Məhkəmə qərarları › İş №2(103)-6858/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6858/2022

03.11.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6858/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-191/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il saat 23:59:00-dək sığorta etdirmişdir. Sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmişdir.

3. Bakı şəhəri Xətai rayonunun ərazisində leysan yağışları yağmış və sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüş, bununla da sığorta hadisəsi baş vermişdir.

4. Belə ki, xx.xx.2020-ci il tarixdə axşam və gündüz saatlarında; xx.xx.2020-ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə gecə, səhər və gündüz saatlarında; xx.xx.2020ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə axşam saatlarında; xx.xx.2020-ci il tarixdə səhər saatlarında LEYSAN xarakterli yağış yağmış, yağıntıların miqdarı yuxarıda qeyd olunan günlər üzrə 6,6 mm, 5,3 mm, 2,6 mm, 0,4 mm, 0,4 mm, 0,2 mm olmuşdur.

5. Cavabdeh "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən sığortalanmış evə dəyən ziyanın məbləğinin 1022 manat olduğu, 250 manat azadolma məbləği nəzərə alınmaqla sığorta ödənişinin 770 manat təşkil etdiyi müəyyən edilmiş, lakin iddiaçı həmin məbləği qəbul etməmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə 08 yanvar 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı şəhadətnamə verilmiş sığorta obyektinə – ünvan 2 ünvana sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 15.000 manat məbləğində sığorta haqqının və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 2 üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlakını o, cavabdeh "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən sığorta etdirmiş və ona daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı şəhadətnamə verilmiş, onun tərəfindən sığorta haqqı ödənilmişdir. Lakin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə baş vermiş güclü yağıntı və leysan yağışları nəticəsində onun mülkiyyətində olan 4 otaqlı, 2 mərtəbədən ibarət, ümumi sahəsi 170,2 m2 olan bu ev yaşayış üçün yararsız hala düşmüş və nəticədə ona ziyan dəymişdir. Bu barədə fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Qeyd edilən hadisə sığorta müqaviləsinin qüvvədə olduğu vaxtda baş vermiş, lakin dəymiş ziyanın fəsadlarının aradan qaldırılması və daşınmaz əmlakın bərpa-təmir işləri məqsədi ilə sığorta haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, cavabdeh həmin pulu ödəməkdən imtina etmişdir. Bu evdə təmir-bərpa işlərinin aparılması üçün təxminən 15.000 manat vəsait tələb olunur.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-191/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, 5.740 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf sığorta hadisəsinin baş verməsini etiraf edir. Mübahisə doğuran məsələ isə dəymiş zərərin həcmi ilə bağlıdır. İddiaçıya məxsus fərdi yaşayış evinə iddiaçının iddia etdiyi kimi 15.000 manat deyil, ekspert rəyinə əsasən cəmi 5.990 manat ziyan dəymişdir. Odur ki, iddia qismən təmin edilməklə, azad olma məbləği çıxıldıqdan sonra 5.740 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 898.2, 922.1, 922.2, 922.3, 933.1, 935.1.8-ci maddələrinə, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün müəyyən olunmuş 772,00 (yeddi yüz yetmiş iki) manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində tərəflərindən İddiaçı ödənilə biləcəyi barədə iddiaçı məlumatlandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəlmişdiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

20. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

22. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

25. 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir.

26. 935.1.8-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır.

«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu

27. 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.

28. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

29. 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.

30. 36.1.8-ci maddəsinin “a” bəndinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

31. 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir.

32. 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

AR Mülki Prosessual Məcəlləsi

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, işin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə saat 23:59:00-dək sığorta etdirmişdir. Sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmişdir. Bakı şəhəri Xətai rayonunun ərazisində leysan yağışları yağması nəticəsində sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir.

38. Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus yaşayış sahəsinə 15.000 manat məbləğində ziyan dəydiyini iddia etmiş, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 1022 manat təşkil ettdiyini bildirmişdir.

39. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş, həmin rəyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 manat məbləğində müəyyən olunmuşdur.

40. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehdən sığorta müqaviləsi üzrə 5.740 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayır. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir.

41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.

44. Habelə birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-191/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar