Məhkəmə qərarları › İş №2(103)-6824/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6824/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6824/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m olan sahəyə istifadəyə maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı "Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m sahəyə olan istifadəyə maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-1085/2015 saylı icra sənədinə əsasən Bakı şəhəri, S.Rəhimov küçəsi, 35 saylı evin 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı yaşayış sahəsinə (bundan sonra – yaşayış sahəsi) dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 86 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən həmin icra sənədi icra edilərək İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin yaşayış sahəsinə dair müvafiq çıxarış verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, lakin sonuncu tərəfindən qeyd olunan yaşayış sahəsinə çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinin onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə, ona bu barədə çıxarışın verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 1054/2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, yaşayış sahəsinin iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.5 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə tam paydan ibarət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Daha sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin ümumi sahəsi 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq 9.8 kv.m hissədə yaşayış sahəsini qızı X2 bağışlamışdır. Bununla əlaqədar iddiaçının və qızının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X4 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ ilə 2 paydan ibarət: 1. ümumi sahə 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq 9.8 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə iddiaçının adına; 2. ümumi sahə 20.4 kv.m., köməkçi sahə - 10 kv.m və 1 otaq- 10.4 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə onun qızının adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 35 saylı evin 2-ci mərtəbəsində yaşayan qonşu və qaynı - cavabdeh xeyli müddətdir ki, onun mənzilini qanunsuz olaraq zəbt etmiş, həmin mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyinə maneələr yaradır, hətta iddiaçının razılığı və icazəsi olmadan həmin 1 otaqlı mənzılı başqa şəxslərə kirayə verməklə əsassız gəlirlər əldə edir. Cavabdeh mənzildən qanunsuz istifadə edir ki, bununla iddiaçının mülkiyyət hüquqlarını pozur. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son qoymasını, iddiaçıya məxsus 1 otaqlı mənzildən istifadə etməyinə yaratdığı maneələri aradan qaldırmasını, mənzildən sərbəst istifadə etməyinə şərait yaradılması üçün həmin mənzildən çıxmasını və mənzilin boşaldılaraq təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-5100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m olan sahəyə istifadəyə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin sahədən çıxarılması, həmin mülkiyyət sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. İddiaçının tələbi tam qanunsuz olmaqla bərabər ümumiyyətlə onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Mübahisəli əmlak cavabdehin baba mülkü olmaqla bərabər cavabdeh uzun illərdir ailə üzvləri ilə bərabər həmin əmlakdan istifadə edir, hətta hazırda həmin əmlak cavabdehin deyil, kirayə müqaviləsi ilə digər şəxsin faktiki istifadəsindədir. Yəni, iddiaçının qeyd etdiyi manelər cavabdeh tərəfindən deyil, ümumiyyətlə digər bir şəxs tərəfindən qoyulmuşdur. İddiaçının hazırki tələbi və məhkəmənin yekun qərarı ilə nəinki cavabdehin, hətta digər üçüncü şəxslərin də hüquqları pozulmuş olur. İddiaçının aldığı çıxarış da qanunsuzdur. Çıxarışda mübahisəli yaşayış sahəsinin ölçüsü 20.2 kv. m əvəzinə 32.5 kv.m qeyd edilib. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və bildirdi ki, hazırda inzibati qaydada iddia ərizəsi veriblər və iş məhkəmənin icraatındadır. Buna görə də həmin məhkəmə icraatı yekunlaşana qədər icraatın dayandırılmasını xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə müəlumat verməmişdir.

8. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən verilmiş **********08-05101-093003 reyestr nömrəli çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 32.5 kv.m.-dir. Ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m hissəsi İddiaçı paylı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Ümumi sahəsi 20.4 kv.m., köməkçi sahəsi - 10 kv.m və 1 otaq - 10.4 kv.m hissəsi X1 paylı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.

10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində istifadədə olan 0,01206 ha torpaq sahəsində yerləşən 35 nömrəli 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 39,4 kv.m. ümumi, 25,04 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 880 nömrəli reyestr kitabının 81836 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2008-ci il ildir.

11. Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdehin yaşadığı evin yarımzirzəmi sahəsinə dair icarə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi barədə ərizəsinə xx.xx.2013-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur: “Bakı şəhərində keçirilən genişmiqyaslı kompleks tədbirlər planı çərçivəsində müəyyən ərazilərdə, o cümlədən Sizin yaşadığınız ərazidə də abadlaşdırma və yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur və Bakı şəhər İcra Hakimiyyətinin komitəyə ünvanlanmış xx.xx.2011-ci il tarixli, 7-562/21g nömrəli məktubunda söküntü işləri aparılacaq ünvanlar üzrə daşınmaz əmlakla bağlı sənədləşmə işlərinin aparılmaması xahiş edilmişdir”.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4nin xx.xx.2025-ci il tarixli məktubunda görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, ev 35, 1 saylı mənzil 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-1054/2019 nömrəli qərraına əsasən xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 4Ə-664 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin ü/s-20.4 kv.m., k/s – 10 kv.m. və 1 otaq – 10.4 kv.m hissəsi X1 adına, ü/s-12.1 kv.m., k/s – 2.3 kv.m. və 1 otaq – 9.8 kv.m. hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

13. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, mülki iş materiallarındakı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 tərəfindən verilmiş **********08-05101-093003 reyestr nömrəli çıxarışdan görünür ki. mübahisəli yaşayış sahəsi iddiaçının paylı mülkiyyətindədir.

37. Odur ki, iddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqları həyata keçirə bilməmişdir. İddiaçı mübahisəli yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun ona tanındığı imkandan istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili mübahisələndirilən yaşayış sahəsinin hazırda cavabdehin deyil, kirayə müqaviləsinə əsasən başqa şəxsin faktiki istifadəsində oluduğundan iddiaçıya maneələr cavabdeh yox, kirayəçi tərəfindən törədilməsindən ibarətdir.

42. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin cavabdeh tərəfindən kirayəyə verilməsi cavabdehlə kirayəçi arasında yaranan hüquq münasibətləridir. Cavabdehin həmin yaşayış sahəsi ilə bağlı kirayə müqaviləsi bağlamağa ümumiyyətlə hüququ belə yoxdur. Odur ki, iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə hazırkı maneələr kirayəçilər yox, cavabdeh tərəfindən yaradılır.

43. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ididaçıya mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna dair verilmiş çıxarış tam qanunsuz və əsassızdır. Bakı İnzibati-İqtisad Məhkəməsinin2-1(81)-1054/2019 saylı xx.xx.2019-cu il tarixli ilə yaşayış sahəsi 20.2 kv.m. müəyyən olunsa da, çıxarışda 32,5 kv.m yazılmışdır.

44. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh şikayətin həmin dəlilini təsdiq edən kifayət qədər əsaslı sübutlar təqdim etməmişdir.

45. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, rayon məhkəməsində işə cavabdeh tərəfin iştirakı olmadan baxılmışdır.

46. Məhkəmə mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının protokoluna əsaslanaraq qeyd edir ki, cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 həmin məhkəmə iclasında iştirak etmiş və izahat vermişlər.

47. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsində iddia ərizəsi ilə müraciət etdiklərini və həmin inzibati iş yekunlaşana qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

48. Məhkəmə bununla bağlı hesab edir ki, subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyətçinin mülkiyyət hüquqları təxirə salınmadan qorunmalıdır. Eyni zamanda cavabdeh tərəf inzibati məhkəməinin icraatında olan işə dair sübutlar (məhkəmə bildirişi və s.) təqdim etməmişdir. Məhkəmə onu da nəzərə alır ki, mübahisəli sahənin cavabdehin mülkiyyətinə keçməsi qüvvədə olan məhkəmə aktlarına əsaslanmışdır. Demək ki, onun həmin sahəyə mülkiyyət hüququnun qanunsuz olaraq əldə etməsi barədə iddiaçının şikayətinin dəlilləri əsaslı deyildir.

49. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

51. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

52. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

53. Beləliklə, Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli yaşayış sahəsinə hər hansı hüququ olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

54. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

55. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar