Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6833/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(*03)-6833/2022 Açar sözlər: (işə bərpa, əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil*, Cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(0*0)-3*09/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı *.Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli 33-k №-li əmrinə əsasən İddiaçı ilə bağlanılan Əmək müqaviləsinə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə 30 aprel 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir . 2.İddiaçı əmrin qanunsuz olduğunu və onun qərəzli şəkildə işdən çıxarıldığını iddia edərək məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli, 33-K № əmrinin ləğv olunaraq onun əvvəlki vəzifəsinə (xəstəxananın reanimasiya şöbəsinin tibb bacısı) vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli, 33-K № əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv olunsa da, həmin əmr əsassız və qanun normaları kobud pozulmaqla verildiyindən ləğv olunmalıdır. Belə ki, əmrin forması üzrə Əmək Məcəlləsinin tələbləri ilə müəyyən edilmiş qaydalara riayət edilməmiş, onun hansı pozuntuya yol verilməsi göstərilməmişdir. Belə olan halda həmin əmr qanun tələblərinə zidd tərtib olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşagıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi, onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər. Lakin onunla əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə müəssisənin hüquqi ünvanı, əmri imzalayan işəgötürənin atasının adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsasə hesab edilən rəsmi sənədlər göstərilməmişdir. Həmin normanın 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin normanının 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin *ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmçinin əmr verilərkən “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 62-ci bəndinin tələbləri də pozulmuş və əmrdə konkret hansı hərəkətə yol verməsi sadalanmamışdır. Həmçinin bundan əvvəl ona intizam tənbehi verilərkən buna yazılı izahat alınması tələb olunmasına baxmayaraq, belə bir izahat tələb edilməmiş, mübahisələndirilən əmr ləğv edildiyi zaman isə həmkarlar ittifaqının qabaqcadan razılığı alınmamışdır. Cavabdeh tərəfindən əmək kitabçasının 05 may 2022-ci il tarixdə, son haqq hesabın isə 07 may 2022-ci il tarixdə həyata keçirilməsi ona qarşı qərəzli olduğunu təsdiq edir. Halbuki bunlar əmr verildiyi gün, yəni 30 aprel 2022-ci il tarixdə həyata keçirilməli idi. 5.Cavabdeh 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək onunla əsaslandırılmışdir ki, 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası ağ ciyər vərəm xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş tibb müəssisəsidir və MDR-çoxlu dərmanlara davamlı xəstələrin müalicəsi üçün fəaliyyət göstərir. Burada müalicə olunan xəstələrə xüsusi diqqət və ciddi psixoloji davranış tələb olunur. İddiaçı əmək müqaviləsinin xitam verilməsinə başlıca səbəb onun xəstələrlə və kollektiv arasında kobud davranışı, əmək funksiyalarını lazımi qaydada icra etməməsi və digər qaydaların pozulmasına görədir. İddiaçı ona edilmiş çoxsaylı xəbərdarlıqlardan nəticə çıxartmamış, ondan davranışına diqqət etməsi və yeni səhvlərə yol verilməməsi tələb olunsa da, bunlara məhəl qoymamışdır. Arzu Əhmədovadan etdiyi əməllərlə əlaqədar izahat tələb olunsa belə, sonuncu bunu etməkdən imtina etmişdir. İddiaçı barəsində müxtəlif vaxtlarda həm xəstələr, həm işçi heyətinin şikayətləri və tərtib edilmiş aktlar onun kollektivdən uzaqlaşdırılmasını zəruri etmişdir. Belə ki, İddiaçı 22 dekabr 202*ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsə də, o, bundan nəticə çıxarmayaraq yenidən öz funksiyalarını kobud sürətdə pozmuşdur. Bundan başqa *4 aprel 2022-ci il tarixdə xəstəxanada müalicə alan Əliyeva Tünzalənin vəziyyətinin ağır olmasını bilən tibb bacısı Arzu Əhmədova lazımi diqqət göstərməmiş (“gəlirəm” deyib otağında yatmış) və nəticədə xəstənin vəziyyəti pisləşərək dünyasını dəyişmişdir. Vəfat edən şəxsin anası şikayətlər yazmış və səhlənkarlılğa görə cəzalanmasını tələb etmişdir. 28 aprel 2022-ci il tarixdə 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Həmkarlar Təşkilatının ümumi yığıncağında İddiaçı əmək funksiyalarının dəfələrlə və kobud şəkildə pozması halları ciddi müzakirə edilmiş və onun əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Bunlara görə iddia əsassız olduğuna görə rədd edilməlidir. 6.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 avqust 2022-ci il tarixli, 2(0*0)-3*09/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Qasımov Anar) iddia tələbi təmin edilməmişdir. 7.Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qısmində dindirimiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı işlədiyi xəstəxanada oğlu müalicə almış və həmin vaxt iddiaçı ona yüksək səviyyədə qulluğ göstərmiş, vəzifələrini lazımınca icra etmişdir. 8.Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, həmin xəstəxanada həkim işləyir və 2022-ci ilin aprel *3-dən *4-nə keçən gecə növbədə olmuşdur. Həmin gün xəstə Əliyeva Tünzalə vəfat etmişdir. İddiaçı da tibb bacısı kimi həmin gün növbədə olmuşdur. Vəfat etmiş xəstənin yanında olan xəstələr dəfələrlə Arzu Əhmədovanı otağa xəstəyə qulluq etməkdən ötrü çağırsalar da, o, səhlənkarlıq göstərib bunu etməmişdir. Ümumiyyətlə iddiaçının əvvəllər də növbədə olduğu zaman belə hallara yol verməsi, yəni öz əmək funksiyalarını lazımınca icra etməməsi kimi hallar baş vermişdir. 9.İş materiallarından görünür ki, 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası ilə İddiaçı arasında *7 fevral 20*4-cü ildə bağlanmış Əmək müqaviləsinə əsasən, sonuncu tibb bacısı vəzifəsinə qəbul edilmişdir. *0.İş materiallarında olan 22 dekabr 202*-ci il tarixli, *44-K saylı 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Baş həkimi tərəfindən verilmiş əmrin surətindən müəyyən olunur ki, əmək funksiyasını tam yerinə yetirmədiyinə görə, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini pozduğuna görə Xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin Tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. **.İş materiallarında olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası üzrə Həmkarlar Təşkilatının Komitəsinin 28 aprel 2022-ci il tarixli, 02 nömrəli qərarının sürətindən görünür ki, tibb bacısı İddiaçı işdə verdiyi kobud nöqsanlara görə və bu halların dəfələrlə təkrarlandığını nəzərə alaraq, İddiaçı əmək müqaviləsinə xitam verilməsi təklif edilmişdir. *2.İş materiallarında olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli, 33-k №-li əmrinə əsasən, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Anestezologiya-reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış *33 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 30 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Əsas olaraq Həmkarlar Təşkilatının Komitəsinin 28 aprel 2022-ci il tarixli, 02 nömrəli protokolu qeyd olunmuşdur. *3.İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xasiyyətnamələrdən görünür ki, İddiaçı əvvəlki iş yerləri üzrə müsbət xarakterizə edilmişdir. *4.Məhkəmə hesab etmişdir ki, İddiaçı Əmək müqaviləsinə üzərinə götürdüyü xəstələrə müalicə, profilaktik qulluq, həkiməqədər tibbi yardım göstərmək, həkimin təyinatı üzrə iynə və dərmanları düzgün və vaxtında vurulmasını yerinə yetirilməsinə dair əmək funksiyalarını icra etmədiyindən, İddiaçı ilə bağlanılan Əmək müqaviləsinə 30 aprel 2022-ci il tarixdən etibarən xitam verilməsi barədə 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkiminin 30 aprel 2022-ci il tarixli 33-k №-li əmri tam əsaslıdır və ləğv edilə bilməz. *5.Bu baxımdan iddiaçının məhkəmə iclasında gətirdiyi dəlilləri ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. *6.Məhkəmə qeyd etmişdir ki, əksinə cavabdeh tərəfindən təmin edilən və məhkəmə iclasında tədqiq edilən şahid ifadəsi, habelə digər təqdim edilən sübutların məcmusu iddiaçı tərəfindən iş ahənginin mütəmadi pozulması, əmək nizam-intizamına etinasız münasibət bəsləyərək ona əməl etməməsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsində pozuntulara yol verməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması barədə iddiaçının əmək fəaliyyətini müsbət səciyyələndirməyən və əmrdə qeyd edilən təsvirləri təsdiq etdi. *7.Belə olan halda iddiaçı tərəfindən təqdim edilən sübutlarda (həmkarlar ittifaqının iclasına aid iştirakına dair) uyğunsuzluqlar əmrin (protokolun) qanunsuz olmasına xidmət etmir. *8.Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən, onun əmək müqaviləsinin şərtlərini pozması və əmək funksiyalarını lazımınca yerinə yetirməməsi barədə cavabdehin qənaəti əsaslı olmuşdur. *9.Beləliklə də, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan və nəticədə iş yerində əmək intizamının normal ahəngi pozulduğundan, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddianın dəlilləri əsaslı hesab edilə bilməz. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70 və 7*-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 2*.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin *87-ci maddəsinin *-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Lakin, iddiaçıdan belə bir yazılı izahatın tələb edilməsinə dair sübut iddiaçının ünvanına teleqram, məktub göndərilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim ediməmişdir. Cavabdehin təqdim etdiyi 22.*2.202*-ci il tarixli, *44-k nömrəli əmr sübut qismində nəzərə alınmalı olmadığı halda məhkəmə həmin əmrə istinad etmişdir, halbuki həmin əmrin iddiaçıya təqdim edilməsi, həmin əmrlə bağlı izahatın alınması barədə iş materiallarında heç bir sübut yoxdur. Yəni həmin əmr iddiaçının intizam tənbehinin olmasına sübut kimi nəzərə alına biməz. Eyni zamanda cavabdehin vəsatəti əsasında dinlənilmiş şahid X2 ifadəsinə məhkəmə tənqidi yanaşmalı olduğu halda həmin şahid ifadəsinə istinad etmişdir. Belə ki, X4 öz vəziyyətinə görə cavabdehdən asılı olan şəxsdir, hal-hazırda cavabdehin əməkdaşıdır. Onun ifadəsi iş üzrə hər hansı bir halı təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz. Habelə o ozü şəxsən İddiaçı hansısa əmək funksiyasını pozmasının şahidi olmasını bildirməmiş, yalnız başqa şəxslərin İddiaçı narazılıqlarının olmasını qeyd etmişdir ki, bu da sübut qismində nəzərə alına bilməz. X* növbəsində İddiaçı intizam pozuntusuna yol verməsi və ya əmək funksiyasının icra etməməsi baş vermiş olsa idi, ilk növbədə o, bu barədə baş həkimin adına qeydiyyat jurnalında qeydiyyata alınmaqla rəsmi qaydada məlumat (məruzə) verməli idi, lakin belə bir rəsmi sənədin olmadığı halda onun şahid kimi İddiaçı əmək funksiyasını icra etməməsi barədə verdiyi ifadə (başqa mötəbər sübutlar olmadığı halda) mötəbər sübut deyildir. Başqa mötəbər sübut isə iş materiallarında yoxdur, belə ki, belə bir sübutlar olsa idi o zaman həmin sübutlara qətnamədə istinad edilərdi, halbuki qətnamədə İddiaçı əleyhinə qeyd edilən şahid ifadəsindən başqa sübuta istinad edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə Kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil* apellyasiya şikayətini müdafiə etdilər, onun məzmunun uyğun izahat verərək, şikayətin təmin edilmsini xahiş etdilər. 25.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayənədəsi və vəkili Vəkil2 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını ahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında dindirilən şahid X5 izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, tarixini dəqiq xatırlamasa da, palata yoldaşı Əliyeva Tünzalə 2022-ci ilin aprel ayının *3-*4-ü, gecə saat 2-3 arası olardı, halı pisləşmişdir. Həmin vaxtı ayaqyolundan qayıdan palata yoldaşı Əsmər həkimi çağırmağa zərurət olmasını soruşmuş, Tünzalə başı ilə işarə etmişdir ki, həkimi çağırsınlar. Əsmər tibb bacısını çağırmağa getmişdir. Həmin vaxtı qonşu palatadan xəstələr köməyə gəlmişlər. Tibbi bacısının gəlmədiyini görüb, onun özü də Əsmərin arxası ilə getmişdir. Əsmərin tibbi bacısı Arzunun otağının qarşısında dayandığını, Arzunun isə gələcəyini dediyini özü eşitmişd\ir. Arzu otaqdan çıxmadığı üçün, o, palataya qayıtmış, Əsmər isə orada qalmışdır. Palataya qayıdanda Zaur həkim orada olmuş, Tünzaləyə tibbi yardım göstərmişdir. Onlar hay-küy salandan təxmini bir-iki dəqiqə sonra Zaur həkim gəlmişdir. Əvvəllər o təzyiqi olan vaxt çağırsa da, Arzu xanım sonradan gəlib, lakin təzyiqini ölçməyib. Təzyiqini ölçmək üçün İqbal həkimin yanına gedir. Sonra palata yoldaşı Əsmər ona zəng vurub ki, Arzu xanım ona deyib ki, Günay ərizəni geri götürüb, o da götürsün. Arzu xanımla baş həkim arasında konfiliktə şahid olmayıb. Onun Arzu xanımla yaxşı münasibəti olub. 27.Məhkəmə kollegiyasının iclasında dindirilən şahid X4 izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsini müdafiə edir. 2022-ci ilin aprel ayının *3-dən *4-nə keçən gecə saat təxminən iki radələrində hadisə baş verib. O, üçüncü mərtəbədə Şöbəyə gedərkən, aşağının tibb bacısı qışqıraraq, üstünə gəlib. O, da hadisə yerinə gedib. Həmin gün 2 və 3-cü mərtəbələrdə ayrı-ayrı tibb bacıları var idi. Həmin gün üçüncü mərtəbənin tibb bacısı Arzu xanım olmuşdur. O, üçüncü mərtəbəyə xəstənin yanına gələn kimi tibbi yardımlarını etmişdir. Həmin vaxtı o palataya gələndə xəstəni fikirləşmiş, dəqiq olaraq fikir verməmişdir ki, orada kim olub. Xəstəyə tibbi yardım göstərəndən sonra palataya nəzər yetirəndə, Arzunun orada olduğunu görmüşdür. O, konkret Arzu xanımın hadisə zamanı gecikdiyinin şahidi olmamışdır, çünki xəstəyə tibbi yardım göstərmişdir. O özü gələndə xəstənin başında qazi Əfsələddin adlı xəstə olmuş, Arzu tərəfindən tibbi yardım göstərilməmişdir. Arzu xanımın səhlənkarlığı ilə bağlı indiyə kimi onların problemləri olmamışdır. Tibbi yardımı ilk olaraq tibb bacısı göstərməlidir. Özü növbədə olanda Arzu xanımla problemi olmayıb. Digər cərrahi xəstə ona Arzu xanımın ona lazımi tibbi yardım göstərmədiyini, onun sistemlərini etmədiyini bildirmişdir, ancaq bu ona bu prossesdən sonra deyilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
23. 68-ci maddəsinin *-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.
24. 70-ci maddəsinə əsasən, Əmək müqaviləsi işəgötürən tərəfindən a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.
25. 7*-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. *86-cı maddəsinin *-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
27. *86-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddələr *4.2,77.*,2*7.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 3*.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(0*0)-3*09/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 33.Kollegiya hesab edir ki, İddiaçı Əmək müqaviləsinə əsasən üzərinə götürdüyü xəstələrə müalicə, profilaktik qulluq, həkiməqədər tibbi yardım göstərmək, həkimin təyinatı üzrə iynə və dərmanları düzgün və vaxtında vurulmasını yerinə yetirilməsinə dair əmək funksiyalarını icra etmədiyindən, cavabdehin əmək müqavləsinə Əmək Məcəlləsinin 70-cimaddəsini “ç” bəndi ilə xitam verilməsi barədə əmri tam əsaslıdır və ləğv edilə bilməz. 34.Belə ki, iddiaçı öz əmək funksiyasının yerinə yetirmədiyindən, əmək müqaviləsi üzrə vəzifələrini pozduğuna görə 22.*2.2022-ci ildə töhmət verilməsinə baxmayaraq, *4 aprel 2022-ci ildə növbədə olduğu halda xəstəxanada müalicə olunan Tünzalə Əliyevaya tibbi yardım göstərməmiş, öz əmək funksiyasının yerinə yetirməmiş, əmək müqaviləsi üzrə vəzifələrini pozmuşdur. Tünzalə Əliyeva elə həmin günü vəfat etmişdir. Həmin günü 2-ci mərtəbədə işləyən tibb bacısı iddiaçının işlədiyi 3-cü mərtəbəyə həkimlə birlikdə qalxaraq tibbi yardımın göstərilməsində iştirak etmişlər. İddiaçının xəstəyə tibbi yardım göstərməməsi işin halları və şahid ifadələri ilə bir daha təsdiq olunur. 35.Kollegiya qeyd edir ki, iddiaçının öz əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə vəzifələrini pozması işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən haldır. 36.Kollegiya qeyd edir ki, iddiaçının gətirdiyi dəlillər ilə əlaqədar qeyd olunmalıdır ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. 37.Kollegiya qeyd edir ki, tədqiq edilmiş sübutların məcmusu iddiaçı tərəfindən iş ahənginin mütəmadi pozulması, əmək nizam-intizamına etinasız münasibət bəsləyərək ona əməl etməməsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsində pozuntulara yol verməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması barədə iddiaçının əmək fəaliyyətini müsbət səciyyələndirməyən və əmrdə qeyd edilən təsvirləri təsdiq edir. 38.Belə olan halda iddiaçı tərəfindən təqdim edilən sübutlarda (həmkarlar ittifaqının iclasına aid iştirakına dair) uyğunsuzluqlar əmrin (protokolun) qanunsuz olmasına xidmət etmir. 39.Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən, onun əmək müqaviləsinin şərtlərini pozması və əmək funksiyalarını lazımınca yerinə yetirməməsi barədə cavabdehin qənaəti əsaslı olmuşdur. 40.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 4*.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(0*0)-3*09/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev