Məhkəmə qərarları › İş №2(103)-6774/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6774/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6774/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Ərizəçi, maraqlı şəxs – Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X4 nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Əmək və X3 Nazirliyi yanında Dövlət X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1980-ci ildən 1993-cü il tarixinədək Ağdam rayonunun Qiyaslı kəndində “Dzerjinski” adına üzümçülük sovxozunda fəhlə işlədiyini, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərkən əmək kitabçasının və digər sənədlərinin işğal zonasında qaldığını, əmək kitabçası olmadığına görə yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinə etdiyi müraciətə qanunvericiliklə tələb olunan iş stajına malik olmadığı əsası ilə müsbət cavab verilmədiyini, həmin illərdə işlədiyi barədə heç bir sənəd əldə edə bilmədiyini bildirmiş, buna görə də müvafiq faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən Dövlət X4 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iş üçün əhəmiyyətli olan halların sübut olunmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət X4 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizəçi isə ərizəsinin məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizənin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Birinci instansiya məhkəməsi ərizəçinin 1980-ci ildən 1993-cü il tarixinədək Ağdam rayonunun Qiyaslı kəndində “Dzerjinski” adına üzümçülük sovxozunda fəhlə işləmiş olması faktını onun öz izahatına və dindirdiyi şahidin ifadəsinə əsaslanmaqla müəyyən olunmuş hesab etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş Solmaz Məmmədovanın özünün “Dzerjinski” adına üzümçülük sovxozunda işləmiş olması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır – hansı ki, bu cür sübut ərizəçinin müəyyən edilməsini istədiyi faktın mövcudluğunun sübuta yetirilməsi üçün zəruri idi. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisədə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Göstərilənlərə əsasən kollegiya Ərizəçi ərizəsinin təmin edilməsini mümkünsüz hesab edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1708/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar