Məhkəmə qərarları › İş №2(103)-6821/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6821/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6821/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-827/2024 (Açar sözlər: mənzilin təhvil verilməsi və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-827/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 222 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 600 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 222 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 800 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ərizəçiyə məxsus olub. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1341184) ilə təsdiq olunub. 03 dekabr 2021-ci il tarixində ərizəçi, cavabdeh "xxxx" MMC ilə mülkiyyətində olan ev barəsində 222 nömrəli müqavilə bağlayıb. Müqaviləyə əsasən ərizəçi özünün yaşayış sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyini, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının (D bloku) 6-cı mərtəbəsində sahəsi 74,73 kv.m olan mənzilin ərizəçiyə verilməsi öhdəliyini götürüblər. Müqavilənin 2.2.4-cü bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq nəzərdə tutulmuş mənzili ərizəçiyə verməli idi. Binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulub. Binada işlər indiyə kimi getdiyindən orada yaşayış yoxdur, halbuki, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili bu ilin (2023- cü ilin) mayında təhvil verməli idi. Bu ilin noyabrında ərizəçi Azərbaycana gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. "xxxx" MMC qiymətləndirmə şirkətinin hesabatına əsasən ona təklif olunacaq mənzilin sahəsi 69,998 kv.m, yəni şirkətin ona təqdim etməli olduğu mənzilin sahəsindən az qala 5 kv.m (daha dəqiq 4,73 kv.m) azdır. Binanın həmin mərtəbəsində (6-cı) onun üçün nəzərdə tutulmuş mənzilə uyğun başqa sahə yoxdur. Beləliklə, birincisi, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bu günə artıq 7 aydır ki, yubadır, ikincisi, ona verməli olduğu mənzildən sahəsi əhəmiyyətli dərəcədə kiçik mənzil vermək niyyətindədir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil ona vaxtında, yəni bu ilin mayında veriləcəyi təqdirdə o həmin mənzili kirayə verə bilərdi. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-827/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli, 222 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, 74,73 kv.m sahəsi olan mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, xx.xx.2023-cü il tarixindən başlayaraq mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 800 manat hesablanmaqla pul vəsaitinin Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi, vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 1100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 21.2, 178.8, 385.1, 425, 443, 445.7, 449.1, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 121.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır

d) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

14. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız iddiaçı tərəfindən qətnamənin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evinin ona məxsus hissəsinin cavabdehə sökülmək üçün təhvil verilməsini, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş müddətdə həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının (D bloku) 6-cı mərtəbəsində, sahəsi 74,73 kv.m olan mənzilin iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımınca yerinə yetirilməməsinə, mənzilin 24 ay müddətinə təhvil verilməli olduğu halda verilməməsinə əsaslanaraq, 1) müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; 2) 2023-cü ilin may ayından hesablanmaqla, kirayə haqqı olaraq mənzilin təhvil verildiyi günədək hər ay 800 manat pul vəsaiti; 3) həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait; 4) əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mənzilin təhvil verilməsi və xx.xx.2023-cü il tarixdən hesablanmaqla mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 800 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı isə təmin edilməyən hissəni hazırda mübahisələndirmişdir.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

30. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

31. Kollegiya ilk növbədə iddiaçının 2023-cü ilin may ayından xx.xx.2023-cü il tarixinədək kirayə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanılan 03 dekabr 2021-ci il tarixli müqavilənin 2.2.4-cü bəndində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş əmlakı “Əmlak mülkiyətçisi”nə geri qaytarmaq “Tikinti şirkəti”nin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin 24 aylıq müddətin konkret olaraq nə zamandan başlanmış hesab edilməsini müəyyən etmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinı sorğu verilmiş, nəticədə təqdim edilən “Sınaq nəticələri”nə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Ə.Vahid və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının təməl inşaat başlanğıcının xx.xx.2021-ci il tarixdə qoyulduğu məlum olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin adı çəkilən müqavilənin şərtlərinə əsasən xx.xx.2021-ci il tarixdən 24 ay müddətində, yəni xx.xx.2023-cü il tarixinidək müqaviləni icra etmək və müvafiq mənzili iddiaçıya təhvil vermək öhdəliyi olmuşdur.

32. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Hazırki işdə də tərəflər arasındakı müqaviləyə əsasən cavabdeh mənzili ən gec xx.xx.2023-cü il tarixinədək təhvil verilməli olduğundan və qanunvericiliyin adı çəkilən normasına əsasən kreditorun, yəni indiki halda iddiaçının həmin tarixdən öncə öhdəliyin icrasını tələb etmək hüququ olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2023-cü il tarixinədək kirayə haqqının ödənilməsi hissəsində təmin etməməklə haqlı olmuşdur.

33. Məhkəmə iddiaçının, vəsaitin tam məbləğinə illik 5 faiz, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

34. Belə ki, “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Mülkiyətçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 222 saylı müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, 134114 №-li, xx.xx.2018-ci il tarixli çıxarış ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlakını sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərətbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi, “Tikinti Şirkəti” F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada D blok, 6 mərtəbə, 74,73 kv.m (xarici divarların daxili konturlarından) təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nə geri qaytarmağı öhdəsinə götürmüşdür.

35. Tərəflər arasında bağlanılan müqavilənin şərtlərindən də göründüyü kimi cavabdeh mübahisəli mənzili 24 ay müddətində iddiaçıya təhvil verməyi öz öhdəsinə götürsə də, müqavilədə həmin müddət ərzində iddiaçıya kirayə haqqının ödənilməsi ilə bağlı hər hansı bənd nəzərdə tutulmamış, sadəcə məhkəmə tərəfindən iddiaçıya dəymiş zərərin əvəzinin hesablanması onun mənzildən faydalana biləcəyi müddət əldə edə biləcəyi kirayə haqqı gəlirinə uyğun olaraq aparılmışdır.

36. Mülki qanunvericiliyin borclunun icranı gecikdirməsi nəticəsində daşıdığı öhdəliklərlə bağlı normalarına əsasən istər gecikdirilmiş vaxt üçün müəyyən olunan məbləğə illik beş faizin ödənilməsi, istərsə də Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında əldən çıxmış faydaya görə hesablanmış pulun ödənilməsini tələb etmək hüququ məhz pul öhdəliklərinin icra edilməməsindən irəli gələn hüquqdur. Hazırki iş üzrə yuxarıda da qeyd edildiyi kimi pulun ödənilməsi öhdəliyi, yəni kirayə haqqının verilməsi öhdəliyi müqavilədən irəli gəlməmiş, həmin öhdəlik hazırki məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuşdur. Bu isə o deməkdir ki, hazırda hər ay üçün 800 manat kirayə haqqının ödənilməsi məhkəmə tərəfindən öhdəlik olaraq cavabdeh üçün müəyyən edilir və 5% əlavə vəsait yalnız həmin öhdəlik yerinə yetirilmədiyi halda gecikdirilmiş müddət üçün tutula bilər.

37. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-827/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar