Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6826/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmət İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmət İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2438/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi əsasında Daşkəsən Rayon baytarlıq İdarəsinin Diaqnostika kabinetində laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmş əmək müqaviləsinə xitam verilmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 2-ci hissəsi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılması və Agentliyin tabeliyinə verilməsi qərara alınmışdır.
3. Struktur dəyişikliyi ilə əlaqədar Daşkəsən Rayon baytarlıq İdarəsinin rəisi Arzu Rüstəmov tərəfindən idarənin işçilərinə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda, onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilə bilinəcəyi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqları saxlanılmaqla özlərinə iş yeri axtarmaq üçün bir iş günü əmək funksiyalarının icrasından azad olunduqları, yeni strukturda ixtisaslarına uyğun iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəyi göstərilmiş, X4 xəbərdarlıqla 5 iyul 2021-ci il tarixində tanış olaraq bunu imzasıyla təsdiq etmişdir.
4. Azərbaycan Respublikasının X11 xx.xx.2021-ci il tarixli 92 saylı əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının və yerli qurumlarının strukturları təsdiq edilmiş, Maliyyə və mühasibat uçotu şöbəsinə tapşırılmışdır ki, yerli qurumların strukturlarına uyğun olaraq ştat cədvəllərini təsdiq olunması üçün təqdim etsin. Təsdiq edilmiş həmin strukturda laborant vəzifəsi nəzərdə tutulmamışdır.
5. İddiaçı qeyd olunan xəbərdarlıq əsasında edilmiş təklif üzrə ərizə ilə cavabdehə müraciət edərək işdən azad edilməsini xahiş etmişdir.
6. Qeyd olunan ərizə təqdim edildikdən sonra cavabdeh tərəfindən mübahisələndirilən əmr verilmiş və iddiaçının əmək müqaviləsinə xitam verilərək, tutduğu vəzifədən azad edilmişdir.
7. İddiaçı hazırda qeyd olunan ərizəni ona edilmiş təzyiqlər əsasında yazdığını bildirir və əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildən Daşkəsən rayon Baytarlıq İdarəsində laborant vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Baytarlıq İdarəsinin kadrlar şöbəsinin rəisi labaratoriyanın işçiləri ilə onlayn iclas keçirərək idarəyə ali təhsilli işçilərin götürüldüyünü və iddiaçının işlədiyi laborant vəzifəsinin isə tamamilə ixtisara düşdüyünü və buna görə də onu idarədə sosial işlə təmin edəcəyini bildirmişdir. Təxminən bir həftə sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçı ilə telefonla əlaqə saxlayaraq işdən könüllü çıxmaq istəməsi barədə ərizə yazmağını tələb etmişdir. İddiaçı ərizəni yazmaqdan imtina etmişdir. Bir necə gün idarənin rəisi iddiaçıdan müvafiq ərizəni yazmasını tələb etmişdir. Daha sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçıya künüllü işdən çıxmadığı halda vəzifəsi ixtisara düşdükdən sonra iddiaçıya idarədə sosial vəzifə verməyəcəyini bildirmişdir. Bu səbəbdən də iddiaçı məcbur olaraq idarə rəisi Arzu Rüstəmovun xidməti otağında guya öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazmışdır. Eyni zamanda iddiaçı sosial işlə təmin olunmağı barədə ərizə yazmışdır. xx.xx.2021-ci il tarixli 13 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmuşdur. Daha sonra idarənin rəisi Arzu Rüstəmov iddiaçıya Daşkəsən rayon Məşğulluq İdarəsində qeydiyyata durmasını və beləcə sənədlərinin DOST iş mərkəzinə göndərilməsini bildirmişdir. Bundan sonra iddiaçı idarənin digər sahə həkimləri ilə birlikdə Daşkəsən rayon Məşğulluq İdarəsinə gedərək qeydiyyatdan keçmişdir. Daşkəsən rayon Məşğulluq İdarəsindən iddiaçıya 2 ay ərzində cavab veriləcəyi bildirilsə də, həmin müddət ərzində iddiaçıya cavab verilməmişdir. Bundan sonra iddiaçı idarənin rəisi Arzu Rüstəmova müraciət edərək idarədə vakant yer olmasına baxmayaraq, hansı səbəbdən iddiaçını işlə təmin etmədiyini soruşduqda, Arzu Rüstəmov DAM-ın rəisi Azər Hacıyevin iddiaçının işə götürülməsinə razılıq vermədiyini bildirmişdir. İddiaçı ilə birlikdə Daşkəsən rayon Məşulluq İdarəsinə müraciət etmiş sahə həkimləri yenidən tutduqları vəzifəyə geri qaytarılmışdır. İddiaçı bununla əlaqədar olaraq Azər Hacıyevin yanına getmiş və onun niyə işə geri qaytarılmamasını öyrənmək istədikdə sonuncu onun 31 ildir işlədiyini və həmin vəzifəyə cavan kadr götürüldüyünü bildirmişdir. Bundan sonra iddiaçı aldadıldığı qənaətinə gələrək prokurorluğa və məhkəməyə şikayət ərizələri yazmışdır.
10. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, struktur dəyişikliyi ilə əlaqədar 2 iyul 2021-ci il tarixdə rayon (şəhər) baytarlıq idarələrinə xəbərdarlıq göndərilmişdir. İddiaçı həmin xəbərdarlıqla 05 iyul 2021-ci il tarixində tanış olaraq öz imzasıyla təsdiq etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, İdarənin rəisi Arzu Rüstəmov tərəfindən hədə-qorxu gəlindiyinə və işlə təmin olunacağıyla bağlı aldadıldığına görə işdən çıxma barədə ərizə yazmışdır. İddiaçının bu fikri həqiqətə uyğun deyildir. İddiaçı sözügedən ərizəni öz təşəbbüsü ilə yazmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2438/2022 saylı qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması barədə ərizəsinin idarənin müdiriyyətinin təkidi ilə yazmasını cavabdeh etiraf etməsə də, hazırda iddiaçının uzun müddət işlədiyi vəzifədən azad edilməsi barədə ərizə verməsi ilə cavabdeh təşkilatda struktur dəyişikliyinin tətbiq edilməsi arasında müəyyən səbəbli əlaqənin mövcud olduğunu təsdiqləmək üçün yetərlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz arzusu ilə işdən çıxmaqla bağlı ərizə versə də, bu ərizədə işdən çıxmasının səbəbi göstəriləmiş, habelə onun işdən azad edildikdən sonra hər hansı digər işə getməsi, yaşayış yerini dəyişməsi, səhhətinin ona işləməyə imkan verməməsi, ümumiyyətlə həmin yerdə işləmək arzusunun olmaması kimi hallar müəyyən edilməmiş, işçi struktur dəyişikliyi ilə bağlı edilmiş xəbərdarlıqda rəhbərlik tərəfindən göstərilmiş təklifdən istifadə edərək əvvəlki vəzifəsinə qayıtmaq istəmişdir. Göstərilənlərdən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı işdən azad olma barədə ərizəni kənar təsir nəticəsində yazmışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, Daşkəsən rayon Baytarlıq İdarəsinin xx.xx.2021-ci il tarixli 13 nömrəli əmrində qanunvericliklə nəzərdə tutulmuş forma və məzmuna riayət edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3 bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69.7-ci maddəsinə, 84-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”-ın 25-ci bəndinin ikinci abzasının birinci cümləsinə görə imzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Göründüyü kimi, imzanın tərkibinə sənədi imzalamış şəxsin atasının adı daxil deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 2ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bu norma dispozitiv normadır, imperativ norma deyildir. Yəni məhkəmə həmin əmri etibarsız hesab etməyə də bilər. Qeyd olunan əmr onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalansa idi, məhkəmə keçirilən iclas zamanı bu məsələyə toxunardı. Sözügedən əmri imzalayan rəis Arzu Rüstəmov ilə bağlı aidiyyəti sənədlər təqdim edilmişdir. Məhkəmə rəis Arzu Rüstəmovun şəxsiyyətini müəyyən edə, həmçinin onun səlahiyyətlərini yoxlaya bilmədiyi təqdirdə qeyd olunan əmri etibarsız hesab edə bilərdi. Məhkəmə araşdırması zamanı sözügedən məsələ ətraflı şəkildə təhlil olunaraq qiymətləndirilməli idi. Arzu Rüstəmovun atasının adının qeyd olunmaması həmin əmrin məzmununa heç bir xələl gətirmir və onun etibarsız hesab edilməsinə səbəb olmur. Həmçinin mülki iş üzrə bütün sübutlar tərəflərindən qanunvericiliyə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Lakin işə mahiyyəti üzrə baxılıb qurtardıqdan sonra müşavirə otağına gedən zaman hakim cavabdehin nümayəndəsindən Agentliyin Daşkəsən Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturunun, İddiaçı isə sosial işçi kimi işə götürülməsinə dair yazdığını iddia etdiyi ərizənin məhkəməyə təqdim olunmasını tələb etmişdir. Strukturla bağlı 05 oktyabr 2018-ci il tarixli 136 nömrəli və 12 iyul 2021-ci il tarixli 92 nömrəli əmrlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə tərəflərindən məhkəməyə göndərilməsinə baxmayaraq, hakim Agentliyin üzərinə həmin əmrlərin kağız formasında təqdim edilməsi öhdəliyini qoymuşdur. Bundan başqa, sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi ilə bağlı mülki prosessual qanunvericilikdə konkret göstərişlər olsa da, hakim tərəfindən işə baxılması zamanı bu hal da nəzərə alınmamışdır. Bununla da, hakim tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü və 10-1.5-ci maddələrinin, 78.1-ci maddəsinin birinci cümləsinin, həmçinin 167.1.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. MPM-in 10-1.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qətnamədə qeyd edilmişdir ki, AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2018-ci il tarixli 136 saylı əmrinin 1-ci bəndindən görünür ki, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idarəçiliyində olan rayon (şəhər) Baytarlıq idarələrinin, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin, Epizootiya və X7 Respublika Ekspedisiyasının və 3-cü X1 ReferensLaboratoriyasının strukturu təsdiq edilmişdir. Həmin əmr əsasında AR KTN yanında Dövlət Baytarlıq Xidmətinin Daşkəsən rayon Baytarlıq İdarəsinin strukturu barədə cədvəlin Daşkəsən rayon Diaqnostik Kabineti bəndinin 4-cü bəndində laborant vəzifəsi olması təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş AR KTN-nin xx.xx.2021-ci il tarixli 92 saylı əmrindən görünür ki, AR X11 xx.xx.2018-ci il tarixli 136 saylı əmri ləğv edilmişdir. Həmin əmrlə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturu təsdiq edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə bu məsələyə qərəzli yanaşmışdır. Belə ki, məhkəmə 15 iyul 2022-ci il tarixli 2(005)-2438/2022 nömrəli qətnamədə X11 2018-ci il 05 oktyabr tarixli 136 nömrəli əmri ilə təsdiq edilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Daşkəsən rayon Baytarlıq İdarəsinin strukturuna əsasən Daşkəsən rayon Diaqnostik Kabinetinin laborantı vəzifəsinin olmasını vurğula sa da, həmin qətnamədə X11 2021-ci il 12 iyul tarixli 92 nömrəli əmri ilə təsdiq edilmiş Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturunun üzərindən səthi keçmişdir. Məhkəməyə təqdim olunmuş 12 iyul 2021-ci il tarixli 92 nömrəli əmrdən açıqaşkar görünür ki, həmin əmr ilə təsdiq edilmiş Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturunda Daşkəsən rayon Diaqnostik Kabinetinin laborantı vəzifəsi yoxdur. Göründüyü kimi, hakim qətnamənin nəticə hissəsini elan etdikdən və iş üzrə yekun nəticə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildikdən sonra X11 2021-ci il 12 iyul tarixli 92 nömrəli əmri ilə təsdiq edilmiş Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin strukturuna baxmış və sözügedən vəzifənin mövcud olmadığından xəbərdar olmuşdur. Bununla yanaşı, X15 İddiaçı sosial işlə bağlı ərizə almamışdır. X15 məhkəmə iclasında həyəcanlı olduğundan doğru məlumat verməmişdir və sosial işlə bağlı ərizə mövcud deyildir. Sosial işlə bağlı ərizədən söhbət gedən zaman X2 ərizəni İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar 29 oktyabr 2021-ci il tarixində yazdığı ərizə ilə qarışıq salmışdır. Məhz bu səbəbdən də X15 məhkəmə iclasında o cür məzmunda çıxış etmişdir. İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar 29 oktyabr 2021-ci il tarixində ərizə yazmışdır. O, həmin ərizəni öz təşəbbüsü ilə yazmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri X8 və X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
23. Maddə 2, bənd 3. Əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməsi, habelə əmək mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması nəzərdə tutulmuşdur.
24. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Maddə 68, 2-ci hissə, “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.
26. Maddə 69, bənd 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
27. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu; a. 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. b. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. c. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, X6 İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin yaradılması və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilməsi qərara alınmış, yaradılan qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etmək Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Həmin qərar xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir.
32. Göründüyü kimi, həmin qərarın qüvvəyə minməsi ilə iddiaçının işləmiş olduğu Daşkəsən Rayon Baytarlıq İdarəsinə münasibətdə mülkiyyətçi dəyişikliyi baş vermiş və iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsinin və onun şərtlərinin yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılması imkanı, eləcə də yeni mülkiyyətçinin (Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin) işçilərin əmək müqavilələrini, müəyyən edilmiş qaydalara əməl etməklə Əmək Məcəlləsinin 70, 73 və 75ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edə bilmək səlahiyyəti yaranmışdır.
33. Əmək Məcəlləsinə əsasən Müəssisənin mülkiyyətçisi dəyişdikdə, bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir (Maddə 63).
34. İşin hallarından aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iddiaçıya münasibətdə göstərilən səlahiyyətindən istifadə etməmiş, iddiaçının əmək müqaviləsinə isə artıq onun işəgötürəni olmayan şəxs tərəfindən xitam verilmişdir.
35. Həmçinin qeyd olunmalıdır ki, “işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır” müddəasının mənasına görə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi işdən çıxmaq və işə qəbul olunmaq barədə ərizə yazmaq məcburiyyətində deyil və bu cür ərizələrin verilməməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas yarada bilməz. Əks yanaşma müvafiq normanın (Əmək Məcəlləsinin 70-ci maddəsinin) həddindən artıq geniş təfsiri olardı – hansı ki, hüquq normasının təfsiri heç bir halda yeni hüquq normasının formalaşdırılması ilə nəticələnməməlidir.
36. Başqa sözlə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi əvvəlki şərtlərlə əmək münasibətlərinə davam edir və əgər yeni mülkiyyətçi yeni struktura uyğun olaraq işçilərin (yaxud ştatların) ixtisarını həyata keçirmək niyyətində olarsa, Əmək Məcəlləsinin müəyyənləşdirdiyi qaydalara əməl etmək şərtilə həmin səlahiyyətindən istifadə edə bilər.
37. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçıya məhz yeni mülkiyyətçi, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni strukturda nəzərdə tutulmuş laborant vəzifəsi təklif olunmalı, əgər o, bundan imtina edərdisə, o zaman müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilərdi.
38. İşin hallarından həmçinin görünür ki, iddiaçının işləmiş olduğu Daşkəsən rayon Baytarlıq İdarəsində işçilərin və ya ştatların ixtisarı da aparılmamışdır.
39. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 132 nömrəli Qərarının 11.1-ci bəndində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən yaradılan qurumların əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərinin təsdiq edilməsi tapşırılmışdır.
40. Bundan əlavə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Arzu Rüstəmov verdiyi izahatında iddiaçıya həmin qurumda ixtisasına uyğun iş olarsa, ona məlumat veriləcəyinin bildirildiyi, ixtisasına uyğun iş olmadığından iddiaçının işlə təmin olunmadığını, sosial işlə bağlı iddiaçının sənədlərinin DOST mərkəzinə göndərildiyini, növbəti iclasda həmin sənədləri təqdim edəcəyini bildirmişdir. Növbəti məhkəmə iclaslarında cavabdeh digər nümayəndə ilə məhkəmə iclasında təmsil olunmuş, o, cavabdehin əvvəlki nümayəndəsinin izahatını təkzib etmiş, sosial işlə bağlı iddiaçının hər hansı müraciətinin olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlillərində də cavabdehin nümayəndəsi Arzu Rüstəmovun həyəcanlı olduğundan qeyd edilən məzmunda izahat verdiyi, iddiaçının işdən azad olunma barədə ərizəsindən başqa hər hansı ərizəsinin olmadığı göstərillmişdir.
41. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini inandırıcı hesab etmir və cavabdehin sonrakı nümayəndəsinin iddiaçının belə bir müraciətinin olmamasına dair izahatına tənqidi yanaşaraq bunu özünümüdafiə məzmunlu izahat kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsinin 26 may 2022-ci il tarixli iclasında iddiaçı və cavabdehin nümayəndələri iştirak etmiş, həmin məhkəmə iclasında cavabdeh iki nümayəndə - Fəridə Allahverdiyeva və Arzu Rüstəmov ilə təmsil olunmuş, Arzu Rüstəmov sözügedən məzmunda izahat verərkən Fəridə Allahverdiyeva ona etiraz etməmiş, izahatında həmin məqamlara toxunmamış, beləliklə, cavabdehin nümayəndələri eyni mövqedən çıxış etmişlər. Növbəti məhkəmə prosesləri cavabdehin nümayəndəsi Fəridə Allahverdiyevanın iştirakı ilə davam etmiş, sonuncu əvvəlki nümayəndənin həyəcanlı olduğundan həmin məzmunda izahat verdiyini, əslində isə belə bir ərizənin olmadığını bildirmişdir. Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri ağlabatan deyildir və işin halları və tərəflərin izahatları ilə ziddiyyət təşkil edir.
42. Beləliklə, kollegiya apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
43. Məhz bu baxımdan kollegiya hesab edir ki, prosessual qənaət prinsipi baxımından mübahisələndirilən əmrin tərtib edilməsinin forması və məzmunu ilə bağlı Əmək qanunvericliyinin şərtlərinə əməl edilməməsinə (əmri verən şəxsin ata adının göstərilməməsi) dair apellyasiya şikayətinin digər dəlili üzrə əlavə araşdırmaya zərurət yoxdur.
44. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2438/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.