Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-683/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2018-ci il tarixdə X16 X4 meşəbəyliyində meşəbəyi vəzifəsinə qəbul olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmri ilə vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
2. Bərdə RMTM-nin meşə mühafizəsi işləri üzrə direktor müavini Kamal Behbudov tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsi və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanması aşkar edilmişdir (i.v.17-18). Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMT-nin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında ümumilikdə 17.82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43.42 m3 həcmində 4079.73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827.55 manat xərc çəkilmiş 8.46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununla da meşə fonduna ümumilikdə 6907.28 manat ziyan vurulduğu məlum olmuşdur. Araşdırma zamanı təqsirkar şəxsin Ağdam rayonu İsmayılbəyli kənd sakini X10 olduğu müəyyən edilmişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X5 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X16 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X11 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X8 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin məhkəmə qaydasında ləğv olunması və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmrin ləğv edilməklə işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. 2023-cü ilin mart (ərizədə səhvən aprel qeyd edilib) ayında ona verilmiş məlumata əsasən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 16 saylı kvartalına RMTM-nın əməkdaşları ilə baxış keçirdiyi zaman həmin ərazidə ağacların və cır nar kollarının çıxarılmasının şahidi olmuşlar. Adı çəkilən meşə sahəsinin meşə gözətçisi Tərtər rayon ərazisində yaşadığı üçün meşə ərazisinə gec saatlarda gəldiyi və 1 saylı dolayını tam şəkildə mühafizə edə bilmədiyi üçün kənar şəxslərin həmin əraziyə müdaxilə etdiyinin şahidi olmuşlar. Bütün bunlarla bağlı o, meşə gözətçisi barəsində xidməti məruzədə məlumat vermiş, 1 saylı meşə dolayısında olan hadisə barəsində meşə gözətçisi ona nə yazılı, nə də şifahi məlumat verməmiş, həmin dövrlərdə o, meşəbəyliyin başqa dolayı və kvartallarında bir çox tədbirlərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Bu fakt ay ərzində vermiş olduğu hesabatda öz əksini tapır. Meşə gözətçisi vermiş olduğu izahatında da bildirmişdir ki, qeyri iş günlərində və qeyri iş saatlarında meşəbəylik ərazisində 5 hektar sahədə ağaclar çıxarılmış və şum işləri aparılmışdır. Həmin vaxt 1 saylı meşə dolayısının giriş qapısının kilidinin qırılmasının şahidi olmuşdur (video disk əlavə edilir). Bu hadisəni törədən şəxsi həmin vaxt tapa bilmədikləri üçün meşə gözətçisinə akt yazıb cərimə tətbiq etmişlər. 13xx.xx.2023-cü il tarixlər ərəfəsində həmin ərazini nəzarətdə saxladığı bir vaxtda ağ rəngli əlil maşınında bir nəfərə rast gəlmiş və bu şəxslə söhbət əsnasında məlum olmuşdur ki, bu ərazidə ağacları çıxaran, şum işlərini aparan Ağdam rayon sakini Həsənov Həsəndir. Dərhal həmin şəxsi RMTM-ya gətirmiş, barəsində akt tərtib edilmiş, həmin şəxs vermiş olduğu izahatında da bildirmişdir ki, RMTM-nın direktoru Qalib Həsənovdan bostan əkmək üçün yer istədiyi halda ona yer verilmədiyi üçün o da həmin ərazidə ağacları çıxarmış, yeri şumlamışdır. Ona qeyd etmişdir ki, 1 saylı dolaya yaxın ərazidə qohumu yaşayır və bu səbəbdən həmin meşəbəylik ərazisində əkin əkməyi məqsədə uyğun bilmişdir. X9isi olduğu bir halda, onu gətirib akt yazdığı, cərimə etdiyinə baxmayaraq, onun Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməyi qanunsuzdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Həsənov Həsənin bu əməli törətməsiylə bağlı mətbuatda açıqlama verib, ancaq bu gün Həsənov Həsən heç bir təqsiri olmayan şəxs kimi, o isə təqsirkar hesab edilib heç bir töhmət və yaxud başqa cəza verilmədən bir başa 70-ci maddəsin “ç” bəndi ilə işdən azad edilmişdir
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2776/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia rədd olunmuşdur.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 80.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçı öz hesabına minlərlə nar və s. cinslərdən şitil yetişdirirərək Bərdə RMTM-ya təhvil verməklə təbiətə töhfələr verib. Bunu hətta həmin vaxt onunla çalışan həmkarları da təsdiq edə bilərlər. Yüz hektarlarla mədəni meşə əkini yetişdirib meşə yaradaraq səhralaşmanın qarşısını alıb. 2023-cü ilin mart ayında 1 saylı meşə dolayısına yaxın ərazidə kompakt şəkildə yaşayan qaçqınlar ona zəng vuraraq bildirdilər ki, 1 saylı meşə dolayısında texnika işləyir. Bundan sonra o, həmin əraziyə gedib və rəhbərliyə bildirib ki, texnikalar ağacları çıxararaq bir yerə toplayıblar. Bundan başqa ona 2023-cü ilin mart ayında maaşdan əlavə pul mükafatı da verilmişdir. Ekologiya Nazirliyi tərəfindən isə bir ay sonra 70- ci maddənin “ç” bəndi ilə işdən azad edilib. Bu isə haqsızlıq və qanunsuzluqdur. Sözügedən əraziyə cavabdeh olan X6 işə bərpa ilə bağlı Bərdə rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə iddia təmin edilərək işinə bərpa olunmuşdur. İşə baxan məhkəmə cavabdehin və onun verdiyi izahatı sübut kimi hesab edərək qətnamə qəbul etmişdir. Kəlbəcər rayonundan məcburi köçkün olmaqla heç bir yerdən gəliri yoxdur. Ailəsini sözügedən idarədən aldığı məvaciblə dolandırıır. Bundan başqa 1992-ci il tarixdə Kəlbəcər rayonunun girişində milli münaqişə zamanı ermənilər tərəfindən atılan raketin partlaması nəticəsində başının bir neçə hissəsindən o, cümlədən bədən və ayaq nahiyyələrimdən qəlpə yaraları alıb. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməlidir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. Cavabdehin nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 11, bənd “b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir.
14. Maddə 68, hissə 2, bənd “a”. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir.
15. Maddə 70, bənd ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
16. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
17. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
18. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Məhkəmə mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə göstərməklə və maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənməklə mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığı qənaətinə gəlmiş və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını qeyd etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslı məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün iddiaçıya aid hissədə əsaslı olub-olmaması baxımından qiymət verilməlidir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 142/ü saylı əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbinə əməl olunmamışdır. Belə ki, həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama 13-15 mart 2023-cü il tarixlərdə aparılmış, iddiaçı isə bundan təxminən bir ay 10 gün sonra işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə işdən azad olunmuşdur.
25. Məhkəmə kollegiyasının qənaətinə görə müvafiq yoxlama aparılmaqla fakt müəyyən olunduqdan sonra yuxarı təşkilat tərəfindən yenidən hər hansı yoxlamanın aparılması işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbi pozulmaqla əmr verilməsi üçün əsas yaratmır.
26. Digər tərəfdən, iş materiallarından da göründüyü kimi, iddiaçı sözügedən meşə dolayısında və əksər kvartallarında ağacların kənar şəxslər tərəfindən kəsilməsi ilə bağlı neqativ hallar və meşə gözətçisinin vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi barədə hələ xx.xx.2023-cü il tarixdə Bərdə RMTM-nin direktoruna xidməti məruzə ilə müraciət etmiş, həmin xidməti məruzə əsasında xx.xx.2023-cü il tarixdə Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama aparılmış, həcm-qiymət cədvəli tərtib olunaraq aktda göstərilən qanunsuz kəsilmiş, çıxarılmış ağaclar və çıxarılmış cır nar kollarına görə meşəyə ziyan dəydiyi müəyyən edilmişdir.
27. Göründüyü kimi, iddiaçı bilavasitə tabe olduğu rəhbərliyə - Bərdə RMTM-nin direktoruna məlumat vermiş, təqsirkar şəxsi müəyyən edib rəhbərliyə təqdim etmiş və bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin mübahisələndirilən əmrdə bu hal diqqətdən kənarda qalmış, onun qanunvericilikdə nəzərdə tutulan vəzifələrini və qulluq funksiyalarını düzgün yerinə yetirmədiyi, göstərilən sahədə meşənin mühafizəsi və ona nəzarət işini zəif təşkil etdiyi və bununla da vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi qeyd olunmuşdur. Əmrin məzmunundan göründüyü kimi, işəgötürən bu qənaətini lazımi qaydada əsaslandırmamış, iddiaçının qanunla müəyyən olunmuş hansı vəzifələri və funksiyaları yerinə yetirmədiyini konkret göstərməmişdir ki, bu da Əmək Məcəlləsinin 84cü maddəsinin tələbinə ziddir. Məhkəmə iclasında müəyyən olunduğu kimi, iddiaçı aşkar etdiyi pozuntu barədə dərhal rəhbərliyə məlumat vermiş, ağacları kəsən şəxsi müəyyən edib Xidmət rəhbərliyinə təqdim etmiş, onun izahatı alınmış və barəsində tədbir görülmüşdür. Həmin şəxsin (Həsən Həsənovun) barəsində cinayət işi başlanmış, istintaq yekunlaşıb məhkəməyə verilmiş və hazırda cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılır. Apellyasiya baxışı zamanı şahid kimi dindirlən müharibə əlili Həsən Həsənov qeyd olunanları bütünlüklə təsdiq edərək göstərmişdir ki, onun iddiaçı ilə hər hansı tanışlığı olmamış, ağacları qeyri-iş günlərində gizlin kəsmiş, heç kimin xəbəri olmamışdır. Buna səbəb isə bostan sahəsi üçün əkin yeri ayrılması barədə müraciətinə Mərkəzin direktoru tərəfindən müsbət cavab verilməməsi olmuşdur. O, ağacların kəsilməsi nəticəsində dövlətə vurulan ziyanı tam həcmdə ödəyib və borcu qalmayıb. Hazırda Bərdə Rayon Məhkəməsində barəsində olan cinayət işinə baxılır və iş üzrə ekspertiza təyin edildiyindən icraat dayandırılmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/Ü saylı əmri ilə təsdiq olunmuş “X16 Təsərrüfatı Mərkəzi haqqında” Əsasnamənin 5.9-cu bəndində meşə fondunun qorunub saxlanmasına, meşələrin mühafizə edilməsinə və təkrar istehsalına ümumi şəkildə meşəbəyinin də məsul olduğu qeyd edilsə də, 5.11-ci bənddə meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işinin bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirildiyi konkret olaraq təsbit edilmişdir. İddiaçı da məhz bu əsasla rəhbərliyə yazdığı xidməti məruzədə meşə gözətçisinin öz vəzifələrini layiqincə yerinə yetirmədiyini xüsusi olaraq qeyd etmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinin tələbinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
30. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının hərəkəti ayrılıqda əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilə və əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşəgötürən bunu əsas kimi qəbul etmiş olsaydı belə, iddiaçı barəsində yalnız həmin pozuntunu aşkar etdiyi gündən bir ay ərzində ölçü götürə bilərdi (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi). Belə ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartallarında yoxlama 13-xx.xx.2023-cü il tarixlərdə aparılmış, iddiaçı ilə əmək müqaviləsinə isə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.
32. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin “İntizam tənbeh tədbirinin tətbiqi haqqında” 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmri İddiaçı aid hissədə, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi hissəsində ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə - Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.