Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6812/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xətai rayon şöbəsinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi “iş stajı faktın müəyyən olunması” ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “iş stajı faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci ilin dekabr ayından 1993-cü ilin avqust ayınadək Füzuli rayonu Lenin adına sovxozda işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. Sovet Ordusu sıralarında hərbi xidmətdən sonra 1975-ci ildə həmin kənddə yerləşən Lenin adına sovxoza fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan briqadir vəzifəsinə təyin olunmuş və 1993-cü ilin avqust ayınadək (Füzuli rayonu işğal olunanadək) həmin sovxozda briqadir vəzifəsində işləmişdir. Füzuli rayonu işğal olunarkən əmək kitabçası kənddə qalmışdır. Hazırda pensiya yaşına çatdığı üçün təqaüdə çıxmaq istəyir, lakin əmək kitabçası işğal zonasında qaldığı üçün sosial sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Onun əmək fəaliyyəti barədə hüquqverici sənədlərin başqa şəkildə bərpası mümkün deyildir. Ona görə də onun sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. İş stajının müəyyən edilməsi və pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xətai rayon şöbəsinə müraciət etsə də, müraciəti təmin olunmamış və iş stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Onun 1975-1993-cü illər ərzində Füzuli rayonu Lenin adına sovxozda müxtəlif vəzifələrdə işləməyini həmin illərdə həmin sovxozda işləmiş X3 və X4 təsdiq edə bilərlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsində iştirak edən şahidlərdən ikisinin ərizəçi ilə eyni yerdə işləmədiyi halda məhkəmənin əsassız olaraq ərizəni təmin edilməsi arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 5/71 №-li məktubdan görünür ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivəsində fəaliyyət göstərmiş idarə, müəssisə və təşkilatların dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmışdır. İş materiallarında olan Dövlət X13 Xətai rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Xətai rayon şöbəsinə daxil olmuş müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun əmək kitabçası olmadığı üçün ərizəsinin təmin olunması mümkün deyildir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmyerlisidir, Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində doğulub yaşamışdırlar. O, həmin kənddə Tikinti idarəsində usta işləyib, Ərizəçi isə 1975-ci ildən Lenin adına sovxozda briqadir işləmişdir. Füzuli rayonu işğal olunduğuna görə 1993cü ilin avqust ayının 17-si bütün kəndin əhalisi məcburi köç olunaraq Bakı şəhərində yerləşdirilmişdir. Beləliklə, şahid ərizəçinin 1975-ci ildən Füzuli rayonu işğalınadək Lenin adına soxvozda briqadir işləməsi faktını təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş və yaşamışdır. Ərizəçi həmyerlisidir. Özü rayon işğal olunana qədər Fizuli rayon Dövlət Damazlıq müəssisəsində laborant işləmişdir. Ərizəçi də Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 ifadəsində göstərmişdir ki, o, 1985-ci ildən Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmiş, 1986-cı ildən həmin kənddə kənd sovetinin sədri işləmişdir. Ərizəçi isə ondan əvvəl həmin sovxozda təsərrüfat briqadiri kimi işə başlamışdır. Şahid təsdiq etmişdir ki, Fizuli rayonunun işğalınadək Ərizəçi Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində göstərmişdir ki, Ərizəçilə bir yerdə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. O, həmin sovxozda 1979-cu ildən fəhlə, traktorist kimi fəaliyyət göstərmişdir. Qənimət ondan daha əvvəldən həmin soxvozda işləməyə başlamışdır və rayon işğal olunana qədər bir yerdə həmin soxvozda işləmişdirlər. İş materiallarında olan X7 əmək kitabçasından çıxarışdan müəyyən olunur ki, X12 xx.xx.1985-cı il tarixdən Lenin adına üzümçülük briqadasında fəhlə kimi işləmişdir. İş materiallarında olan X2 əmək kitabçasından çıxarışdan müəyyən olunur ki, İxtiyar Məmmədov 1979-cu il tarixdən Lenin adına sovxozda işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Birinci instansiya məhkəməsi ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, ərizəçi 1975-ci ilin dekabr ayından 1993-cü ilin avqust ayınadək Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində Lenin adına sovxozda işləmişdir. Bununla belə iş materiallarından aydın olur ki, həmin dövr onun əmək kitabçasında qeyd edilməmiş, ərizəçi iş stajının bərpası barədə ərizə ilə şöbəyə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfidən isə zəruri sənədlər təqdim etmədiyindən onun ərizəsi təmin olunmamış və həmin tələblə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünkü ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Kollegiya apellyasiya şikayətində irəli sürülənlərlə bağlı qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 və X1 əmək kitabçalarından çıxarışdan görünür ki, onlar ərizəçi ilə eyni yerdə Lenin adına sovxozda işləmişlər və birinci instansiya məhkəməsi haqlı olaraq onların ifadələrini əsas götürmüşdür. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6812/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6812/2020
28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver