Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6837/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadə hüququna maneənin aradan qaldırılması, cavabdehin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5551/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadə hüququna maneənin aradan qaldırılması, cavabdehin özbaşına hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı Cavabdeh 06 sentyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5551/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia üzrə tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh qeyd olunan ərazidə torpaq sahəsini əldə etdikdən sonra onu hasarlamaq məqsədilə DƏDKR-ya torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün müraciət etmiş və daha sonra özünə məxsus torpaq sahəsini hasarlamaq qərarına gəlmişdir. İddiaçı bu prosesə hər dəfəsində maneə olmuş, çəkilən hasarı bir neçə dəfə sökdürmüş və bununla da Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsini çətinləşdirmişdir. İddiaçı bu hərəkətləri dəfələrlə təkrarlaması Cavabdeh oğluna həm maddi, həm də mənəvi zərər vurmuşdur. Vurulmuş maddi və mənəvi zərər ilə əlaqədar qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə qanunsuz olaraq qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istədiyi şəkildə istifadə edə bilər, buna torpaq sahəsini hasarlamaq da daxildir. Lakin o torpaq sahəsini hasarlasa belə qonşusu İddiaçı tərəfindən hasar bir neçə dəfə sökülmüş bununla onun hüquqları pozulmuşdur. O, pozulmuş hüquqlarının müdafiəsi və dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinin hasarlanması üçün bir sıra xərclər çəkmişdir. Qarşı tərəfin hər dəfəsində qanunsuz olaraq hasarı sökməsi nəticəsində ona xeyli məbləğdə ziyan dəymişdir. Cavabdeh təkcə hasarın çəkilməsi üçün ustalara ödəniş etməmiş, ustaların həmin əraziyə gəlib-getməsi xərclərini və işlədikləri müddət boyunca ustaların digər xərclərini də çəkmişdir. Həmçinin bu müddət ərzində İddiaçı qanunazidd hərəkətləri nəticəsində sarsıntı, iztirab keçirmiş və ona mənəvi zərər dəymişdir. Tərəf qismində çıxış edən Cavabdeh Vəkil1 verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması xüsusi olaraq qeyd olunmuşdur. Bu baxımdan Vəkil1 qarşılıqlı iddia ərizəsini imzalamaq səlahiyyəti vardır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili olaraq Vəkil1 MPM-in 154.1-ci maddədə qeyd edilən müddətdə, yəni iddia ərizəsi təqdim olduğu tarixdən sonra 20 gün ərzində qarşılıqlı iddia ərizəsini məhkəməyə ondan asılı olmayan səbəblərdən təqdim edə bilməmişdir. Həmin dönəmdə məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar üzrlü səbəbdən qarşılıqlı iddia ərizəsini Sabunçu Rayon Məhkəməsinə bir qədər gec təqdim etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5551/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Göründüyü kimi, qarşılıqlı iddia mülki işin məhkəmə icraatının iki mərhələsində verilə bilər: a) işin məhkəmədə baxılmasına başlanana qədər; b) məhkəmə baxışı zamanı. Məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia bir qayda olaraq, işin məhkəmədə baxılmasına başlanana qədər verilməlidir. Bu müddət iddia ərizəsinin icraata qəbul edilməsindən başlayaraq işə mahiyyəti üzrə baxılması üçün ilk məhkəmə iclasının başlanmasına qədər olan dövrü əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, qarşılıqlı iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş müddətdən sonra verilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş etibarnamədən görünür ki, həmin etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi olaraq göstərilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Hazırki işdə isə mübahisələndirilən qərardad qəbul edilərkən cavabdehin vəkilə vəkalət verdiyi də müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli ºəxslər tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan etibarnamədən görünür ki, Cavabdeh tərəfindən Vəkil1 Azərbaycan Respublikasının CPM-nin 102.2.1, 102.6, 102.8 və 102.9-cu maddələrinə uyğun səlahiyyətlər verilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən edilmişdir. Belə olan halda işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyn tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaq barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, şikayətin məzmunundan da göründüyü kimi tərəf qanunla müəyyən edilmiş müddət ərzində qarşılıqlı iddia ərizəsinin verilməməsini qəbul edir, lakin həmin müddətin ötürülməsini - həmin dönəmdə məhkəmə iclaslarının çoxluğu ilə əlaqələndirmişdir. Lakin bu dəlillər qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsas ola bilməz, çünki qanunvericilikdə bir mənalı olaraq qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 20 gün müddət müəyyən edilmişdir, cavabdeh isə həmin müddət ərzində qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmişdir. Digər tərəfdən cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı zamanı əmələ gəlmiş olması və ya qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5551/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6837/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6837/2023
13.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver