Məhkəmə qərarları › İş №2(103)-6840/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6840/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6840/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3070/2022 saylı 25 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva Gülnar Ağabala qızından su və kanalzasiya xidmətlərinə görə yaranmış 290.14 manat borcun № **********278 abonent koduna və +30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə, ümumilikdə 324.14 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Babayeva Gülnar Ağabala qızına su təchizatı sistemindən suyun verilməsi xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə qismən ödəniş etmiş və nəticədə xx.xx.2021-ci il tarixinə 290.14 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3070/2022 saylı 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddianın qismən təmin edilməsi, Cavabdeh sudan istifadəyə görə yaranmış 88.49 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 118.49 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 5271, 551.1, 551.2 və 552.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” qanunun 30.1 və 61.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4 və 7.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə su təchizatı və kanalizasiyaya görə 2014-cü ildən Cəmiyyət tərəfindən xidmətlər göstərilməyə başlanmışdır. Cavabdeh 2014-cü ildə 6 manat, 2018-ci ildə 320 manat, 2019-cu ildə 110 manat, 2022-ci ildə 100 manat ödəmələr etmişdir. Həmçinin cavabdeh 2018-ci il üzrə göstərilmiş xidmətlərdən 212.55, 2019-cü ildə göstərilmiş xidmətlərdən 30.20 manat, 2022-ci ildə göstərilmiş xidmətlərdən 4.8 manat artıq ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəflərindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmiş və borcu qəbul etmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

8. Maddə 527.1 öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

9. Maddə 551 kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

10. Maddə 552.1 müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Maddə 394-1.3. kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3070/2022 saylı 25 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehin adına olan abonent kartı üzrə aparılmış hesablamalardan müəyyən olunur ki, Cavabdeh hazırkı iddia tələbi məhkəməyə daxil olduğu gündən hesablamaqla son 5 il üçün ümumi borcu 290.14 manat təşkil edir.

22. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonent haqqında məlumatlardan göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 2017-ci il tarixinə qədər olan tələbləri də nəzərə almışdır. Beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən həmin borcların tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2017-ci ilə qədər hesablanmış borca görə iddia tələbi təmin olunmamalıdır.

23. Kollegiya onu da qeyd edir ki, hazırki tələb vaxtaşırı ödənişlər haqqında tələblər kateqoryasına aid olduğundan tələb ediləcək məbəğ yalnız son beş il üzrə ödənilməmiş borc ola bilər ki, cavabdeh tərəfindən hər il üzrə istifadə edilmiş suya görə ödənilən məbləğ müddətin axımının kəsilməsi kimi qiymətləndirilə bilməz.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3070/2022 saylı 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar