Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6859/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3 qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1079/2023 nömrəli qərardadı ilə iddia ərizəsi icraata götürülmüşdür (hakim N.Ə.Musayev).
3. Daha sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh1nə aid hissədə baxılmamış saxlanılması və mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Məhkəməsində baxılmalıdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli, e- 2(005)-4193/2023 nömrəli qərardadı ilə (hakim A.N.Novruzova) ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
8. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi haqqındadır. Göründüyü kimi, iddia tələbini üzrə əsas cavabdeh "xxxx" MMC-dir.
9. Məhkəmə kollegiyası cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonu olmasını, həmçinin işin mahiyyəti ilə bağlı olan əsas sübutların (hərracın keçirilməsinə dair sənədlərin) həmin cavabdehdə olmasını nəzərə alaraq hesab edir ki, hazırki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması məqsədəmüvafiqdir.
10. İşin hallarından da aydın olur ki, iddia tələbi üzrə Cavabdeh1 cavabehliyi formal xarakter daşımışdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərar aldı:
İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Ziyəddin oğluna qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: