Məhkəmə qərarları › İş №2(103)-6852/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6852/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6852/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1, Cavabdeh MTK-nın nümayəndəsi, eyni zamanda vəkili X4, Maraqlı şəxs Petan oğlunun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs Petan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və ıstifadə etmək məqsədi ilə həmin sahənin özünə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumı sahəsi 39.5 kv.m olan qeyriyaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsinin cavabdeh "Cavabdeh" MTK-ya həvalə edilməsi, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Cavabdeh" MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir Qətnamədən Maraqlı şəxs Petan oğlu apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Cavabdeh" MTK ilə İddiaçı bağladığı xx.xx.2007-ci il tarixli müqavilədə göstərilən 39,5 kv.m qeyri-yaşayış sahəsi ilə, onunla bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə göstərilən 134,0 kv.m qeyri-yaşayış sahəsi üst-üstə düşmür, yəni həmin qətnamənin nəticələri onun hüquqlarını pozmur. Bundan sonra xx.xx.2018-ci il tarixdə hazırda ət dükanı və s. ticarət işləri apardığı sahəyə gələrkən, dükanın dağıdıldığını, ərazinin İddiaçı tərəfındən zəbt edilərək, tikinti işləri aparılmasını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. İddiaçı bildirmişdir ki, 39,5 kv.m qeyri-yaşayış sahəsi onun 134,0 kv.m. qeyri-yaşayış sahəsinin içindədir. Ona məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadını göstərib, sahələrin üst-üstə düşmədiyini bildirsə də, bunu qəbul etmir, ondan 39,5 kv.m sahə tələb edir. Beləliklə, müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsi İddiaçı iddiasına baxarkən onu işdə iştrak etməyə cəlb etməyərək, özünün xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun mülkiyyət hüququna toxunan qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTKnın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-3024/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında maraqlı şəxsin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilk öncə iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilməlidir. İddiaçı ilə xx.xx.2007-ci ildə müqavilə bağlanmasına baxmayaraq iddiaçı bu illər ərzində ona ayrılmış sahə ilə demək olar ki maraqlanmamışdır. Hal hazırda iddiaçıda həmin müqavilədən başqa heç bir sənəd yoxdur. Biz həmin sahənin ona ayrılmasına dair heç bir plan da görmürük. Halbu ki icra məmuru tərəfindən qətnamə icra edilərkən icra hərəkətlərinin mümkün olmaması müəyyən edilmişdir. Cavabdeh MTK-nın əvvəlki sədri tərəfindən belə qanunazidd hərəkətlərə yol verilmiş, bir sahə bir neçə adamlara satılmışdır. Nəticədə onun qanunazidd əməlləri nəticəsində vətəndaşlar əziyyət çəkir. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həm iddiaçının, həm də maraqlı şəxsin cavabdeh ilə bağlanılmış müqavilələri vardır. Maraqlı şəxs ilə bağlanılmış həmin müqaviləni onlar mübahisələndirmir, qəbul edirlər. Lakin iddiaçı ilə müqavilə daha əvvəl bağlanılmış, iddiaçı tərəfindən həmin müqavilə üzrə pul ödənilmişdir. Burada iddiaçının heç bir günahı yoxdur. Baxmayaraq ki, iddiaçı ona ayrılmış sahədən istifadə etmir. Bu hal mülki iş üzrə keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X7 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, binanın yerləşdiyi həyətin içərisində 2 giriş vardır. Lakin mübahisəli sahəyə dair ancaq müqavilələr və maliyyə arayışları olmuş, həmin sənədlər də tərəflərə təqdim edilmişdir. Bundan başqa həmin sahələrin koordinatlarına, plan-sxemlərinə dair hər hansı sənəd onlarda yoxdur. Həqiqətən ölçmə işləri zamanı müqavilə üzrə ayrılmış sahələrin ölçülərinin uyğun gəlməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş şahid Bağışov Xaləddin Vəkil oğlu bildirdi ki, 2008-ci il tarixində “xxxxxxxx” MTK-nın sədri vəzifəsində işləmişdir. Cavabdeh MTK-nın sədri Cahangir Alışov ilə şərik olmuşdur. Həmin vaxt Maraqlı şəxs Petan oğlu müraciət edərək 1-ci mərtəbədən sahə almaq istəmiş, Cahangir Alışov da onları Cavabdeh MTK-ya dəvət etmiş, Cahangir Alışov ilə Maraqlı şəxs Petan oğlu 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə dair razılığa gəlmişlər və həmin vaxt onun iştirakı ilə həmin sahəyə dair Maraqlı şəxs Petan oğlu ilə müqavilə bağlanmışdır. Bunun müqabilində ilkin olaraq onun yanında Mirzəyev X5 Alışova 30000 ( otuz min ) manat pul ödəmişdir. Ancaq sonrakı ödənişlər barədə məlumatı olmasa da Maraqlı şəxs Petan oğlu tərəfindən ödənişlərin tam ödənilməsindən məlumatlıdır. Beləliklə, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına, kassasiya instasnsiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırmanın nəticələrinə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) ümumi sahəsi 39,5 kv.m olan, dəyəri 47000 ( qırx yeddi min) manat təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı verilmişdir. Həmçinin Cavabdeh MTK ilə alıcı Maraqlı şəxs Petan oğlu arasında bağlanılmış xx.xx.2008ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) ümumi sahəsi 134 kv.m olan, dəyəri 150160 ( bir yüz əlli min bir yüz altmış) manat təşkil edən qeyri-yaşayış sahəsi Maraqlı şəxs Petan oğluna verilmişdir. Mülki iş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 12965 saylı ekspertiza rəyinə əsasən, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə iş üzrə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış xx xxxx 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 kv.m olan və Cavabdeh MTK ilə Maraqlı şəxs Petan oğlu arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 kv.m olan qeyri-yaşayış sahələrinin, Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasının müvafiq eskiz layihəsində nəzərdə tutulmuş birinci mərtəbədəki «Market» sahəsinin tərkibində yerləşməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmadığı səbəbindən, İddiaçı 39,5 kv.m-lik qeyri-yaşayış sahəsinin Maraqlı şəxs Petan oğlunun 134,0 kv.mlik olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, iddiaçının mübahisələndirdiyi və baxış keçirilən dövrdə Maraqlı şəxs Petan oğlunun faktiki istifadəsində olduğu qeyri-yaşayış sahəsinin 103,0 kv.m təşkil etdiyi və həmin sahənin Maraqlı şəxs Petan oğlunun müqavilə üzrə aldığı 134.0 kv.m-lik qeyri-yaşayış sahəsindən 31,0 kv.m az olduğu müəyyən edilmişdir. Eləcə də mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının müqaviləsində göstərilən 39.5 kv.m-lik sahəyə uyğun deyildir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4 cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, həm İddiaçı, həm də üçüncü şəxs Maraqlı şəxs Petan oğlu Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 39, 5 kv.m və 134 kv.m qeyri-yaşayış sahələrini dəyəri ödənilməklə qanuni və etibarlı müqavilə əsasında əldə etmişlərdir. İkincisi, həm iddiaçı, həm də maraqlı şəxs ilə cavabdeh arasında bağlanmış müqavilələrin qanuniliyi hər hansı bir mübahisə doğurmur. Belə ki, məhkəmə iclasında iştirak edən şəxslər həmin müqavilələrin etibarlılığını qəbul etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. AR Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-3024/2020 saylı qərarında qeyd edilmiş göstərişlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə keçirilmiş yerli baxış zamanı və məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 kv.m olan və Cavabdeh MTK ilə Maraqlı şəxs Petan oğlu arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 kv.m olan qeyriyaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanılmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yəni hazırki tələb həddində Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə, maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli olmayan sahəni cavabdeh iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış müqavilədə 39.5 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən hissəsindən təhvil verilməsi qeyd edildiyindən iddia tələbinin “yaşayış binasının 2-ci giriş” hissəsi qəbul edilə bilməz. Buna baxmayaraq cavabdeh iddiaçının ona ayrılmış sahənin təhvil verilməsi öhdəliyini ağlabatan müddət civarında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçı cavabdehə qarşı maddi tələblə müraciət etmək hüquqlarına malikdir. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Maraqlı şəxs Petan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Maraqlı şəxs Petan oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTKnın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar