Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6795/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: əmanət üzrə faizlərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə faizlərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(006)-449/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli, ******* №-li «Standart əmanət (depozit) hesabı haqqında» müqaviləyə əsasən bank əmanətçidən daxil olmuş 18000 manat məbləğində pul vəsaitini qəbul etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər (illik 10 % dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən, əmanət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığortalanır.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-249/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «qorunan əmanət üzrə kompensasiya ödənilməsi və s.» tələbinə dair iddiası təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, ******* saylı «Standart əmanət (depozit) hesabı haqqında» müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 18030 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-249/2021 saylı qərardadına əsasən xx.xx.2014-cü il tarixli nağd pulun verilməsi üçün ərizə və xx.xx.2014-cü il tarixli məxaric orderinin tərtib edilməsi ilə əlaqədar LPO "xxxx" ASC-nin əməkdaşlarının, habelə digər şəxslərin əməllərinin araşdırması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi və bu məqsədlə qərardadın surətinin Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1692/2022 saylı qərarına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-249/2021 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(103)-10380/21 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra həmin qətnamədən də kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1692/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(103)- 10380/21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 manat əmanət faizi və gecikdirilmiş hər gün üçün uçot dərəcəsinə uyğun olaraq 5162 manat, cəmi 8362 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASC-nin «Universal» filialı ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli, ******* nömrəli standart əmanət hesabı haqqında müqaviləyə əsasən həmin filialda 12 ay müddətinə, illik 10 % dərəcəsi ilə 18000 manat məbləğində əmanət yerləşdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 01 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "xxxx" ASC-nin bank lisenziyası ləğv edilib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/20160 qərarı ilə "xxxx" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Göründüyü kimi bankın maliyyə çətinliyi səbəbi ilə kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətində olmaması rəsmi olaraq lisenziyanın ləğvi barədə qərarda da öz təsdiqini tapmışdır. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçı öz əmanətini almaq üçün müəyyən edilmiş agent banka yaxınlaşarkən onun əmanətinin sığortalanmış hesab edilmədiyini və ona kompensasiya ödənilməyəcəyi bildirilmişdir. Əmanətlərin Sığortalanması Fonduna yaxınlaşdıqdan sonra da nəticə dəyişməmişdir. Bununla əlaqədar olaraq tərəflərindən əmanətin sığortalanmış hesab edilməsi və iddiaçıya əmanət məbləği həddində kompensasiya ödənilməsi tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə əmanətin sığortalı hesab olunması və iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, kimsə onun adından saxta imza edərək həmin əmanət məbləğini götürmüşdür. Məhkəmə tərəfindən bununla əlaqədar olaraq xüsusi qərardad qəbul edilmiş və aidiyyəti üzrə göndərmişdir. Göründüyü kimi, iddiaçının əmanəti sığortalı hesab edilsə də, cavabdeh qətnamədə nəzərdə tutulan əmanət məbləğini, həmçinin həmin əmanətlər üzrə hesablanmış faizləri də ödəməkdən imtina edərək sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Halbuki, məxaric qəbzindəki imzanın iddiaçıya məxsus olmaması ekspertiza rəyi ilə təsdiq edilmişdir. Cavabdehin yazılı olaraq da məhkəməyə təqdim etdiyi məktubda əmanət üzrə kompensasiyanın ödənilməməsi səbəbi olaraq yalnız həmin məbləğin guya əmanətçi tərəfindən bankın lisenziyası ləğv edilməmişdən götürülməsi olmuşdur. Yəni, əmanətin sığortalanmamış hesab edilməməsi üçün başqa əsas gətirilməmişdir. Bu halda qarşı tərəfin apellyasiya şikayəti verməsi qanuni olaraq mümkün olsa da, işin mahiyyəti olaraq təəccüb doğurur və suallar yaradır. xx.xx.2021-ci il tarixli qətnamədən də göründüyü kimi tələbləri yalnız əmanət məbləği üzrə olmuşdur. İddia tələbləri əmanət üzrə ödənilməli olan faiz məbləğini və əmanət üzrə kompensasiyasının vaxtında ödənmədiyi üçün cərimə məbləğlərini əhatə etməmişdir. Əmanət bankda yerləşdirildiyi vaxtdan bankın lisenziyası ləğv edildiyi tarixə qədər əmanət üzrə iddiaçıya 3200 manat məbləğində normal əmanət faizi ödənilməli idi. Həmçinin, müraciətlərinə laqeyd yanaşan və hazırda üzə çıxan həqiqəti vaxtında müəyyən etməyən Əmanətlərin Sığortalanması Fondundan gecikdirilən hər gün üçün 5 % məbləğində cərimə olaraq Mərkəzi Bankın hazırki uçot dərəcəsinə uyğun olaraq 5162 manat faiz ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(006)-449/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC-yə 28 yanvar 2014-cü il tarixli, ******* nömrəli Standart əmanət hesabı müqaviləsi üzrə yerləşdirilən və sığortalanmış hesab edilmiş əmanət üzrə 3200 manat faizin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 944.1, 947.2, 948.1, 949, 950-ci maddələrinə, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.9, 26.2, 27.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin «gecikdirilmiş hər gün üçün uçot dərəcsəinə uyğun olaraq 5162 manat ödənilməsinə dair tələbənin təmin edilməməsi» hissəsində ləğv edilməsi, həmin məbləğin Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi pul öhdəliyi gecikdirilərkən hər gecikdirilən gün üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə faizlərin tutulması zamanı hər hansı sübutların təqdim edilməsinə ehtiyac olmadığını nəzərə almamışdır. Burada iki faktın müəyyən edilməsi kifayətdir. 1. Pul öhdəliyinin mövcud olması 2. Pul öhdəliyinin gecidirilməsi. Bu 2 halın olması birbaşa sübut olunur. Həmçinin analogiya üzrə Ali Məhkəmənin 2021-ci tarixli 2 nömrəli Bülletenindəki (11-ci səhifəsində) mövqeyinə nəzər yetirməklə müəyyən etmək olar ki, Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən halın hər hansı sübuta ehtiyac yoxdur.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının təqdim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. Mübahisənin predmetini təşkil edən məsələ üzrə müqavilə münasibətləri ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında müqavilənin bağlanması ilə yaranmışdır. Əmanətlərin Sığortalanması Fondu qeyd olunan hüquq münasibətlərində nə tərəf olmamışdır, nə də iş üzrə cavabdeh LPO "xxxx" ASC-nin öhdəlikləri Fonda keçməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, cavabdeh tərəfin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
17. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.
18. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.
19. Maddə 949. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.
20. Maddə 950. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.
«Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu
21. Maddə 2.1.1. Əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir.
22. Maddə 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir.
23. Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
24. Maddə 27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, iddiaçı tərəfindən qətnamənin qismən ləğv edilməsi, iddianın tam şəkildə təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 18000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 10%-lə qoyulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)249/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiya ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı əmanətin banka yerləşdirildiyi vaxtdan bankın lisenziyası ləğv edildiyi tarixə qədər, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə qədər əmanət üzrə iddiaçıya 3200 manat məbləğində əmanət faizi və gecikdirilən hər gün üçün 5% məbləğində cərimə olaraq (Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq) 5162 manat faiz məbləğinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
37. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi pul öhdəliyi gecikdirilərkən hər gecikdirilən gün üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə faizlərin tutulması zamanı hər hansı sübutların təqdim edilməsinə ehtiyac olmadığını nəzərə almamışdır.
38. Kollegiya qeyd edir ki, İddiaçı həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair 5 sentyabr 2018-ci il tarixli və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il qərarlarına əsasən, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.
39. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondundan gecikdirilmiş hər gün üçün uçot dərəcəsinə uyğun olaraq 5162 manat pul tələb etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
41. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisənin predmetini təşkil edən məsələ üzrə müqavilə münasibətləri ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında müqavilənin bağlanması ilə yaranmışdır. Əmanətlərin Sığortalanması Fondu qeyd olunan hüquq münasibətlərində nə tərəf olmamışdır, nə də iş üzrə cavabdeh LPO "xxxx" ASC-nin öhdəlikləri Fonda keçməmişdir, birinci instansiya məhkəməsi mülki işə yalnız iddiaçının təqdim etdiyi sübutlar üzrə hüquqi qiymət vermişdir.
42. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2022 saylı iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən İddiaçı tərəfindən ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.