Məhkəmə qərarları › İş №2(103)-6841/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6841/2025

28.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6841/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinə qarşı “əmrin ləğvi, yaradılmış yeni ştat cədvəlində işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2155/2025 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə "xxxx" Firmasında menecer vəzifəsinə işə qəbul olunaraq ilk əmək fəaliyyətinə başlamışdır. xx.xx.2008-ci ildən xx.xx.2008-ci il tarixədək “X6” mətbuat katibi vəzifəsində işləmişdir. Daha sonra, 2014-cü ilədək mədəniyyət sahəsində müvafiq təşkilatlarda işləmişdir. xx.xx.2014-cü ildən o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinin baş menecer vəzifəsinə qəbul olunmuş, xx.xx.2018-ci ildən isə direktor müavini vəzifəsində işləmişdir və işdən azad edildiyi vaxta qədər həmin vəzifədə çalışmışdır. İşlədiyi müddət ərzində hər hansı bir intizam pozuntusuna yol verməmişdir. xx.xx.2025-ci il tarixdə o, ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməmişdən qabaq xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə işəgötürən yenilənmiş struktur və yeni ştat cədvəlinin təsdiqi ilə əlaqəli olaraq ƏM-nin 77-ci maddəsinə əsasən tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi bitdikdən sonra onunla əmək müqaviləsinə xitam veriləcəyi onu məlumatlandırmışdır. Hesab edir ki, işəgötürən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən də məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, müdiriyyət tərəfindən struktur dəyişkənliyi və yeni ştat vahidlərinin yaranması zərurətindən irəli gələrək ona tutduğu vəzifəyə uyğun digər bir vəzifə təklif olunmamış və ştatların ixtisarı zamanı işdə saxlanılmasına üstünlüyü olan işçilərin dairəsi belə müəyyən edilməmiş, bununla da mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Müdiriyyət tərəfindən onun uzun müddət eyni təşkilatda işləməsi, himayəsində iki uşağın olması nəzərə alınmamışdır. İşəgötürən tərəfindən təşkilatda ştat vahidlərinin ixtisarı və ya azalmasını hansı zərurətdən irəli gəldiyini əsaslandıran hallara dair ona məlumat verilməmişdir. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq işəgötürən tərəfindən ixtisara və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim olunmadığına görə cavabdeh orqanın məsuliyyətə cəlb edildiyi ona bildirilmişdir. Bu baxımdan hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinin direktorunun xx.xx.2025-ci il tarixli K-155 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, həmçinin 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzi tərəfindən iş üzrə sənədlər elektron məhkəmə sistemində yerləşdirilmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 saylı əmrinin 4-cü bəndindən görünür ki, həmin əmrlə Bakı şəhər Mədəniyyət Baş İdarəsinə X5 və X11 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlinin 5 iş günü müddətində hazırlanıb Nazirliyə təqdim edilməsi tapşırılmışdır. Həmin əmrə uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli əmrinin 1-ci bəndi ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdən X5 və X11 üzrə Mərkəzin fəaliyyətinin təkmiləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq, onun bazasında yeni şöbələr yaradılması nəzərdə tutulmuşdur. Eləcə də, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixdə təsdiq edilən ştat cədvəli ilə Mərkəzin yuxarıda qeyd olunan əmrlərin icrasından sonra xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlində ştat vahidlərinin sayında dəyişiklik olmamışdır (cəmi 88 ştat vahidi). Hər iki əmrin məzmunundan müəyyən olunur ki, mərkəzdə ştat vahidlərinin ixtisarı aparılmamış və belə ixtisar nəzərdə tutulmamış, yalnız Mərkəzdə fəaliyyət göstərən şöbələrin adları dəyişərək, struktur dəyişkənliyinə yol verilmişdir. Hazırkı vəziyyətdə hesab edir ki, cavabdeh (işəgötürən) iddiaçının əmək müqaviləsinin ƏM-nin 70ci maddənin “b” bəndinə əsasən (işçilərin sayı və ştat ixtisar edildikdə) əmək müqaviləsini pozmaqla, həmin əmri qanunsuz və əsassız olaraq vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinin direktorunun xx.xx.2025-ci il tarixli, K-155 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində onun əvvəlki tutduğu vəzifəyə və aldığı aylıq əmək haqqına uyğun olan vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, həmçinin 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 2155/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilərək, Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair həmin Mərkəzin direktorunun xx.xx.2025-ci il tarixli, K-155 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə onun Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa edilməsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzindən məhkəmə xərclərinin əvəzi kimi İddiaçı xeyrinə 60 manat (mediasiya xərci), həmçinin hüquqi xidmət üçün ödənilən 500 manat, cəmi 560 (beş yüz altmış) manat məbləğində pulun tutulması qət edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli əmrinə uyğun müvafiq struktur dəyişikliyi həyata keçirilsə də, həmin əmrə istinad edilərək yeni şöbələr yaradılsa və struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəli tərtib edilsə də, ştat vahidlərinin sayında hər hansı bir dəyişiklik aparılmamışdır, yəni ixtisardan əvvəl ştat vahidlərinin sayı 88 olduğu halda edilmiş struktur dəyişikliyi ilə əlaqədar ştat vahidlərinin sayı da 88 olmuşdur. Bu hal onu təsdiq edir ki, işəgötürən tərəfindən faktiki olaraq işçilərin ştat ixtisarı aparılmamış, mərkəzin fəaliyyəti ilə bağlı struktur dəyişikliyinin zəruriliyi nəzərə alaraq və bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasından yeni şöbələr yaradılmışdır. Başqa sözlə, cavabdeh təşkilatda faktiki işçilərin ştat ixtisarı olmamışdır. Məhkəmə qeyd etmişdir ki, ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və ya bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. İşçilərin sayını və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq məqsədilə həyata keçirilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda da qeyd edildiyi tələbinə görə işçilərinin sayının və ya ştatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı araşdırılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli akt təqdim edilmişdir. Lakin həmin akt iddiaçıya təqdim edilərək onunla tanış edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işdən azad olunan işçilərin böyük əksəriyyəti yeni struktur dəyişikliyində nəzərdə tutulmuş ştatlara işə qəbul olunmuşlar. Məhkəmə tərəfindən yeni əmək müqaviləsi bağlanılan şəxslərin peşəkarlıq səviyyəsini əks etdirən göstəricilərin məhkəməyə təqdim olunması cavabdehə təklif edilsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə iddiaçıya münasibətdə onun edilmiş struktur dəyişikliyindəki hər hansı ştata qəbul edilməsi ilə bağlı işəgötürən tərəfindən tədbir görülməməsini əsaslı hesab etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ixtisar haqda əmri təhlil edərkən müəssisədə ciddi dəyişikliklər olması faktını qəbul, sonra isə sadəcə ştat sayının azalmamasını əsas gətirərək ixtisarın baş vermədiyini qeyd edir və beləliklə, hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlir. Nəzərə alınmalıdır ki, adi həyatda həmişə azaldılma kimi anlaşılan ixtisar sözü Əmək Məcəlləsi kontekstində sadəcə azalmanı deyil, konkret vəzifəyə münasibətdə ehtiyacın olmamasını nəzərdə tutur. Ona görə də məhkəmə məsələyə sözün leksik mənasından çıxış etməklə məhdud yanaşmaqda haqlı olmamışdır. Bundan əlavə, İddiaçı əmək münasibətlərinə xitam verildiyi dövrdən əvvəl fəaliyyət göstərdiyi X5 və X11 üzrə Mərkəzdə direktor müavini vəzifəsi ixtisar edilmişdir. Qeyd olunan ştatın ixtisarı nəticəsində iddiaçının X5 və X11 üzrə Mərkəzdə direktor müavini vəzifəsində işini davam etdirməsi faktiki olaraq mümkün olmamışdır. Bu səbəbdən, işəgötürən tərəfindən təşkilati dəyişikliklər nəzərə alınmaqla tərtib edilmiş yenilənmiş ştat cədvəlinə uyğun olaraq, iddiaçıya onun ixtisasına və təcrübəsinə uyğun yeni vəzifə təklif edilmişdir. Lakin iddiaçı təklif olunan vəzifə ilə razılaşmamış və əmək münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Beləliklə, işəgötürənin hərəkətləri əmək qanunvericiliyinə tam uyğun şəkildə, müəssisənin struktur dəyişiklikləri və mövcud ştat tələbləri çərçivəsində həyata keçirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2155/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

9. Etiraz onunla əsaslandırılmışdır ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

11. İddiaçı və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikssı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

13. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

14. Həmin Məcəllənin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.

15. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia tam təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarından görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3-24-5/3-1f-58/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 nömrəli əmrinə əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X5 və X11 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə xx.xx.2025-ci il tarixdən X5 və X11 üzrə Mərkəzi fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onun bazasında “Maliyyə və satınalma şöbəsi”, “İnsan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsi”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsi”, “Tərəfdaşlarla iş şöbəsi”nin yaradılması, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəlini hazırlayıb təsdiqə təqdim etməsi, Maliyyə və İqtisadiyyat sektoru (V.Allahverdiyeva), Musiqi təhsili və incəsənət sektoru (A.Rəcəbli), baş məsləhətçi-hüquqşünas (F.Zeynallı) bu əmrdən irəli gələn məsələlərin həllinin təmin etməsi, X5 və X11 üzrə Mərkəz (B.Bəbirov) Azərbaycan Respublikasının Əmək Məcəlləsini rəhbər tutaraq işçilərin əmək müqavilələrinə xitam verilməsi, onlarla yeni əmək müqavilələrinin bağlanması və onlara dəyişikliklərin edilməsinin təmin etməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025ci il tarixli, 3-24/3-1-f-110/2025 nömrəli əmri göstərilmişdir.

20. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə X5 və X11 üzrə X3 və Turizm Şöbəsinə baş menecer vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2018-ci il tarixdə X5 və X11 üzrə Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə X5 və Yaradıcı İş üzrə Mərkəzin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1 il müddətinə X5 və X14 üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi 6 ay müddətinə uzadılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.

21. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 3- 24/3-1-f-110/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.6-cı və 5.6.9-cu yarımbəndlərini rəhbər tutaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X5 və X11 üzrə Mərkəzin Bakı Kamera Orkestri və Müasir və milli ritmlər ansamblı şöbəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, Bakı Estrada Teatrı isə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına verilməsi, İnsan kapitalının idarə edilməsi (Kamil Bayramlı) və İqtisadiyyat və maliyyə (Fuad Məmmədov) şöbələri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ştat cədvəlindəki dəyişikliklərin 2025-ci ilə təsdiq edilmiş müvafiq ştat cədvəllərinin say həddi çərçivəsində həyata keçirilməsini təmin etməsi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası (Murad Adıgözəl-zadə) və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı (Ülviyyə Bəbirova) əmrin 1-ci bəndinin icrasını təmin etmək məqsədilə ştat cədvəlinə dəyişikliyə dair təkliflərini 7 iş günü müddətində Nazirliyə təqdim etməsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi (İbrahim Əliyev) X5 və X11 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlini hazırlayıb 5 iş günü müddətində Nazirliyə təqdim etməsi sənəd və vətəndaşlarla iş şöbəsi (Elçin Nəcəfov) əmrin surətinin aidiyyəti üzrə göndərilməsinin təmin etməsi əmr edilmişdir.

22. İş materiallarından görünür ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin X5 və X11 üzrə Mərkəzinin xx.xx.2025-ci il üçün ştat sayı 88 vahid olmaqla ştat cədvəli xx.xx.2025-ci il tarixdə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin X5 və X11 üzrə Mərkəzinin xx.xx.2025-ci il üçün ştat sayı 88 vahid olmaqla ştat cədvəli xx.xx.2025-ci il tarixdə təsdiq edilmişdir.

23. İş materiallarında olan X5 və X11 üzrə Mərkəzin direktoru B.Bəbirov tərəfindən təsdiq edilmiş və direktor müavini F.Nəcəfov, baş mühasib N.Rzayeva, baş mütəxəssis K.Xaniyev, mütəxəssis F.Abbasova, mütəxəssis T.İlyasova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-4/3-1-f-110/2025 nömrəli əmrinə əsasən “Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X5 və X11 üzrə Mərkəzin fəaliyyətinin tənzimlənməsi haqqında” Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-24-5/3-1-f58/2025 nömrəli əmri ilə X5 və X11 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə yenilənmiş strukturu və ştat cədvəlləri təsdiq edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzdə çalışan işçilərlə fərdi söhbətlər aparılmış və iclaslar keçirilmişdir. İşçilərə struktur dəyişikliyi ilə əlaqədar alternativ vəzifələr təklif olunmuşdur. Təklif olunan yeni vəzifələrdə razılaşan 32 əməkdaş yeni ştat cədvəlinə uyğun yeni vəzifələrə təyin edilmişdirlər. Lakin 11 əməkdaş təklif olunan vəzifələrə təyin olunmaqdan imtina etmişdir (Kərimova Vüsalə, Haxıyev Vüsal, İddiaçı, Babayeva Günel, Məmmədova Samirə, İsmayılova Könül, Babayeva İlahə, Əliyeva Naibə, Məmmədova Afaq, İsgəndərova Nuridə, Qafarova Zivər). Həmçinin onu da qeyd edirlər ki, vəzifələrlə razılaşmayan 11 əməkdaşın 5-i (İddiaçı, Məmmədova Afaq, Qafarova Zivər, İsmayılova Könül, Babayeva Günel) Həmkarlar Təşkilatına üzv deyildir.

24. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzin direktoru B.Bəbirov tərəfindən həmin Mərkəzin X5 şöbəsinin mütəxəssisi X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 47 nömrəli xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-24/3-f-110/2-25 nömrəli əmrinə əsasən ”Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən X5 və X11 üzrə Mərkəzin fəaliyyətinin tənzimlənməsi haqqında” Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-24-5/3-1-f-58/2025 nömrəli əmri ilə X5 və X11 üzrə Mərkəzin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə yenilənmiş struktur və ştat cədvəlləri təsdiq edilmişdir. Nəzərinə çatdırırlar ki, adıçəkilən əmrə əsasən tutduğu vəzifə ixtisara düşdüyü üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən X5 və X11 üzrə Mərkəz ilə aralarında bağlanılmış əmək müqaviləsi üzrə əmək stajına uyğun olaraq xx.xx.2025-ci il tarixdən başlayaraq müəyyən edilmiş xəbərdarlıq müddəti (doqquz təqvim həftəsi) bitdikdən sonra İddiaçı əmək müqaviləsinə əmək qanunveliciliyinə uyğun olaraq xitam veriləcəkdir. Xəbərdarlq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş axtarmağa imkan yaradılması məqsədilə, bir iş günü əmək funksiyasının icrasından azaddır. Yazılı razılığa əsasən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Xəbərdarlıq qeydiyyata alındığı gündən qüvvəyə minir. Həmin xəbərdarlığın üzərində İddiaçı “Dəfələrlə sözügedən əmrin surətini tələb etsə də, bizə rədd cavabı verilmişdir. Xəbərdarlığı təhvil aldım xx.xx.2025” qeyd edilmişdir.

25. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi X5 və X14 üzrə Mərkəzinin xx.xx.2025-ci il tarixli, K-115 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini, 77-ci maddəsinin 3-cü hissəsini, 144-cü maddəsinin 2-ci hissəsini və X5 və X11 üzrə Mərkəzin Əsasnaməsinin 2.3-cü maddəsini rəhbər tutaraq X5 və X11 üzrə Mərkəzinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edildiyini nəzərə alaraq, işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi, İddiaçı əmək müqaviləsinə uyğun olaraq orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətin ödənilməsi, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyətə görə 24 təqvim gününün kompensasiyasının (pul əvəzi) verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 nömrəli əmri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-24-5/3-1-f-58/2025 nömrəli əmri və xx.xx.2025-ci il tarixli, 47 nömrəli xəbərdarlığı göstərilmişdir.

26. İş materiallarında olan Bakı 11 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025- 01209 saylı arayışın surətindən görünür ki, İddiaçı işə bərpa, əmrin, təzminat tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 11:20-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzinin nümayəndəsi iştirak etməmişdir.

27. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair əmri əmək qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyi üçün əsassız hesab edir və həmin əmrin ləğv edilərək yeni yaradılmış ştat cədvəlində onun əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun olan vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

29. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

30. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etidiyi - birinci instansiya məhkəməsinin ixtisar haqda əmri təhlil edərkən müəssisəsdə ixtisar baş vermədiyini yanlış nəticəyə gəlməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli, 24/3-1-f-110/2025 saylı əmrinə uyğun müvafiq struktur dəyişikliyi həyata keçirilsə də, həmin əmrə istinad edilərək yeni şöbələr yaradılsa və struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəli tərtib edilsə də, ştat vahidlərinin sayında hər hansı bir dəyişiklik aparılmamışdır, yəni ixtisardan əvvəl ştat vahidlərinin sayı 88 olduğu halda edilmiş struktur dəyişikliyi ilə əlaqədar ştat vahidlərinin sayı 88 olmuşdur. Bu hal onu təsdiq edir ki, işəgötürən tərəfindən faktiki olaraq işçilərin ştat ixtisarı aparılmamış, mərkəzin fəaliyyəti ilə bağlı struktur dəyişikliyinin zəruriliyi nəzərə alaraq və bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasında yeni şöbələr yaradılmışdır. Başqa sözlə, cavabdeh təşkilatda faktiki işçilərin ştat ixtisarı olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.

32. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi – iddiaçının əvvəl işlədiyi vəzifə ixtisara düşdükdən sonra ona yeni vəzifə təklif edilməsi, iddiaçının isə təklif olunan vəzifə ilə razılaşmaması və əmək münasibətlərinin davam etdirilməsindən imtina etməsi barədə dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə işçilərinin sayının və ya ştatların ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanının cavabdeh tərəfindən araşdırılması və iddiaçıya başqa vəzifə təklif olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

33. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatlarını, apell,yasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq qeyd edir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair həmin Mərkəzin direktorunun xx.xx.2025-ci il tarixli, K-155 saylı əmri əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin əmri ləğv etməklə, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə onun Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X5 və X11 üzrə Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2155/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Sabit Bəhramzadə Rüstəmli Məhəmməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar