Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6805/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi istifadəsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı mənzilin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi istifadəsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu B.Ağazadə küçəsi, məhəllə 559, ev 117, mənzil 24-də qeydiyyatda olmaqla yaşayır. Həmin binanın 1-ci mərtəbəsində olan Bakı şəhəri, B.Ağazadə küçəsi, məhəllə 559, ev 117, mənzil 22 isə İsmayılova Könül İzzət qızına mülkiyyət hüququ ilə məxsusdur. Lakin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Vəsiqəsinə əsasən İsmayılova (Salmanova) Könül İzzət qızına məxsus olan mənzil yaşayış sahəsi olsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Belə ki, “Şəbəkə - Şəki mətbəxi” adı altında fəaliyyət göstərən kafe ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə əsasən fiziki şəxs X3 istifadəsindədir. Həmin mənzi onun mənzilinin alt mərtəbəsində yerləşir. Faktiki olaraq, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsi onun hüquqlarına xələl yetirməklə, mülkiyyət hüquqlarının kobud pozuntusuna səbəb olur. Cavabdeh başqa yerdə yaşayaraq, evini üçüncü şəxslərə icarəyə verərək kafe kimi istifadə etməkdədir. Cavabdeh həmin mənzili, yəni yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirmək üçün aidiyyəti səlahiyyətli qurumlardan müvafiq icazələr almadan qanunsuz olaraq fəaliyyət göstərməkdədir. O, əvvəlcə dəfələrlə qonşu kimi kafenin faktiki idarə edənlərə onun normal yaşaması üçün təhlükə törətdiyini, onların sağlamlığını, rahatlığını pozduğunu bildirsə də, ona əhəmiyyət verməmişlər. Mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdehə məxsus mənzil üzərində yaşadığından o, daim partlayış, yanğın qorxusu ilə yaşamağa məcburdur. Belə ki, həmin qeyri-yaşayış sahəsi, kafe kimi işlədilən mənzildə Fövqəladə Hallar Nazirliyi tərəfindən qazın verilməsi dayandırıldığından balon qazdan istifadə edirlər. Kafedən evə isti gəlir, gecə saatlarında kafedə müştərilər onların yatmağına mane olur, artıq tullantılar arxa qapıya yığılır, natəmizlik və antisanitariya baş alıb gedir. Buna görə də hesab edir ki, həmin kafenin fəaliyyəti qanunsuz olduğundan və onun hüquqlarını pozduğundan iddia təmin edilməli, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi cavabdehə qadağan edilməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh İsmayılova (Salmanova) Könül İzzət qızına məxsus olan ünvan 2-nin təyinatına uyğun olmadan qeyri-yaşayış sahəsi kimi istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 106/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. X2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 25589 nömrəli, xx.xx.2020-ci il tarixli rəyində qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi (kafe kimi) iddiaçının mənafeyinə toxunub-toxunmaması və gələn iy və qoxunun mənzilə keçmə ehtimalının olub-olmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətindən kənar olduğu qeyd edilsə də, məhkəmə verilən sualların cavablandırılması üçün əlavə hər-hansı bir addım atmamışdır. Eyni zamanda həmin rəydə qeyd olunan mənzilin yaşayış otağında səsin səviyyəsi 42 dBA olaraq, yol verilən səviyyədən artıq olduğu müəyyən edilmiş olması, Bakı şəhəri Yasamal rayonu B.Ağayev küçəsi məhəllə 559, ev 117, mənzil 22-də yerləşən “Şəki Şəbəkə" kafesinin divar və tavanında səs izolyasiya işlərinin aparılmadığı müəyyən olmasına baxmayaraq, məhkəmə bu nüanslara da əhəmiyyət verməmiş, nəticədə iddianın rədd edilməsilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmənin qeyd etdiyi dövlət orqanlarından icazə alınmamasının iddia qaldırmaq üçün subyektiv hüququn həmin qurumlarda olması ilə bağlı qeyd edir ki, hazırda vətəndaş olaraq onun hüququları, konstutsion istirahət hüququ pozulmaqdadır. Hər-hansı qurumun müəyyən növbəliliklə tədbirlər görəcəyini gözləmək onun hüquqularına kobud şəkildə xələl gətirəcəkdir ki, buna əsasən də iddiaya həmin hissədə də mümkün qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı, 230881 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 1 22 saylı mənzil İsmayılova (Salmanova) Könül İzzət qızının xüsusi mülkiyyətindədir. Mənzil yaşayış binasının birinci mərtəbəsində yerləşməklə, müvafiq icra hakimiyyətinin sərəncamına əsasən qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir və sərbəst giriş çıxışın təmin edilməsi məqsədi ilə mənzilin bir pəncərəsinin giriş-cıxış qapısına çevrilməsinə icazə verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 mənzil 22 ünvanda yerləşən, yaşayış sahəsi 52.8 kv/m olan 3 otaqlı mənzilini icarəçi X4 xx.xx.2021-ci il tarixədək icarəyə vermiş və hal-hazırda da, əmlak sonuncunun istifadəsindədir və kafe kimi fəaliyyət göstərir. Məhkəmə Ekspertiza Mərkəzinin 25589 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri B.Ağayev küçəsi məhəllə 559, ev 117, mənzil 22-nin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi (kafe kimi) iddiaçının mənafeyinə toxunubtoxunmaması və gələn iy və qoxunun mənzilə keçmə ehtimalının olub-olmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətindən kənar olduğundan bu sual üzrə tədqiqat aparılmamışdır. Mütəxəssis rəyinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının 1ci Cədvəlində binaların yaşayış otaqlarında səsin yol verilən səviyyələri gündüz saatlarında 40 dBA, gecə saatlarında 35 dBA müəyyənləşdirilmişdir. 1-ci Cədvəlin 5-ci qeydinə görə yaşayış binalarına bitişik (əlavə) tikilmiş ictimai-iaşə müəssisələrinin ventilyasiya sistemlərindən yaranan səs-küyün yolverilən səviyyəsində Cədvəl 1-də göstərilən qiymətlərdən 5 dBA aşağı düzəliş nəzərə alınmalıdır (yəni gündüz 35 dBA, gecə 30 dBA). Aparılmış ölçmələrin nəticələrinə görə mənzilin yaşayış otağında səsin səviyyəsi 42 dBA olaraq müəyyənləşdirilmiş, yol verilən səviyyədən artıq olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu B.Ağayev küçəsi məhəllə 559, ev 117, mənzil 22-də yerləşən “Şəki Şəbəkə” kafesinin divar və tavanında səs izolyasiya işlərinin aparılmadığı müəyyən olunmuşdir. ünvan 2 ünvanda iy və qoxu əleyhinə havalandırma quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, işin müəyən edilmiş hallarından göründüyü kimi, cavabdehlə iddiaçı qonşu olmaqla, cavabdehin mənzili binanın birinci mərtəbəsində, iddiaçının mənzili isə həmin mənzilin üst mərtəbsində yerləşir. İddiaçının tələbi ona yönəlmişdir ki, cavabdehin özünə məxsus olan mənzildən kafe kimi istifadə etməsi zamanı yaranan müxtəlif təsirlər (səs-küy, iy-qoxu, qaz balonundan istifadə edilməsi nəticəsində yanğın təhlükəsinin mövcudluğu, aşağıdan gələn istilik, ətrafda zibillərin qalanması və s.) onun öz mənzilində rahat yaşaması üçün maneələr yaradır, özünün və ailəsinin sağlamlığı təhlükə altında qalır. Bu səbəbdən də cavabdehə məxsus mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin qadağan edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı tələbləri qonşuluq hüquq münasibətlərindən irəli gəlir. Qeyd edilən münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qeyd edilən mülki-hüquq normalarının tələblərindən çıxış edərək kollegiya hesab edir ki, iddiaçı onun öz yaşayış sahəsindən sərbəst və qonşu təsirindən kənar şəkildə istifadə etməsi ilə bağlı yaranan hər hansı maneə ilə bağlı bu normalar çərçivəsində, yəni həmin təsir əhəmiyyətlidirsə, onun aradan qaldırılması, bu mümkün olmadıqda isə pul kompensasiyasına dair tələb irəli sürməlidir. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehə məxsus olan mənzilin ümumiyyətlə, qeyriyaşayış sahəsi kimi istifadəsinin ona qadağan edilməsini tələb etmişdir. Kollegiyanın qənaətinə görə, bu cür tələb həmin mənzilin qeyri-yaşayış sahəsi kimi digər məqsədlər (ofis, dükan və s.) üçün istifadəsini də qadağan etdiyindən, bu cür iddianın təmin edilməsi cavabdehin öz mülkiyyətindən maneəsiz istifadə etməsi kimi Konstitusion hüququnu məhdudlaşdırmış olardı. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 106/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6805/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6805/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver