Məhkəmə qərarları › İş №2(103)-6833/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6833/2024

03.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6833/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə (şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından) qeyri-mümkün hesab edilmiş , Cavabdeh məhkəmənin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3045/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4491/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə təqdim edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh nümayəndəsi Vəkil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 964/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad iddiaçının ünvanına poçt vasitəsi ilə göndərilmiş və həmin ünvanda yaşamaması səbəbindən zərf geri qayıtmışdır( iş səhifə 195). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının hazırkı qeydiyyatda olduğu yer ünvan 3 ünvanıdır. Həmçinin iş materiallarında iddiaçının şəxsiyyət vəsiqəsinin surətində də həmin ünvan qeyd edilmişdir. ( iş səhifə 33) Lakin məhkəmə tərəfindən həmin ünvana qərardad göndərilməmiş, ünvan 4na göndərilmişdir. ( iddia ərizəsində qeyd edilən ünvan) Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəflərin qərardaddan şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilməli olan mülki iş üzrə ayrıca akt şəklində qəbul edilmiş qərardaddan Mülki Prosessual Məcəllədə göstərilmiş işdə iştirak edən şəxslər şikayət verə bilər. İşdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Diqqətə çatdırılmalıdır ki, şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməli və səlahiyyət daxilində onların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalıdır. Belə ki, ilk olaraq son qərardada dair məsələyə son qoyulmaması qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və qərardaddan şikayət vermə hüququnun təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Hazırki mərhələdə apellyasiya icraatının hədlərinin müəyyən edilməsi edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığı qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, o, qəbul olunmamış hesab edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-147, 267-269,395-397-ci maddələrinin tələblərinə riayət edilməsi üçün mülki iş Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini; 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; 134.1.4. məhkəmə bildirişini; 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; 134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;134.1.7. məhkəmə əmrini; 134.1.8. apellyasiya şikayətinin surətini;134.1.9. kassasiya şikayətinin surətini.134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:395.1.1. bu Məcəllədə göstərilən hallarda;395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, hazırki mərhələdə qərardaddan İddiaçı şikayət vermək hüquqları təmin edilmədən Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması mümkün deyildir və İddiaçı müddətin bərpası barədə qərardaddan şikayət vermək hüquqları təmin edildikdən sonra Cavabdeh tərəfindən qətnamədən verilmiş şikayətə baxılması mümkündür. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş müvafiq prosessual hərəkətlərinin həyata keçirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar