Məhkəmə qərarları › İş №2(103)-6785/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6785/2025

22.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6785/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-5505/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin ona aid hissəsindən cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, hüquqi xidmət üçün çəkdiyi 150 manat və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 5505/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Qətnamə ilə razılaşmayan cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, işə baxılan zaman o, Türkiyə Respublikasında olduğundan qətnamədən xəbəri olmamış, xarici ölkədən qayıtdıqdan sonra Sabunçu Rayon İcra və Probasiya şöbəsindən göndərilən bildirişə əsasən qətnamədən xəbər tutmuş və ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Daha sonra o, İddiaçıla görüşərək, razılaşmışlar ki, öz aralarında razılığa gəlsinlər. Lakin iddiaçı hər dəfə işi qəsdən uzatmış və bu səbəbdən də cavabdeh vaxtında apellyasiya şikayəti verə bilməmişdir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 5505/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət prosessual müddətin bərpa edilməsi barədə ərizəyə uyğun əsaslandırılmışdır.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-5505/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materiallarından aydın olur ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(008)- 5505/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetinə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti daxil olmadığından xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir.

14. Daha sonra xx.xx.2024-cü il tarixli ərizəsi əsasında cavabdeh xx.xx.2024-cü il tarixdə qəbzə imza edərək məhkəmə qətnaməsini əldə etmiş, lakin hazırki apellyasiya şikayəti bir il müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə verilmişdir.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə qətnamə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti daxil olmamışdır.

16. Kollegiya qeyd edir ki, cavabdehin xarici ölkədən qayıtdıqdan sonra iddiaçı ilə danışıqlar aparılması və iddiaçının hər dəfə işi qəsdən uzatması səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməməsi kimi istinad etdiyi hallar, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas vermir. Ümumiyyətlə, cavabdeh bununla bağlı hər hansı sübut da təqdim etməmişdir.

17. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 5505/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar