Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6821/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-5059/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 201 və 218 nömrəli otqaları ilə bağlıdır. Həmin yataqxana Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır, xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aiddir. 2.Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin “Turan” hərbi yataqxanasının komendantına ünvanladığı xx.xx.2019-cu il tarixli 5238 nömrəli məktubda qeyd olunub ki, Bakı Qarnizonu Mənzil-İstismar hissəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 906 nömrəli məktuba əsasən mülki işçi Cavabdeh müvəqqəti olaraq həmin yataqxanada yerləşdirilsin. 3.Bu məktuba əsasən, cavabdeh 2019-cu ildən həmin otaqlarda yaşayır. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdeh yataqxananın həmin otaqlarından çıxarılsın. 5.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh yataqxananın həmin otaqlarından çıxarılsın. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün səlahiyyətli subyektin qərarı olmalı və kirayə müqaviləsi bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Yataqxananın həmin otaqlarının cavabdehə verilməsi barədə səlahiyyətli subyekt tərəfindən qərar qəbul olunmayıb və cavabdeh ilə kirayə müqaviləsi bağlanmayıb. Cavabdeh həmin otaqlara Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi rəisinin “Turan” hərbi yataqxanasının komendantına ünvanladığı xx.xx.2019-cu il tarixli 5238 nömrəli məktub əsasında yerləşdirilib. Bu məktub qərar sayılmır. Ona görə də cavabdehin həmin otaqlarda yaşaması qanunsuz sahiblik sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 9.Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin yataqxananın həmin otaqlarından çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-5059/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6821/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6821/2025
16.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver