Məhkəmə qərarları › İş №2(103)-682/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-682/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-682/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Avtandil oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan “Sifarişçi” Cavabdeh ilə “Podratçı” İddiaçı Avtandil oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli TEX/12/2021 saylı müqavilədən görünür ki, “Sifarişçi”nin verdiyi sifariş əsasında “Podratçı” öz üzərinə Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 28325 (iyirmi səkkiz min üç yüz iyirmi beş) manat təşkil edir, “Sifarişçi” “Podratçıya” məbləğin 20 faizi miqdarında - 5665 (beş min altı yüz altmış beş) manat kimi ilkin ödənişi bu Müqavilə imzalandığı tarixdən 1 (bir) bank günü ərzində avans olaraq ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı Avtandil oğlunun hesabına 5665 manat və 9295 manat məbləğlərində pul köçürmüşdür.

3. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə pretenziya ünvanlayaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən bağ evinin təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlandığını, müqavilənin dəyərinin 28 325 manat təşkil etdiyini, iş görülən zaman cavabdeh tərəfindən sifarişlər artdıqda görüləcək işlərin dəyərinin də artırıldığı, hazırda bağ evində işlərin görülməsinə baxmayaraq, cavabdehin ödəniş etməkdən imtina etdiyini, bu günə qədər onun iddiaçıya 13 000 manat borcunun qaldığını bildirmiş, ona görə cavabdehdə 13 000 manat borcu ən qısa zamanda ödəməyini xahiş etmişdir.

4. İş materiallarında olan MBA Consulting Group tərəfindən verilmiş xx.xx.2023cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən bağ evində aparılmış təmir işlərinin 24 avqust 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 102 931 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Avtandil oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, müqavilə üzrə yaranmış 22.660 manat borcun, həmin borcu gecikdirməyə görə illik 5% üçün 1313 manat və ödənilmiş 162 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o briqada təşkil edərək müxtəlif fərdi yaşayış evlərində, mənzillərdə və bağ evlərində sifariş əsasında tikinti-təmir işləri aparırlar. 25 yanvar 2021-ci il tarixində hazırki iş üzrə Cavabdeh ilə müqavilə bağlayaraq ona məxsus Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını öz üzərlərinə götürərək, 28325 manat dəyərində muzd müqabilində təmir işləri aparacaqları barədə razılığa gəlmişlər. Müqavilə şərtlərinə uyğun olaraq Sifarişçi “Podratçı”ya görüləcək işin 20 faizi miqdarında yəni 5665 manat ilkin ödənişi ödəməli və bu müqavilə şərtlərinə uyğun olaraq görüləcək işlərin dəyərinin vaxtında ödənilməsi barədə razılığa gəlmişlər. İşlər görüldükcə cavabdeh əlavə işlərin görülməsini onlardan xahiş etmişdir. Bu səbəbdən təxminən müqavilədə göstərilən məbləğin iki qatında işlər görüldü. Cavabdeh əvvəl-əvvəl işlər görüldükcə ödənişi vaxtında ödəyirdi. Lakın işin sonlarına yaxın cavabdeh işlərin görülməsinə baxmayaraq ödənişi ödəməkdən imtina etmişdir. Hal-hazırda müqavilə üzrə cavabdehin 22.660 manat borcu qalmışdır ki, bunu da ödəməkdən imtina etmişdir. Fəhlələr iddiaçıdan işlədiklərinə uyğun pul tələb edirlər. Aralarında yaranan münasibətlər podrat müqaviləsi təşkil edir. Cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, onun ödəməli olduğu pul vəsaiti tələb olunsa da, cavabdeh nə borclu olduğu pul vəsaitini iddiaçıya ödəmiş, nə də pretenziya məktubuna hər hansı cavab vermişdir.

7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Nardaran qəsəbəsi ünvanında cavabdehə məxsus torpaqda bağ evinin tikintisi-təmiri işlərinin iddiaçı tərəfindən görülməsi və bunun əvəzində cavabdeh tərəfindən iddiaçıya 28325 manat pul ödənilməsi razılaşdırılmışdır. Müqavilənin şərtinə görə müqavilə məbləğinin 20% məbləğində ilkin ödəniş olunmalı idi. Cavabdeh həmin məbləği yəni, 5665 manatı xx.xx.2021-ci il tarixdə ödəmişdir (qəbz etiraza əlavə edilir). Eyni zamanda cavabdeh tərəfindən həmin tarixdə tikinti materiallarının əldə edilməsi üçün 9295 (doqquz min iki yüz doxsan beş) manat məbləğində (qəbz etiraza əlavə edilir) pul iddiaçıya ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci ildən həmin ilin iyul ayına kimi aparılan Whatsapp yazışmasına əsasən cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli danışığa əsasən və görülən işlərə görə 10200 (on min iki yüz) manat məbləğində pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya 11800 (on bir min səkkiz yüz) manat (7000 ABŞ dolları) məbləğində pul ödəmişdir, həmin məbləğin 2500 manatı xidmət haqqı idi. xx.xx.2021-ci il tarixə görülən işlərə görə cavabdeh iddiaçıya 13700 manat ödəmiş, onlardan 5924 manatı xidmət haqqı təşkil edir. xx.xx.2021-ci il tarixdə 10500 manat ödəniş edilməsini xahiş etmiş, onlardan 5500 manatı material üçün, 1500 sifarişçinin borcu, 3500 manat isə ustaların əmək haqqısı üçün. Həmin məbləğ xx.xx.2021-ci il tarixdə 6200 ABŞ dolları (10540 manat) məbləğində iddiaçıya ödənilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən 3500 ABŞ dolları məbləğində iddiaçıya pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehdən ustaların pulunun ödənilməsi üçün 6500 manat, ümumilikdə 10 000 (on min) manat pulun ödənilməsini istəmiş və həmin tarixdə pulu almışdır. Eyni zamanda votsap yazışmasında hər bir ustanın adını və görəcək və bitirəcək işin tarixini qeyd etmişdir. Lakin həmin işlər qeyd edilən tarixlərdə yekunlaşmamışdır. Görülən işlər qüsurlu görülmüşdür. xx.xx.2021-ci il tarixdə iddiaçıya 10.000 manat ödənilmişdir, onlardan 3500 manatı ustaların əmək haqqısı, qalanı material üçün xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehdən görülən işlərə görə 7170 manat məbləğində pul almışdır. Halbuki, artıq xx.xx.2021-ci il tarixdə müqavilə ilə bütün işlər görülüb tam şəkildə sifarişçi yəni, cavabdehə təhvil verilməli idi. Cavabdeh bütün bunlara səbrlə dözərək müddətin xx.xx.2021-ci il tarixədək uzadılmasına razı olmuşdur. xx.xx.2021-ci il tarixinə görülməmiş işlərin siyahısı iddiaçıya cavabdeh tərəfindən göndərilmişdir: “- yataq otağında hamamda qalan tavan işləri; - 1-ci mərtəbədə hamam otağında qalan işlər; - 2-ci mərtəbə hamam otağında qalan işlər; - uşaq otağı divarda çatların olması (astar üzlük işləri); - 2-ci mərtəbənin dəhlizində qalan işlər (divarın əyriliyin düzəldilməsi, elektron şitin yanında olan suvaq işləri); - Damda gözlə görünən əyriliklərin düzəldilməsi işləri; - Yay mətbəxinin suvaq işləri, sütunların əyriliyinin düzəldilməsi işləri; - bütün evin künclərinin suvaq işlərinin görülməsi; - bütün otaqlarda, dəhlizdə və zal otaqda daşla dekor işlərinin görülməsi; Qarderob otağında kafel, metlax işləri, tavanın alçıpanı, tavanın suvağı işləri çox bərbad halda görülmüşdür.”

8. Bu mətndən sonra cavabdeh iddiaçıya razılaşdırıldığı kimi xx.xx.2021-ci il tarixdə işi təhvil alacağını bildirmiş, təhvil alarkən onun iştirak etməsini xahiş etmiş, eyni zamanda mütəxəssis də özü ilə gətirəcəyini bildirmişdir. Artıq bir aydır ki, cavabdeh hər gün iddiaçıya ustaların keyfiyyətsiz iş gördüklərini bildirsə də, iş yerində olmadıqlarını desə də, iddiaçı buna heç bir reaksiya verməmiş, sadəcə işi vaxtında təhvil verəcəklərinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə iş tam və keyfiyyətli şəkildə təhvil verilmədiyi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya onun mülkiyyətində olan bağ sahəsinə daxil olmağı və hər hansı bir işlərin görülməsini qadağan etmişdir. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, cavabdeh ona görülən işlərə görə pul ödəmişdir. Lakin iddianın xahiş edirəm hissəsində müqavilənin ümumi məbləğində yalnız 5660 manat ödənişin edildiyi qeyd edir və nəticədə 22660 manat borcunu qaldığı müəyyən olunur Burdan da, göründüyü kimi iddiaçı yalan danışır, öz dedikləri ilə istədikləri uyğun gəlmir. Həmçinin, pretenziya məktubunda cavabdehin iddiaçıya 13000 manat borcun qaldığı müəyyən olunur. Yuxarıda sadalanan cavabdeh tərəfindən edilən ödənişlərdən də görünür ki, cavabdeh tam borcunu ödəmiş, iddiaçı isə bunun əvəzində müqavilə öhdəliklərini vaxtında yerinə yetirməmiş, qüsurlu və yarımçıq yerinə yetirmişdir. Cavabdeh "SOUNDBUİLD” LLC şirkətinə müraciət etmiş, həmin şirkət qüsur aktı hazırlayaraq, nöqsanlı alçı və sıva işlərinin tam bərpası, natamam dekorativ “kabançik” daşların tamamlanması və ara dolğuların vurulması, ters uklon metlaxın sökülərək düzəldilməsi, fasad bərpa işlərinin görülməsinə görə 32.520,80 manat məbləğində xərc smetası çıxartmışlar (sənədlər və foto şəkillər etiraza əlavə edilir). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının görüdüyü iş 126000 manatdan çox olmuşdur. Hazırda ödənilməmiş 22660 manat məbləğində borcu qalmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı görülmüş işlərə görə cavabdehdən təxminən 100 min manat məbləğində pul almışdır. Hazırda qalan 22660 manatı tələb edir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçıya 100.244 manat məbləğində pul ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş vatsap yazışmalarından, həmçinin qəbzlərin bir qismindən də görünür ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2687 (iki min altı yüz səksən yeddi) manat məbləğində pulun tutularaq İddiaçı Avtandil oğluna ödənilməsi, iş üzrə ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun 143,85 (yüz qırx üç manat 85 qəpik) manat hissəsinin iddiaçıya aid edilməsi, qalan 18,15 (on səkkiz manat 15 qəpik) manatın isə Cavabdeh İddiaçı Avtandil oğlunun xeyrinə tutulması, iş üzrə məhkəmə məsrəfi olan 600 (altı yüz) manat ekspertiza xərcinin 300 (üç yüz) manatının İddiaçı Avtandil oğlundan, 300 (üç yüz) manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 14, 21.1, 3851, 386.1, 445.7, 752.1, 753.1, 753.3, 759.1, 759.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1, 101.7, 103.1, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən görüləcək işlərin ümumi dəyəri 28325 manat qeyd edilmiş, 2-ci bəndində isə həmin məbləğin tam açıqlığı ilə hansı işlərdən ibarət olması öz əksini tapmışdır. Həmçinin, müqavilənin 2-ci bəndində həmin məbləğin 20%-nin ilkin olaraq ödənilməsi yəni, 5665 manatın ödənilməsi qeyd edilmişdir ki, həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Demək ki, müqavilə üzrə qeyd edilən 28325 manatdan 22.660 manat qalıq qalmışdır. Hansını ki, iddiaçı cavabdehdən tələb edir. Pretenziya məktubunda iddiaçı cavabdehdən 13000 manat məbləğində borcun olmasını qeyd edir, lakin iddia tələbində 22.660 manat borcun olduğunu bildirir. Borcun olması ilə bağlı heç bir sübut təqdim etmir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında 126.000 manatdan artıq işlər gördüyünü bildirmişdir. İş materiallarında olan ekspert rəyi ilə isə görülən işlərin 102931 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçının qeyd etdiyi məbləğə əsasən və ekspertin gəldiyi nəticəyə görə cavabdehin iddiaçıya borcu qalmamış, artıqlaması ilə borc ödənilmişdir. Qeyd edilənləri məhkəmə nəzərə almamışdır. Belə ki, iddiaçının iddia tələbinə inansaq iddiaçıya 6 ay ərzində gördüyü işlərə görə heç bir pul ödənilməmişdir. Belə bir sualla iddiaçıya müraciət edildikdə iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ödənilən məbləğlər əlavə görülən işlərə görə ödənilmişdir. İddiaçı bunları qeyd etsə də, əlavə görülən işlər barədə heç bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh iddiaçı ilə öz arasında olan və bütün təmir prosesini ilk gündən son gününə qədər əhatə edən votsap yazışmalarını təqdim etmişdir ki, orada açıq-aydın iddiaçının rəhbərliyi ilə işləyən ustaların qüsurlu işlər görməsi, eyni işi bir neçə dəfəyə gördükləri sübut olunur. Həmin yazışmalarda iddiaçı özü etiraf edir ki, işçilər qüsurlu iş görüblər, səhvlərini düzəldəcəklər. Həmçinin, işlərin qüsurlu görülməsi barədə cavabdeh məhkəməyə “SOUNDBUİLD” LLC şirkətinin çıxartdığı xərc smetanı təqdim etmişdir. Həmin halları birinci instansiya məhkəməsi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının 126.000 manatlıq işin görüldüyünü bildirməsini qeyd etsə də, guya qalan məbləğin 22.660 manat olması ilə görülən işlərin məbləğinin uyğun olmamasını əsaslandırmamışdır. Məhkəmə sadəcə ekspert rəyinə əsaslanaraq və cavabdehin iddiaçıya 100.244 manat ödədiyi məbləği ekspertin gəldiyi nəticədən çıxmaqla qalan borcu hesablamışdır. Halbuki, cavabdeh tərəfindən təqdim edilən tərəflər arasında votsap yazışmasına əsasən: - müqavilə bağlandıqdan sonra müqavilənin məbləğinin 20%-i olaraq 5665manat və tikinti materiallarının əldə edilməsi üçün 9295 manat; - xx.xx.2021-ci il tarixdə 2220 manat; - xx.xx.2021-ci il tarixdə 10200 manat; - xx.xx.2021-ci il tarixdə 11800 manat; - xx.xx.2021-cü il tarixdə 4000 ABŞ dolları; - xx.xx.2021-ci il tarixdə 13700 və 10500 manat; - xx.xx.2021-ci il tarixdə 6200 ABŞ dolları; - xx.xx.2021-ci il tarixdə 3500 ABŞ dolları; - xx.xx.2021-ci il tarixdə 10000 manat; - xx.xx.2021-ci il tarixdə 1030 manat; - xx.xx.2021-ci il tarixdə 10 000 manat; - xx.xx.2021-ci il tarixdə 3000 ABŞ dolları; - xx.xx.2021-ci il tarixdə 900 ABŞ dolları; -xx.xx.2021-ci il tarixdə 7170 manat pul ödəmişdir. Cəmi 111.640 (bir yüz on bir min altı yüz qırx) manat məbləğində pul ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya 100.244 manat məbləğində pulun ödənilməsini qeyd etsə də, həmin məbləğin etiraza əsasən hesablandığı nəzərə alınmalı, tərəflər arasında olan votsap yazışmasında bütün tarixlər nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan tərəflər arasında votsap yazışmasına münasibət bildirməsə də, halbuki cavabdehin məhz votsap yazışmasına əsasən hesablamasına qiymət verərək qeyd edilən məbləği ekspertin gəldiyi nəticədən çıxaraq iddianı qismən təmin etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdırsaydı görərdi ki, cavabdeh tərəfindən iddiaçıya gördüyü işlərə görə artıqlaması ilə pul ödənilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

20. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

21. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır.

24. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

26. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

27. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

28. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

29. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuş işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilə podrat müqaviləsi olmuşdur. Sifarişçi Cavabdeh ilə icraçı İddiaçı Avtandil oğlu arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını həyata keçirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində icraçıya müəyyənləşdirilmiş 28.325 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşdür. Daha sonra tərəflər əlavə işlərin həyata keçirilməsi üçün razılaşsalar da, onlar arasında yazılı müqavilə bağlanmamış, şifahi olaraq razılaşmışlar. İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında əlavə təmir-tikinti işləri həyata keçirmiş, cavabdeh tərəfindən isə həmin işlərə görə çəkilmiş xərclərin bir hissəsi ödənilmişdir.

43. Kollegiya qeyd edir ki, ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən görülmüş işlərin ümumi məbləği 102.931 manat təşkil etmişdir. Lakin proses iştirakçılarının birinci instansiya məhkəməsində bildirdiklərindən müəyyən olunur ki, sifarişçi tərəfindən icraçıya cəmi 100244 manat ödəniş edilmişdir. Belə ki, məhkəmə iclası protokolundan görünür ki, iddiaçının (icraçının) nümayəndəsi cavabdehdən yəni sifarişçidən təxminən 100 min manat məbləğində pul aldığını, lakin cavabdehin evində gördüyü işlərin 126000 manatdan çox təşkil etdiyini, hal-hazırda cavabdeh tərəfindən ödənilməmiş 22660 manatı tələb etdiyini bildirmiş və bununla da dolayısı ilə cavabdehdən 100000 manatdan da çox pul aldığını etiraf etmiş, eyni zamanda cavabdehin (sifarişçinin) nümayəndəsi də, cavabdeh tərəfindən iddiaçıya 100244 manat məbləğində pul vəsaiti ödədiklərini bildirmişdir.

44. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən görülmüş işlərə görə təxminən 100 min manat məbləğində, əslində isə işin halları ilə (tərəflərin etiraf edici izahatları ilə (126000 (iddiaçının gördüyünü iddia etdiyi işin məbləği) - 22600 (iddiaçının gördüyü və aldığı pula münasibətdə tələb etdiyi qalıq borc) =103400 manat) bu məbləğin 100000 manatdan da çox olan məbləğdə pul almasını, cavabdehin isə 100244 manat pul ödədiyini etiraf etməsini, görülmüş işlərin məbləğinin 102931 manat təşkil etdiyini və həmin məbləğdən 100244 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, qalan 2687 (iki min altı yüz səksən yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında hakimin sualına cavab olaraq 100.244 manat vəsaitin ödənilməsinə dair verilmiş cavabın təkzib edilməsi ilə bağlı hər hansı əsaslı sübut təqdim edilməmişdir.

46. Kollegiya bildirir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etdiyi və izahatları ilə təsdiq etdiyi məlumata əsasən, iddiaçıya ödənilmiş məbləğ 100.244 manat qəbul olunur. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, hazırkı iş üzrə sübut qismində əhəmiyyət kəsb edən maddi vəsaitin ödənilməsini təsdiq edən yazışmalar tərəflər arasında olan podrat münasibətlərinin davam etdiyi müddətdə yaranmışdır. Yəni, bu sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Eyni zamanda apellyasiya şikayətində sübutun düzgün təqdim edilməmiş və natamam olması əsaslandırılmamışdır. Apellyator şikayətində qətnamənin hazırda mübahisələndirilən hissəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məbləğ göstəricisinin tərəfin təqdim etdiyi iddia tələbinə etiraza dair ərizəyə əsaslandığını bildirsə də, etiraza dair ərizədə məlumatların düzgün əks olunmaması səbəbini açıqlamamışdır.

47. Kollegiya bildirir ki, digər sübutlarla birlikdə qiymətləndirilən və mötəbərliyinə hazırkı halda hər hansı şübhə olmayan ekspert rəyinə əsasən çəkilmiş təmir-tikinti xərcləri ilə bağlı müəyyən edilmiş məbləğ (102.931 manat), cavabdeh tərəfin birinci instansiya məhkəməsində bildirdiyi məbləğlə (100.244 manat) tam üst-üstə düşməsə də, apellyasiya şikayətində qeyd olunan rəqəmlə (111.640 manat) müqayisədə daha ağlabatandır və reallığa uyğun qəbul olunmalıdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya qeyd edir ki, iddia qismən təmin edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iş üzrə ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun 143,85 (yüz qırx üç manat 85 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 18,15 (on səkkiz manat 15 qəpik) manatı isə Cavabdeh İddiaçı Avtandil oğlunun xeyrinə tutulmaslı, iş üzrə məhkəmə məsrəfi olan 600 (altı yüz) manat ekspertiza xərcinin 300 (üç yüz) manatı İddiaçı Avtandil oğlundan, 300 (üç yüz) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

51. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar