Məhkəmə qərarları › İş №2(103)-6823/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6823/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6823/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əldən çıxmış faydanın tələb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair 2(005)-1316/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzili Cavabdeh tərəfindən İddiaçı 60000 manata satılmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)- 1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, son kirayə haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilindən çıxarılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(103)-1596/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)- 1914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli 2(102)-3577/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(103)- 1596/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)- 578/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2(103)-356/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya sikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.

8. Cavabdeh ərizə ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək 03 dekabr 2021-ci il tarixində həmin mənzildən çıxdığını, mənzildən çıxarkən özünə məxsus olan bütün əşyaları çıxardığını bildirmişdir.

9. Cavabdeh mənzildən çıxdığına görə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun 08 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, evin ona təhvil verilmədiyi müddət ərzində əldən çıxmış faydanın əvəzi kimi 15200 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 135 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 yanvar 2018-ci il tarixində Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilini almışdır. Alqı-satqı müqaviləsi bağlayarkən cavabdehə bildirmişdir ki, mənzili almaqda məqsədi mənzili kirayəyə verib pul qazanmaqdır. Müqaviləyə əsasən cavabdeh 23 aprel 2018-ci il tarixədək mənzili iddiaçıya təhvil verməli idi. Həmin müddət başa çatdıqdan sonra cavabdeh özü həmin evdə kirayədə qalıb kirayə pulunu ödəyəcəyini bildirmiş, iki ay ərzində kirayə haqqını ayda 300 manat olmaqla ödəmişdir. Bundan sonra münasibətləri korlanmış, cavabdeh iddiaçıya kirayə pulu ödəməmiş və mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ona qarşı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, o isə Cavabdeh mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddia vermişdir. Son nəticədə Cavabdeh iddiası təmin olunmamış, onun iddiası təmin olunaraq Cavabdeh mənzildən çıxarılması qət olunmuşdur. Qətnamə icraya yönəldildikdən sonra 7 dekabr 2021-ci ildə mənzil ona təhvil verilmişdir. Bu müddət ərzində o xeyli maddi itkilərə məruz qalmış, 01 sentyabr 2018-ci ildən fayda götürəcəyinə ümid etdiyi gəlir əldən çıxmışdır. Əgər 01 sentyabr 2018ci ildən 07 dekabr 2021-ci il tarixədək hər ay həmin mənzili 400 manata kirayəyə versəydi, 38 ay ərzində 38x400=15200 manat məbləğində gəlir əldə edə bilərdi. Buna görə də 15200 manat pulun əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 157.5-ci maddələri ilə əsaslandırılmışdır.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, cavabdeh heç vaxt mənzili kirayəyə götürməmiş, onun mənzildən çıxarılması barədə məhkəmə qərarı icraya yönələn kimi o, mənzili boşaltmışdır. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(005)- 1316/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Səbinə Nuriyeva)

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsiri üzündən iddiaçının zərərə məruz qalması və faydadan məhrum olması sübut olunmamışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, Mülki Prossesual Məcəlləsinin 76.2, 77.1. 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı 2018-ci ilin yanvar ayında maddi durumumun ağır olmasından istifadə edərək dəyəri 90000 manat olan mənzili ondan 60000 manata almaqla onu aldatmış və uzun müddət mənzilin onun istifadəsində qalmasının səbəbi məhkəmə çəkişmələrinin davam etməsi ilə bağlı olmuşdur. Odur ki, məhkəmə qeyd edilmiş halları və qanunvericiliyin tələblərini əsas götürərək iddianı rədd etməklə düzgün və ədalətli nəticəyə gəlmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

21. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İş materiallarından görünür ki, iddiaçının faydadan məhrum olunduğunu qeyd etdiyi 01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alqısatqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq allqı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir. Bundan əlavə, həmin işdə hazırkı İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb irəli sürmüş, iddia tələbi təmin olunmamışdır. Həmin işdə də iddiaçı cavabdehdən 2018-ci ilin sentyabr ayından məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqının ödənilməsini tələb etmişdir. Qeyd olunan işdə məhkəmələr bu qənaətə gəlmişlər ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər olmamışdır. Hazırkı işdə isə İddiaçı öz iddiasını belə əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan mənzili kirayəyə versəydi, 2018-ci ilin sentyabr ayından məhkəmə aktı icraya yönəldiyi ana qədər olan dövrdə 38 ay müddətində 15200 manat gəlir əldə edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh təqsiri üzündən faydadan məhrum olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

26. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1316/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar