Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6827/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)-3612/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**- MF-*** nömrəli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" MMC-yə 36 ay müddətinə illik 15% dərəcəsi ilə 350000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. İpoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113-MFİ162 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən 0,05 ha torpa sahəsi üzərində, ümumi sahəsi 226,2 kv.m olan bağ evi və torpaq sahəsini və ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi üzərində fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin, müqavilənin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim gunü ərzində icra olunmadıqda; bu Müqavilə ilə nəzərda tutulmuş ohdəliklərin ipoteka qoyanın yerinə yetirməməsi.
3. İpoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113-MFİ3-162 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 87,9 kv metr olan mənzili xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələrinin müqavilənin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim gunü ərzində icra olunmadıqda; bu Müqavilə ilə nəzərda tutulmuş ondəlıklərin ipoteka qoyanın yerinə yetirməməsi.
4. Azərbaycan Kredit Burosundan çıxarışdan görünür ki, "xxxx" MMC-nin Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş 2023-cü ilin may ayına gecikmə günləri 180 gün təşkil edir. Tarixçə üzrə şərti işarələmə məlumatlarına əsasən, 180 gün gecikmə 91-180 gün aralığında gecikməni əks etdirir.
5. Borclu "xxxx" MMC-nin CavabdehASC-yə olan kredit borcu üzrə gecikmə günləri haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu "xxxx" MMC-nin Bankla bağladığı 04 noyabr 2021-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə kreditin gecikdirildiyi günlərin sayı əsas borca görə 91 gün, faiz borcuna görə 96 gün təşkil edir.
6. Cavabdeh ASC tərəfindən ipoteka qoyanlar X2 və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli PKŞ/4345 nömrəli “İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş-xəbərdarlıdqa qeyd edilmişdir ki, xx.xx.2021 tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 3.1.6-ci bəndinə əsasən, borcalan tərəfindən auntet ödənişlər 12 ay ardıcıl üç dəfədən çox gecikdirildikdə bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiiz/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Onlar tərəfindən müqavilənin şərtlərinə əməl etməyərək öhdəlikləri pozulmuşdur. Onların xx.xx.2023-cü il tarixə həmin kredit müqaviləsindən irəli gələn 232247,39 manat məbləğində əsas borc, 12819,68 manat məbləğində faiz borcu, 744,02 manat məbləğində məbləğində gecikmiş cərimə borcu olmaqla, ümumilikdə 245811,09 manat məbləğində borcları yaranmışdır Yuxarıda göstərilənləri nəzərə alaraq, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün Banka olan kredit borcunun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Əks təqdirdə həmin borcun xx.xx.2021-ci il tarixli, 113-MFİ-1-162 saylı ipoteka müqaviləsinə əsasən X2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 57,7 kv.m olan mənzilə, xx.xx.2021 ci il tarixli, 113MFİ-İ 62 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus a) ünvan 5 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində ümumi sahəsi 226.2 kv.m olan bağ evi və torpaq sahəsi, c) ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olan daşınmaz əmlaklara, xx.xx.2021-ci il tarixli, 113-MFİ-162 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 87.9 kv.m olan mənzilə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan kredit borcun ödənilməsi barədə məhkəməyə və ya icra qeydinin verilməsi üçün notariusa müraciət olunacaqdır.
7. 087757 nömrəli qaimənin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən ipoteka qoyan İddiaçı ünvanlanmış bildiriş onun tərəfindən qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, 04 noyabr 2021-ci il tarixdə ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan X5 və borc alan "xxxx" MMC arasında 113-MFİ-1-162 nömrəli iki ipoteka müqaviləsi bağlanmışdır. Müqavilələrə görə iddiaçının mülkiyyətində olan aşağıdakı əmlaklar ipoteka ilə yüklənmişdir: 1) ünvan 8 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 226,2 kv m olan bağ evi və torpaq sahəsi; 2) ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi; 3) ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 87,9 kv metr olan mənzil. Müqavilələrin 3.1.-ci bəndinə görə ipoteka ohdəliyinin yaranma əsası Bakı şəhərində bağlanmış xx.xx.2021 tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsidir. Kredit Müqaviləsi üzrə Borclu "xxxx" MMCnin banka olan borcunu müəyyən edilmiş qrafikə uyğun ödəməyindən cavabdeh "xxxx"ASC ipoteka saxlayan İddiaçı xx.xx.2023-cü il tarixli İpoteka predmetinə tutma yönəldilməsi barədə Bildiriş-xəbərdarlıq göndərmişdir. Həmin məktub E.Ömərova xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinə əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. Halbuki, İpotek müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bu hal qanunda da göstərilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun 34.1.1.ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh Bank xx.xx.2023-cü il tarxili Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutmanın yönəldilməsi əsasını düzgün yazılmadığından, İpoteka müqaviləsının 5.5.-ci bəndi və "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə zidd olduğundan həmin Bildiriş-xəbərdarlıq ləğv edilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e- 2(004)-3612/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Qətnamənin əsaslarına görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli ola məlumatların dairəsi dəqiq göstərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bildirişdə göstərilməli olan məlumatlara daxil deyildir. Bundan başqa, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (o cümlədən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmişdir. Bank tərəfindən bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixdə borclunun kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası 90 təqvim günündən çox müddətdə, yəni 91 gün gecikdirilmişdir. Beləliklə də, bank tərəfindən bildiriş qanunvericiliyin tələbinə əməl edilməklə verilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən bildirişin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 36.1, 36.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)-3612/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, “ipoteka predmetinə tutma yönəldilməsi barədə" bildirişin etibarsız hesab edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh Bank xx.xx.2023-cü il tarxili Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutmanın yönəldilməsi əsasını düzgün yazılmadığından, İpoteka müqaviləsının 5.5.-ci bəndi və "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə zidd olduğundan həmin Bildirşxəbərdarlıq etibarsız hesab edilməlidir. İddiaçı kredit müqaviləsinin, yəni əsas müqavilənin tərəfi deyildir. İpoteka haqqında qanuna əsasən ipoteka predmetinə tutma yönəldilmədən qabaq tərəfə bu barədə bildiriş verilməlidir. Bildirişdə yalnız işə aidiyyəti olan məlumatlar olmalı və tərəfi yayındıran hallar göstərilməli deyil. Həmin xəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinin əsası kimi bildirişdə kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. İpoteka müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bundan əlavə "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Hesab edirik ki, qarşı tərəf nə ipoteka müqaviləsinin 5.5-ci bəndinə, nə də ki "İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsinə istinad etməmişdir. Bu da qanunvericiliyə ziddir. Buna görə iddiaçı hesab edir ki, həmin bildiriş-xəbərdarlıq etibarsız hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasnı xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda; Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Apellyasiya şikayətinin dəlilləri də iddianın əsasları ilə eyniyyət təşkil etdiyindən qeyd olunan xüsusatlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli olan məlumatların dairəsi dəqiq göstərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bildirişdə göstərilməli olan məlumatlara daxil deyildir.
25. Bundan başqa, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (o cümlədən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmişdir. Bank tərəfindən bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixdə borclunun kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası 90 təqvim günündən çox müddətdə, yəni 91 gün gecikdirilmişdir. Beləliklə də, bank tərəfindən bildiriş qanunvericiliyin tələbinə əməl edilməklə verilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən bildirişin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin həm əsassız olması, həm də müddətin keçməsi əsasları ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev