Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6828/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməyən əmək haqqının ödənilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 2020-ci ilin mart və aprel ayları üçün ona ödənilməyən 1200 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə fiziki şəxs Cavabdeh məxsus şirniyyat sexində qənnadçı, şirniyyatçı vəzifəsinə işə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 02.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə bərpa edilməsi, 2020-ci ilin mart və aprel ayları üçün ona ödənilməyən 1200 manat məbləğində əmək haqqının və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin fərdi sahibkarlıqla məşğul olduğu “Darçın” şirniyat evində 2019-cu ilin sentyabr ayından işə başlamış, həmin dövrdən də aylıq 600 manat olmaqla əmək haqqı almışdır. O, bu vaxta qədər rəsmi işçi kimi 17 dekabr 2019-cu il tarixdən işə düzəlməyini və əmək haqqının rəsmi olaraq 250 manat olmasını bilməmişdir. O, 02 may 2020-ci il tarixədək həmin yerdə işləmiş, həmin tarixədək isə onun mart və aprel ayları üçün olan əmək haqqı ödənilməmişdir. 02 may 2020-ci il tarixdə cavabdeh ona karantin rejimi ilə əlaqədar işə gəlməməyini bildirmiş, iddiaçı bir ay işə gəlməmiş, iyun ayında işə gəldikdə isə onu işə buraxmamışdır. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin idarədə onun müraciəti araşdırılmış və ona ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubda Cavabdeh qanunvericiliyin tələblərini pozaraq onunla bağladığı əmək müqaviləsinə xitam verməsi, son haqq-hesabının isə ödəmədiyi, bununla əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi bildirilmişdir. Cavabdehin Əmək Qanunvericiliyini pozaraq onu işdən çıxarması artıq inzibatı qaydada araşdırılıb, öz təsdiqini tapmış, bu halı sübut elmək zərurəti qalmamışdır. Lakin cavabdeh Qanunvericiliyin tələbini pozmaqla onu işdən çıxarılmağı barədə məlumat verməmiş, bu barədə ona müvafiq əmri verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 02.05.2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin mart və aprel ayları üçün ödənilməyən 500 manat əmək haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulduğundan ləğv edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbində edilir ki, o 2019-cu ilin dekabr ayından Darçın şirniyyat sexində işləmiş və onu guya orda aldatmaqla işə qəbul ediblər və guya qanunsuz işdən çxıardıblar. Əslində isə bəli o ona məxsus sexdə işləyib lakin onun əmək haqqısı barədə və işdən çıxmasının qanunsuz, olması barədə qanunazidd heç bir əsas yoxdur. 2020-ci ilin mart ayında artıq ölkədə qismən pandemiya elan olunandan və aprel ayında artıq pandemiya elan olunandan və iş yerlərinin hamısı məcburən bağlandığından bu şəxs ondan xahiş etmişdir ki, onu işdən çıxartsın və o 190 manat işsizliyə görə müavinət alsın. O da öz növbəsində artıq sex işləmədiyindən və işçiləri saxlamağa maddi vəsaiti olmadığından onun dediyi kimi edərək ona son haqq hesabını verib və ərizə almaqla 2020-ci ilin may ayında işdən azad etmişdir. İddiaçı şəxsən özünün xahişi ilə işdən azad edilmiş və onun həmin vaxtı son haqq hesabını alması barədə sənədi də var. Həmin vaxtı pandemiya olduğundan eyni gündə ərizəsini ala bilməmişdir. Özü təkid etmişdir ki, onu portaldan çıxartsınlar, o ərizəni verəcək. Çünki xüsusi karantin rejimi olduğundan evdən çıxa bilmirdi. Bilindiyi kimi 2020-ci ilin aprel ayından iyun ayına kimi xüsusi karantin rejimi olmuşdur. Hətta həmin vaxtı marketə, aptekə və həkimə görə evdən çıxamaq olmurdu. Bu səbəbdən o, iddiaçıdan eyni gündə ərizə ala bilməmişdir. Həmçinin iddiaçı özü 2020-ci ilin may ayında işdən azad olunmasına baxmayaraq məhkəməyə 24.11.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, iddiaçı məhkəməyə iyun ayının müraciət etməli idi. Məhkəmə onun elektron qaydada müddətin ölürülməsi ilə bağlı məhkəmə qətnaməsində ümumiyyətlə münasibət bildirməyib. Məhkəmə onun ərizəsinə baxsaydı görərdi ki, iddiaçı işdən may ayında çıxarılmış və məhkəməyə noyabr ayında müraciət etmişdir. Həmçinin iddiaçı 2020-ci ilin avqust ayının sonunda Əmək Müfəttişliyinə müraciət etmişdir. Müraciətinə əsasən 2020-ci ilin sentyabr ayının 10-da protokol tərtib edilmişdir. Həmçinin, 2020-ci ilin 28 sentyabrda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyinin Bakı şəhər İdarəsinin 28.09.2020-i il tarixli ******* saylı inzibati qərarı qəbul edilmiş və o inzibati cərimə olunmuşdur. İddiaçı əvvəlcədən onun 2020-ci ilin may ayında işdən azad edilməsini bilirdi. Onun təqdim etdiyi sübutlarla və iddiaçının özünün Əmək Müfattişliyinə 2020-ci ilin avqust ayında müraciət etməsi onu sübut edir ki, artıq iddiaçı avqust ayında onun işdən azad olunmasını bilirdi. Belə olan halda iddiaçı məhkəməyə müəyyən olunmuş müddət ərzində müraciət etmədiyindən iddia müddəti keçmişdir. Bununla bağlı 09.03.2021-ci il tarixdə məhkəməyə elektron müraciət edilmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Şirniyyat sexi may ayında bağlanıb. O necə məhkəmə qətnaməsi ilə iddiaçını işə qəbul edə bilərə və ya ona əmək haqqı verə bilər. Bu qeyri mümkündür. Həmçinin məhkəmə həmin iddiaçının işləmədiyi dövrə görə 190 manat sosial müavinəti alıb-almamasını da aydınlaşdırmamışdır, əgər bu dövlətdən bunu alıbsa niyə ona yenidən pul ödəməlidir. Həmçinin iddiaçı bir müddət sonra işə də düzəlmişdir və əmək haqqı almışdır. Belə olan halda məhkəmə ona 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı təmin edə bilməzdi, məhkəmə bu halları da araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildirişi və 02.05.2020-ci il tarixli əmrin surətini təqdim edərək qeyd etdi ki, İddiaçı əmək müqaviləsinə öz ərizəsinə əsasən 02.05.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olraq bildirdi ki, o ümumiyyətlə işdə çıxmağı barədə ərizə yazmamış və işdən çıxarılması barədə əmrin sürətini almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamənin yalnız cavabdeh mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə isə iddiaçı ilə cavabdeh arasında 17.12.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi əsasında iddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 17.12.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə qəbul edilmişdir. İş materillarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş 02.05.2020-ci il tarixli 02-05/2020-X nömrəli əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildirişdən görünür ki, şirniyyat sexində şirniyyat ustası işləyən İddiaçı əmək müqaviləsinə öz ərizəsinə əsasən 02.05.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.05.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycn Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi tərəflərdən (işçi və işəgötürən) birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinin ümumi əsasını müəyyən edir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin konkret əsasları Əmək Məcəlləsinin 69-cü maddəsində, işəgötürən tərəfindən ləğv edilməsinin konkret əsasları və qaydası isə Əmək Məcəlləsinin 70-74-cü, habelə 77ci maddələrində nəzərdə tutulmuşdur. 02.05.2020-ci il tarixli əmrin surəti cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının müraciətinə 13 oktyabr 2020-ci il tarixdə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə 02.05.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən qanunvericiliyin tələbini pozaraq xitam verdiyi, son haqq-hesabı isə ödəmədiyindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən qanunverciliklə müəyyən edilmiş tələbləri pozduğundan, 02.05.2020-ci il tarixli əmr ləğv edilməli və iddiçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh əmrin surətini iddiaçıya verməməklə də Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a) və b) yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Eləcə də, Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi ləğv edilərkən iddiaçıya son iki ayın əmək haqqının verilməməsi iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının müraciətinə 13 oktyabr 2020-ci il tarixdə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən son haqq-hesab iddiaçıya ödənilməmişdir. İddiaçı hər ay 600 manat əmək haqqı aldığını iddia etsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqı 250 manat olmuşdur. İddiaçı isə aylıq 600 manat əmək haqqı alması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə 2020-ci ilin mart və aprel ayları üzrə ödənilməyən 500 manat (hər ay üzrə 250 manat olmaqla) məbləğində əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya 02.05.2020-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belələliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçı özü 2020-ci ilin may ayında işdən azad olunmasına baxmayaraq məhkəməyə 24.11.2020-ci il tarixdə müraciət etdiyini, halbuki, iddiaçı məhkəməyə iyun ayında müraciət etməli olmasını qeyd etsə də, kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilini əsassızdır. Belə ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam vermiş olsa da, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş ərizəni təqdim edə bilmir. Həmçinin iş materiallarından görünür ki, cavabdah 02.05.2020-ci il tarixli əmrin surətini iddiaçıya təqdim etmədiyindən iddiaçının işdən azad olunmasında məlumatı olmamışdır. İddiaçı işdən çıxarılmasını yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 13 oktyabr 2020-ci il tarixli müraciətinə cavab məktubunu aldıqdan sonra bilmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində iddiaçıya son haqq hesabı ödədiyini qeyd etsə də, iş materialları ilə o da müəyyən edilir ki, Cavabdeh onu 02.05.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən qanunvericiliyin tələbini pozaraq xitam verdiyi, son haqq-hesabı isə ödəmədiyindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, cavabdeh apelyasiya şikayətində qeyd etdiklərini sübut edəcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilmir, əksinə isə iş materialları ilə cavabdehin qeyd etdikləri təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1177/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6828/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6828/2021
16.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver