Məhkəmə qərarları › İş №2(103)-6818/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6818/2020

16.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6818/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2435/20 saylı qətnaməsindən cavabdeh Azərbaycan Milli Elmlər X5 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elmlər X1rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin İnstitut tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 206 nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-2435/20) iddia təmin edilərək cavabdehin xx xxxxxxxx 2018-ci il tarixli, 206 saylı əmrinin ləğv olunması, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən Azərbaycan Milli Elmlər X4 doktorant kimi qəbul olunmuş və laborant vəzifəsində işə başlamışdır. 2018-ci ilin sentyabr ayına kimi “Aqrar islahatlar və ərzaq təhlükəsiziyi problemləri'' şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. Bu müddət ərzində dissertasiya işini tamamlamış və minimum imtahanlarını vermişdir. 20-dən çox elmi məqalələri dərc edilib və işlədiyi dövr ərzində plan-hesabat işlərini vaxtında və dəqiq yerinə yetirmişdir. 2018-ci ilin iyun ayında institutun rəhbərliyi tərəfindən müsabiqə keçiriləcəyi barədə xəbərdarlıq edildikdən sonra plana uyğun olaraq müsabiqə keçirildi. Azərbaycan Milli Elimlər X2 Nizamnaməsinin 2, 3 və 4-cü bəndlərinə uyğun olaraq elmi işçi - şöbə müdiri, baş, aparıcı və böyük elmi işçi vəzifələrinin tutulması məqsədi ilə Elmi Şuranın xx.xx.2018-ci il tarixli iclası keçirildi. Bu iclasın kiçik elmi işçilərə heç bir aidiyyatı olmasa da, Nizamnaməyə zidd olaraq onun məsələsi də bu iclasda müzakirəyə çıxarıldı. Həmin iclasda bir vakant yerə iki namizəd olsalar da həmin vəzifəyə heç kim seçilmədi. Bundan sonra isə onlara bildirildi ki, narahat olmasınlar, qısa zamanda vakant yerlərə təkrar müsabiqələr keçiriləcək və öz işlərinə başlayacaqlar. Dərs ilinin başlaması ilə bərabər sentyabr ayından onlar işə başlamışlar, lakin 2018-ci ilin sentyabırın 21-də ona hələlik işə gəlməməyini və qısa zamanda təkrar müsabiqə elan edilərək müsabiqədən keçməklə öz işinə davam edəcəyini bildirdilər. Keçirilən müsabiqədən uzun bir müddət keçməsinə baxmayaraq ona təkrar müsabiqə barədə rəsmi olaraq heç bir məlumat verilməmişdir. Dəfələrlə şifahi olaraq məlumat alsa da “hələ ki, müsabiqə elan edilməyib” deyərək onu gözlətmişlər. Son olaraq xx.xx.2020-ci il tarixində Azərbaycan Milli Elmlər X4 müraciət edərək işdən azad edilib-edilməməyi barədə rəsmi məlumat verilməsi, azad edildiyi təqdirdə əmək kitabçası, işdən azad edilməyi barədə əmrin surəti və son haqq hesab barədə maliyyə arayışının verilməsini xahiş etmişdir. Ərizə ilə müraciət etdikdən sonra Azərbaycan Milli Elimlər X5 tərəfindən onun əmək kitabçası, işdən azad edilməyi barədə əmrin surəti və son haqq-hesab barədə vərəqə rəsmi qaydada xx.xx.2020-ci il tarixində ona təqdim edildi. Bir ildən artıq bir müddətdir ki, ona işdən azad edilməyi barədə heç bir məlumat verməyən cavabdeh işdən azad edilməyi barədə əmri 2020-ci ilin fevral ayında ona təqdim etmişdir. Həmin əmrə əsasən o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi X.Feyzullayev xx.xx.2020-ci il tarixdə “mübahisəyə dair iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı ilə qədər elmi işçi vəzifəsinin müsabiqə yolu ilə tutulma qaydasını tənzimləyən normativ hüquqi aktlar olmadığına görə AMEA-nın İqtisadiyyat İnstitutunda elmi işçi vəzifələri müsabiqə keçirilmədən tutulmuşdur. Lakin, 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Qanunun 8.5ci maddəsinə əsasən elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, hazırki iddia tələbi müddətin ötürülməsi ilə verilmişdir. İddiaçının vəzifədən azad edilməsi ilə bağlı son haqq-hesab üzrə olan ödənişi xx xxxxxxx 2018-ci il tarixdə ******************** Nli bank hesabına ********** saylı ödəniş tapşırığı əsasında onun əmək haqqı kartına köçürülmüşdür. Bununla da iddiaçı vəzifədən azad edildiyini bilmiş və həmin tarixdə də İnstitut rəhbərliyinə ərizə ilə müraciət edərək tutduğu vəzifədə işdə saxlanılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X.Feyzullayev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsiu və vəkili B.Sübhanlı apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2010-cu ildən Azərbaycan Milli Elmlər X4 doktorant kimi qəbul olunmuş və əvvəlcə laborant, 2013-cü ildən isə “Aqrar islahatlar və ərzaq təhlükəsiziyi problemləri'' şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. İşəgötürənin xx.xx.2018-ci il tarixli, 206 saylı əmri ilə o, müsabiqə nəticələrinə görə iddia etdiyi vəzifəyə seçilmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrin surəti və əmək kitabçası işəgötürən tərəfindən iddiaçıya onun müraciəti əsasında rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixdə isə ona məktubla bildirilmişdir ki, 75 manat 58 qəpik son haqq-hesab məbləği xx.xx.2020-ci il tarixdə iddiaçının bank hesabına keçirilmişdir. İddiaçı qanunsuz işdən azad edildiyini, işdən azad olunması barədə ona məlumat verilmədiyini, bununla bağlı sənədləri rəsmi qaydada xx.xx.2020-ci il tarixdə aldığını bildirərək xx.xx.2020-ci il tarixdə işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50, 70, 296-cı, “Elm Haqqında” Qanunun 8-ci maddələrini, X3 2.3.4-cü bəndini və s. rəhbər tutaraq, eləcə də işin müəyyən edilmiş həqiqi hallarını nəzərə alaraq iddiaçının işdən azad edilmə əsasının qanunsuz olduğu qənaətinə gəlmişdir. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanmışdır. Həmin maddəyə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafuq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin 70-ci maddənin “qeyd” hissəsində də göstərildiyi kimi “c” bəndində “səlahiyyətli orqan” dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası... başa düşülməlidir. İşçilərin attestasiyası isə Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Hazırkı işdə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması üçün əsas attestasiya komissiyasının deyil, müsabiqə komissiyasının qərarı olmuşdur. Müsabiqə isə qanunun mənasına görə vakant vəzifələrin tutulması üçün keçirilir. Müsabiqə yolu ilə vəzifələrin tutulması qaydası və şərtləri Əmək Məcəlləsinin 50-ci, “Elm haqqında” Qanunun 8-ci maddələrində, X3 2.3.4-cü, “İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçirilməsi Qaydaları” nın 1.4-cü bəndlərində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına hamısına istinad etmiş və müsabiqənin vakant vəzifələrin tutulması məqsədilə keçirilməli oldğu qənaətinə gəlmişdir. İddiaçının tutduğu kiçik elmi işçi vəzifəsi isə yuxarıda qeyd olunduğu kimi müsabiqə keçirilərkən boş (vakant) olmamışdır. İddiaçı 2013-cü ildən xx.xx.2018-ci ilədək həmin vəzifədə çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri müsabiqənin işçinin işdən azad olunması üçün əsas verməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlilli əsassız sayır və bir daha qeyd edir ki, cavabdehin istinad etdiyi qaydalar boş vakant vəzifəsini tutmaqla bağlı tətbiq edilə bilər. Hazırkı vəziyyətdə isə iddiaçı müsabiqə keçirilərkən həmin vəzifədə işlədiyindən müsabiqənin keçirilməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilə müfəssəl hüquqi qiymət verildiyindən və bu qiymət məhkəmə kollegiyasını qane etdiyindən məhkəmə kollegiyası bununla bağlı ətraflı araşdırma aparılmasına zərurət görmədi. İddia müddətinin tətbiq edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, iş materiallarında iddiaçının işdən azad edilməsi barədə əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin iddiaçıya 2018-ci ildə təqdim edilməsinə dair heç bir sübut yoxdur. Cavabdeh x xxxxxxx 2018-ci ildə ödəniş tapşırığı ilə 75,58 manat məbləğində son haqq hesabın iddiaçının bank hesabına köçürülməsinə istinad etsə də, həmin pulun son haqq hesab olması barədə iddiaçıya rəsmi olaraq xx xxxxxx 2020-ci il tarixdə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş son haqq-hesab vərəqi də həmin tarixdə tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinin tələbinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83, bənd 2). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (maddə 87, bənd 3). İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir (maddə 172, bənd 6). Məhkəmə kollegiyasının qənaətinə işəgötürən tərəfindən sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, iddiaçı xx.xx.2018-ci il tarixli əmrlə işdən azad olunarkən əmrin surəti, əmək kitabçası, haqq-hesab sənədləri ona rəsmi qaydada təqdim olunmamış, iddiaçı həmin sənədləri işəgötürəndən yalnız xx.xx.2020-ci il tarixdən sonra ala bilmiş və həmin vaxtdan keçən bir ay ərzində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının hüququnun pozulduğunun aşkar edildiyi gün məhz xx.xx.2020-ci ildir və o, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir ay ərzində pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Milli elmlər X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar