Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6853/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-403/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyəti hüququ ilə ona məxsusdur. Cavabdeh onun mülkiyyətində olan evdə qeydiyyatda olsa da, orada yaşamır. Onun evində cavabdehə məxsus heç bir əşya yoxdur. Hazırda onun mülkiyyətçi kimi hüquqları pozulur. Onun mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam verə bilmir. Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyətçi kimi hüquqları əsassız olaraq məhdudlaşdırılır. Maddi vəziyyəti ilə əlaqədar mülkiyyət hüququnu təsdiq edən çıxarışın notarial təsdiq edilmiş surətini məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Bunula əlaqədar olaraq, İddiaçı Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd olunur ki, 1989-cu ildə qərbi Azərbaycandan məcburi köçkün olaraq ünvan 2 ünvanında yaşayır. Həmin mənzili ermənidən 11000 rubla almışdır. 2002-ci ildə oğlu Habili evləndirərək, el adəti ilə Mahilə Nazim qızını gəlin olaraq gətirmişdilər. Həmin ünvanda 3 nəvəsi olmuşdur. Cavabdeh ilə yola getmirdi, tez-tez inciyib atasının evinə gedirdi. 2016-cı ildə isə tamamilə ayrılaraq, başqa ünvanda yaşadılar. 2017-ci ildə oğlundan boşanaraq uşaqları da götürüb getdi. Məhkəməyə də boşanmaq üçün onun özü müraciət etmişdir. Yaşı 70-dən yuxarıdır. Özü insult keçirmişdir. Ailəsi nevroz, həm də 2-ci qrup əlildir. Hər ikisi təqaüdçüdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-403/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsinə dair iddiasının rədd edilməsi, qətnamənin Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 23 saylı evə dair qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-403/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, çıxarılan qətnamə ilə razı deyil. Belə ki, onun iddiaçı ilə birgə nikahdan olan himayəsində üç azyaşlı övladı var. xx.xx.2005-ci il təvəllüdlü X2,xx.xx.2008-ci təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı övladları var. Onun gedəsi heç bir yeri yoxdur. Üç azyaşlı övladı ilə küçələrdə qalmışdır. ünvan 1 ünvanından heç bir kompensasiya almamış çıxarılmışdır. Onun maddi vəziyyəti aşağıdır. Kirayə verməyə imkanım çatmır. Uşaqlar üçün alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin İddiaçı həmin ərizədən apellyasiya şikayəti vermişdir. Uşaqlara İddiaçı tərəfindən verilən alimentlə dolanmaq mümkün deyil. Ona mənzildən qeydiyyatdan çıxmağımın qarşılığı kimi kompensasiya verilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Texniki inventarlaşdırma və mülkiyyət hüqüqlarının qeydiyyatı idarəsi tərəfindən verilən FM seriyalı, №016718 saylı, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsindəki 2 otaq, 35.3 kvadrat metr yaşayış sahəsi, ümumi sahəsi 76.9 kvadrat metr olan 23 saylı fərdi yaşayış evini İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Xüsusi mülkiyyət kimi bu barədə xx.xx.2002-ci il tarixli 58 saylı reyestr kitabında 8695 səhifə, qeydə alma №308605 nömrəsi ilə qeydiyyat aparılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli 715№ nömrəli arayışa əsasən, İddiaçı H.Bayramov küçəsi, 23№-li 1 mərtəbəli ev, 1-ci mərtəbə, 35.3 kvadrat metr sahəsi olan mənzildə yaşayır. Eyni zamanda Süleymanova Adilə-həyat yoldaşı, Hacıyevə Məlahət- qızı, Süleymanov Habil-oğlu, Süleymanova Fərqanə-qızı, Hacıyevə Pərişan-nəvə, Cavabdeh-gəlin, Süleymanlı Aytac-nəvə, Süleymanlı Səxavətnur-nəvə, Süleymanlı Yusif-nəvə, Hacıyevə Xədicə-nəvə, Abbasova Yaqut-nəvə, Hacıyevə Aytən-nəvə, Hacıyev Məhəmməd -nəvə həmin evdə daimi qeydiyyatdadırlar. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli ev 2002-ci ildən iddiaçının mülkiyyətində olmaqla, cavabdeh iddiaçının gəlini kimi 2005-ci ildən onun oğlu ilə nikaha daxil olmaqla, mənzildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-d ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya qeyd olunan sübutlara qiymət verərək, hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə cavabdehin iddiaçı olan mülkiyyətçi ilə aralarında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə işin faktiki hallarının məcmusunu və Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, düzgün olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. MM-nin 152.1 maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətidir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək,bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilməklə, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 23 saylı evə dair qeydiyyatdan çıxarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 403/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6853/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6853/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver