Məhkəmə qərarları › İş №2(103)-6836/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6836/2024

24.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6836/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1587/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin iddiaçının 18 mart 2024-cü il tarixində işdən azad edilməsi barədə 13 iyun 2024-cü il tarixli, BS-K24-06/07 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də satış şöbəsinin satıcısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı – son haqq hesab olan 117 manatı 90 gün gecikdirdiyi üçün, gecikən hər gün üçün 5 faiz ödənc olmaqla, cəmi 525 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 120 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci, cəmi 300 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülmədiyini bildirmiş, əgər məhkəmə iddia müddətinin ötdüyünü hesab edərsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-1587/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 298.35 (iki yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş vəkil xərcinin 50 (əlli) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən üç ay arxa tarixə iddiaçının əmək müqaviləsinə xitam verməsi qanuna ziddir. Cavabdeh əmr verərkən onun himayəsində 3 uşağının olmasını, həyat yoldaşının işləmədiyini nəzərə almamışdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.Abuşov, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Vəkil bildirdi ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü ildə verdiyi əmri xx.xx.2024-cü il tarixli əmrlə ləğv edərək, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, yəni arxa tarixə əmrlə xitam vermişdir. Hesab edir ki, cavabdehin bu əmri aşkar qanunsuz olmuşdur.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, cavabdeh ilkin əmr verilən zaman iddiaçının müvəqqəti əmək qabiliyyətli olmamasını bilməmişdir. Bu halı aşkar edən kimi isə cavabdeh iddiaçının müddətli əmək müqaviləsinə xitam verilməsini xx.xx.2024-cü il tarixli əmrlə rəsmiləşdirmişdir. Hər hansı bir qanun pozuntusuna yol verilməmişdir, işəgötürənin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəyinin olmaması və bağlanmış müddətli əmək müqaviləsinə xitam vermək iradəsi mübahisəsizdir, sadəcə olaraq iddiaçı bunu bildiyindən, düşünülmüş şəkildə əmr verilməsində pozuntu yaratmaq üçün xəstəlik vərəqəsi almış, bu məlumatı işəgötürəndən gizli saxlamış, işəgötürən də sonradan bu formal pozuntunu öz əmri ilə aradan qaldırmışdır, əgər qanun pozuntusu olsaydı, cavabdeh barəsində X5 Xidməti tərəfindən inzibati qaydada tədbir görülərdi. Bu da onu göstərir ki, əmr qanuni olmuşdur, iddiaçı onun əmək müqaviləsinin müddətli olmasını, eləcə də müqavilənin müddətinin uzadılmayacağını bilirdi, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı satış şöbəsinin satıcısı peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) il müddətinə bağlanılmışdır.

11. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, BS-B24/03 saylı bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam veriləcəkdir. Qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarix şənbə gününə təsadüf etdiyindən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qiurtarması) əsasən xitam veriləcək və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacaqdır.

12. "xxxx" MMC-nin tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 552 saylı aktdan görünür ki, Abşeron rayonu, Sumqayıt şəhəri, 44- cü məhəllə, ev 18, m 5 İddiaçı 070171 qaimə ilə rəsmiləşdirilmiş sənəd xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən "xxxx" MMC-nin kuryer tərəfindən götürülüb və həmin ünvana daşınmışdır. Zərfin üzərində göstərilən ünvana gedilib, lakin İddiaçı məktubdan imtina etiyinə görə məktubu çatdırmaq mümkün olmamışdır.

13. “Sumqayıt Tibb Mərkəzi” PHŞ 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 51 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ASM-də sahə həkimi terapevt Şirinova Nailə həkimə bağ ağrısı, hərarət, burun axma, udqunma zamanı boğazda ağrı, halsızlıq əlamətləri ilə müraciət etmişdir. Vətəndaş Nailə həkim tərəfindən müayinə olunduqdan sonra ona kəskin respirator xəstəlik diaqnozu qoyulmuş və müalicə təyin olunmuşdur. Xəstədə qeyd olunan tarixdən, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ******* №li (ƏQOV) xəstəlik vərəqi açılmışdır.

14. X3 tərəfindən "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, həyat yoldaşı İddiaçı ona verdiyi etibarnamə əsasında əmək kitabçasının ona verilməsinə razılıq verilməsi xahiş edilmişdir.

15. "xxxx" ASC tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı aid əmək kitabçasının cəmiyyət tərəfindən ona təqdim edilməsinə dair səlahiyyət təqdim edilmiş etibarnamə üzrə nəzərdə tutulmamışdır.

16. X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubdan görünür ki, "xxxx" ASCnin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərə əsasən İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024cü il tarixində xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim edilən sənədlərdən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim edildiyi və işəgötürən tərəfindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinin gözlənilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, 30 gün ərzində İddiaçı barəsində verilmiş BS-K24-03/05 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmri ləğv edilərək nəticəsi barədə X5 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsi xahiş olunmuşdur.

17. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli BS-K24-06/07 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin satış şöbəsinin satıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilmişdir.

18. Bank Respublika ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il dövr üzrə xx.xx.2024-cü il tarixdə 117 manat son haqq hesab ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikası Konstitusiyası: Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

21. 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

22. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.

23. 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.

24. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

25. 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

26. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

27. 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər

28. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

29. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

30. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

31. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir.

32. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirldikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

33. Əmək Məcəlləsinin 172-ci maddəsinə olan qeyddən görünür ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

34. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.

36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

49. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə Kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il müddətinə satış şöbəsinin satıcısı peşəsinə işə qəbul edilmiş, İddiaçı əmək müqaviləsinə əvvəlcə 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti qurtardığından xitam verilmişdir.

53. Hazırkı iş üzrə iddiaçı ilk olaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyəti olmadığına görə işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri gözlənilmədən əmək qanunvericiliyin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilməsi barədə verdiyi xx.xx.2024-cü il tarixli, BSK24-03/05 saylı əmrin qanuniliyini mübahisələndirmişdir. Lakin məhkəmə iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, BS-K24-06/07 saylı əmrlə tanış olduqdan sonra iddianı dəqiqləşdirmiş və sonuncu əmri mübahisələndirmişdir.

54. İddiaçı işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirmiş və tələbinin əsası kimi cavabdeh əmr verərkən onun himayəsində 3 uşağının olmasını, həyat yoldaşının işləmədiyini nəzərə almamasına və s. hallara istinad etmişdir. İddiaçı həmin dəlilləri öz apellyasiya şikayətində də qeyd etmişdir.

55. Cavabdeh tərəf isə iddiaya etirazında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi ilə bağlı ona bildiriş göndərilməsi, iddiaçının isə bu bildirişi almaqdan qəsdən imtina etməsinə baxmayaraq, qeyd edilən halın iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini bilməsinə, eləcə də iddiaçının xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyətsiz olması barədə məlumatı olmadığı üçün, sonradan iddiaçının əmək müqaviləsinə 18 mart 2024-cü il tarixindən xitam verilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli BS-K24-06/07 saylı əmrin qanuni olmasına istinad etmişdir.

56. Rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək müqaviləsinin müddətinin başa çatması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir.

57. İddiaçının qeyd edilən əsasla işdən azad edilməsinin prosedur qaydalarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verərək rayon məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış halları ilə təsdiq edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əmək qabiliyyətsiz olmasından işəgötürənin məlumatı olmadığı üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göndərdiyi bildirişin iddiaçı tərəfindən alınmasından imtinası da nəzərə alınmaqla, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən yuxarıda qeyd edilən əsasla xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinə dair bildiriş almamasına dair dəlili cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, BS-B24/03 saylı bildirişin və bu bildirişi iddiaçının almaqda imtina etməsinə dair "xxxx" MMC tərəfindən bu barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 552 saylı aktın məzmunları ilə təkzib edilir.

58. Həmçinin birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşan Məhkəmə kollegiyası bildirir ki, hazırki işin faktiki hallarını nəzərə alaraq cavabdeh tərəfindən xx.xx.2024- cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər, yəni iddiaçının əmək qabiliyyətinin olmadığı müddətdə əmək müqaviləsinə xitam verildikdən sonra 13 iyun 2024-cü il tarixində xx.xx.2024-cü il tarixli əmri ləğv etməklə işçinin 18 mart 2024-cü il tarixindən işdən azad edilməsi barədə yeni əmr verilməsini əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki hazırkı halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olması, müqavilənin müddətinin xx.xx.2024-cü il tarixində başa çatması, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətini uzatmaq, yəni onunla əmək münasibətlərini davam etdirmək niyətində olmaması barədə onu qanunla müəyyən olunmuş qaydada öncədən xəbərdar etməsi işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Məhz qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli əmri əmək qanunvericiliyinin uyğun olmuşdur. Başqa bir məsələ ki, iddiaçı əmr verilən həmin tarixə dair sonradan əmək qabiliyyətsizliyinə dair xəstəlik vərəqəsi təqdim etmişdir, lakin əmr verilərkən buna dair cavabdehdə hər hansı məlumat olmamış və belə təəssürat yaranır ki, iddiaçı əmək müqaviləsinə xitam veriləcəyini bildiyindən həmin məlumatı cavabdehə vaxtında təqdim etməmişdir.

59. Təsadüfi deyil ki, X4 Xidməti Bakı şəhər idarəsinə iddiaçının müraciətindən sonra idarənin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-29949/2024 saylı məktubu ilə cavabdehdən məhz 30 gün müddətində xx.xx.2024-cü il tarixli, BS-K24- 03/05 saylı əmrin ləğv edilməsi tələb edilmiş, riayət edilmədiyi halda isə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, onun barəsində buna görə inzibati qaydada tədbir görülməmişdir.

60. Bu baxımdan da, nəzərə alınmalıdır ki, cavabdehin sonradan xx.xx.2024-cü il tarixli əmrini özü ləğv edərək, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsinə dair verdiyi xx.xx.2024-cü il tarixli əmr (X1 cavabdeh üçün məcburi xarakter daşıyan göstərişində müəyyən olunmuş 30 günlük müddət daxilində icra edilməklə) məhz iddiaçının xəstəlik vərəqəsi əldə etməsi barədə cavabdehi bilərəkdən vaxtında məlumatlandırmaması səbəbindən yol verilmiş formal pozuntunu aradan qaldırmağa yönəlmişdir və qanuna müvafiq olmuşdur. Bunun, cavabdehin iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsini uzatmaq niyyətində olmaması, onunla əmək münasibətlərini davam etdirmək istəməməsinə dair iddiaçıya vaxtında bəyan etdiyi iradəsinə hər hansı təsiri ola bilməz.

61. İddiaçı işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirmiş və tələbinin əsası kimi həm də cavabdeh əmr verərkən onun himayəsində 3 uşağının olmasını, həyat yoldaşının işləmədiyinin nəzərə almamasına istinad etmişdir.

62. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuş və bu müddətin xx.xx.2024-cü il tarixdə başa çatacağı ona məlum olmuşdur. Belə olan halda onun qeyd edilən hallara istinad etməsi əsaslı olmamışdır.

63. İddia tələbinin cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı – son haqq hesab olan 117 manatı 90 gün gecikdirdiyi üçün, gecikən hər gün üçün 5 faiz ödənc olmaqla, cəmi 525 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

64. Bu baxımdan, rayon məhkəməsi cavabdehin iddiaçıya ödəməli olduğu əmək haqqı – son haqq-hesab olan 117 manatın ödənilməsinin 85 gün gecikdirdiyi üçün iddianı bu hissədə qismən təmin edərək, hər gün üçün 3 faiz olmaqla (117x3/100=3,51x85) 298,35 manat pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.

65. MPM-in 385.2-ci maddəsinə əsasən də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

66. Beləliklə də, aparılmış məhkəmə araşdırmalarına əsasən Məhkəmə Kollegiyası belə qənəatə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

67. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1587/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar