Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6840/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və təmir işlərinə maneçiliyin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5019/2019 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və təmir işlərinə maneçiliyin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 5019/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 136,60 kv.m sahədən ibarət üç otaqlı 98 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin mənzilin təmir işlərinə maneçiliyin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin ortalarından Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr-n, A.Məmmədov 10-da hündürmərtəbəli binanın tikintisinə başlamışdır. Həmin vaxtlar əvvəllər tanıdığı və həmyerlisi X1 yanına gəlirdi. Təqribən 2015-ci ilin əvvəllərində ona tikilməkdə olan bina üçün paket sənədləri düzəldə biləcəyini bildirdi. 2015-ci ilin mart ayının axırlarında Azər ona məxsus M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkın arxasında restoranı və Salyanda “Ceyran” şadlıq sarayının olduğunu və həmin obyektlərin mənzillərlə dəyişmək istədiyini bildirdi. O Azərlə birlikdə həmin obyektlərə baxdı və həmin obyektlərin alınması əvəzinə veriləcək mənzilləri müəyyənləşdirdi. 2015-ci ilin aprel ayında Azər ona 11 şəxsiyyət vəsiqəsi verdi və o həmin vəsiqələrin hər birinə bir mənzil olmaqla alqı-satqı müqaviləsi bağladı. Həmin vəsiqələrdən biri də hazırkı iş üzrə İddiaçı Firuddin oğlu olmuşdur. Mənzilə dair alqı-satqı müqaviləsi baxlanarkən iddiaçını tanımamışdır və adına rəsmiləşdirilmiş mənzil üzrə MMC-yə pul ödənilməmişdir. Xəlilov Azərin vasitəsilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, Binəqədi Rayon Məhkəməsi iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişdir. Sonradan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən MMC tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmə kassasiya şikayətini təmin etməmişdir. Lakin, MMC olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə MMC-nin mülkiyyət hüquqları pozulduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Konstitusiya şikayəti verilmişdir. X1 barəsində Xətai RPİ-nin İŞ-si tərəfindən xx xxxx 2016cı il tarixində cinayət işi başlanmış və barəsində beynəlxalq axtarışa verilmişdir. Mübahisə predmeti olan mənzil MMC-nin mülkiyyəti hesab olunur və həmin mənzil üzrə MMC-yə pul ödənilmədiyindən hazırkı iş üzrə MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyi mövcud deyil. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd olunur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-10857/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMCnin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, borcun və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh MMC ilə İddiaçı Firuddin oğlu arasında bağlanmış ünvan 2 ünvanında yerləşən yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 136.60 kv.metr olan, 98 saylı mənzilin alqı- satqısına dair xx.xx.2015-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 8263/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi İddiaçı Firuddin oğluna aid hissədə ləğv edilmiş və ona qarşı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-1212/2019 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-8263/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı Firuddin oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “Mənzil alqı-satqısı haqqında” müqaviləyə əsasən “xxxxxxxxx” MMC ünvan 3 ünvanında tikilən yaşayış binasının 14-cü mərtəbəsində, sahəsi 136,60 kv.m olan 3 otaqdan ibarət 98 saylı mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verməyi, alıcı isə müqaviləyə əsasən mənzilin dəyərini - 136.600 manat məbləği Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 136.60 kv.metr olan, 98 saylı mənzilin ümumi dəyəri - 136.600 manat məbləğində pul vəsaiti İddiaçı Firuddin oğlu tərəfindən tam şəkildə ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının təmir işlərinə maneçiliyin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh MMC ilə arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam olaraq icra etmiş, müqavilə ilə razılaşdırılmış mənzilin dəyərini tam olaraq cavabdehə ödəmiş, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 14-cu mərtəbəsində sahəsi 136,60 kv.m olan 3 otaqdan ibarət 98 saylı mənziə müqavilə əsasında sahiblik və maneəsiz istifadə hüquqları əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçının həmin mənzilinin təmir işlərinə maneçiliyin törədilməsi iddiaçının mülki qanunvericilklə müdafiə olunan hüquqlarını pozur. Odur ki, iddiaçı mənzilin müqavilə əsasında qanuni sahibi olduğundan qeyd olunan maneçiliyin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 5019/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-6840/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6840/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver