Məhkəmə qərarları › İş №2(103)-6839/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6839/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6839/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (ərizəçi) ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, ərizəçi ərizəyə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etməsi barədə qəbzi və məktubu əlavə etsə də, həmin səfirliyin verdiyi cavab məktubunu əlavə etməmişdir; halbuki, müvafiq faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət də məhkəmənin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, X7 ilə X1 nikahından xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, doğum akt qeydi Nəsimi rayonu Qeydiyyat Şöbəsi tərəfindən 98 nömrəlili reyestrlə qeydə alınaraq ona AZ-İİİ № 483900 nömrəli doğum haqqıda şəhadətnamə verilmişdir. 27 sentyabr 2017-ci il tarixdə ASAN-4 tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. 2007- 2008 tədris ilində Bakı şəhəri 96 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 2017-2018-ci tədris ilində həmin tam orta məktəbi bitirməklə orta təhsil haqqında attestat almışdir. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsinin Azərbaycan bölməsinə daxil olmuş, 2022-ci ildə həmin fakultənin tam tədris kursunu başa vurmaqla həmin fakultəni bitirmişdir. 01 iyun 2019-cu il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuş və nikahlarından bir uşaqları anadan olmuşdur. Beləliklə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmaqla həmin vaxtdan hal-hazıradək Bakı şəhərində yaşayır. Hər hansı başqa bir dövlətin vətəndaşı olmamışdır. Orta məktəbi və ali məktəbi Azərbaycan dilində qurtarmışdır. Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilir. X2 və anası X1 şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmiş, bunun nəticəsində onun da şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirildikdən sonra vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zərurəti yarandığından ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilərək vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasını xahiş etmiş, lakin Dövlət Miqrasiya Xidməti tərəfindən ilkin olaraq “Asan Xidmət” məkləzinə müractiət etməyi tövsiyyə edilərək müraciət üçün ona ərizə-anket göndərilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilmiş ərizə anket doldurularaq və həm də Xidmətin göstərdiyi qaydada "Asan Xidmət” məkəzi vasitəsi ilə yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. Dövlət Miqrasiya Xidmətnin 09 mart 2023-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış, həmçinin ona Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün təqdim olunan sənədlərin siyahısı göndərilmişdir. Həmin siyahının 10-cu bəndində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti tələb edilmişdir. Azərbaycan Respublikasına başqa ölkədən gəlməmiş, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respubikasına gəlmə səbəbini isə müəyyən etmək mümkün deyildir. Ona görə ki, insan dünyaya gələndə gəlmə səbəbini müəyyən edə bilmir. İnsanın dünyaya gəlməsi onun iradəsindən asılı olmayan hüquqi hadisədir. Odur ki, Azərbaycan Respublikasına gəlməsi tarixinin və səbəblərinin göstərilməməsinə istinad edilməsi əsassızdır. xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olduğu halda, Azərbaycan Respublikasına gəlmə tarixinin və səbəblərinin göstərilməklə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədin təqdim edilməli olmasına dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə görə, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə işlərə baxır. Məcəllənin 310.2-ci maddəsinə görə isə, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Dövlət Miqrasiya Xidmətnin 09 mart 2023-cü il tarixli qərarından aydın olur ki, ərizəçinin valideynləri Gürcüstan Respublikasının vətəndaşlarıdır; belə olan halda isə onun Gürcüstan Respublikasının vətəndaşı olma ehtimalı mövcud olmaqla həmin ölkənin vətəndaşlığına mənsubiyyətinin tanınmamasını təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. İş materiallarından da görünür ki, ərizəçi həmin sənədi əldə etmək üçün Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət ünvanlamış, lakin səfirliyin cavab məktubunu ərizəsinə əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, ərizəçinin müəyyən olunmasını istədiyi fakt ona Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün lazımdır; həmin məqsədə çatmaq üçün isə onun hər hansı digər ölkənin vətəndaşı olmadığı öz təsdiqini tapmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6953/2023 saylı iş üzrə 06 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar