Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6792/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı ”Azərsu” ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3524/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X3 arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, 37 saylı mənzili Bəhruz Mehdiyevə satmışdır.
2. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli ətraflı abonent kartından görünür ki, Cavabdeh 932.70 manat borcu yaranmış, onun 59 manatı ödənmiş, 873,70 manat qalıq borcu qalmışdır.
3. İddiaçı ASC Cavabdeh xəbərdarlıq məktubu ünvanlayaraq xx.xx.2022-ci il tarixinə onun su və çirkab su xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 873,70 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcunun yarandığı və ödənilməli olduğu, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ”Azərsu” ASC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 873,70 (səkkiz yüz yetmiş üç manat, yetmiş qəpik) manat borc tutularaq **********370 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumu üzrə xərclər alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********370) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 08 iyun 2022-ci il tarixinə 873,70 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. ”Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 08 iyun 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3524/2022 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsinin 385.1, 567, 601.1, 601.2, 600.2, 600.5, 600.1, 600.4-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”-na, Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli qərarına istinad etməklə sonda belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 873,70 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclər iddiaçı ”Azərsu” ASC-nin xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25. 12.2014-cü il tarixində o, ünvan 1 ünvanında yerləşən mənzili rəsmi alqı-satqı müqaviləsi ilə X1. xx.xx.2014-cü il tarixdən o, mənzildə yaşamır və Azərsu ASC-yə heç bir borcu yoxdur. Məhkəmə işin hallarını MPM-nin 9-cu və 220.1-ci maddələrini nəzərə almadan, məhkəmə baxışı zamanı tərəflərin izahatlarını, təqdim olunan sübutları, mülahizələri və s düzgün araşdırmadan qanunsuz qətnamə çıxarmışdır
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
“Su təchizatı və tullantı suları haqqında” qanun
17. 2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
18. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.
19. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
20. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır“.
«Sudan istifadə qaydaları»
21. 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
22. 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır.
23. 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
24. 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
AR Mülki Prosessual Məcəlləsi
25. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
31. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərinə əsasən su təminatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməsi üçün istehlakçı ilə su təchizatı müəssisəsi arasında müqavilə olmalı, belə müqavilə olmadıqda isə istehlakçının bu xidmətlərlə təmin edilən obyektdə yaşaması, icarəçisi olması kimi hallar mövcud olmalıdır.
32. Hazırkı işin araşdırılan halları ilə iddiaçı Azərsu ASC ilə Cavabdeh arasında belə bir müqavilə olması müəyyən edilmir.
33. İddiaçı tərəfindən təqdim edilmiş abonent saldosunda Cavabdeh abonent kimi göstərilməsi onların arasında müqavilə münasibətlərinin mövcud olması anlamına gəlmir.
34. Habelə, cavabdehin təqdim etdiyi alqı-satqı müqaviləsindən görünür ki, ona məxsus olmuş ünvan 2 ünvanda yerləşən mənzili xx.xx.2014-cü il tarixdə satmışdır və həmin mənzil qeyd edilən tarixdən başqa şəxsin mülkiyyətindədir. Cavabdeh mənzili satdıqdan sonra oradan köçərək getdiyini bildirmişdir.
35. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin ünvan 2 ünvanda yerləşən mənzilin su və kanalizasiya xidmətləri ilə təchiz edilməsinə görə iddiaçı qarşısında qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyi yaranmamışdır.
36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə maddi və prosesual hüquq normalarının tələblərini pozmuşdur.
37. Ona görə də, kollegiyanın qənaətinə görə apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3524/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçı ”Azərsu” ASC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.