Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6827/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və işburaxmaya görə əmək haqqın ödənilməsi, mənəvi zərər”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4480/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərə görə 8000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsi ilə ASC “Xalq” Bankında “Şəmkir” filialının təhlükəsizlik inspektoru vəzifəsinə işə düzəlmişdir. Əmək fəaliyyəti dövründə daimi nizam-intizamlı, əmək funksiyalarını dəqiqliklə, vicdanla və peşəkarlıqla yerinə yetirən işçilərdən olmuşdur. Əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsi onun nizam intizamlı və peşəkar olmasına heç bir şübhə yaranmamasına dəlildir. Lakin iddiaçı ASC “Xalq” Bankın Şəmkir rayon filialının rəhbəri qəsdən, qərəzli olaraq işdən çıxarılması üçün ərizə yazmağa təkid etmiş, lakin iddiaçı heç bir əsas olmadığından qəbul etməmişdir. Bundan sonra iddiaçı Baş Ofisə dəvət olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığı bildirilmişdir. Həmin anda da ona heç bir tutarlı əsas bildirilməmiş və işdən çıxarılma səbəbi bugün də qaranlıq qalmışdır. İddiaçı Bankın xx.xx.2025-ci il tarixli XB-K1-20.6.25-002 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçının elektron hökümət portalından əldə etdiyi əmrdən də görünür ki, o əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə işdən çıxarılmışdır. Lakin əmrin məzmunundan da şəxsin hansı qanun pozuntusu, əmək funksiyası pozuntusu törətməsi, əmək müqaviləsindən irəli gələn hansı öhdəliyini yerinə yetirməməsi əsaslandırılmamışdır. Əmrə baxanda belə çıxır ki, istənilən işəgötürən istənilən anda istənilən işçini heç bir səbəb və əsas göstərmədən, formal olaraq əmr tərtib etməklə işdən azad edilə bilər.
3. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsinin onun işçi kimi əmək funksiyalarını icra etmə tərzinə heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında olmuş münasibət işçi ilə işəgötürən arasında olan əmək münasibətləridir və bu münasibətlər hərbi vəzifə və hərbi xidmət haqqmda qanunvericilik ilə deyil, əmək qanunvericiliyi ilə tənzimlənir. Təhlükəsizlik inspektorunun funksional nəzarət edici strukturu olan Bankın Təhlükəsizlik İdarəsinin vəzifəli şəxsləri tərəfindən aparılmış yerində yoxlama zamanı iddiaçı əmək müqaviləsinə əsasən üzərinə qoyulmuş Bankın “Şəmkir” filialının təhlükəsizlik işinin aparılması və yerinə yetirilməsinə dair vəzifə öhdəliklərini icra etməməsi, lazımi qaydada icra etməməsi aşkar edilmiş, lakin qısa müddətdə vəzifələrini icra etməsinə dair möhlət verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində funksional nəzarət edici struktur olaraq, Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini və eyni adlı filialın Mühafizə və rejim şöbəsinin rəisinin iştirakı ilə Filialda təhlükəsizlik işinin aparılması yoxlanılmışdır. Yoxlama zamanı iddiaçının bilik səviyyəsinin aşağı olması, təhlükəsizlik sistemində istifadə qaydalarını lazımi səviyyədə bilməməsi, buraxılış qaydalarını bilməməsi, qaydaların tələblərinin iş saatlarında həyata keçirilməməsi, Filialda 2025-ci il üçün Mülki Müdafiə tədbirlər planının tərtib olunmaması, Mülki Müdafiə işinin təşkilinin olması, heç bir sənədləşdirmə aparılmaması, bu istiqamətdə maarifləndirmə və praktiki işlər həyata keçirilməməsi, buraxılış rejimi üzrə işçilər arasında maarifləndirmə işləri və ehtimal oluna biləcək xoşagəlməz işlərin baş verə biləcəyi, hadisələrin əvvəlcədən qabağının alınması barədə mütəmadi xəbərdarlıq yoxlama işlərinin aparılmaması müəyyən edilmişdir. Bankın “Şəmkir” filialının daxilində nağd vəsaitlərin və digər qiymətlilərin hərəkətinin təhlükəsizliyini təmin edilməsi ilə bağlı iddiaçı insident yaratmışdır. Belə ki, iddiaçı Filialın Müştəri xidməti şöbəsinin böyük kassiri X11 qiymətlilər və pulların, aşağı mərtəbədə yerləşən pul saxlanc yerindən kassa otağma çamadanla təhlükəsiz daşınmasında köməklik etməsinə dair vəzifə təlimatında da vəzifə öhdəliyi kimi qeyd edilmiş Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirməsi barədə göstərişini icra etməmiş və buna qeyri - etik formada, kobud şəkildə etiraz etmişdir. Göründüyü kimi, Filial direktoru tərəfindən əməkdaşlıq və iş prosesinin səmərəli aparılması üçün Filialda xüsusi mühafizə olunmalı olan qiymətlilər və pullar m daşınmasına dəstək olunması əməkdaşa (iddiaçıya) tapşırılmışdır. İddiaçının əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində iddiaçı Filialın təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi üzrə prosesin ahəngini pozmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-4480/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 20 iyun 2025-ci il tarixli, XB-K1-20.6.25-002 nömrəli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının “təhlükəsizlik inspektoru” vəzifəsinə işə bərpa edilməsi, 20 iyun 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hal (törətdiyi hərəkət) iddiaçının özü tərəfindən də etiraf edilir və mübahisə mövzusu deyil. İddiaçının tələbinin əsası həmin halın Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin təsir dairəsinə düşməsi ilə bağlıdır. Bu baxımdan qətnamədə göstərilən həmin dəlil, yəni işçinin əmək müqaviləsinə guya, konkret hansı əsasa görə xitam verildiyinin (hansı hərəkəti törətdiyinin) müəyyən edilmədiyinə dair dəlili tamamilə əsassız olmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Məcəlləsinin konkret maddəsinə və həmin maddənin tətbiqi üçün əsas olmuş halı təsdiq edən müvafiq sənədlərə (ASC “Xalq” Bankının “Şəmkir” filialının direktorunun xx.xx.2025 tarixli xidməti məktubuna və Bankın Təhlükəsizlik İdarəsinin rəisinin xx.xx.2025 tarixli məktubuna), o cümlədən işçidən tələb olunan izahatın verilməsindən imtina etməsi barədə akta istinad edilməklə əsaslandırılmışdır. İddiaçının əmək müqaviləsinin 3.1.1.-ci bəndinə əsasən, “İşçi öz əmək funksiyalarını Azərbaycan Respublikasının qüvvədə olan əmək və banklar haqqında qanunvericiliyinə, bankdaxili qaydalara, bu Əmək Müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatına uyğun olaraq həyata keçirir.” İddiaçının “Vəzifə Təlimatı”nın 15-ci bəndinə əsasən, “Filial direktorunun və Bankın təhlükəsizlik İdarəsinin rəisi/rəis müavininin ona tapşırdığı işləri yerinə yetirmək” işçinin vəzifələrinə aiddir. Göründüyü kimi, İddiaçıəmək müqaviləsinin ayrılmaztərkib hissəsi olan Vəzifə Təlimatının 15-ci bəndində nəzərdə tutulan vəzifəsini yerinə yetirməmiş, həmin bənddə nəzərdə tutulan rəhbər şəxslərin – həm Filial direktorunun, həm də Bankın Təhlükəsizlik İdarəsinin rəisinin tapşırdığını yerinə yetirməmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi üçün ƏM-nin 70-ci maddəsinin ç) bəndində bilavasitə nəzərdə tutulmuş haldır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi xahiş edilmişdir.
8. İddiaçı apellyasiya şikayətinə etirazla Məhkəməyə müraciət edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir: Yasamal Rayon Məhkəməsinin qətnaməsi nəticə hissəsində yəni qanunsuz əmri ləğv edərək, məni işə bərpa etməkdə haqlı olmuşdur. Lakin məhkəmənin əsaslandırmasından sanki belə başa düşülür ki, mən əmək öhdəliyimi pozmuşam, amma bu hal işəgötürənə ziyan vurmadığına, ilk pozuntuya görə birbaşa işdən çıxarma tənbehinin ağırlığı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməyə əsas vermir. Qeyd etmək istəyirəm ki, mən heç bir vəzifə öhdəliyini pozmamışam. X26 ASC mənə eyni vaxtda 2 vəzifə üzrə əmək funksiyaları “yüklədiyinə”, məni həm əmək təhlükəsizliyi, həm də Bankın təhlükəsizlik xidmətinə cavabadeh şəxs kimi işə götürməklə kobud qanun pozuntuları törədib, bu azmış kimi qanunsuz şəkildə də işdən çıxardıb. Məhkəmə qətnaməsi haqlıdır amma məhkəmənin mövqeyi natamamdır. Yasamal rayon məhkəməsi zatən işəgötürənə ziyan vurulmaması, əmək fəaliyyətinin ahənginin pozulmaması, bu hallar olmadan birdən birə ən ağır intizam tənbehinin verilməsinin qanunsuz olması barədə mövqeyi qanunidir, tam əsaslıdır. Ancaq bu hal apellyasiya instansiyası və ya cavabdeh tərəfindən mənim hər hansı bir xəta törətməyim, əmək öhdəliklərimi pozmağım kimi qiymətləndirilə bilməz. Çünki belə hal mövcud olmamışdır. Cavabdeh bank həm birinci instansiya məhkəməsində iddia tələbimizə verdiyi etirazda, həm şifahi izahatda, həm də apellyasiya şikayətində mənim çamadan daşımaqda kassirə köməkdən imtina etdiyimə görə işdən çıxarılmağımı etiraf edir. Ancaq mənim öhdəliyimin, əmək funksiyamın olmasını əsaslandıra və sübut edə bilmir. Mənim işdən çıxarılmağımın qanuniliyi bank ancaq xx.xx.2025-ci tarixli akta və “Vəzifə Təlimatının” 15-ci bəndinə istinad etməklə əsaslandırmağa çalışır. Akta münasibətdə qeyd edim ki, sonradan və məndən xəbərsiz tərtib olunmuş həmin aktı Bankın “Şəmkir” filialının 1-ci dərəcəli sürücüsü X18, Bankın “Şəmkir” filialında Regional mühafizə Polis şöbəsinin polis serjantı X3 və Bankın Şəmkir filialının direktoru X12 imzalamışdır. Görəsən məhkəmə düşünür ki, həmin şəxslərdən hər hansı bir öz ixtiyarı ilə onlara “çörək verən və asılı olduqları” X8 göstərişinə zidd olaraq aktı imzalamaya bilərmi?! Təbii ki, yox. Onlar banka tabedirlər, nə tərtib edilsə, onu da imzalayacaqlar. Digər tərəfdən birtərəfli qaydada tərtib edilmiş və cavabdehin mövqeyini əks etdirən istənilən sənəd-akt və s. mötəbər rəsmi sənəd və sübut sayıla bilməz.
9. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində göstərir ki,“Vəzifə Təlimatı’nın 15-ci bəndinə əsasən,“Filial direktorunun və Bankın təhlükəsizlik İdarəsinin rəisi/rəis müavininin ona tapşırdığı işləri yerinə yetirmək” işçinin vəzifələrinə aiddir. İddiaçı vəzifə təlimatında nəzərdə tutulmuş bu göstərişi yerinə yetirməməklə bir tərəfdən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, digər tərəfdən aşağı mərtəbədən pul və qiymətlilər olan çamadanları daşımaqda qadın kassiri köməksiz vəziyyətdə qoymuşdur”. Əvvəla kassirin qadın olması, çamadana gücünün çatıb-çatmaması və işdə tək olması mənim problemim deyil, əksinə bankın özünün iş mühitini, iş rejimi düzgün tənzimlənə bilməməsinin nəticəsidir.
10. Çamadan daşımağın işçinin vəzifə öhdəliyi olub-olmaması müəyyənləşdirmək üçün ilk növbədə işçinin hansı vəzifə üzrə əmək fəaliyyətinə cəlb edilməsinə diqqət etmək lazımdır. Hesab edirəm ki, əmək müqaviləsində işçinin vəzifəsinin "təhlükəsizlik inspektoru" kimi qeyd edilməsi özü nöqsanlıdır. Əmək müqaviləsində vəzifə konkret göstərilməlidir. Təhlükəsizlik inspektoru özündə həm əməyin təhlükəsizliyi, həm də iş yerinin təhlükəsizliyi-mühafizəsini ehtiva edə bilər. Əmək Məcəlləsində işçinin vəzfisə və əmək funskiyaları konkret göstərilmədiyindən işçinin faktiki həyata keçirdiyi işlər və bank daxili qaydalar, vəzifə təlimatını müqayisəli analiz etmək zəruridir. Cavadeh tərəfindən təqdim edilmiş və iddiaçı tərəfindən də imzalanmış vəzifə təlimatlarından, iddiaçının işçinin fəaliyyətini yoxlamaq məqsədilə keçirilmiş xx.xx.2025-ci il tarixli " ASC "X21 filialında təhlükəsizlik qaydaları və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsi üzrə təklif-tapşırıq" adlı yoxlama nəticələrinə dair sənəddən və iddiaçının-işçinin gördüyü işlərdən belə nəticəyə gəlirik ki, mən əməyin təhlükəsizliyi mütəxəssisi kimi işə götürülmüşəm ancaq bununla yanaşı mənə bankın təhlükəsizlik qaydalarından cavabdehlik olmağımna dair əlavə vəzifələr yüklənib. Keçirilən yoxlamalar, vəzifə təlimatında əməyin təhlükəsizliyinə dair vəzifələr üstünlük və əksəriyyət təşkil edir. Əməyin təhlükəsizliyi üzrə mütəxəssis kimi cəlb edilmiş işçiyə başqa bir işlərin tapşırılmasını əmək məcəlləsi qadağan edir. Mənim əməyin deyil, bankın təhlükəsizliyi inspektoru kimi işəgötürlməyimi də qəbul etsək belə "Vəzifə təlimatının 15-ci bəndində göstərilən ifadəyəni "işəgötürənin digər tapşırıqlarını yetirmək" ifadəsi adı ilə istənilən işin tapşırılması da artıq diskresion səlahiyyət deyildir, qanunvericiliyin pozulmasıdır. Həmin ifadə ancaq işçinin əmək vəzifəsindən irəli gələn, təlimatda əvvəlcədən nəzərdə tutulmayan işlərin işəgötürən tərəfindən işçiyə tapşırılması kimi başa düşülməlidir. Odur ki, çamadan daşımaq və ya nağd vəsaitlərin, qiymətli kağızların və s. təhlükəsiz daşınmasını əməyin mühafizəsi üzrə mütəxəssis və ya bnakın təhlükəsizlik inspektoru yox, kassir və ya digər mükəlləf olunmuş şəxs həyata keçirməlidir. Qiymətli kağızların təhlükəsiz daşınması mənim əmək funksiyama və ya əmək öhdəliyimə aid deyil. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz etiraz ərizəsinə uyğun izahat verdi. Sübutların tədqiqi:
13. Mülki iş materiallarında olan AR Prezidentinin adından AR Müdafiə nazirinin 0108t №-li, xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur.
14. xx.xx.2020-ci il tarixli vəsiqədən müəyyən olur ki, mayor İddiaçı AR Prezidentinin adından AR Müdafiə nazirinin 0251t №-li, xx.xx.2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
15. AR Prezidentinin 2021-ci il 21 iyun tarixli 2722 nömrəli Sərəncamı ilə İddiaçı “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
16. AR Nazirlər Kabinetinin 2022-ci il 5 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur.
17. AR Prezidentinin adından AR Müdafiə nazirinin 0102t №-li, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur.
18. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filiali arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Bankın Şəmkir filialının təhlükəsizlik inspektoru vəzifəsinə təyin edilmişdir.
19. AR Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəqisələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 145013 nömrəli,xx.xx.2024-cü il tarixli vəsiqədən müəyyən olur ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edimiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
20. AR Prezidentinin adından AR Müdafiə nazirinin 0190t №-li, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
21. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının xx.xx.2025-ci il tarixli K1-XM- 19.6.2025-001 nömrəli xidməti məktubdan görünür ki, filialın təhlükəsizlik inspektoru İddiaçı Filialın Müştəri xidməti şöbəsinin kiçik kassiri X1 ilə əlaqədar işdə olmadığı müddətdə, tək işləyən xanım əməkdaş Filialın müştəri xidməti şöbəsinin böyük kassiri X5 qiymətlilər və pulların, aşağı mərtəbədə yerləşən pul saxlanc yerindən kassa otağına çamadanla daşınmasında köməklik etməsi barədə göstəriş verilmiş, məsələ ilə bağlı İddiaçı Bankın təhlükəsizlik idarəsinə məlumat verərək bildirmişdir ki, bu işin icrasının ona aid deyil, yerinə yetirməməlidir. Məsələ ilə bağlı Bankın təhlükəsizlik idarəsi ilə də əlaqə saxlanmış, etibarlı şəxs kimi onun bu işi icra etməli olduğu bildirilmişdir. Filialın təhlükəsizlik inspektoru İddiaçı vəzifə təlimatında filial direktorunun ona tapşırdığı işləri yerinə yetirməsi nəzərdə tutulmuşdur. Əməkdaşlıq və iş prosesinin səmərəli aparılması üçün filialda xüsusi mühafizə olunmalı olan qiymətlilər və pulların daşınmasına dəstək olunması əməkdaşa tapşırılmışdır.
22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təhlükəsizlik idarəsinin rəisi tərəfindən idarə Heyətinin sədrinə göndərilmiş xx.xx.2025-ci il tarixli K1-XM-20.6.2025-002 nömrəli məktubdan görünür ki, Bankın "Şəmkir" filialının (bundan sonra - Filial) direktoru X6 məktubunda qeyd edildiyi kimi tərəfindən Filialın təhlükəsizlik inspektoru İddiaçı nağd vəsaitlərin və digər qiymətlilərin təhlükəsiz hərəkəti ilə bağlı göstərişinə etiraz edilmişdir. Halbuki təhlükəsizlik inspektoru Filialm daxilində nağd vəsaitlərin və digər qiymətlilərin həm saxlanması həm də hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini X13 tərəfindən İddiaçı Filialın direktoru X6 filialın mühafizə olunan obyektlərinə dair göstərişini icra etməli olduğu izah edilmişdir. Lakin İddiaçı qeyri-etik formada, rəhbərliyin verdiyi tapşırıqlara isə kobud şəkildə etiraz etmişdir. xx.xx.2025-ci il tarixdə funksional nəzarət edici struktur olaraq, Bankın Təhlükəsizlik İdarəsinin rəis müavini F.İ.Məmmədovun və eyni adlı filialın Mühafizə və rejim şöbəsinin rəisi X7 iştirakı ilə Filialda təhlükəsizlik işinin aparılması yoxlanılmışdır. Yoxlama zamanı İddiaçı bilik səviyyəsinin aşağı olması, təhlükəsizlik sistemində istifadə qaydalarını lazımi səviyyədə bilməməsi və buraxılış qaydalarını bilməməsi müəyyən edilmiş, qaydaların tələbləri iş saatlarında həyata keçirilməmişdir. Filialda 2025-ci il üçün Mülki Müdafiə tədbirlər planı tərtib olunmayıb. Mülki Müdafiə işinin təşkili yoxdur, heç bir sənədləşdirmə aparılmır, bu istiqamətdə maarifləndirmə və praktiki işlər həyata keçirilməmişdir. Bundan əlavə, buraxılış rejimi üzrə işçilər arasında maarifləndirmə işləri və ehtimal oluna biləcək xoşagəlməz işlərin baş verə biləcəyi, hadisələrin əvvəlcədən qabağının alınması barədə mütəmadi xəbərdarlıq yoxlama işləri aparılmır. Son vaxtlarda müşahidə olunan və yerində yoxlama zamanı aşkar olunanlara əsasən qeyd etmək istərdim ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmir, bu isə Filialm təhlükəsizliyi və mühafizəsinin ahəngini pozur. xx.xx.2025-ci il tarixində baş vermiş hadisənin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İddiaçı işinə qarşı qeyri-adekvat münasibət göstərmiş, rəhbərliyin verdiyi sadə tapşırıqları icra etməkdən imtina etmiş və ümumi iş mühitində gərginlik yaratmışdır.
23. xx.xx.2025-ci il tarixli akt ilə müəyyən olunur ki, Bankın “Şəmkir” filialının 1 - ci dərəcəli sürücüsü X18, Bankın “Şəmkir” filialında Regional mühafizə Polis şöbəsinin polis serjantı X3 və Bankın “Şəmkir” filialının direktoru X12 öz imzaları ilə təsdiq edir ki, Bankın "Şəmkir" filialının təhlükəsizlik inspektoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı izahat vermək təklif edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir.
24. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, XB-K1-20.6.25- 002 nömrəli əmrinə əsasən İddiaçı – “Şəmkir” filialının təhlükəsizlik inspektoru ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir.
25. Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MSB18/2025-00482 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İMS-də iddiaçı və cavabndehin nümayəndəsi X14 iştirak etmişdir. İlkin mediasiya sessiyasından sonra tərəflər arasında razılıq, barışıq sazişi əldə olunmamışdır. Belə ki, İMS-dən sonra tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və bu mübahisənin məhkəmə qaydasında həllinə tərəfdar olmuşdurlar. Mediator tərəfindən isə mübahisənin tərəflərin qarşılıqlı razılığı ilə həllinin mümkün olmaması müəyyən olunmuşdur.
26. İddiaçının anası X2 AR X17 Əliyevə ünvanladığı müraciətində qeyd olunmuşdur: Mənim oğlum İddiaçı haqsız olaraq "xxxx"da işdən çıxarılıb. İşdən çıxarılarkən oğlumu müdirin otağına çağırıb deyiblər ki, ya könüllü olaraq işdən çıxmağına dair ərizəyə qol çək, ya da səni ən ağır maddə ilə işdən çıxaracağıq. Oğlum razılaşmayıb. Sabah oğlumu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarıblar. Mediasiyada isə bank oğluma təklif edib ki, sən şikayət etmə, biz də maddəni götürək. Ancaq oğluma qarşı haqsızlıq olduğundan, iş kollektivinin qarşısında şərəf və ləyaqətini alçatdıqlarına görə, işdən çıxarıldığına görə aldığı təzminat ona verilməyib. Qanunsuz kreditindən çıxarıldığına görə, kredit faizlərini qəsdən qaldırdıqlarına və bu kimi şeylərə görə oğlum onlarla razılaşmayıb. Əvvəlcə məlumat verim ki, mən beş oğul anasıyam. İki oğlum birinci Qarabağ müharibəsində həlak olub. Mən bir gündə iki oğlumu torpağa qoymuşam. Bir oğlum Xocalı faciəsinin sabahı məktəbli olaraq evdən qaçıb Xocalıya gedib. Orada Xocalıdakı meyitlərin Ağdama daşınmasında iştirak edib. Bir oğlum Qarabağ müharibəsinə könüllü gedib. Halhazırda Qarabağ müharibəsinin veteranıdır. Kiçik oğlum Xəzər isə orta məktəbi bitirəndən sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı bitirəndən sonra respublikanın müxtəlif bölgələrində hərbi xidmətdə olub. Aprel, Tovuz, Kəlbəcər döyüşlərinin fəal iştirakçısıdır. Azərbayacan Ordusunun mayorudur. Bir neçə medalla təltif olunub. Necə olur ki, 21 ildə qüsursuz xidmətə görə medalla təltif olunan insan ən ağır maddə ilə işdən qovulur? Həmin sənədləri sizə göndərirəm. Məhkəmə prosesində də hüquqi tərəfdən hər bir hal mənim oğlumun xeyrinədir. "xxxx" oğlumu kassirin əvəzinə çamadan daşımadığına görə işdən çıxarıldığını etiraf edir. Amma çamadan daşımaq oğlumun işi deyil. Kiminsə bankın işçisi olmağı onun vəzifəsindən kənar işlərlə bağlı qanunsuz göstərişlərə də boyun əyməli olması demək deyil. Oğlum Xəzər onsuz da müqavilədən kənar 1 saat artıq hər gün işləyib. Qanunsuz olsa da, həm bankın işçilərinin əmək təhlükəsizliyi, həm də mühafizəsinə dair vəzifələr daşıyıb. İşçi olmaq onun insan hüquqlarına malik olmaması demək deyil. Buna baxmayaraq "xxxx" özünün iqtisadi gücü, nüfuzu və məhkəmələrlə əlaqəsindən istifadə edərək məhkəmələrə təzyiq göstərəcəyindən qorxuruq. Çünki köhnə iş yerindən oğlumla əlaqəsi olan şəxslər də bildirib ki, bank bu işi prinsip kimi görür və hansı vəzifəsi ilə olur olsun onun işə qayıtmağına imkan verməyəcəkləri, bunun üçün lazım olsa məhkəmələrdə təzyiq göstərəcəkləri barədə iş kollektivində danışıqlar getdiyini bildirdilər. Bankın pulu və nüfuzunun olması bizdə bu deyilənin real olmaq ehtimalı olduğuna dair inam yaradıb. Lakin haqq-ədalət oğlumun tərəfindədir. Həmçinin heç bir qurum, təşkilat, məmur, iş adamı, məhkəmə qanundan üstün deyil. Nə vaxta qədər sahibkarlar, pulu olanlar, məhkəmələr vətəndaşların hüquqlarını pozacaq, cəmiyyəti dövlətdən narazı salacaq? Ümummilli Lider Heydər Əliyev deyib: “Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Cənab Prezident, oğlum günahsızdır, qanun da, ədalət də, vicdan da oğlumun tərəfindədir. Xahiş edirəm məhkəmə işini nəzarətə götürəsiniz və ədalətli qərar qəbul edilməsi üçün tapşırıqlarınızı verəsiniz. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
27. Maddə 26.
28. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
29. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
30. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
31. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
32. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
33. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;
34. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
35. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
36. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
37. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
38. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
39. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir;
40. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
41. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;
42. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
43. Maddə 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
44. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
55. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
60. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
61. İddia tələblərini qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrin əsası olaraq Bankın təhlükəsizlik idarəsinin rəisinin və filial direktorunun xidməti məktubları göstərilmişdir. Xidməti məlumatından görünən odur ki, iddiaçının barəsində xidməti tədbir görülməsinə əsas olan hadisə onun bankın digər əməkdaşı – kassirə pulların daşınması ilə bağlı köməklik göstərməsi barədə göstərişə əməl etməməsi, bundan əlavə təhlükəsizlik işlərinin yoxlanılması zamanı iddiaçının bilik səviyyəsinin yetərli olmamasının, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin aşkara çıxarılması olmuşdur.
62. Hazırkı işin halları baxımından göstəriləndən hansına görə iddiaçının əmək müqaviləsinin ləğv edildiyi, iddiaçının Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansını nə vaxt hansı hərəkətlə törətdiyi müəyyən edilmir.
63. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “70-ci maddənin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” göstərilmiş, lakin həmin maddə üzrə hansı dizpozitiv şərtin mövcud olduğu əsaslandırılmamış, işçinin konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi, yaxud 72-ci maddədə sadalalan hallardan hansının mövcud olduğu qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
64. Məhkəmə prosesləri zamanı cavabdeh tərəfin izahatlarından məlum olur ki, əmək müqaviləsinin ləğv edilməsi əsası olaraq iddiaçının bankın əməkdaşına kömək göstərməməsi, dolayısı ilə əmək funksiyasının icra etməməsi olmuşdur. Lakin əmrin faktiki əsası olaraq bu fakt qəbul edilsə belə, işçinin əmək funksiyasını icra etməməsi heç də həmişə Məccəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas olmur.
65. Çünki Məcəllənin 71.2-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməməsinin işəgötürənə hansı formada ziyan vurduğu, işin ahənginin necə pozulduğu bəlli deyil.
66. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsində mahiyyət etibarilə düzgün qətnamə çıxarılsa da, məhkəmənin Həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsi barədə yazılı qərar təqdim edilməməsi ilə bağlı qənaəti düzgün olmamışdır.
67. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından da məlum olmuşdur ki, cavabdeh X10 yoxdur. Bu baxımdan rayon məhkəməsinin qətnaməsində həm də Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad etməsi lüzumsuz olmuşdur. Buna baxmayaraq, araşdırılan digər əsaslarla əmrin ləğv edilməli olması öz təsdiqini tapdığından və mahiyyət etibarilə qanuni və əsaslı olduğundan, MPM-in 385.2-ci maddəsinin tələbinə görə qətnamə ləğv edilə bilməz.
68. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən “Vəzifə Təlimatı”nın 15-ci bəndində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsidir.
69. Məhkəmə bununla bağlı qeyd edir ki, əmək müqaviləsindən də göründüyü kimi iddiaçı təhlükəsizlik inspektoru kimi işə götürülmüşdür. Bu halda iddiaçıdan tələb olunan istənilən, hətta pul vəsaiti olan çamadan və ya sair qiymətli əşyaların olduğu yükün daşınması heç bir halda onun vəzifə səlahiyyətlərinə aid edilə bilməz. “Vəzifə Təlimatı”nın 15-ci bəndində “Filial direktorunun və Bankın təhlükəsizlik İdarəsinin rəisi/rəis müavininin ona tapşırdığı işləri yerinə yetirmək” işçinin vəzifələrinə aid edilmişdir. Burada “rəisin tapşırdığı işləri yerinə yetirmək” ifadəsi geniş mənada başa düşülə bilməz, bu zaman yalnız işçinin tutduğu vəzifəyə və onun əmək funksiyalarına uyğun olan tapşırıqlar başa düşülməlidir.
70. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsinə əsasən müəyyən olunmuş əmək funksiyaları baxımından filial müdirinin iddiaçıdan tələb etiyi “yük daşıma” işinin yerinə yetirilməməsi (digər işçinin xanım olması halında belə) yalnız və yalnız lütfkarlıq və əxlaqi nöqteyi-nəzərdən yanaşıldıqda qınanıla bilən hərəkət olmaqla, heç bir halda iddiaçıya münasibətdə hüquqi məsuliyyətə səbəb ola bilməz.
71. Bundan başqa, Məhkəmə əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;
72. Göründüyü kimi, şərti olaraq hesab etsək ki, iddiaçı həqiqətən əmək funksiyalarını tam və ya qismən yerinə yetirməmişdir, bu halda cavabdeh iddiaçıya qanunvericilikdə nəzərdə tutulan intizam tənbeh tədbirlərindən ən ciddi olanı tətbiq etməklə, heç iddiaçının işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, eləcə də onu xarakterizə edən digər mühüm amilləri belə nəzərə almamışdır. İddiaçının mülki iş materiallarında olan “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları da əslində onun necə nizam-intizamlı şəxs olduğunu göstərir. İddiaçının Məhkəmə iclaslarındakı davranışı da onun dəqiq, ciddi və məsuliyyətli fərd olduğu qənaəti yaratmışdır.
73. Cavabdeh “yük daşımadığına” görə iddiaçıya ən pis halda həmin Məcəllənin 186.3-cü maddəsində nəzərdə tutulmuş yazılı və ya şifahi qaydada xəbərdarlıq edə bilərdi. Belə olan halda, iddiaçının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılması aşkar şəkildə cavabdehin ona qarşı qərəzinin olduğunu göstərir.
74. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
75. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
77. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4480/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.