Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6833/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3622/2023 nömrəli 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 11E nömrəli evin 2-ci giriş 121 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdeh iddiaçının oğlu X4 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan xx.xx.2008-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-860/2023 nömrəli qətnaməsi ilə X4 və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 782 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 11E nömrəli evin 2-ci giriş 121 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 11E nömrəli evin 2-ci giriş 121 nömrəli mənzili onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh hazırda sözügedən mənzildə pasport qeydiyyatındadır, nikahın pozulmasından sonra da azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etməklə mənzildən çıxmaqdan imtina edir. Cavabdehin hər hansı bir müqaviləyə, qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər. Cavabdehin nə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsində nəzərdə tutulan əsaslarla, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan əsasla istifadə hüququ yaranmamışdır. Cavabdehin mənzildə qeydiyyatda olması istifadə hüququnun yaranmasına əsas vermir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr tarixli 2(004)-3622/2023 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 11E nömrəli evin 2-ci giriş 121 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 11E nömrəli evin 2-ci giriş 121 nömrəli mənzilindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə nikahda olduğu dövrdə iddiaçının mülkiyyətindəki mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlin-qaynana arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və hal-hazırda iddiaçının oğlu ilə cavabdehin ailə münasibələrinə də xitam verilmişdir. Bu səbəbdən, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də, cavabdehin mövcud olmayan istifadə hüququ itirilə bilməz. Qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mənzil Məcəlləsi 30.1, 30.4, Mülki Məcəllənin 152.5, 228.1, 228.2, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının oğlu ilə cavabdeh 2007-ci ildə ailə qurmuş, birgə nikahdan olan 2008-ci il və 2010-cu il təvəllüdlü uşaqları həmin mənzildə doğulmuşdur. Həmin mənzili cavabdehin keçmiş həyat yoldaşı 2006-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən alıb, mənzil alınarkən təmirsiz suvaq altı olmuş, 2007-ci ildə ailə qurduqdan sonra 2007-ci ilin sentyabr ayından 2008-ci ilin may ayına kimi mənzildə əsaslı təmir işləri aparılmışdır. Təmir olunarkən cavabdehin atası tərəfindən iki usta gətirilmiş, mənzilin elektrik və santexnik işləri görülmüşdür. Bununla da cavabdehin Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən mülkiyyət hüququ yaranır. 2021-ci ilədək evin hüquqi sənədi MTK-nın alqı-satqı müqaviləsi olmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehin keçmiş həyat yoldaşı mənzili anasının (iddiaçının) adına rəsmiləşdirmişdir. Bununla da cavabdehin həmin mənzilə mülkiyyət hüququ pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
19. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzil iddiaçıya məxsus olmaqla onun xüsusi mülkiyyətindədir.
29. Cavabdeh isə iddiaçının keçmiş gəlini olmaqla, iddiaçının oğlu ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki övladları doğulmuş, 2023-cü il tarixli qətnamə ilə isə nikahları pozulmuşdur.
30. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
31. Göründüyü hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll edilməlidir.
32. Mübahisəli ev cavabdehin qayınanasına məxsus olmuşdur və sonuncu, yəni iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.
33. Eləcə də cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rəsmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.
34. Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dipozisiya şərtləri daxilində iddiaçının ailə üzvü yaxud “digər qohumu” hesab olunmadığından, iddiaçının ilk tələbi ilə mənzili boşaltmaq öhdəliyi daşıyır.
35. Odur ki, məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və mənzildən çıxarılması qənaətinə gəlməkdə haqlı olmuşdur.
36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd etdiyi hallar müəyyən edilməmiş, nə də cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir.
37. Bundan başqa cavabdeh mənzilin 2021-ci ildə keçmiş həyat yoldaşının anasının, yəni iddiaçının adına rəsmiləşdirilməsi ilə onun mülkiyyət hüquqlarının pozulmasını qeyd etmişdir. Kollegiya qeyd edir ki, bu hal hazırki mübahisənin predmetini təşkil etmir, bununla bağlı cavabdehin tələbi olmamışdır və hazırda həmin mənzilin iddiaçının mülkiyyətində olmasına dair qüvvədə olan Çıxarış mövcuddur.
38. Beləliklə, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi müəyyən olunmur, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qəbul olunmuş, məhkəmə gəldiyi nəticəni tam əsaslandırmışdır. Kollegiya həmin əsaslandırma və nəticə ilə razılaşır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3622/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.