Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6790/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh – Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixdə qəbul etdiyi qərardaddan cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzillə bağlı cavabdeh tərəfindən ondan tələb olunan 1210 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə təqdim edərək, silinməsini tələb etdiyi borca görə binanın liftindən istifadəsinə yaradılan maneənin aradan qaldırılmasını, liftdən istifadəsini təmin edən bloklanmış kartının bərpa olunmasını xahiş etmiş, ərizəsini, mənzilinin binanın 10-cu mərtəbəsində yaşadığı, liftdən istifadə etmədən mənzilinə çıxıb-düşməsinin çətin olduğu, liftdən istifadəsinə məhdudiyyətin əsassız hesablanan borc səbəbilə qoyulduğu arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, cavabdehin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardad məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədinə yönəlməməklə məhkəmə prosessual qanunvericiliyi düzgün tətbiq etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, iclasda iştirak edən cavabdehin vəkili isə şikayətin məzmununa uyğun izahat verərərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətçinin vəkilini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növlərində iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olması etibarilə məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçı, ondan əsassız tələb edildiyini iddia etdiyi borcun silinməsini istəməkdədir və işin hallarından belə aydın olur ki, sözügedən borc məbləğinə binanın liftindən istifadə ilə bağlı hesablanmış məbləğ də daxildir. Başqa sözlə iddiaçı, həmçinin liftdən istifadəsinə görə hesablanmış borcu mübahisələndirməkdədir və bu baxımdan kollegiyanın qənaətinə görə, onun liftdən istifadəsinə yaradılan maneənin qadağan olunması iddianı təmin etmə tədbiri instututunun məqsədinə uyğun gəlir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2650/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6790/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6790/2020
27.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver