Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6770/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh “X3”nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1200/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X3” tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3”nin 10.09.2020-ci il tarixdə verdiyi **********2 nömrəli əmrin verildiyi andan etibarsız hesab edilərək ləğv edilərək onun işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1200/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh “X3” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 10.09.2020-ci il tarixli, **********2 nömrəli əmrin etibarsız hesab olunması, İddiaçı “X3”-nin 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı 10 sentyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh “X3” apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən görünür ki, həmin ərizə 14 yanvar 2021-ci il tarixdə daxil olmuşdur. Qətnamədə göstərilir ki, iddiaçı ilə sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanmasının məqsədlərinə uyğun gəlmir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanına uyğun olaraq əhalinin məşğulluğu sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə yaradılmış X3 X9in fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Nizamnaməsi”nə əsasən Agentlikdə işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılır. Bu konteksdə Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanılması qanuni hesab edilir. Digər tərəfdən qətnamədə göstərilir ki, işçinin sınaq müddəti ərzində özünü doğrultmaması əsaslandırılmalıdır. Halbuki, X1 10.09.2020-ci il tarixli **********2 nömrəli əmrinin Əsas hissəsində işçinin sınaq müddəti ərzində özünü doğrultmaması ilə aidiyyəti vəzifəli şəxslərin təqdimatına istinad edilmişdir. Göründüyü kimi işçinin sınaq müddəti ərzində özünü doğrultmaması qanunamüvafiq qaydada əsaslandırılmışdır. Qətnamənin qət hissəsində bir sıra maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, qət hissəsinin 2-ci abzasında X1 10.09.2020- ci il tarixli **********2 nömrəli əmrinin etibarsız hesab edilməsi qərara alınmışdır. Halbuki, həmin əmrdə digər işçilərin vəzifədən azad edilməsi məsələləri də tənzimlənmişdir. Bununla da qətnamənin sözügedən hissəsi ilə hakimin işə baxılması üzrə səlahiyyətlərində kənara çıxarılmışdır. Bununla yanaşı iddiaçının işə bərpa olunduğu “inzibatçı” vəzifəsi Agentliyin Ərazi Məşğulluq Mərkəzləri filiallarının ştat cədvəlinin 22 dekabr 2020-ci il tarixində təsdiq edilmiş redaksiyasına daxil edilməmiş, yəni ləğv edilmişdir. Qeyd edilməlidir ki, hazırda 22 saylı Ərazi Məşğulluq Mərkəzində orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzifə mövcud deyildir. Belə olan halda iddiaçının mövcud olmayan vəzifəyə bərpası və həmin şəxs orta ixtisas təhsilli olduğundan ali təhsil tələb edən vəzifəyə təyini qeyri-mümkündür. Qət hissəsinin 3-cü hissəsində də kobud yalnışlığa yol verilmişdir. Belə ki, həmin hissədə iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi müəyyən edilir. Bu halda nəzərə alınmamışdır ki, iddiaçının əmək müqaviləsi 3 aylıq müddətli müqavilə olmuşdur və son müddət 10 noyabr 2020-ci ildə bitməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Agentlik işə qəbul edəndə bunu bilirdi. Qəsdən onu həmin vəzifəyə təyin edib, sonra həmin ştatı ləğv edib. Bu işə görə də o, bu vəziyyətdə qalmışdır. 3 aylıq müddət olduğunu bilirdi. Bütün heyət 3 aylıq müddətlə müqavilə bağlayır. Ştatın ləğv olunacağını bilmirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, “X3” X9 ilə İddiaçı arasında 10.08.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən X1 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində inzibatçı vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır və işin birinci ayı sınaq müddəti hesab edilmişdir. “X3”nin əmək müqaviləsinə xitam verilməsi haqqında 10.09.2020-ci il tarixli, **********2 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı ƏM-in 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən 10.09.2020-ci il tarixdən azad edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ailənin yeganə gəlir gətirəni olmaqla himayəsində 2 əlil övladı vardır. Bundan əlavə, iddiaçının 23 illlik əmək stajı vardır və onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə istinad edilməklə xitam verilmişdir. Həmin bəndə əsasən işçi sınaq müddəti ərzində özünü doğrultmadıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin qəbul edilməsinin əsas səbəblərindən biri işçinin mənafeyinin qorumaqdır. Çünki, işçi sosial və iqtisadi cəhətdən işəgötürəndən asılıdır və tərəflər bərabər vəziyyətdə deyillər. Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyalarını icra etmək bacarığını yoxlamaq məqsədi daşıyır. Hazırki işin hallarından müəyyən olunur ki, işçi əvvəllər Ağstafa rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini, sahə mühasibi, kompüter üzrə mütəxəssis, Ağstafa rayon Məşğulluq Mərkəzində məsləhətçi və digər vəzifələrdə çalışmışdır. Hazırki halda iddiaçı ilə sınaq müddəti müəyyən edilməkə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanmasının məqsədlərinə uyğun gəlmir. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməmişdir. Habelə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin sınaq müddəti ərizində özünü doğrultmaması əsaslandırlmalıdır. Ən əsası isə odur ki, iddiaçının öhdəsində İ dərəcə əlilliyi olan övladı olduğundan onunla əmək müqaviləsinə Əmək Məcələsinin 70-ci maddəsi ilə xitam verilməsi qadağan olunduğu halda işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin «d» bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcələsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində İ qrup əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissədə iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, həqiqətən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsi cavabdehin şikayətində göstərdiyi kimi 14 yanvar 2021-ci il tarixdə deyil, 14 dekabr 2020-ci ildə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində əmrin surətinin 12.09.2020-ci ildə aldığını, lakin himayəsindəki 2 xəstə övladına baxdığı üçün nazirə və nazirliyin Xüsusi Şərtlərlə təyinat idarəsinə müraciətlər etdiyi üçün müddəti üzrlü səbəbdən buraxıdığını göstərir. Həqiqətən də iş materialları ilə təsdiq olunur ki, İddiaçı övladları 09.05.1985-ci il təvəllüdlü X4 05.05.2016-cı il tarixdə şizofreniya nəticəsində baş verən ağır psixi qüsur halı üzrə birinci dərəcəli əlillik təyin edilmiş, 1989-cu il təvəllüdlü X6 isə 30.03.2015-ci il tarixdə eyni xəstəliyə görə kinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Buna baxmayaraq, qeyd olunan müddət iddia müddəti olduğundan cavabdeh bu barədə, yəni iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bu cür vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməzdi. İkincisi, cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq etməsi o demək deyil ki, bu cür standartları tətbiq edərkən əmək qanunvericiliyinin imperativ tələblərini pozmalıdır. Agentlikdə işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılması işçinin əmək hüquqları pozmamalıdır. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilməsi nəzərdə tutulmuşdur. Yəni, əmək müqaviləsini sınaq müddəti ilə bağlamaq işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin işdən görünür ki, iddiaçının ümumilikdə 40 ildən artıq əmək stajı var, o cümlədən 20 ildən artıq cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Buna görə də iddiaçı ilə hazırki əmək müqaviləsi onun peşəkarlıq səviyyəsini yaxud müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilmədən də bağlanıla bilərdi. X1 10.09.2020-ci il tarixli **********2 nömrəli əmrinin Əsas hissəsində işçinin sınaq müddəti ərzində özünü doğrultmaması ilə aidiyyəti vəzifəli şəxslərin təqdimatına istinad edilməsi də qeyd olunan əmrin iddiaçıya aid hissədə əsaslı olduğuna dəlalət etmir. Çünki, cavabdeh tərəfindən məhkəməyə nə həmin təqdimat təqdim edilmiş, nədəki,iddiaçının sınaq müddəti ərzində özünü doğrultmamasına dair işdə heç bir sübut yoxdur. Bununla yanaşı, Əmək Məcəlləsinin 53-cü maddəsinin 3-cü bəndinin imperativ tələbinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Ancaq tərəflər arasında bağlanmış bu müqavilədə belə bir şərt nəzərdə tutulmamış və bu fakt də əmək müqaviləsini bu əsasla xitam verilməsini istisna edirdi. Əmrdə iddiaçının sınaq müddəti ərzində özünü doğrultmaması nəinki qanunamüvafiq qaydada əsaslandırılmış, ümumiyyətlə bu barədə əmrdə heç bir əsas göstərilməmişdir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçının “X3”nin 10.09.2020-ci il tarixdə verdiyi **********2 nömrəli əmrin verildiyi andan etibarsız hesab edilərək ləğv edilərək” göstərməsi, yalnız ona görə ki, həmin əmrdə başqa şəxslərin də əmək müqaviləsinə xitam verilmişdir əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi yaxud təmin etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin qeyd olunan əmrin yalnız özünə aid hissəsini mübahisələndirdiyi və ona aid hissədə əmrin etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir. Buna görə də qətnamənin nəticə hissəsində də X1 10.09.2020- ci il tarixli **********2 nömrəli əmrinin etibarsız hesab edilməsinin qət edilməsi məhkəmənin işə baxılması üzrə səlahiyyətlərindən kənara çıxması kimi qiymətləndirilə bilməz. Çünki, qətnamənin bütövlükdə məzmunundan, o cümlədən nəticə hissəsindən də aydın olur ki, mübahisələndirilən əmr yalnız iddiaçıya aid hissədə etibarsız hesab edilmişdir. Dördüncüsü, cavabdeh iddiaçının işə bərpa olunduğu “inzibatçı” vəzifəsinin Agentliyin Ərazi Məşğulluq Mərkəzləri filiallarının ştat cədvəlinin 22 dekabr 2020-ci il tarixində təsdiq edilmiş redaksiyasına daxil edilməməsini, yəni ləğv edildiyini göstərsə də əvvəla buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Sübut təqdim etmiş olsa belə bu halda iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Hazırda 22 saylı Ərazi Məşğulluq Mərkəzində orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzifənin mövcud olmaması, iddiaçının mövcud olmayan vəzifəyə bərpası və həmin şəxs orta ixtisas təhsilli olduğundan ali təhsil tələb edən vəzifəyə təyini qeyri-mümkün olduğu barədə dəlillər də iddianın təmin olunmamasına əsas vermir. Mərkəzdə orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzifənin mövcud olmaması da inandırcı və ağlabatan deyildir. Bununla belə, məhkəmənin qərarı dövlətin adından çıxarılır və icrası məcburidir. Beşincisi, qətnamənin nəticə hissəsinin 3-cü hissəsində yanlışlığa yol verilməmişdir. Çünki, əmək müqaviləsinin ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. İddiaçı ilə əmək müqaviləsi 3 aylıq müddətə bağlansa və son müddət 10 noyabr 2020-ci ildə bitməli olsa da müqavilənin əsassız və qanunsuz ləğv edilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Bu halda iddianın həmin hissəsinin məhz o cür təmin edilməli olması da qanuni olmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqailənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 20 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “X3” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1200/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6770/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6770/2021
05.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver