Məhkəmə qərarları › İş №2(103)-6835/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6835/2025

13.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6835/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi X2 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1460/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 18 saylı evin, 68 saylı mənzili xx.xx.1987-ci il tarixli order əsasında X11 verilmişdir. Onun oğlu olan İddiaçı (bundan sonra iddiaçı) həmin mənzildə ailə üzvləri, yəni arvadı X6 və qızı Cavabdeh (bundan sonra cavabdeh) ilə birlikdə pasport qeydiyyatında olmaqla yaşamışlar. İddiaçının atası X14 vəfat etdikdən sonra iddiaçının ərizəsi, iddiaçının arvadı və hazırki iş üzrə cavabdeh olan qızının xx.xx.2007-ci il tarixli yazılı razılığı (mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişlər) əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 372 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamı ilə mənzilin icarə müqaviləsi dəyişdirilərək mənzilin əsas icarədarı iddiaçı hesab edilmişdir. Bundan sonra qeyd edilən Sərəncama, orderə, forma-2 arayışına, habelə iddiaçının arvadının və qızının (cavabdeh) razılıq ərizələrinə əsasən xx.xx.2024-cü il tarixdə mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda da mənzil onun mülkiyyətindədir. Cavabdeh xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 18 saylı evin, 68 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini və onun həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı onu ər kimi saymamış, istədiyi zaman istədiyi yerlərə getmişdir. Hətta, o, qızının evləndiyini qonşulardan eşitmişdir. Qızı evləndikdən sonra həyat yoldaşı da evi tərk edib getmişdir. Həyat yoldaşı və qızının uzun illərdir ki, ünvan 1 ünvanına olan qeydiyyatları formal xarakter daşıyır, bu günə kimi onlar həmin evdə yaşamırlar, heç zaman onunla maraqlanmayıblar. Bir neçə gündür ki, ona məlum olub ki, arvadı X7 dünyasını dəyişibdir. Qızının harada yaşamasından da heç bir xəbəri yoxdur. 2 qapı qonşusu - X1 ya X15 ərizə ilə notariusda təsdiqləyiblər ki, qızı Cavabdeh qeydiyyatda olan ünvanda yaşamır və heç vaxt onu bu ünvanda görməyiblər. Beləliklə də, cavabdeh onun mülkiyyətində olan mənzildə qanuna zidd olaraq, hələ də qeydiyyatda olmağa davam edir və onun qeydiyyatı formal xarakter daşıyır.

4. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, işlə əlaqədar xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Müvafiq sənədlərdən aydın şəkildə görünür ki, Əliyev X10 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, 7-ci mikrorayon, 18 saylı binanın 68 saylı mənzilinin icarə müqaviləsinin dəyişdirilərək, adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Mənzildə İddiaçı və onun ailə üzvlərinin (1992-ci ildən etibarən pasport qeydiyyatında olmaqla yaşadığını, mənzilin əsas icarədarı X9 vəfat etdiyini, mənzilin icarə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə ailə üzvlərinin (arvadı və qızı) ərizə ilə razılıq bildirməsini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli Sərəncamla mənzilin icarə müqaviləsini dəyişdirmiş və iddiaçını həmin mənzilin əsas icarədarı hesab etmişdir. Sərəncama əsasən mübahisə predmeti olan mənzilə iddiaçı ilə yanaşı, onun da istifadə hüquqları mövcuddur. Onun daimi yaşadığı yer Bakı şəhəri, 7-ci mikrorayon, ev 18, mənzil 68-dir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində də onun mənzilə istifadə hüququnun mövcud olduğunu etiraf etmişdir. Onun müvafiq mənzilə istifadə hüququ mövcud olduğundan hazırki iddia tələbi üzrə onun həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün heç bir əsas yoxdur. Onun mənzilə olan istifadə hüququna xitam verilmədən mənzildən qeydiyyatdan çıxarılması qeyri-mümkündür. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1460/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X13)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ həmin mənzilin ilkin icarədarı olmuş X9 dövründə, xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən yaranmışdır. Belə ki, mənzilin ilkin icarədarı olan X9 övladı olan hazırki iş üzrə İddiaçı öz azyaşlı qızını (1984-cü il təvəllüdlü Cavabdeh) atasına məxsus mənzilə köçürməklə ailə üzvü kimi qızının da mənzildən istifadə hüququnun yaranmasını təmin etmişdir. Lakin, cavabdeh hələ mənzilin ilkin və əsas icarədarı olmuş X9, yəni iddiaçının atasının sağlığında, yəni 2004-cü ildə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildən nikaha daxil olmaqla köçmüş və sonuncu dəfə isə xx.xx.2007-ci il tarixdə, yəni köçdüyü tarixdən 3 il sonra babasının adına olan icarə müqaviləsinin atası, hazırki iş üzrə iddiaçının adına keçirilməsinə yazılı razılıq vermişdir. Bundan sonra, yəni xx.xx.2007-ci il tarixdən etibarən sözügedən mənzilin əsas icarədarı İddiaçı olmuş, lakin cavabdeh bu tarixdən sonra ailə üzvü kimi həmin mənzilə köçərək orada yaşamadığı üçün hazırki iddiaçıya münasibətdə də mənzildən istifadə hüququ yaranmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, əgər cavabdeh 2007-ci ildən sonra iddiaçıya məxsus olan mənzilə ailə üzvü kimi köçərək yaşasaydı, bu zaman qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə və ya bu hal xx.xx.2009-cu il tarixdən sonra baş versəydi, o halda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranacaqdı. İndiki halda cavabdehin mənzildən istifadə hüququ hazırki mülkiyyətçinin deyil, öncəki icarədarın, yəni babasının dövründə və ona münasibətdə yaranmış və hələ onun sağlığında mənzildən getdiyi (köçdüyü) üçün isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən mənzildən istifadə hüququ itirilmişdir.

8. Məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlıdır. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2004-cü ildən sonra belə mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil. Cavabdehin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra mənzilin ilkin icarədarı olmuş babası X11 münasibətdə yaranmış istifadə hüququnun itməsinə səbəb olmuşdur.

9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, cavabdehin atası – İddiaçı münasibətdə isə iddiaçıya məxsus mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Belə ki, iddiaçı mənzilə mülkiyyət hüququnu xx.xx.2007-ci il tarixli Sərəncam və icarə müqaviləsi əsasında və həmin tarixdən sonra əldə etmiş, cavabdeh isə hələ bu hadisədən 3 il öncə ailə qurmaqla başqa yaşayış yerinə köçmüş, ondan sonra isə ümumiyyətlə iddiaçıya məxsus mənzildə yaşamamışdır. Beləliklə də, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Odur ki, mövcud olmayan istifadə hüququna xitam verilməsinə dair iddia da təmin edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni BMT-nin xx.xx.1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 17-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü, 60-cı, 87-ci, 123-cü, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun mənzildən istifadə hüququnun mövcudluğu barədə qətnaməyə düzəliş edilməklə qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun 2004-cü ildə ünvan 2 ünvanında yerləşən mənzildən nikaha daxil olmaqla köçməsi faktı ilkin icarədarın sağlığında deyil, İddiaçı dövründə baş vermişdir. Qeyd edilən ilkin icarədar, iddiaçının atası X14 1994-cü ildə vəfat etmişdir. Belə olan halda 2004-cü ildə - yəni ilkin icarədarın ölümündən 10 il sonra, iddiaçının atasına yox, İddiaçı münasibətdə mənzildən istifadə hüququ müəyyən edilməlidir. Beləliklə, onun 2004-cü ildə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildən nikaha daxil olmaqla köçməsi faktı iddiaçının atası X14 ilə əlaqələndirilə bilməz. Məhkəmənin bu nəticəsi sübutlar əsasında müəyyən edilmiş hadisələrin ardıcıllığına, faktlara və eyni zamanda məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi prinsiplərinin (Mülki Prosessual Məcəllənin 88 və 89-cu maddələri) pozulmasına dəlalət edir. Şahidlər iddiaçının birbaşa qohumlarıdır (bacısı uşaqları). Qanunvericiliyə əsasən şahidlərin tərəfsizliyi əsas şərtdir və tərəfli ifadələr dəlil hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində təsdiq etdiyi kimi, həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 61797/2025 saylı məktuba əlavə edilmiş nikah haqqında akt qeydinin surətindən müəyyən edilir ki, onun daimi yaşadığı yer Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 18 saylı evin 68 nömrəli mənzilidir. Onun 2004-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 18 saylı evin, 68 saylı mənzilindən nikaha daxil olmaqla köçməsi faktı ilkin icarədarın sağlığında deyil, İddiaçı dövründə baş vermişdir. İlkin icarədar, iddiaçının atası X14 1994-cü ildə vəfat etmişdir. Bu səbəbdən onun mənzildə istifadə hüququnun itirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri düzgün qiymətləndirilməmiş, maddi hüquq normaları yanlış tətbiq edilmiş və nəticədə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh nikaha daxil olduqdan sonra da, anasının həmin mənzilə yaşaması və səhhətində problemlərin olması səbəbindən mənzilə tez-tez gəlib getmiş, anasına qulluq etmiş və anası dünyasını dəyişən vaxtadək mənzildə mütəmadi olaraq yaşamışdır. Bir sözlə mənzildən daimi əsaslarla getməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın hüquqi nəticə etibarı ilə istifadə hüququnun olmaması əsası ilə deyil, mövcud olması əsası ilə rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə iddiaçının qətnaməni mübahisələndirmədiyini nəzərə alıb hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdehin hazırda həmin mənzilə münasibətdə istifadə hüququ mövcud deyil. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının qızıdır. Mübahisə predmetini təşkil edən mənzilin ilkin icarədarı xx.xx.1987-ci il tarixli order əsasında iddiaçının atası X14 olmuş, iddiaçı da həmin mənzildə arvadı və birgə nikahdan doğulmuş qızı (cavabdehlə) ilə birlikdə yaşamış, onlar mənzil üzrə pasport qeydiyyatına da alınmışlar. İddiaçının atasının 1994-cü ildə vəfatından sonra iddiaçının həyat yoldaşı və qızının xx.xx.2007-ci il tarixli yazılı razılığı (ərizəsi) əsasında xx.xx.2007-ci il tarixdən etibarən mənzilin əsas icarədarı iddiaçı olmuşdur. İddiaçının mənzil üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, mənzil hazırda da onun mülkiyyətindədir. Bununla belə, həmin mənzildən istifadə edilməsi ilə bağlı cavabdehlə iddiaçının atası (cavabdehin babası) arasında münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

25. Hazırda iddiaçı cavabdehin 2004-cü ildə nikaha daxil olduqda sonra həmin mənzildə yaşamadığını, mənzili daimi əsaslarla tərk edərək, ər evinə köçdüyünü, həmin vaxtdan cavabdehin nəinki mənzilə hər hansı (fiziki və hüquqi) bağlılığının qalmadığını, hətta onun özü ilə münasibətlərinin kəsildiyini, o cümlədən qızının ailə qurması barədə məlumatı da qonşulardan eşitdiyini iddia edir və onun mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Bu baxımdan iddiaçı özü də cavabdehin həmin mənzildən istifadə hüququnun yarandığını qəbul edir, lakin cavabdehin daimi əsaslarla mənzili tərk etməsi səbəbindən bu hüququnu itirdiyini iddia edir.

26. Cavabdeh apellyasiya şikayətində nikaha daxil olduqdan sonra nəinki mənzildə yaşadığını, ümumiyyətlə mənzilə gəlib-getdiyini belə söyləmir, dolayısı ilə daimi əsaslarla başqa ünvanda yaşadığını bildirir və mənzildən istifadə hüququnun hələ babasının icarədar olan vaxtdan yaranmasına, babasının vəfatından sonra iddiaçının mənzilin icarədarı olmasına razılıq ərizəsi verməsinə və iddiaçının icarədar olduğu dövrdə də istifadə hüququnun olmasına istinad edərək, hazırda da belə bir hüququnun mövcud olmasını bildirir. Lakin onun vəkili və nümayəndəsi məhkəmə iclasında fərqli mövqedən çıxış edərək, cavabdehin nikaha daxil olduqdan sonra da həmin mənzilə anasının yanına gəlib-getdiyini, onun səhhətində olan problemlərlə bağlı ona qulluq göstərdiyini və mənzildə yaşadığını vurğulayır, lakin anası vəfat etdikdən sonra cavabdehin həmin mənzilə gəlib-getməsi və atasına da qulluq göstərməsi, ən azı onunla maraqlanması bildirilmir. Nəzərə alınmalıdır ki, cavabdehin anası xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir və qeyd edilənlərdən belə çıxır ki, anası dünyasını dəyişən zaman və bundan sonra anasının orada yaşaması səbəbindən onun vəfatı ilə bağlı yas mərasimləri də həmin mənzillə bağlı olmalı, o cümlədən bununla bağlı qohumlar, yaxınlar və tanışlar məhz həmin mənzilə gəlməli, ən azı cavabdehin anası son mənzilə həmin mənzildən yola salınmalı idi. Lakin bununla bağlı cavabdeh tərəfindən nəinki hər hansı sübut təqdim edilmir, ümumiyyətlə hər hansı fikir belə söylənilmir, bu mövqedən belə çıxış edilmir. Halbuki, iddiaçının mövqeyi və iddia ərizəsinin məzmunu baxımından cavabdeh birmənalı olaraq bu məsələlərə münasibət bildirməli idi. Hər bir halda, cavabdehin anasının nikaha daxil olduğu xx.xx.1983-cü il tarixdən öldüyü xx.xx.2024-cü il tarixədək mübahisəli mənzildə yaşamasını və cavabdehin də onun ölümünədək həmin mənzilə gəlib-getməsini və orada qalmasını təsdiq edən xeyli sayda sübutu mövcud olmalı idi.

27. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdehin ailə qurması barədə qonşulardan xəbər almasını, arvadının vəfat etməsinin bir neçə gün əvvəl bilməsini, qızının (cavabdeh) və arvadının uzun illərdir ki, onunla yaşamamasını və onunla maraqlanmamasını iddiaçı bilavasitə iddia ərizəsində qeyd etmiş və bu fikirlər qətnamədə də öz əksini tapmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilənləri təkzib edən hər hansı fikir belə söylənilməmişdir. Bununla belə, məhkəmə kollegiyası bu və 26-cı bənddə göstərilənləri, habelə apellyasiya şikayətinin məzmununu nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh 2004-cü ildə nikaha daxil olması səbəbindən mübahisəli mənzili daimi əsaslarla tərk etmiş və bundan sonra hər hansı, o cümlədən anasına qulluq göstərməsi (orda yaşamaması səbəbindən) əsasla həmin mənzildə yaşamamışdır.

28. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı halda isə hazırda mövcud olub-olmaması, yəni artıq itirilməsi məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 1984-cü ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, doğulduqdan sonra icarədar X9 (iddiaçının atası) razılığı ilə mənzildə yaşayan, onun ölümündən (1994-cü il) sonra da həmin mənzildə yaşamağa davam edən cavabdehin bu mənzildən istifadə hüququ yaranmışdır.

29. Lakin cavabdeh 2004-cu ildə nikaha daxil olması səbəbi ilə mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa ünvana köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində yaşayır. Həmin vaxtdan etibarən cavabdehin mübahisəli mənzillə hər hansı hüquqi (hətta fiziki) bağlılığının olması, ümumiyyətlə onun hər hansı əşyasının hazırda da həmin mənzildə olması müəyyən edilmir. Başqa sözlə, cavabdeh uzun müddət ərzində və davamlı olaraq mənzilə olan (yaranmış) bu hüququndan könüllü istifadə etməmiş, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh mənzilə olan bu hüququnu artıq itirmişdir. Hətta iddiaçı 2007-ci ildə mənzilin icarədarına çevrilən zaman 3 ildir ki, daimi əsaslarla tərk etməsi və orada yaşamaması səbəbindən cavabdehin bu huququ artıq itirilmiş və həmin vaxt mövcud olmamışdır.

30. Cavabdehin 2007-ci ildə mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə yazılı şəkildə razılıq verməsi də onun istifadə hüququnun hələ də mövcud olması və itirilməməsi qənaətinə gəlmək üçün əsas yaratmır. Mənzil iddiaçının adına qeydiyyata alındıqdan, yəni iddiaçı mənzilin mülkiyyətçisi olduqdan sonra da onların arasında cavabdehin belə bir hüququnun yaranması üçün əsas yaradan hüquq münasibətləri yaranmamışdır. Nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini də təsbit etməmiş, bilavasitə məhkəmə kollegiyasının müəyyən etdiyi yuxarıda göstərilən hallardan asılı etmişdir.

31. Məhkəmə kollegiyası istifadə hüququna təsir edən hal olduğunu nəzərə alaraq, mənzilin birgə nikah dövründə əldə edilməsi, bu baxımdan iddiaçı ilə onun anasının ümumi birgə əmlakı olması və anasının yeganə vərəsəsi olmaqla mənzilə pay hüququnun mövcud olması barədə cavabdehin ərizəsi ilə bağlı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. İddiaçının xx.xx.2024-cü il tarixdə vəfat etmiş arvadı X7, habelə cavabdehin özü xx.xx.2007-ci il tarixdə yazdığı ərizələrlə mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdilər. Mübahisəli mənzil də digər sənədlərlə yanaşı, həmçinin bu razılıq ərizələrinə əsasən iddiaçının adına qeydiyyata alınmşdır.

32. Bununla belə, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış və mövcud olmuşdur. Lakin 2004-cu ildə nikaha daxil olduqdan sonra, məhz bu səbəblə cavabdeh mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa ünvana köçmüş, bununla da uzun müddət ərzində və davamlı olaraq mənzilə olan (yaranmış) bu hüququndan könüllü olaraq istifadə etməmiş, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan iddiaçı mənzilin icarədarına çevrilən zaman, yəni 2007-ci ildə cavabdeh həmin mənzilə olan istifadə hüququnu nəticə etibarı ilə artıq itirmişdir. Bu səbəbdən hazırki iddia cavabdehin mənzildən istifadə hüququnun olması əsası ilə rədd edilə bilməz. Belə ki, cavabdehin belə bir hüququ artıq mövcud deyil. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1460/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar