Məhkəmə qərarları › İş №2(103)-6782/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6782/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6782/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Sosial Ödənişlərin təyinatı üzrə mərkəz filialına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6782/2025 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6312/2025 nömrəli 30 oktyabr 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA seriyalı 171404 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2007-ci ildə Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir.

2. 031649 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 may 2016cı ildən Ərizəçi müharibə veteranı vəsiqəsi verilmişdir.

3. 0096695 nömrəli Əmək kitapçasının təstiq olunmuş surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.2019-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır.

4. Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 07 may 2025-ci il tarixli 3-17-1/2A-105272/2025 nömrəli Ərizəçi verilmiş cavab məktubuna əsasən sığorta göstəricilərinin qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 dekabr 1979-cu il tarixdən 23 avqust 1993-cü il tarixə kimi Cəbrayıl rayonunda yerləşən M.F.Axundov adına sovxozda sürücü işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1959-cu il tarixində Cəbrayıl rayon Horovlu kəndində doğulmuş, 15 dekabr 1979-cu il tarixdən 23 avqust 1993-cü il tarixə kimi Cəbrayıl rayonu Horovlu kəndində M.F.Axundov adına sovxozda sürücü işləmişdir. Məlum hadisələrə görə 1993-cü ildən məcburi köçkün olaraq ünvan 1 ünvanında məskunlaşmışdır. Qaçqın düşən zaman vəziyyətlə əlaqədar olaraq, əmək kitapçasını çalışdığı Cəbrayıl rayonu, Horovlu kəndində yerləşən M.F.Axundov adına sovxozdan götürə bilməmişdir. Bu səbəbdən əmək kitapçasında onun 1979-cu ildən 1993-cü ilə kimi M.F.Axundov adına sovxozda işləməsi barədə qeyd yoxdur. Yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı 07 may 2025-ci il tarixli cavab məktubunda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.1.1ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanması Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən cəmi sığorta staj 5 il 8 ay təşkil etdiyi bildirilmişdir. Həmçinin, fərdi şəxsi hesab sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 17557,28 manat (2024-cü il tarixində indekləşdirirlmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır, eyni zamanda xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 21932,94 manat (2025-ci il tarixinə indekləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Yuxarıda göstərilənlərə əsaslanaraq ümumi sığorta göstəriciləri qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən və pensiya kapitalından az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi cavabı verilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1993-ci il tarixə kimi Cəbrayıl rayonu Horovlu kəndində M.F.Axundov adına sovxozunda sürücü işləməsinin başqa yolla müəyyən edilməsi mümkünsüz olduğundan, həmin faktın məhkəmə qatııaməsi ilə müəyyən olunması barədə müraciət etməli olmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixə kimi Cəbrayıl rayonunda yerləşən M.F.Axundov adına sovxozda sürücü işlədiyini və əmək haqqı aldığını iddia edir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziıliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının teyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 nömrəli Plenum Qərarında “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarında əmək stajının təsdiq edilməsi barədə məsələlər öz əksini tapmışdır. Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Ərizəçinin xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü il tarixinə kimi Cəbrayıl rayonunda yerləşən M.F.Axundov adına sovxozda sürücü işləməsi faktının təsdiq edilməsi yalnız onunla eyni illərdə isləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkün olması qeyd edilmişdir.

9. Şahid qismində dindirilmiş X1 rayonu Horovlu kəndində M.F.Axundov adına sovxozda 1980-ci il tarixdən yanacaq ambardarı, daha sonra kassir anbardar vəzifəsində çalışmasını təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim edərək, 1980-1993-cü illərdə həmin sovxozda işlədiyini, Ərizəçi sovxozda sürücü işlədiyini və onunla 1993- cü ilə kimi birlikdə işlədiklərini bildirmişdir.

10. Şahid qismində dindirilmiş X2 rayon Quycaq kənd xəstəxanasına 1979-cu ildə baş həkim təyin olunması barədə əmək kitapçasını təqdim edərək, Ərizəçi 1979-cu ildən Horovlu kəndində M.F.Axundov adına sovxozda sürücü işləməsini bildirmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 oktyabr 2025-ci il tarixli 2(008)-6312/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) ərizənin təmin edilməsi, Ərizəçi 15 dekabr 1979-cu il tarixdən 23 avqust 1993-cü il tarixə kimi Cəbrayıl rayonu M.F.Axundov adına sovxozda sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş üzrə şahid kimi dindirilən X12 və X11 ərizəçi ilə birlikdə M.F.Axundov adına sovxozda işlədiklərini, həmin vaxt Ərizəçi sovxozda sürücü vəzifəsində işlədiyini ifadələri ilə məhkəmə iclasında təsdiq etmişlər.

13. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin faktın müəyyən olunması ərizəçilərə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi ona əmək pensiyaları ilə bağlı sənədləşdirmə işlərinin aparılması üçün sığorta stajının müəyyən edilməsində zəruri olduğundan və həmin sənədi başqa formada əldə edə bilmədiyindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 307.1, 308, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, şahid Q.Əliyev məhkəməyə izahat verərkən ərizəçi ilə eyni müəssisədə işləmədiyini bilavasitə bildirmişdir. Bu fakt şahid Q.Əliyevin əmək kitabçasındakı qeydlərlə də təsdiq edilir. Həmin əmək kitabçasından görünür ki, şahid Q.Əliyev Quycaq kənd xəstəxanasında baş həkim işləmişdir. Belə ki, o, ərizəçinin işlədiyini iddia etdiyi Horovlu kənd sovxozunda işləməmişdir. Bu şəraitdə onun şahid kimi qəbul edilərək verdiyi ifadələr mötəbər sayıla bilməz. Qanunvericiliyin tələbinə əsasən ərizəçi ilə eyni müəssisədə və eyni dövrlərdə işləyən şəxslər onun işləmə faktının müəyyən edilməsində şahid kimi iştirak edə bilərlər. Şahid X1 rayonu Horovlu kəndində M.F.Axundov adına sovxozda 1980-ci il tarixdən yanacaq ambardarı, daha sonra kassir anbardar vəzifəsində çalışmasını təstiq edən əmək kitabçasını məhkəməyə təqdim edərək, 1980-1993-cü illərdə həmin sovxozda işlədiyini, Ərizəçi sovxozda sürücü işlədiyini və onunla 1993-cü ilə kimi birlikdə işlədiklərini bildirmşdir. Ərizəçi 1979-1993-cü il tarixlərində işlədiyini iddia etsə də şahid 1980-ci il tarxindən işləməyə başlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

19. Ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxalanılmasını xahiş etdi.

20. Apellyasiya icraatında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin təhsil müəssisəsini 1978-ci ildə bitirmişdir. İxtisasca baytar-həkimdir. O, 01 oktyabr 1978-ci il tarixdən Cəbrayıl rayonunda yerləşən M.F.Axundov adına sovxozda baş həkim kimi işləməyə başlamışdır. Həmin ilin sonlarında – dekabr ayında ərizəçi qeyd edilən sovxozda sürücü vəzifəsinə işə qəbul edilmiş və 23 avqust 1993-cü ilədək Cəbrayıl rayonunun işğal vaxtınadək həmin sovxozda onunla birgə işləmişdir. Həmin tarixdən sonra məcburi köçkün olmuş və 20 aprel 1994-cü ildən peşə məktəbində xəzinədar işləməyə başlamışdır. 23 avqust 1993-cü ildən sonra sovxoz faktiki olaraq fəaliyyətini dayandırmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

24. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

25. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materiallarından görünür ki, ərizəçi ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur.

33. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində prosessual məqsəd aydındır. Hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir. Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

34. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

35. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

37. Göründüyü kimi iş stajının təsdiq olunması üçün: ən azı iki nəfər şahid olmalı; həmin şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddia olunan müddətdə şahidlərin özlərinin işləmələri barədə sənəd olmalıdır.

38. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 rayonu Horovlu kəndində M.F.Axundov adına sovxozda 1980-ci il tarixdən yanacaq ambardarı, daha sonra kassir anbardar vəzifəsində çalışmasını təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim edərək, 1980-1993-cü illərdə həmin sovxozda işlədiyini, Ərizəçi sovxozda sürücü işlədiyini və onunla 1993-cü ilə kimi birlikdə işlədiklərini göstərmişdir.

39. Şahid qismində dindirilmiş X12 isə Cərbrayıl rayon Quycaq kənd xəstəxanasına 1979cu ildə baş həkim təyin olunması barədə əmək kitapçasını təqdim edərək, Ərizəçi 1979cu ildən Horovlu kəndində M.F.Axundov adına sovxozda sürücü işləməsini göstərmişdir.

40. Hazırki halda cavabdeh məhz X8 şahid qismində ifadəsinin alınmasını mübahisələndirərək, onun ərizəçi ilə eyni müəssisədə işləmədiyini və bu səbəbdən onun ifadəsinin sübut kimi qəbul edilməsinin mümkün olmadığını bildirir.

41. Apellyasiya icraatı zamanı şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, 01 oktyabr 1978-ci il tarixdən Cəbrayıl rayonunda yerləşən M.F.Axundov adına sovxozda baş həkim kimi işləməyə başlamışdır. Həmin ilin sonlarında – dekabr ayında ərizəçi qeyd edilən sovxozda sürücü vəzifəsinə işə qəbul edilmiş və 23 avqust 1993-cü ilədək - Cəbrayıl rayonunun işğal tarixinədək həmin sovxozda onunla birgə işləmişdir.

42. X3 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçısındakı birinci qeyddən görünür ki, o, 01 oktyabr 1978-ci il tarixdən M.F.Axundov adına sovxozda baş həkim vəzifəsinə təyin edilmişdir. Əmək kitabçaasındaki ikinci qeyddən görünür ki, o, 20 aprel 1994-cü il tarixdə məktəbdə xəzinədar vəzifəsinə təyin edilmişdir.

43. Göründüyü kimi apellyasiya icraatı zamanı dindirilmiş şahidin ərizəçinin iddia etdiyi müddətdə onunla birlikdə sovxozda işləməsi aşkardır.

44. Bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 da 1980ci ildən 1993-cü ilədək həmin sovxozda işlədiyini qeyd etmişdir. Lakin A.Cəfərov 30 dekabr 1980-ci ildən sovxozda işləməyə başlamışdır. O, ifadəsində ərizəçi ilə birgə işlədiyini təsdiq etmişdir.

45. Göründüyü kimi şahid A.Cəfərov ərizəçidən təxminən 1 il sonra işləməyə başlamışdır. Lakin digər şahid M.Əliyev ərizəçidən əvvəl sovxozda işləməyə başlamış və ərizəçinin qeyd etdiyi faktı təsdiq etmişdir.

46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni tam təmin etməklə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6312/2025 nömrəli iş üzrə 30 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində maraqlı şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar