Məhkəmə qərarları › İş №2(103)-6826/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6826/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6826/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Murad Səfərlinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1858/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji araşdırmalar mərkəzində ətraf mühitin keyfiyyəti üzrə mütəxəssis vəzifəsində işləyib. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Milli Hidrometeorologiya Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 2033/K nömrəli əmri ilə ləğv edilib. Əmr onunla əsaslandırılıb ki, attestasiya komissiyasının qərarına görə iddiaçı tutduğu vəzifəyə uyğun gəlmir. 2.Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunub. Həmin hüquq normasına görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, həmin əmr ləğv olunsun, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Murad Səfərli apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellayasiya instansiyası məhkəməsinin mövqeyi 8.AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Cavabdeh bu qadağanı pozub. Belə ki, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü Şəms Hüseynzadə adlı bir uşağı var. Əmək müqaviləsi xx.xx.2022ci il tarixli əmrlə ləğv edilərkən uşağın yaşı 1 il 5 ay olub. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunsuzdur. 9.Bundan başqa, attestasiya qanunvericliyə uyğun keçirilməyib. 10.Belə ki, cavabdeh “attestasiya” adı ilə imtahan keçirib. Onun imtahan keçirmək hüququ yoxdur. İmtahan və attestasiya fərqli anlayışlardır. İmtahan – insanın biliyinin qiymətləndirilməsi prosesidir, attestasiya – işçinin tutduğu vəzifəyə uyğunluğunun peşəkarlıq səviyyəsinə və ixtisasının dərəcəsinə görə qiymətləndirilməsi prosesidir. Qiymətləndirmənin imtahan, yoxsa attestasiya sayılması sualların məzmunu ilə müəyyn olunur. Belə ki, AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsindən və AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən görünür ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə aşağıdakılar barədə suallar verilə bilər: a) tutduğu vəzifəyə (peşəyə) dair; b) əmək funksiyasına dair; c) ixtisasına (peşəsinə) dair; ç) yerinə yetirdiyi işlər və onların nəticələrinə dair; d) tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərə dair. İddiaçıya verilmiş sual kitabçasından (iş v. 46-49) görünür ki, 44 sualın hamısı yalnız ətraf mühitə və onun mühafizəsinə aiddir, işçiyə onun tutduğu vəzifəyə, əmək funksiyalarına, yerinə yetirdiyi işlər və onların nəticələrinə, əmək müqaviləsi üzrə hüquqları və vəzifəsinə aid məsələlərə dair suallar verilməyib. Ona görə də həmin suallar əsasında keçirilmiş qiymətləndirmə attestasiya deyil, imtahan hesab olunur. 11.Bundan başqa, attestasiya vərəqinə görə iddiaçı 26 bal toplayıb, səsvermə nəticəsində attestasiya komissiyasının 5 üzvünün səsi ilə o, tutduğu vəzifəyə uyğun sayılmayıb (iş v. 45). Daha sonra, attestasiyanın nəticəsinə yenidən baxılıb, iddiaçının balına 2 bal əlavə edilib və onun topladığı yekun nəticə 28 bal qiymətləndirilib (iş v. 26-27). İddiaçı yenə də tutduğu vəzifəyə uyğun sayılmayıb, çünki AR Ekologiya və Təbii Sərvətlər nazirinin əmrinə görə, işçinin tutduğu vəzifəyə uyğun sayılması üçün o, minimum 30 bal toplamalıdır. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər nazirinin əmri ilə təsdq edilmiş “AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın (iş v. 91-94) 5.4-cü bəndində qeyd olunub ki, attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyyə olunur. Belə əmrin verilməsi qanunvericiliyə ziddir. AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı hissəsinə və AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.5-ci bəndinə görə, attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Odur ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığını müəyyənləşdirmək müstəsna olaraq attestasiya komissiyasının səlahiyyətinə aiddir. Nazir öncədən tövsiyyə formasında keçid balı müəyyən edə bilməz, belə hərəkətlər attestasiya komissiyasının işinə müdaxilə sayılır. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinin sonuncu cümləsində qeyd olunub: “İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz”. Əgər nazir öz əmri ilə keçid balı müəyyənləşdirirsə, bu, onu təsdiq edir ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı attestasiya komissiyasının qərarı ilə deyil, bir şəxsin əmri ilə müəyyən olunur. 12.Beləliklə, məhkəmə AR Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1858/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 2033/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində əvvəlki vəzifəsinə bərpa olunsun və işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar