Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6799/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fonduna, “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fonduna, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1944/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-167/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, İddiaçı 192.510,36 manat əsas borc, 15.315,24 manat faiz borcu, 166,74 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 208.022.34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; tələbin İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155.000 manat olmaqla açıq hərracda satılması həmin yaşayış sahəsinə tutma yönəldikdə o, satıldıqdan sonra İddiaçı 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılmağı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi xx.xx.2016-cı il tarixdə açıq hərracdan satışa çıxarılmış, lakin hərrac baş tutmadığından xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmamışdır.
3. Bundan sonra Cavabdeh1 ASC ipoteka predmeti olan evin mülkiyyətə götürülməsinə razılıq vermiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı, xx.xx.2016-cı il tarixli protokolu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə”yə əsasən 98,812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manata ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır.
4. İş materiallarında olan, Cavabdeh1 ASC tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə ünvanlanmış 05-PRX/24955 nömrəli xx.xx.2016-ci il tarixli məktubundan görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin 01/3963 saylı xx.xx.2016-cı il tarixli məktubuna cavab olaraq İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakın öz mülkiyyətinə götürülməsinə razılıq vermişdir.
5. İş materiallarında olan, “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli 83/02 nömrəli protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Xətai rayon İcra Şöbəsi xx.xx.2016-cı il tarixli xx/xx-29202/2 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi 98.812,5 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC-nin təqdim edilməsi hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır.
6. İş materiallarında olan, “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi 98812,5 manata satılması alıcı isə Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 78-ci maddəsinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fonduna, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0.19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin açıq hərracdan satılmasına dair Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı, xx.xx.2016-cı il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, ondan 192.510,36 manat əsas, 15.315,24 manat faiz, 166,74 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 208.022,34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; tələbin onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155.000 manat olmaqla açıq hərracda satılması həmin yaşayış sahəsinə tutma yönəldikdə o, satıldıqdan sonra o, 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılmağı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına onun Cavabdeh1ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin icrası Xətai rayon İcra Şöbəsinə həvalə edilmişdir. Bundan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş. xx.xx.2016-cı il tarixdə isə mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin surəti “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə göndərilmişdir. Bundan sonra Xətai Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən onun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi xx.xx.2016-cı il tarixdə açıq hərracdan satışa çıxarılmış, lakin hərrac baş tutmadığından xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmamışdır. Bundan sonra Cavabdeh1 ASC ipoteka predmeti olan evin mülkiyyətə götürülməsinə razılıq vermiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı. xx.xx.2016-cı il tarixli protokolu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə”yə əsasən ASC-yə 98,812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manata ipoteka saxlayan Cavabdeh1a satılmışdır. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X7“ MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə ona rəsmi qaydada məlumat verilməmişdir. Nə hərrac keçirilən zaman ondan asılı olmayan səbəblərdən iştirak etməmiş, nə də ki, Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı, xx.xx.2016cı il tarixli protokol“ və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə” oğluna təqdim edilməmişdir. Xətai Rayon İcra Şöbəsinə çağırıldıqda qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Orada ona bildirmişlər ki, borcun bir qismi ipoteka predmeti olan əmlakın satışından əldə edilən pul hesabına ödənilmiş, qalan pulu isə ödəməlidir. O, əmlakın satılmasından da həmin gün xəbər tutmuşdur və dərhal pozulmuş hüquqlarının bərpası üçün vəkillə müqavilə bağlamışdır. Bundan sonra vəkili Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-167/2016 nömrəli icra sənədi üzrə icra işinə dair sənədlərin surətlərinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq icra işinə dair sənədlərin ksero-surətləri göndərilmişdir. Həmin icra işinə dair sənədlərdən görünür ki, məhkəmənin icra vərəqəsi icra edilməsi məqsədilə xx.xx.2016-cı il tarixli məktubla cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə göndərilmiş və ipoteka predmeti olan əmlak xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC-yə satılmışdır. Eyni zamanda vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə qətnamə rəsmi qaydada təqdim edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X7“ MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə ona rəsmi qaydada məlumat verilmədiyindən hərracların keçirilməsindən tam məlumatsız olmuşdur. Bundan başqa icra işinə dair sənədlərin surətlərindən görünür ki, ipoteka predmeti olan əmlak xx.xx.2016-cı il tarixdə ilk dəfə ilkin satış qiyməti 155.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin, hərrac baş tutmadığından ipoteka predmeti olan əmlakın qiyməti 131.750 manat olmaqla xx.xx.2016cı il tarixdə təkrar hərraca çıxarılmışdır. Eyni zamanda icra işi materiallarına nəzər saldıqda görünür ki, 3-cü dəfə xx.xx.2016-cı il tarixdə hərrac keçirilmiş və ipoteka predmeti olan əmlak Cavabdeh1 ASC-yə 98.812,50 manata satılmışdır. Lakin, Cavabdeh1 ASC-nin ipoteka predmeti olan əmlakı hansı əsaslarla 98.812,50 manata alması icra işi materialları ilə müəyyən edilmir. Eyni zamanda ipoteka haqqında qanunvericiliyə əsasən ipoteka predmeti olan əmlakın ilk və təkrar hərraclara çıxarılması nəzərdə tutulmuşdur. Əmlakın 3-cü dəfə hərraca çıxarılması qanunvericiliklə tənzimlənməmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə 3-cü dəfə, yəni xx.xx.2016-cı il tarixdə yenidən hərrac keçirilmiş, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Nəticədə bank əmlakın qanunsuz yolla əldə edilməsinə nail olmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-1944/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu”na “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)167/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanında qedyiyyatda olması müəyyən edilmişdir.
11. Eyni zamanda Xətai rayon İcra Şöbəsi tərəfindən qeyd olunan qətnamənin icrası ilə bağlı borclu İddiaçı bildirişlər onun qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilmişdir. Bundan başqa “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC təfərindən ipoteka predmeti olan əmlakın açıq hərracda satılması barədə bütün hərəkətləri üzrə borcluya ünvanlanmış bildiriş və məktublar onun qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş məlumatlarda iddiaçıya ünvanlanmış həmin sənədlər “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda hazırki tələb üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsində İddiaçı ünvanın ünvan 4
12. Göründüyü kimi iddiaçının hal-hazırda qeydiyyatda olduğu ünvanında dəyişiklik olmamışdır. Belə olan halda həm icra sənədinin icra edilməsi zamanı, həmdə ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktublar onun halhazırda qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilməsi öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda onun ünvanda olmaması halı, hərrac təşkilatı tərəfindən hər hansı pozuntu kimi qiymətləndirilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 259.1, 317.1, 319.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39, 41 və 42-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Qətnamədən İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
15. İddiaçı apelyasiya şikayətində və apelyasiya şikayətinə əlavədə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
16. İddiaçı apelyasiya şikayətində və apelyasiya şikayətinə əlavədə göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı,xx.xx.2016-cı il tarixli qətnaməsində onun Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanında qeydiyyatda olmasına dair arayışın sübut kimi qəbul edilməsi iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməklə verilib-verilməməsinin müəyyən edilməsi məqsədi daşıyır. O, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması səbəbindən məhkəmə iclaslarında iştirak etməmiş, qətnamənin mövcudluğundan yaxın vaxtlarda icra şöbəsinə çağırılarkən məlumatlı olmuşdur. Hərracın keçiriləcəyi barədə bildirişlər İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmiş, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Hərrac təşkilatı bildirişlərin göndərilməsi ilə kifayətlənmiş, bildirişlərin geri qaytarılmasına baxmayaraq, icra şöbəsindən onun əlaqə telefonunu əldə edərək hərracın keçirilməsi barədə ona məlumat verilməsi üçün heç bir tədbir görməmişdir. Hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş və o, mülkiyyətində olan əmlakdan məhrum olmuşdur. Hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlərin ona çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutlar hərracı keçirən cavabdeh təşkilat tərəfindən, eləcə də digər cavabdeh tərəfindən onun hərracın keçirilmə vaxtı və yeri barədə məlumatı olmasını təsdiq edən hər hansı sübut növü məhkəməyə təqdim edilməmişdir. Qətnamədə hərracın keçiriləcəyi barədə bildirişlərin ona çatdırılmaması müəyyən edilsə də, məhkəmə bu halı hərrac təşkilatı tərəfindən yol verilmiş pozuntu kimi qiymətləndirməmişdir. O, həqiqətən ünvan 5 ünvanda yaşamır. Eyni zamanda həmin ərazidə 0.19782 ha torpaq sahəsinin bazar qiyməti 200.000 manat olmasına baxmayaraq, evlə birlikdə 98.812,50 manata satılması rüallıqdan uzaqdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun nümayəndəsi X3 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi. 20 İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
25. Maddə 269.1. Giörə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
26. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
28. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
31. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
32. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.
33. “İpoteka haqqında” Qanunun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
34. Həmin Qanunun 34-cü maddəsinə əsasən: 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. Bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
35. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
36. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
38. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
39. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
40. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.
41. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir.
42. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
43. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
44. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
45. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən, Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
46. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
47. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
48. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
49. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
58. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. İddiaçı iddia edir ki, Cavabdeh1 ASC-nin ona qarşı irəli sürülmüş borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbindən və iddia tələbi üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən, habelə “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda onun xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə dair hərracların keçirilməsindən və sonda həmin əmlakın tələbkara 25 faiz aşağı qiymətlə təklif olunmağına dair protokol və qərarlardan məlumatsız olmuşdur.
62. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)167/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanında qedyiyyatda olması müəyyən edilmişdir. Qeyd olunan hala münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin əsas üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olması və göstərilən hala dair artıq digər müvafiq hüquqi araşdırma aparılması nəticəsində təsdiq olunduğundan hazırki iddia tələbi üzrə həmin halın yenidən araşdırılması qanunvericliklə yolverilməzdir.
63. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hal-hazırda qeydiyyatda olduğu ünvanında dəyişiklik olmamışdır. Belə olan halda həm icra sənədinin icra edilməsi zamanı, həmdə ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktublar onun hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilməsi öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda onun ünvanda olmaması halı, hərrac təşkilatı tərəfindən hər hansı pozuntu kimi qiymətləndirilməməlidir.
64. Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı ipoteka predmeti üzrə üç dəfə hərracın keçirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan halla razılaşmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktlara əsaslanaraq bildirmişdir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin açıq hərracda satılması barədə iki dəfə hərrac təşkil etmişdir. Həmin hərraclarda ipoteka predmetinin satılmaması səbəbindən qanunvericliyə uyğun olaraq sonuncu hərrac zamanı müəyyən edilmiş əmlakın dəyərini 25 faiz azaltmaqla tələbkara təklif etmişdir. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanuni və əsaslı hesab edir.
65. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
66. İddiaçı apelyasiya şikayətinin və apelyasiya şikayətinə əlavənin əsas dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində onun Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanında qeydiyyatda olmasına dair arayışın sübut kimi qəbul edilməsi iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməklə verilib-verilməməsinin müəyyən edilməsi məqsədi daşıyır. O, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması səbəbindən məhkəmə iclaslarında iştirak etməmiş, qətnamənin mövcudluğundan icra şöbəsinə çağırılarkən məlumatlı olmuşdur. Hərrac təşkilatı bildirişlərin göndərilməsi ilə kifayətlənmiş, bildirişlərin geri qaytarılmasına baxmayaraq, icra şöbəsindən onun əlaqə telefonunu əldə edərək hərracın keçirilməsi barədə ona məlumat verilməsi üçün heç bir tədbir görməmişdir. O, həqiqətən ünvan 5 ünvanda yaşamır bu barədə 27 saylı MKİS-nin rəsmi arayışı var. Eyni zamanda həmin ərazidə 0.19782 ha torpaq sahəsinin bazar qiyməti 200.000 manat olmasına baxmayaraq, evlə birlikdə 98.812,50 manata satılması rüallıqdan uzaqdır.
67. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir.
68. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin satılması zamanı “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur.
69. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi qəbul edildikdən uzun müddət keçmiş, lakin iddiaçı qətnamədən məlumatlı olmamasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
70. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin ipoteka predmeti olan əmlakın dəyərindən daha aşağı qiymətə satılması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı ipoteka predmeti olan əmlakın satıldığı qiymətdən daha baha qiymətə olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
71. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
73. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1944/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.