Məhkəmə qərarları › İş №2(103)-6810/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6810/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6810/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2528/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 15 sentyabr 2005-ci il təvəllüdlü X11 və 12 yanvar 2010-cu il təvəllüdlü X12 ilə birlikdə gəlin köçdüyü cavabdehə məxsus ünvan 2-yə köçürülmələri və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə 05 iyul 2003-cü il tarixdə el adəti üzrə evlənərək “Səadət” sarayında rəsmi nikah bağlamışlar. Toy mərasimindən sonra o, cavabdehin yaşadığı ünvana gəlin köçmüşdür. Onların birgə nikahından 15 sentyabr 2005-ci il təvəllüdlü X11 və 12 yanvar 2010-cu il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(001)-6682/2019 saylı qətnaməsinə əsasən X13 ilə aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuş, məhkəmənin qətnaməsi ilə uşaqların saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Tərəflər arasındakı nikah qeydi məhkəmə qaydasında ləğv edildikdən sonra X13 onu və uşaqlarını gəlin köçdüyü və yaşadığı evdən çıxarmışdır. Hal-hazırda o, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşamağa məcbur olmuşdur. O, və iki azyaşlı uşaqları cavabdehin yaşadığı mənzildə 2019-cu ilin sonuna qədər yaşamış və həmin mənzildə rəsmi qeydiyyatdadır. Himayəsində olan iki azyaşlı uşaqları ilə birlikfə digər bir evdə yaşamaq onun üçün çox çətindir. Əgər cavabdeh onun uşaqlarla birlikdə evə köçməyini və yaşayış sahəsindən istifadə etməyini istəmirsə, onların evdən çıxmaqlarını istəyirsə və əgər mülkiyyətçidirsə, yəni mənzilə dair rəsmi sənədləri varsa kompensasiya olaraq heç olmasa iki uşaqla birlikdə yaşamaq üçün ona iki otaqlı ev və ya mənzil ala bilərdi. Lakin cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinin tələblərini kobudcasına pozaraq onu və iki azyaşlı uşağını yaşadıqları mənzildən qanunsuz olaraq çıxarıb çölə atmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2528/2021 saylı, 22 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi notarial qaydada razılaşma qaynatasının onun mənzilə qeydiyyata düşməsinə razılıq verməsindən nə ilə fərqlənməsi ona aydın deyil. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Naxçıvani küçəsi, ev 26, mənzil 7 X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 15 mart 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 16 oktyabr 1979-cu il tarixdə verilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 17 mart 1979-cu il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan 03 may 2019-cu il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 aprel 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin elektron çıxarışından görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və bu barədə 19 noyabr 2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2019cu il tarixli, 2(001)-6682/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X13 ilə X3 arasında 05 iyul 2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1257 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 15 sentyabr 2005-ci il təvəllüdlü X6 və 12 yanvar 2010-cu il təvəllüdlü X7 anaları X1 yanında qalmalarının müəyyən edilməsi, 15 sentyabr 2005-ci il təvəllüdlü X6 və 12 yanvar 2010-cu il təvəllüdlü X7 18 yaşa çatanadək saxlanmaları üçün X10ən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəlinin 14 avqust 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 348153 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 arasında olan nikah 26 fevral 2020-ci il tarixdə ləğv edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 30 yanvar 2021ci il tarixli arayışdan görünür ki, X3 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı hazırki tələbində nikah dövründə mübahisəli mənzildə yaşadığını iddia edərək həmin evə köçürülməsini tələb etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin oğlu X13 ilə 05 iyul 2003-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra onlar mübahisəli mənzildə yaşamışlar. İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin o vaxtkı mülkiyyətçisi – iddiaçının qaynatası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Həmin mənzilə mülkiyyət hüququ sonradan vərəsəlik qaydasında iddiaçının qaynanasının adına rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı cavabdehin oğlu X13 ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 3 ünvanına istifadə hüququ yaranmadığına görə və uşaqların yaşayış yeri məhkəmə qətnaməsinə əsasən onun yanında müəyyən edildiyinə görə onun həmin mənzilə himayəsində olan uşaqları ilə birlikdə köçürülmələri və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilə bilməz. Kollegiya Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş, 08 iyul 1982-ci il redaksiyalı) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında, həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin oğlu X13 ilə 05 iyul 2003-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra onlar mübahisəli mənzildə yaşamışlar. Mübahisəli mənzil iddiaçının qaynatasının mülkiyyətində olmuş, həmin mənzilə mülkiyyət hüququ sonradan vərəsəlik qaydasında iddiaçının qaynanasının adına rəsmiləşdirilmişdir, daha sonra iddiaçı cavabdehin oğlu X13 ilə nikahı məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan mülki qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən, digər ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda o halda saxlanıla bilər ki, mülkiyyətçi ilə aralarında yazılı razılaşma olsun. İşdən görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir və əvvəlki mülkiyyətçi ilə iddiaçı arasında mənzilindən istifadə etməyə dair yazılı şəkildə bağlanan razılaşma yoxdur. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması üçün əsaslar olmadığından, Rayon Məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericilik mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2528/2021 saylı, 22 aprel 2021ci il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar