Məhkəmə qərarları › İş №2(103)-6851/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6851/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6851/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Familli Şəhanə Şamil qızı, Cavabdeh1 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı nümayəndəsi (övladı) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 117 saylı mənzildən cavabdehlərin çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Mənzil, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər tərəfindən 1993-cü ildə zəbt edilmişdir. Cavabdehlər hal-hazırda da həmin mənzildə qeydiyyatsız və heç bir qanuni əsas olmadan yaşayırlar. Cavabdehlər iddiaçıya məxsus mənzildə qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin çıxarılmasını və mənzilin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Cavabdehlərin həmin mənzildə yaşamalarının qanuni əsası yoxdur. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə Cavabdeh3 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər 1993-cü ildən mübahisəli mənzildə yaşayırlar. Cavabdeh3 mənzili hətta təmir etdirmişdir. Kommunal ödənişlərin bildiriş cavabdehlərin adına gəlir, cavabdehlərin başqa yaşayış yeri yoxdur. Mənzilə dair çıxarış iddiaçıya xx.xx.2022-ci il tarixdə, yəni cavabdehlər mənzildə yaşadıqları dövrdə verilmişdir. Cavabdehlər mənzildə yaşadıqları dövrdə iddiaçı mənzilin boşaldılmasını onlardan tələb etməmişdir. Məcburi köçkünlər evlə təmin edilmədən yaşadığı yerdən çıxarıla bilməzlər. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iddianı təmin etmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. İş üzrə cavabdehlər, o cümlədən apellyator işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

8. İddiaçının nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli mənzilə dair iddiaçının adına əvvəllər “Qeydiyyat vəsiqəsi” verilmiş, “Qeydiyyat vəsiqəsi” xx.xx.2022-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ilə əvəz edilmişdir. e) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat

9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi digər cavabdehlərə münasibətdə də təmin edilməsinə baxmayaraq, qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermiş, iş üzrə digər cavabdehlər Rayon Məhkəməsinin qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə bildirir ki, Cavabdeh3 qətnamənin iş üzrə digər cavabdehlərə aid hissəsini mübahisələndirə bilməz. Çünki o, bunun üçün nə subyektiv, nə də ki, obyektiv hüquqa malik deyil; o, iş üzrə digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyildir. Odur ki, mübahisə predmetinin bölünməz olmadığı qənaətində olan Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələbini rəhbər tutaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh3 aid hissədə yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya baxışının həddini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Binəqədi Rayon 79 saylı MKİS tərəfindən verilmiş 42 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkünlər – iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Familli Şəhanə Şamil qızı mübahisəli mənzildə məskunlaşmışlar və qeydiyyatsız yaşayırlar, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 isə həmin ünvanda yaşamırlar.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixdə verilmiş “Çıxarışından” görünür ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

13. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç bir şəxs yoxdur.

14. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Məcburi köçkün olan cavabdehlər həmin mənzili zəbt edərək, mənzildə yaşayırlar. Cavabdehlərin həmin mənzildə yaşamaların hüquqi əsası yoxdur. Bu hal, mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı mənzil üzərindəki mülkiyyət hüququnun həyata keçirə bilmir.

15. İşin hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə İ.). Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29; bənd İ.).

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.). Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə 178.1.).

17. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil məcəlləsinin tələblərinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 123.). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (maddə 53.).

18. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin mənzil üzərində hər hansı hüququ olmayan cavabdeh – apellyator iddiaçının iradəsinin əleyhinə mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının göstərilən hüquqları pozulur. Belə olan halda, iddiaçı mülkiyyətçi kimi cavabdehin – apellyatorun mübahisəli mənzildən çıxarılmasını və mənzilin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır.

20. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianın, hazırki apellyasiya baxışının predmeti olan hissəsini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır.

21. Apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi yalnız Cavabdeh3 aid hissədə yoxlanıldığından və həmin hissədə dəyişdirilmədən saxlanıldığından digər cavabdehlər və iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İşdə iştirak edən digər şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar