Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6823/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2949/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş və ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı 30 iyul 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətin ötürülməsini üzrlü hesab edərək, mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2949/2020 saylı qərardadı ilə ərizə təmin edilərək qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı bu qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən iddia ərizəsi üzrə məhkəmə prosesi 4-5 ay davam etmiş, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə hörmətsizlik etmiş və heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada təqdim edilmiş və onun qətnamədən apelyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-2949/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, cavabdeh apellyasiya şikayətini imzalamadan göndərmişdi. Bunda cavabdehin məqsədi işi süni uzatmaq olub. Rayon məhkəməsi də buna göz yumaraq işi apellyasiya insatansiya məhkəməsinə göndərmişdi. Daha sonra da məhkəmə müddətin ötürülməsini üzrlü hesab etmiş, lakin həmin məhkəmə iclasında iddiaçının iştirakını təmin etməmişdi. Artıq 2 ildir ki, bu işə mahiyyəti üzrə baxılması mümkün deyil. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, rayon məhkəməsində işə baxılarkən onun iştirakı təmin edilməmişdi. Məhkəmədən xahiş edir, qərardad qüvvədə saxlanılsın. Bu ev artıq satılıb, iddiaçı da bunu bilə-bilə bu işi davam etdirir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosesual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, mülki işdən görünür ki, Cavabdeh tərəfindən qətnamədən apelyasiya şikayəti 02 sentyabr 2020-ci il tarixdə verilmiş, mülki iş materialları ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, lakin apelyasiya şikayəti cavabdeh tərəfindən imzalanmadığından Bakı Apelyasiya Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Cavabdeh 10 fevral 2021-ci il tarixdə qəbz imzalamaqla apelyasiya şikayətini əldə etmiş və müddətin bərpası barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayəti imzalanmadan verildiyi üçün cavabdeh apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2949/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(011)-2949/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6823/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6823/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver