ümumi yığıncaq hesab edilməyəcək. Onlar ümumi yığıncaq keçirmək üçün çalışmışıq,amma sakinlər bir arada toplanmır.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar bu gün Ali Məhkəmənin qərarını müzakirə etmirlər. Söhbət protokoldan gedir. Əgər ev satılsa evi alan adam 63 qəpikdən ödəyəcək? Sakinlərin hamısı ödənişi ödəyir. Ali Məhkəmənin qərarının müəyyən müddətə hesablandığını və o müddətdən sonraya şamil edilməməli olduğunu hesab edir. Onlar o binadan getmişdilər, sonra sakinlər xahiş etdiyinə görə qayıtdılar. Dəfələrlə Natiq müəllimlə və vəkili ilə dəfələrlə müzakirə ediblər. 3 ildə bir dəfə də ödəniş ödənilməmişdir. Müqavilədə bizim 10% gəlir əldə götürmək hüququ göstərilib, onu da götürə bilmirlər. Onlar o binanı tərk etdilər,yəni, burada marağı olmadığını göstərdilər, ancaq sakinlər özləri onları ora dəvət etdilər. İndi sakinləri yığaraq yığıncaq keçirə bilərlər, amma biz gedənə qədər yığıncaq keçirə bilməmişdilər.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qiymətin formalaşması üçün qarşılıqlı hər iki tərəfin iradə ifadəsi olmalıdır. Qarşı tərəfin nümayəndəsi kommersiya nəzərindən məsələyə münasibət bildirir, yəni ki, Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəsi gəlir əldə etməkdir. Qanunvericilikdə mənzilin idarə edilməsi sakinlər tərəfindən formalaşmış müəssisə tərəfindən idarə edilməlidir və təbii ki, elə bir müəssisənin mövcüdluğu gəlir əldə etmək üçün yox, binanın qorunub saxlanılması və müəyyən xərclərinin ödənilməsi üçün nəzərdə tutulub. Cavabdeh 2 mənzilə 208 manat vəsait ödəyir. 1 mənzil üçün 104 manat ödəniş iddiaçı şirkəti üçün kifayət hesab edirlər. Həmin şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdir, işçi, sürücü işə götürərək əməkhaqqı bilər, amma bu vəsaiti sakinlərdən istəməyə bilməz. Sakinlərin müştərək cəmiyyət yaratmadığı halda yerli bələdiyyələrin orqanı tərəfindən idarəedici təyin edilməlidir. Hazırki dövrdə iddiaçı nə bələdiyyə tərəfindən təyin edilən idarəçi, nə də ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Müəssisəsidir. Sadəcə olaraq kommersiya müəssisədir ki, bina sakinləri ilə deyil, bina tikmiş şəxslərlə müqavilə bağlayaraq xidmət göstərir.İddiaçının sakinləri bir yerdə toplaya bilməməsi onların problemi deyil. Əgər idarə etməni öz üzərinə götürübsə, sakinlərlə münasibət yaradaraq məhkəmə prosesi davam edən zaman sakinləri hissə-hissə çağıraraq yığıncağı keçirdə bilərdi. Ekspertizanın təyin edilməsi işin uzaldılmasına və işin mahiyyəti üzrə baxılmamasına yönəlmiş addımdır.Əgər iddiaçı orada fəaliyyətini qurmaq istəyirsə,orada kommersiya müəssisəsi kimi yox, xidmət müəssiəsi kimi fəaliyyət göstərməlidir. Qarşı tərəfin işə münasibəti sanki öhdəlik götürüblər, onların borcu yarandığından onlar onu ödəməlidirlər. İddiaçı kommersiya müəssisəsidir, əgər həmin ərazidə heç bir gəlir əldə etmirsə,orada fəaliyyət göstərilməsin, buna heç kim məcbur etmir. 63 qəpik 1 kv.metr üçün vəsaitin normal olduğunu hesab edir. İddiaçı özü fəaliyyət göstərir, onları dəvət etməyiblər. Artıq əvvəlki məhkəmələrdə ekspertiza təyin edilib, Ali Məhkəmənin qərarında o məsələ öz əksini tapıb. 2019-cu ilin dekabr ayında Ali Məhkəmənin qərarı çıxıb. Ali Məhkəmənin qərarının çıxarıldığı gündən Konstitusiya Məhkəməsinə müraciət edə bilərdilər. İddiaçı kommersiya müəssisəsidir, gəlir əldə etmədiyin halda bunu sakinlərin üzərinə atmaq haqqları yoxdur.

Tətbiq edilən hüquq normaları

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 10 və 12 saylı mənzillər mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Sözügedən mənzillərin yerləşdiyi binanın idarəçiliyi İddiaçı MMM tərəfindən həyata keçirilir. Şifahi razılıq əsasında cavabdeh kommunal xidmət haqqını 1 kv.m üçün 0,63 manatdan ödəyir. İddiaçı 1 kv.m üçün 1,10 manat xidmət haqqı tələb edir. Hazırda iddiaçı sentyabr 2018 – avqust 2023-cü il dövrü üçün 9060,63 manat borcun cavabdehdən tutulmasını xahiş edir.

26. O cümlədən, müəyyən edilir ki, tərəflər arasında əvvəllər baxılmış mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7460/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği azaldılmışdır. Məhkəmənin qərarında qeyd edilir ki, A.İ.Zeynalova ilə İddiaçı MMM arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin qərarı olmadığına görə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 31A, 10 və 12 saylı mənzillərə göstərilən xidmətlərə görə xx.xx.2018-ci ilə qədər kommunal xidmət haqqı tərəflər arasında şifahi qaydada razılaşdırılmış hər kv.m. görə 0,63 manat hesabı ilə ödənilməlidir.

27. Hazırki məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, ümumi yığıncağın qərarı qəbul edilmədən iddiaçı sentyabr 2018 – avqust 2023-cü il dövrü üçün hər kv.m. görə 1.10 manatdan hesablayaraq qalıq borcu tələb edir.

28. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kommunal xidmət haqqının 1 kv.m üçün 1.10 manatdan hesablanması ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığından iddia tələbi əsassızdır.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar