Məhkəmə qərarları › İş №2(103)-68/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-68/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-68/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 may 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 125 000 ABŞ dolları əsas, 100 000 ABŞ dolları əldən çıxmış fayda, 30 000 manat mənəvi ziyan, 11.5 manat etibarnamə üçün, dövlət rüsumuna görə 30.40 manat və vəkilə verilmiş 400 manat pulun alınıb verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, 27 noyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia qismən təmin edilərək, Cavabdeh 125 000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 1000 manat mənəvi zərərə görə pulun alınıb İddiaçı2 xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)- 661/2020 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(102)- 3599 /2021 saylı qərarı ilə (hakimlər (sədrlik edən və məruzəçi), S.Hacıyev, Ə.Nurməmmədov, A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək notariat qaydasında təsdiq olunmuş barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bağlanılmış 10 (on) bənddən ibarət aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. X4 ünvan 1 ünvanında yerləşən 27, 28, 29, 30, 31 saylı torpaq sahələrinin satışını və satışdan əldə olunan vəsaiti, ümumilikdə 62 350 (altmış iki min üç yüz əlli) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi və qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulu X1 verməyi öz öhdəsinə götürür.

2. X4 həmin ünvanda yerləşən 32, 33, 37 saylı torpaq sahələrinə aid olan etibarnamələrin müddətlərinin təzələnməsini öz öhdəsinə götürür.

3. ünvan 2 ünvanında yerləşən 32, 33, 37 saylı torpaq sahələrinə aid olan yenilənmiş etibarnamələr əsasında sonradan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarış almaq üçün müraciət zamanı yaranacaq mübahisələr tərəflər arasında qarşılıqlı razılaşma ilə həll ediləcək.

4. Əgər öhdəlik yerinə yetirilən müddətə Azərbaycan Respublikasında devalvasiya baş verərsə, sazişin 1-ci bəndinə tərəflər arasında qarşılıqlı razılaşma ilə yenidən baxılacaqdır.

5. Tərəflər öhdələrinə götürür ki, ünvan 2 ünvanında yerləşən 27, 28, 29, 30, 31 saylı torpaq sahələrinin satışı üçün müştərilər və satış qarşılıqlı şəkildə bəyan ediləcək.

6. Sözügedən torpaq sahələrinin satışı zamanı əldə olan sənədlər və aidiyyəti şəxslərlə təmin edilməsini X3 və İddiaçı2 öhdələrinə götürür.

7. Barışıq sazişinin icra müddəti 1 (bir) ildir.

8. Bu Barışıq sazişi üzrə tərəflər saziş şərtlərinin pozulması halında mübahisə predmetinə dair məhkəməyə müraciət etmək hüququnu özlərində saxlayırlar.

9. Bu Barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-68/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır (Azərbaycan Respublikasının MPM-nin 191-ci maddəsi).

10. Bu Barışıq sazişi tərəflər arasında imzalarla təsdiq edildiyi andan qüvvəyə minir. Tərəflərə izah edilsin ki, barışıq sazişi təsdiq olunduqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar